news-inner
clock08:45 calendar-gray 19 Sentyabr 2013 view-gray1769 dəfə oxunub
view-gray1769 dəfə oxunub

Məşhur feminist: “Evdar qadınlar məni maraqlandırmır”

Simona de Bovuar: “Sartr elə bilir ki, ölməyəcək”

Simonede Bovuar XX əsrin ən görkəmli feministlərindən biriydi. Yazıçı Jan Pol Sartrla “poliqomik” münasibət yaşayan Bovuar sədaqəti evlilikdə axtarmamaq gərəkdiyini düşünürdü.

Onların yolları 1928-ci ildə Fransadakı Sarbon Universitetinin dəhlizində kəsişdi. Amma hər ikisi evliliyə qarşı çıxırdılar. Bu münasibət 50 il davam etdi. Digər cütlüklərdən fərqli olaraq onlar “açıq münasibətdə” olmağa razılaşdılar. Ayrı-ayrı evlərdə yaşadılar. Nə Sartr Simonanı, nə də Simona Sartrı əsir almadı…

…Simona de Bovuar məni Jan Jenet və Sartla tanış etmişdi. Onlardan müsahibə də almışdım. Amma xanım Bovuar müsahibə almaq istəyimi tərəddüdlə qarşılayırdı. “Niyə mənim haqqımda danışaq ki? Üç xatirə kitabım çıxıb və orada yetərincə özüm haqda yazmışam”,- deyirdi. Onu yola gətirmək üçün bir neçə dəfə məktub yazdım, zənglər elədim. Bir şərtlə qəbul elədi ki, müsahibə çox uzun olmasın.

Müsahibəni xanım Bovuarın Skoelşer küçəsindəki atelyesində aldıq. Burdan Sartrın evinə 5 dəqiqəlik yoldur. Həm istirahət etdiyi, həm də işlədiyi günəşli otaqda oturduq. Kitab rəfi kitablarla doluydu, amma gözümə qeyri-adi bir kitab dəymədi. “Ən yaxşı kitablarım dostlarımdadır, heç biri də geri gəlməyəcək”,- dedi. Stolların üstü səyahətlər zamanı aldığı müxtəlif şeylərlə doluydu.

- Deyirlər ki, siz özünüzə çox güclü nəzarət edirsiniz və işləmədiyiniz, boşa keçirdiyiniz günlər olmur. İşə saat neçədə başlayırsınız?

- Günə başlamaqdan xoşum gəlmir. Amma işlərimi həll etmək üçün tələsirəm. Əvvəlcə çay içirəm, sonra saat 10-dan günorta birəcən işləməyə başlayıram. Günorta fasilə verib dostlarımla görüşürəm. Günün ikinci yarısı – saat 5-də təkrarən işləməyə başlayıram. Saat 9-a qədər işləyirəm. Günortadan sonra səhər qaldığım yerdən yazmağa başlamaq mənim üçün çətin deyil. Siz getdikdən sonra qəzet oxuyacam, bəlkə də alış-veriş eləməyə getdim. Ümumiyyətlə, işləməkdən böyük zövq alıram.

- Sartrı nə vaxt görürsünüz?

- Hər axşam və tez-tez də günorta yeməklərində. Günortadan sonra əsasən onun evində işləyirəm.

- Tez-tez bir evdən başqasına getmək sizi narahat eləmir?

- Yox. Elmi kitablar yazmadığıma görə kağızlarımı özümlə götürürəm və heç bir problem olmur.

- Yazılarınızı əllə yazırsınız. Bəs onları kim köçürür? Nelson Alqren sizin əl yazınızı oxumağı bacaran çox adamdan biri olduğunu deyir.

- Makinada yaza bilmirəm. Amma yazdıqlarımı makinada yığan iki köməkçim var. Bir kitabın son variantı üzərində çalışanda ilkin varianta mütləq baxıram. Çox diqqətliyəm. Çox zəhmət çəkirəm və yazım da oxunaqlı olur.

- Xatirələrinizin ikinci hissəsində Sartrın “Ürəkbulanma”nı yazanda keçirdiyi hissləri təsvir edirsiniz. Onun qaradinməz, kədərə meylli olduğunu yazırsınız. Deyəsən münasibətlərin şən tərəfi sizsiniz. Buna baxmayaraq sizin romanlarınızda Sartrda olmayan ölüm haqqında düşüncələr var.

- Onun “Söz” povestində nə yazdığını xatırlayın. Sartr özünün ölümsüz olduğunu hiss edirdi… Hər şeyini əsərləri üçün təhlükəyə atmışdı və əsərlərinin yaşayacağını ümid edirdi. Ancaq yox olacağım reallığını başa düşdüyüm üçün əsərlərimin yaşayıb-yaşamayacağı məni maraqlandırmır. Həyatdakı sıradan şeylərin, məişətimizin, təcrübələrimizin, keçmişimizin bir gün yox olacağını həmişə başa düşmüşəm. Sart həyatın sözlərdən ibarət bir tələ ilə ələ keçə biləcəyini düşünür, mənsə sözlərin həyatın özü yox, onun bir reprodukasiyası, yəni cansız şeylər olduğunu hiss etmişəm həmişə.

- Hər romanınızda saxta anlayışlarla səhv yol tutan və dəliliyin astanasında olan bir qadın obrazı görürük.

- Bir çox müasir qadın bu vəziyyətdədir. Qadınlar əslində olmadıqları kimi davranmağa məcbur edilirlər. Məsələn, mükəmməl həyat yoldaşı olmağa məcbur edilirlər, qadınlar da real şəxsiyyətlərini gizlədirlər. Nevrozun astanasındadırlar. Onlar evdar qadınlar və analardan daha çox məni maraqlandırırlar. Belələrinə simpatiyam var. Onlar özlərinə sadiq, müstəqil, çalışan və yaradan qadınlardır.


- Sizcə nəyə görə iyirmi ildir məşhur olmağına baxmayaraq Sartr yazıçı olaraq hələ də başa düşülmür və tənqidçilər tərəfindən topa tutulur.

- Siyasi səbəblərdən dolayı. Sartr doğuldu sinfə qarşı çıxan adamdır və onlar tərəfindən xain olaraq qəbul edilir. Ancaq pulu olan və kitab alan sinif də onlardır. Sartrın vəziyyəti çətindir. Burjuaziya tərəfindən oxunan və onların içindən çıxdığına görə simpatiya qazanan burjuaziya əleyhdarı bir yazıçıdır Sartr. Burjuaziya isə mədəniyyətə hakimdir və Sartrı yaratdığını düşünür. Həm də ona nifrət edir. Çünki Sartr onu tənqid edir.

- Bəziləri deyir ki, sizin əsərlərinin altında həmişə bir Tanrı həsrəti var.

- Yox. Sartr da, mən də həmişə buna qarşı çıxmışıq. İnsanın səbəbiyyət prinsipinə inanmağı onun mütləq böyük bir səbəbə inanmağı demək deyil. İnsanlar bir yaradanın varlığına inanırlarsa, bu onun var olduğunu demək deyil. Bütün insanlarda bir boşluq varr. Hətta gördüyü işlərdə də bu boşluq olur. Mən istədiyim şeyi əldə edə bilməmişəm demək istəmirəm, amma əldə etdiyimiz şeylər heç vaxt tam olaraq bizim ürəyimizcə olmur. İnsanlar fikirləşirlər ki, siz sosial müstəvidə uğurlusunuzsa, insanlığın vəziyyətindən də məmnunsunuz. Amma vəziyyət belə deyil.

- Özünüzü müasir yazıçılar arasında harda görürsünüz?

- Bilmirəm. Dəyərləndirməni nəyə görə aparmaq lazımdır? Səs-küy salmasına, səssizliyinə, gələcək nəsillərə, oxucu sayına, oxuyan olmamağına, bəlli bir zamanda mühümlüyünə, hansına görə? Qadınların problemlərinin müzakirə olunmasına bəzi köməkliklərim olub. Əsərlərimin ədəbi səviyyəsinə gəldikdə isə, sözün əsl mənasına, heç bir fikrim yoxdur.

(Madeleine Gobeil, 1965, Paris Review)

Rena Nevzat

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər