news-inner
clock13:21 calendar-gray 29 Avqust 2013 view-gray1168 dəfə oxunub
view-gray1168 dəfə oxunub

100 il yaşayacağını deyirdi, amma oğlunun ölümünə dözmədi

Bu yazını, Sədnik Paşa Pirsultanlı ilə söhbətlərimizi, ustadın 85 illiyində yazacaqdım, qismət olmadı. Aramızda 50 ildən çox yaş fərqi olsa da, onunla dost olduğumu ürəklə deyə bilərəm. Doqquz il həm işgüzar, həm də mehriban münasibətlərimiz olub. Qəfil ölüm xəbərini alanda çox sarsıldım. Nədənsə mənə elə gəlirdi ki, o belə tez ölə bilməz. Ölüm haqqında danışmağı sevməzdi. Hər gün yeni araşdırmaya, yeni yazıya başlayırdı. Yazmaqdan, oxumaqdan yorulmazdı.

Səhhəti bir az pozulanda, narahatçılığı olanda dostlara təskinlik verirdi: ”Mən Sədnikəm, adımın mənası da yüzdür, özüm də 100 il yaşayacam. Leyla nənəm 100-dən çox yaşayıb. Məndən narahat olmayın”. Amma vaxtsız övlad itkisi belini bükdü, səhhəti pozuldu. Son fotolarına baxanda hiss elədim ki, oğlunun vaxtsız ölümü onu darmadağın edib. Olduqca həssas adam idi. Vaxtsız dünyasını dəyişən həyat yoldaşı Safura xanımı xatırlayanda göz yaşlarını saxlaya bilməzdi. Amma deyirdi ki, “Yaxşı ki, cavan öldü. Mən onun, o da mənim qocalmağımı görmədi. Mən onu həmişə gənc və gözəl xatırlayıram”. Vəfalı idi. Həyat yoldaşının ölümündən sonra çoxları ona evlənməsi üçün təkid etsə də, qəbul etmədi.

Yeməyib-içməyinə xüsusi diqqət yetirərdi. Gəncənin, Şəmkirin, Göygölün, Tovuzun, Qazağın hansı restoranında, hansı yeməyi yaxşı bişirirlərsə əzbər bilirdi.

Dövlət ona xüsusi yer ayırmışdı kitablarını yığmaq üçün. Eyni zamanda çalışdığı ofisdə də kitabxanası vardı. Kiçik oğlu da yaşadıqları həyətdə ona gözəl bir kitabxana tikdirmişdi. On minlərlə kitabı vardı və vərəqlədiyim hər kitabda onun altından xətt çəkdiyi cümlələrə rastlaşmışdım. Çox pozitiv və həyat dolu insan idi.

Gəncədə yaşasa da bütün türkdilli uluslarda olmuş, olduğu yerlərin zəngin mənəvi sərvətlərini-folklorunu toplamışdı. Orta Asiyadakı türklərin folklorunda elə nümunələr var ki, onları ilk dəfə xalqdan toplayıb təqdim edən Sədnik Paşa Pirsultanlı olub. Azərbaycan əfsanələrinin ilk dəfə geniş miqyasda toplanması, kitablaşdırılması, tədqiqi də məhz Sədnik Paşa Pirsultanlının adı ilə bağlıdır.

Aramızda hər zaman səmimi, sıcaq münasibət olub. Xatirələrimi bir kitaba sığmayacaq qədər çoxdur. Amma diktofona yazdığım söhbətlərimizdən maraqlı hesab etdiyim parçaları təqdim edəcəm. Söhbətlərimiz onun tədqiqatları kimi çoxşaxəlidir. Amma sistemləşdirməyə çalışdım.

Folklora yarım əsrlik xidmət

1952-ci ildən bəri folklor nümunələrini toplamaqla məşğulam. İlk növbədə aşıq yaradıcılığı ilə məşğul olmuşam. Aşıq yaradıcılığını, onun zənginliyini öyrənmişəm, tədqiq etmişəm. Bu işlə məşğul olmağa tez başladım, artıq 30 yaşımda sahənin bütün incəliklərinə bələd idim. Kəlbəcərə, Göyçəyə səfər etdim, bu türk məskənlərini qarış-qarış gəzib-dolaşdım. Gədəbəyə qayıtdım, oradan yol aldım Dağıstana, Dəmirqapı Dərbəndə... Bunun ardınca yol aldım Orta Asiyaya, buradakı türk ellərinə. Qazaxıstanı ayrıca gəzdim, qayıtdım yenə Dağıstana, Kabarda-Balkara, Qaraçaya...

...SSRİ vaxtı 30 illik ömrüm sərasər yollarda, səfərlərdə keçib. O qədər xatirələrim var ki... İnsanları, müxtəlif bölgələrdə yaşayan türk xalqlarının adət-ənənələrini, mədəniyyətlərini öyrəndim, özüm də daxilən zənginləşdim. Gördüklərimi vərəqlərə, lentə köçürdüm, imkanım çatanları çap etdirdim, yüzlərlə məqalə yazdım. Türkiyədə də çox olmuşam, tədqiqatlarımın əsasında müqayisəli şəkildə məqalələr də yazmışam. Bunları bircə-bircə yığmışam, çoxcildlik kitablarda cəmləşdirmişəm. Azərbaycanda ilk dəfə əsatir və əfsanələri mən toplamışam. Mənə qədər bu sahədə kitablar yox idi. Bu barədə tədqiqatçılar mənə qədər çox az yazmışdılar. Bütün əfsanələri, əsatirləri xalqın sinəsindən toplamışam, minlərlə kənd gəzmişəm. Azərbaycanın bütün bölgələrində olmuşam. Aram-aram, pillə-pillə qalxmışam bu zirvəyə. Azərbaycan folklorunun tədqiqi getdikcə mənim həyat tərzimə çevrilib. Folklorumuz o qədər zəngindir ki, işimdən yorulmuram. Onlarla davamçım yetişib. Azərbaycanın hər yerində tələbələrim var. Bu işlə məşğul olmaq millətə qarşı sevgi tələb edir. Millətimə və onun soykökünə olan sevgim mənim daimi yardımçım olub. Mən millətimi və onun folklorunu sevə-sevə ucalmışam. Millətin soykökünə, böyüklüyünə inanmadan alim kimi uğur qazanmaq mümkünsüzdür.

Demək olar ki, şeirlərimlə bərabər doğulmuşam. Bu mənim qanımdan, soyumdan gəlir. Nəslimizin şair oğlu Abdulkərim 1931-ci ildə sovet dövründə güllələnib. Doğmalarımdan eşitdiyim bu qəmli hadisə ürəyimdə indi də qövr eləyir. İtirilən yurd yerlərimiz, o cümlədən də son dövrlərin itkisi olan Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Göyçənin əldən getməsi acılı-ağrılı şeirlərimin mövzusuna çevrilib. Yaradıcılığımı şeirsiz təsəvvür etmirəm.

Ot kökü üstündə bitər

Babam Pir Sultan Abdalı Sultan Səlimin göstərişi ilə Xızır Paşa Şah İsmayılı müdafiə etdiyi üçün Sivasda 1515-ci ildə asdırıb. Babam öz dövrünün tanınmış şairi olub. Türkiyədə "Pir Sultan Abdal" imzası məşhurdur. Toylarda, mağarlarda babamın şeirlərini oxuyurlar. Hazırda Türkiyədə "Pirsultanlı" soyundan olan xeyli adam yaşayır.

Pirsultan babamız asılandan sonra nəslin bir qolu indiki İrana gəlib, Təbrizin 610 kilometrliyində Pirsultan kəndi salıb. Neçə illərdən sonra həmin nəslin bir qolu da Gəncəyə gəlib, indiki Pirsultan dağının ətəyində bizim tayfa Pirsultan kəndi salıb. 30-cu illərdə ruslar həmin kəndi yerlə-yeksan ediblər, kişilərini də güllələyiblər. Salamat qalanlar Qazağın Kosalar kəndinə, Şəmkirin İrmaşlı kəndinə dağılışıblar. Amma bütün əzab-əziyyətə baxmayaraq nəslimiz bir-birindən xəbər tutub, itib-batmayıb. Hətta məni uşaq vaxtı uşaq evinə qoyublar. Mən onilliyi internatda qurtarmışam. Ata-anamı 25 yaşımda tapmışam. O dövrdə fikirləşiblər ki, onsuz da bu nəsildən baş qaldıranı məhv edirlər, qoy bu uşaq salamat qalsın, nəsil yoxa çıxmasın. Sovet hökuməti süqut edəndə mən "Pirsultanlı" soyadını götürdüm, artıq təhlükə sovuşmuşdu. İndi “Pirsultanlı” soyundan olmaq cinayət sayılmır. Nəvələrimin soyadlarının Pirsultanlı olduğunu bilməsi üçün təxəllüsümü soyumun adına uyğun olaraq “Pirsultanlı” götürdüm. Hər halda soyu yaşatmaq, nəcabəti ilə fəxr eləmək gözəl əlamətdir. Tarix boyunca millətimizi məhv etmək üçün onun ilk növbədə adını, soyadını özgələşdiriblər. Mən özümüzə qayıdışın qürurunu, gözəl tərəflərini saysam qurtarmaz. Çox-çox sevilən bir nəsil olduğumuz üçün nəslimizin bizlərə qoyub getdiyi qüruru, onuru bu gün mən yaşadıram. Bizim Pirsultanlı soyunun bir şüarı var: “Əlini, dilini, belini təmiz saxla, o zaman sənə ölüm yoxdur. Əks təqdirdə soyu yaşatmaq çətindir.

Güney Azərbaycan sevdalısı

Güney Azərbaycan mənim bəlkə də ən ağrılı yerimdi. Məni daimi olaraq yandıran, sızladan bir ağrıdı Təbriz. 30 milyonluq bir millət öz doğma dilində danışa bilmir. Qanlı molla rejiminin siyasəti Güney türklərinin mənəvi məhvinə yönəlib. Bu təbii ki, bir türk övladı kimi mənim də yaralı yerimdir. Bu ağrı, bu həsrət sinəmi didib parçalayır.

Mənə İrandan dəvət gələndə xeyli sevinmişdim. Düzü inamım yox idi ki, İran mənim gəlişimə razılıq versin. Hazırlanıb yola çıxana qədər səfərimə o qədər də inanmırdım. Gəlib Arazın üstünə çatanda isə bütün vücudum titrəyirdi. Arazın üstündə bir xeyli dayanıb xəyala daldım. Qədim bir el bayatısı yadıma düşdü:

Arazdan keçən də var,

Suyundan içən də var,

Çəkmə Təbriz adını,

Ürəyi keçən də var.

Neçə saat idi ki, oturub çayla dərdləşirdim. Elə Arazın üstündən keçər-keçməz gözüm Tanrı dağım Savalana sataşdı. Yaralarım qövr elədi. Baxdım ki, Savalan mənə baxır. Bir tərəfdə dağ, bir tərəfdə də mən ağlayırdıq. Dağın göz yaşlarını açıq-aydın görürdüm. Dağ da bu ayrılığa, bu həsrətə dözmürdü. O məqamda aşağıdakı şeiri bir daş üstündə oturub qələmə aldım. (Söhbətin bu yerində ustad göz yaşlarına hakim ola bilmir. Söhbətinə göz yaşı içərisində davam edir. Ümumiyyətlə kövrək adam idi...)

Sən mənim Tanrımsan dağlar içində,

Sədniyin sən boyda dağ var içində,

Kim ağlar bu boyda dərdin içində,

Eldarlardan gəl soruşaq, Savalan.

Təbrizdən məni qarşılamaq üçün Şahbazi adlı bir nəfər gəlmişdi. Üzümü Şahbaziyə tutub aşağıdakı şeiri dedim:

Ay Şahbazi, bu yerləri görməyə,

Göyərdi göy daşım təzə, gəlmişəm.

Gözlərimdən Araz boyda çay axıb

Qurudu göz yaşım təzə, gəlmişəm.

Məni qarşılamağa gələn güneyli türklərin hamısı göz yaşı içində məni dinləyirdi. Xeyli Savalana baxdım, Araza baxdım sonra da xahiş elədim ki, məni Tikmədaşa, Xəstə Qasımın məzarı üstünə aparın. Bu tayda Xəstə Qasımın şeirlərini toplayıb çap elətdirmişdim. Xəstə Qasım sağlığında deyirmiş ki, “Mən qızıl cildli kitabımı, qızıl qələmdanımı itirmişəm” yəni şeirlərinin itib batacağından qorxurmuş. Mən xalqdan onun şeirlərini toplayıb çap eləmişdim.

Arzum mənə qanad verdi,

Axır Tikmədaşa gəldim.

Görüşünə tək gəlmədim,

Həsrətinlə qoşa gəldim.

Göydən yağan qar hamını dondururdu. Bəmbəyaz qarın altında dayanıb Xəstə Qasımın ruhuyla danışırdım. Bu yerlərdə dolanan ruhu mənim həmsöhbətim idi. Gətirdiyim kitablardan birini məzarın üstünə qoydum. Güneyli dostlarım yazdığım şeiri Tikmədaşdakı qəzetlərdə çap elətdirdilər. Tikmədaşdan Təbrizə yollandım. Təbrizli dostlarımla Tehrana gəlib Tehranda Aşıqlar Birliyini yaradıb, fəaliyyətini qurub eldarlara, yəni aşıqlara təhvil verdim. Təbrizdə yaşayan qardaşlarımız mənim şeirlərimi audio-kasetlərə yazıb hər yerdə dinləyirdilər. Güneydə yaşayan qardaşlarımızın mənə qarşı olan sevgisi, bizim əbədi qardaşlığımızdan xəbər verirdi. Təbriz mənim üçün o qədər əziz və doğmadır ki, adı gələndə gözlərim yaşarır.

Gəncliyin yaxın dostu idi

Bu gün türk gənci milli kimliyini dərk etdiyi üçün güclü bir axını xatırladır. Türk gəncinin ən böyük qüvvəsi onun elmi və savadı olmalıdır. Türk gəncinə heç bir irad bildirmək, onun inadcıl və uğurlu mübarizəsinə kölgə salmaq düzgün sayılmaz. Türk gənci hər zaman düzgün qərarları ilə fərqlənməyi bacaran bir gənclikdir. Şəxsən bir alim kimi mən türk gəncliyinə inanıram və arxayınam. Türk dünyasının birləşməsi, birlikdə hüzurlu günlərə yürüməsi türk gəncliyinin çiyinlərinə götürdüyü ən məsuliyyətli bir vəzifədir. Dünyanın hər köşəsində, hər nöqtəsində türklüyün səsinin eşidilməsi bu günün mübariz türk gəncindən çox asılıdır. Nəinki mən, bütün türk dünyası türk gəncliyinə inanır. Mən inanıram ki, Təbrizi də, Dərbəndi də, Qarabağı da, Göyçəni də, Borçalını da, Kərkükü də bugünkü gənclik geri qaytaracaq. Bütün xəyallarımızın gerçəkliyə qovuşması siz gənclərdən asılıdır. Siz gənclər elmə və biliyə sarılaraq, mübarizliyinizlə bütün yarımçıq işləri bitirəcəksiniz”.

Bütün bu söhbətləri yenidən dinləmək, yenidən o günlərə qayıtmaq çox ağırdır. Amma bu söhbətlərin unudulmasını da istəməzdim. Çünki onun xatırlanmağa, yaddaşlarda qalmağa haqqı var. Ruhun şad olsun, Ustad!

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020