ANAR: “Mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür” MÜSAHİBƏ

ANAR: “Mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür” MÜSAHİBƏ
28 avqust 2013
# 08:00

Kulis.Az “Mən də yaşamışam” layihəsini davam etdirir. Layihənin növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anardır.

Qeyd: “Mən də yaşamışam” layihəsini bir qədər fərqli formatda təqdim edirdik. Ancaq Xalq Yazıçısı layihənin müsahibə formatında olmasına israr etdi. Və biz də razılaşdıq.


Xalq Yazıçısı Anar Rzayev 1938-ci ildə anadan olub. Atası Xalq Şairi Rəsul Rza, anası Xalq Şairi Nigar Rəfibəylidir. 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və həmin məktəbi 1955-ci ildə gümüş medalla bitirib.

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.


1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.

1991-ci ildə müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq, aparmaq Anara həvalə olunub. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. Milli Məclisin mədəniyyət komissiyasının sədri olub.

Bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də 60 yaşı münasibətilə ölkənin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edilib.

1998-ci ildə “Xalq Yazıçısı” fəxri adına layiq görülüb.

Ailəlidir. İki övladı var.

- Xalq yazıçısı Anar Azərbaycan üçün kimdir?

- Bütün ömrü, şüurlu həyatı boyu xalqının ədəbiyyatı, dili, mədəniyyəti yolunda çalışmış adam.

- Keçdiyiniz həyat yolunu qısa olaraq necə izah edərdiniz?

- İzn verin bu suala çox-çox illər qabaq yazdığım şerimin bir bəndiylə cavab verim:

Özgələrçün əlləş, çalış,

Özün üçün yaşamamış,

Yaşamağa başlamamış

Öldüyüm üçün ağlaram.

- Bu sual Sizə tez-tez verilir. Və Siz də bir qədər emosional cavab verirsiniz həmin suala. Sədrliklə bağlı sualı nəzərdə tuturam. Cavablarınızda niyə məhz AYB-nin üzərində dayanılmasını, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı rəhbərliyinə bu sualın nə səbəbə verilmədiyini deyirsiniz. Ancaq “Şəhidlər dağ”ını Siz yazmısınız, Mixail Qorbaçovun qarşısında Azərbaycanın haqq davasını Siz aparmısınız. Uman yerdən küsərlər, bəlkə elə buna görədir hər şey. Yəni, sizi daha yaxın hesab edirlər.

- Bu mövzuda mənə dəfələrlə sual verilsə də, hər halda əhəmiyyətli məsələ olduğu üçün, ətraflı cavab verəcəm. Amma əvvəlcə, izninizlə, yenə bir köhnə şeirimi misal gətirim:

İncidərlər, əzərlər,

Çərlədərlər, üzərlər

Sonra da deyərlər ki,

“Uman yerdən küsərlər”

Ciddi söhbətə keçsək mən də soruşuram, illər boyu bir neçə mətbuat orqanı və bəzi saytlarda mənim ünvanıma, Yazıçılar Birliyinin ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər yağdıranlar nədən küsüblər və bizdən nə umurlar? Məhz onlar kimi düşünməyimizi, hadisələri ancaq onlar kimi qiymətləndirməyimizi, heç vaxt, heç kəsdən asılı olmayan öz müstəqil mövqeyimizi, münasibətimizi bir qırağa qoyub onların dediyini deməyimizimi istəyirlər?! Adını belə çəkmək istəmədiyim birisinin işi-peşəsi yazıçılara çirkab atmaqdırsa, “Yazıçılar Birliyinə tüpürürəm” demək tərbiyəsizliyindən belə çəkinmirsə və qəzet də bu xuliqanlığa öz səhifələrində yer ayırırsa, sizcə biz buna cavab verməməliyik? Deməsinlər, eşitməsinlər. Çörəkləri Yazıçılar Birliyinə sataşmaqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət edir. Nəinki özləri hər cür iftira və yalanlar uydurur, hətta Birliyimiz haqqında az-çox obyektiv söz deyənləri, yaxud hətta adicə məndən müsahibə alanları da dərhal qaralamağa, vurub sıradan çıxarmağa tələsirlər. Buna da hər kəs tab gətirmir, geri çəkilir, hədə-qorxu gələnlərdən “qəbahəti” üçün üzrxahlıq eləyir. Hər fürsətdə qəsdimizə duranlar sonra da şikayətlənirlər ki, niyə bizi müdafiə etmirsiniz. Lap Məşədi İbad yada düşür: “Aç qapını, gələk səni öldürək”. Qəti fikrim budur ki, müxalifətə ən böyük ziyanı məhz bu sayaq yazılar - başqa cür düşünən, başqa mövqedə olan ziyalıları təhqir edən, pisikdirən, onları itələyib uzaqlaşdıran yazılar vurur. Demokratiyadan dəm vuran bu adamların tolerantlıq, fərqli fikrə dözümlülük haqqında sanki heç təsəvvürləri yoxdur. Obyektivlik naminə onu da deməliyəm ki, belə yazılar, təəssüf ki, iqtidar mətbuatında da yer alır. Kiminsə siyasi baxışlarıyla razılaşmamaq təbiidir, amma buna görə onun bütün fəaliyyətinin, hətta başqa sahələrdə xidmətlərinin üstündən qələm çəkmək düz deyil. Belə yazılar da ilk növbədə iqtidara zərər gətirir. Demokratiya o deməkdir ki, siyasi rəqibini opponent kimi görəsən, düşmən kimi yox.

Qorbaçovla deyişməyimi yada saldınız. Sağ olun ki, bunu xatırlayırsınız, bir dəfə çıxışa yazılmadığım üçün Qorbaçovun mənə söz vermədiyini daima başıma qaxırlar, amma səhəri gün məndən üzr istəməsini və bu üzrxahlığın mətbuatda dərc edilməsini sanki unudublar. Onu da “unudublar” ki, SSRİ prezidentinin düz gözünün içinə onu Qanlı yanvar qırğınında günahlandırmışdım. Mənim Birliyin sədri olmağıma görə narazılıqlarından başqa Yazıçılar Birliyinə konkret olaraq daha hansı iradları var, bir dəfə söyüşsüz, təhqirsiz, yalan-böhtansız, adam dilində bunu izah etsinlər. Az-çox konkret iradları budur ki, niyə görə mən belə uzun müddətdə bu vəzifəni tuturam. Əvvəla ölkəmizdə məndən də uzun müddətdə müəyyən vəzifələrdə işləyənlər var, onlarla heç kəsin işi yoxdur. Mən 1987-ci ildə, hələ Sovet dövründə, amma yenidənqurmanın havası əsməyə başlayanda o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişiylə deyil, yazıçıların öz təklifiylə bu təşkilata rəhbər seçilmiş ilk şəxsəm. Yazıçıların üç qurultayında yekdilliklə yenidən Birliyin sədri seçilmişəm və yenə də yazıçıların əksəriyyəti bu vəzifədən getməyimi təklif etsə, həmin gün istefa ərizəmi verməyə hazıram. Amma desinlər görək axı küsənlər nədən küsüblər və umanlar nə umurlar? Bir dəfə də olsun bu barədə aydın-açıq bir söz eşitmədim. Yaxın dostlarımın rəhbərlik etdiyi başqa Yaradıcılıq təşkilatları haqqında deyəndə mən məhz bunu nəzərdə tuturdum. Yazıçılar Birliyinin rəhbərliyindən başqa heç bir siyasi, ictimai ya elmi idarənin rəhbərliyi müzakirə olunmur. Niyə? Bilmirəm.

Həm də gördüyümüz mühüm işlərə göz yumaraq mütləq qurdalayıb tərs məlumat verməyə çalışırlar. Mən Birliyin rəhbəri işlədiyim Sovet dövründə yüzdən artıq yazıçı ev aldı. İndi quruluş, şərait tamamilə dəyişib, əvvəlki imkanlar yoxdur, amma yenə də hörmətli prezidentlərimizә, əvvəlcə rəhmətlik Heydər Əliyevə, sonra da İlһam Әliyev cənablarına müraciət edәrәk yazıçılar üçün bir neçə mənzil düzəldə bildik. 34 nəfər razı, iki-üç nəfər narazı qaldı və mətbuatda əlüstü bunun ətrafında qalmaqal yaratdılar. Yazıçılar Birliyinin mükafatlarını təsis etdik. İsa Muğanna kimi böyük yazıçımızı mükafatlandırdıq, yaratdığımız Münsiflər heyəti katibliyin heç bir müdaxiləsi olmadan layiqli müəllifləri mükafatlandırdı. Bunu da tərs yozdular, əleyhimizə çevirdilər. Hətta təqdimatlar, yubileylər keçirməyimizi də bizə irad tuturlar. Heç onu demirlər ki, bəzən elə yazıçıların yubileylərini keçiririk ki, başqa heç yerdə bu yubileylər keçirilmir. İdarə heyətimizdə, redaksiya heyətlərimizdə müxalifət partiyalarının üzvləri də təmsil olunub. Birlikdə heç bir yerliçiliyə, əliəyriliyə imkan verilmir. Bütün bunlar məgər naqis cəhətlərdir ki, bizə bu qədər daş atırlar? Təəssüf ki, Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar belə inəyin üstünə qonan milçəkləri qovmağa təşəbbüs göstərmir. Əksinə, peşmansan birini fəxri ada, mükafata, ordenə təqdim edəsən, onu-on beşi inciyəcək ki, bəs mən niyə yada düşmədim. Heç kəs heç nə almayanda isə hamı sakit oturur yerində. Bizim təklifimizlə hörmətli prezidentimiz 50 yaşlı və 20 gənc yazıçıya illik təqaüdlər təyin etdi. Bilsəniz hər il bu təqaüdlər müəyyənləşən zaman başımız nə ağrılar çəkir. Bəziləri məsələni belə qoyur ki, bu təqaüdü məhz bu il almasam, yaşaya bilməyəcəm. Əzizim, bu təqaüdü almadığın və bir ildən sonra almayacağın vaxtda necə yaşayırdın və necə yaşayacaqsan bəs? Yox, kimə deyirsən? Mütləq bu il almalıyam, almasam dünya dağılar. Hədə, böhtan, təhqir… Ən iyrənc iftiralara əl atırlar. Elələri də var ki, təqaüdün yalnız bir dəfə verildiyini bildiklərinə görə təqaüd aldıqları müddətdə Yazıçılar Birliyindən razı, təqaüd müddəti qurtaran günün səhəri dərhal narazı olurlar, hətta o qədər hirslənirlər ki, Birliyin üzvlüyündən çıxırlar. Çıxsınlar. Birlik könüllü təşkilatdır, heç kəsi bura dəvət etmirik və heç kəsin də getdiyini ürəyimizə salmırıq.…

- Azərbaycan-Ermənistan münaqişəsi zamanı Zori Balayan, Silva Kaputikyan kimi erməni “ziyalıları” Ermənistanın “haqq səsini” dünyaya car çəkirdilər. Necə düşünürsünüz, Siz başda olmaqla onlara layiq olduğu cavablar verildimi?

- İkinci cümlənizdən başlayım. “Mən başda olmaqla” ifadəsini qəbul etmirəm, amma mən də onlara layiq olduqları cavabları verənlərdən biriyəm. Adıbədnam akademik Aqanbekyanın Parisdə Qarabağın Ermənistana verilməsi haqqında bəyanatından xəbər tutan kimi dərhal Yazıçılar Birliyində yığışıb Qorbaçova etiraz məktubu yazdıq, bu məktuba beş-altı yazıçı qol çəkmişdik və bu Azərbaycandan həmin məsələyə ilk reaksiya idi. Az sonra Qarabağın həm tarixi, həm mədəni, həm iqtisadi baxımdan Azərbaycanla bağlı olduğunu ətraflı əsaslandıran ikinci məktubu Qorbaçova göndərdik və bu məktuba yazıçılarla bir yerdə ən görkəmli sənət xadimlərimiz də qol çəkdi. Bir neçə gün sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Konovalov mənə zəng vurub dedi ki, Qorbaçov məktubunuzu alıb və Qarabağın Ermənistana verilməsindən söz gedə bilməz. Amma ermənilər də niyyətlərindən əl çəkmədikləri üçün mən və başqa nümayəndələrimiz SSRİ Xalq deputatlarının qurultaylarında, Ali Sovetin sessiyalarında, Moskva və Türkiyə mətbuatında haqq işimizi dönə-dönə izah etmişdik. Vaxtilə Zori Balayan və Silva Kaputikyan Qorbaçovla görüşdükləri kimi akademik Midhət Abbasov, akademik Adilə xanım Namazova və mən də Qorbaçovla ayrıca görüşdük, Qarabağ problemini və Qanlı Yanvarın bütün təfərrüatını ona çatdırdıq. O başqa məsələ ki, ermənilər bu sarıdan fəaliyyətlərinə çox-çox daha qabaqdan başlayıblar, ən vacib ölkələrdə həm maddi, həm siyasi, həm media baxımından yaxşı təşkilatlanmış erməni diasporlarından gen-bol istifadə edərək yalan təbliğatlarını aləmə yaya biliblər. Hətta Moskvada, Sovet parlamentində belə bizim tərəfimizdə olanlar çox az idi.

- Amerikada, Avropada erməni təbliğat maşının hədəfinə tuş gəlmisiniz?

- Amerika, Avropa barədə bir şey deyə bilmərəm, çünki məlumatım yoxdur. Amma vaxtilə Fransadan “Fiqaro” qəzetinin Bakıya gəlmiş müxbiri mənimlə söhbət etmişdi, mən də demişdim ki, Yerevanda mitinqlərdə bəzi şüarlar mazoxistcəsinə səslənir. Müxbir bunu gedib belə yazmışdı ki, Anar deyir bütün ermənilər mazoxistdirlər. Halbuki bütün bir xalqı təhqir etmək adətim deyil. Məni erməni düşmənçiliyində, millətçilikdə, pantürkistlikdə, daha bilməm nələrdə ittiham etmək üçün ermənilərin əlinə girəvə düşdü. Bir həngamə qopardılar gəl görəsən. Ermənistan Yazıçılar Birliyinin sədri SSRİ Yazıçılar İttifaqına məktub göndərdi ki, Azərbaycanda ermənilərə düşmənçiliyi körükləyən, ermənilərə düşmən münasibət bəsləyən və Lenin milli siyasətinə zərər vuran Anarın partiya məsələsi Moskvada müzakirə olunmalıdır. Perç Zeytunsyan adlı erməni yazıçısı Yerevanın Mərkəzi Partiya qəzetinin iki nömrəsində əleyhimə iki səhifəlik yazı çap etdirdi. Əlbəttə mən də cavabını verdim. Bundan başqa Ermənistanın o vaxtlar əlimə keçən rusdilli qəzetlərində haqqımda dəfələrə böhtan dolu yazılar dərc edilib. Hələ sovet vaxtında, poçt əlaqələri olarkən Ermənistandan və Dağlıq Qarabağdan aldığım söyüş və hədə məktublarını, mənim ölümə məhkum edilməyim haqqında məlumatları demirəm. Bizim "anarşünas" böhtançılar onlardan dərs ala bilər.

- Həyatda ən böyük qorxunuz nədir?

- Qorxularımdan biri də, mən dünyadan gedəndən sonra bəzilərinin bəd, ya lap xoş niyyətlə haqqımda uyduracaqları “xatirələrdir”. Sağlığımda, bəzən hətta mənim öz yanımda mənimlə bağlı elə hadisələr uydururlar ki, düşünürəm, ilahi, mən olmayanda gör hələ nə danışacaqlar…

- AYB sədri postuna görə aldığınız mənəvi zərbələr çox oldu?

- Çoxdan da çox. Necə bilirsiniz, bütün ömrünü təmənnasız olaraq ədəbiyyata həsr etmiş, Yazıçılar Birliyinin rəhbəri kimi də ancaq və ancaq ölkəsinə, xalqına, ədəbiyyatına bacardığı qədər xeyir verməyə çalışan bir adam hər gün, hər yerindən kal duran uğursuzun hücumlarına məruz qalırsa, bu azmıdır? Yenə də şerimdən sitat:

Ədəbiyyat çabalayır

kəndlə şəhər arasında

Yazır, yazır hey yazırlar

Axşam səhər arasında

Mətbuat zəhərlədikcə

artır qanımda şəkərim

Böylə keçdi ömrüm mənim

Şəkər - zəhər arasında

- AYB sədri olmaqla nələri itirdiniz, nələri qazandınız?

- İnsanların hamısına olmasa da, yazıçıların bir çoxuna inamımı itirdim. 49 yaşında rəhbər seçildiyim bu təşkilatın üzvləri arasında elə sifətlər gördüm ki, bundan əvvəlki yarıməsrlik ömrümdə bu sayaq insanların da olduğunu heç təsəvvür edə bilməzdim. Əlbəttə bu sözləri yazıçıların əksəriyyətinə şamil etmək ədalətsizlik olardı - istər cavanlara, istər yaşlılara. Amma nə gizlədim, bəzi xoş münasibət bəslədiyim, hətta ağır məqamlarında yardım əli uzatdığım insanların bu qədər üzü dönük, maddi marağına nail olmayanda bu qədər nankor çıxmasını təsəvvür etməzdim. Yaxud hər mərhələdə məndən yalnız dəstək alan, yüz xahişini yerinə yetirib, yüz birinci xahişinə əməl olunmayan adamın bir an içində ən qatı əleyhdarıma çevrilməsinə, üzümə gülə-gülə demə illərlə içində gizlətdiyi paxırının, nifrətinin, kin-küdurətin birdən-birə püskürməsinə mat qaldım. Yaşı ötmüş birinin açıq ağ yalan söyləməsi də, ədəbiyyatda ilk addımlarını atan, hətta istedadı belə olan gəncin də çox tez çürüməsi kimi adamın ürəyini incidir. Bəs nə qazandım? Əsəblərimin, səhhətimin pozulmasını, öz yaradıcılığıma həsr edə biləcəyim ən gözəl, ən məhsuldar illərimi başqalarının dərd-sərinə həsr etməyimi, əvəzində bir quru sağ ol nədir, yalnız növ-növ tənbehlər, iradlar, iddialar eşitməyimi. Nə deyəcəklərini bilirəm. Bəs bu qədər şikayətçisənsə, niyə hələ də oturmusan orda? Ona görə ki, bu qədər əmək, əsəb, enerji həsr etdiyim bir işin darmadağın edilməsini istəmirəm. Axı hamı yaddaşsız deyil, demək olar ki, keçmiş Sovet məkanında Yazıçılar İttifaqlarının tamamilə dağıldığı, ya parçalandığı, ədəbi mətbuat orqanlarının sıradan çıxdığı, Moskvanın özündə yazıçı təşkilatının beş-altı yerə ayrılıb hələ də bir-biriylə əmlak davası apardığını bilmirlər məgər? Ən çətin dövrlərdə Yazıçılar Birliyini də, onun binasını da qoruduq, ədəbi mətbuat orqanlarımızın nəinki hamısını saxladıq, hətta artırdıq da, Ədəbi Tərcümə Mərkəzi yaratdıq və dövlətin dəstəyi ilə Birlik də, onun ədəbi orqanları da, Tərcümə Mərkəzi də büdcəyə salındı. Sovet dövründə dörd filialımız vardısa, indi bütün Azərbaycanı əhatə edən 12 filialımız, onların bəzilərinin öz mətbu orqanları var. Moskvada, Gürcüstanda, İstanbulda da bölmələrimiz yaranıb. İndi çoxdan bəri Yazıçılar Birliyi göz dağı olanlar üçün xətirləri xoş olsun deyə bütün bunları havayamı sovuraq? Məni düz başa düşsünlər, heç də özümü əvəzolunmaz şəxs hesab etmirəm, gec-tez bu vəzifədən gedəcəyimi də aydın dərk edirəm. Amma onu da istəyirəm ki, gənclərin, ya nisbətən gənclərin sırasından elə etibarlı, bacarıqlı və ədəbi cəhətdən get-gedə daha artıq nüfuz qazanacaq namizədlər hazırlayaq ki, bu qədər çətinliklər hesabına qoruyub saxladığımız ocağımız dağılmasın.

- Anar dostları və düşmənləriylə necə rəftar edir?

- Cavanlıqda dostum çox idi. Bir dəfə dedim ki, dostlarımın bir qismini ölüm aldı, bir qismini həyat. Çünki həyatda qalıb dostluğa xəyanət edənlər də ürəyimdən silinib atılıblar. Mən həmişə dostluqda etibarlı olmuşam və məmnunam ki, bu gün də sədaqətinə, etibarına əmin olduğum bir neçə yaxın dostum var. Düşmənlərim haqqında da bir dəfə dediyimi təkrar edə bilərəm, mənim düşmənlərim vətənimin, xalqımın düşmənləri qədərdir. Nə az, nə çox… Başqa heç kəsi hətta mənə pis münasibəti olsa belə, düşmən saymıram. Mənə qarşı çox qəddar və acımasız olanlara belə kin bəsləmirəm. Doğrudur, yeri gələndə onların ağzından vurmağı da bacarıram.

- Hazırda daha çox kimdən ötrü darıxırsınız?

- Valideynlərim, ölən yaxınlarım, mərhum dostlarım üçün çox darıxıram. Elə gün olmur ki, onları xatırlamayım, onlara ehtiyac duymayım.

- Xaraktercə çox sərt insan təsiri bağışlayırsınız...

- Əksinə, özümü çox vaxt günahlandırıram ki, bəzən kifayət qədər sərt davrana bilmirəm.

- Almadığınız orden, titul qalıbmı?

- Zərif kinayəylə verdiyiniz bu suala belə cavab verə bilərəm ki, uzun illərin halal zəhmətiylə qazandığım ordenlərə, titullara görə minnətdaram. Almadıqlarımı isə siz özünüz müəyyənləşdirin. Bu məni o qədər də maraqlandırmır.

- Azərbaycan ədəbiyyatında Anarın çəkisi nə qədərdir?

- Bu ciddi söhbətimizə bir az yumor qataq. Dünya ismaililərinin rəhbəri Ağa xanı hər il çəkir və çəkisi ölçüsündə ona qızıl verirlər. Bir vaxtlar “İsgəndər bəy” adlı Sovet - Albaniya bədii filmi çəkmişdilər və filmi Kann festivalına təqdim etmişdilər. Sən demə Ağa xan həmin bu İsgəndər bəyin sülaləsindənmiş. O vaxt Fransa qəzetləri yazıblarmış ki, bu il Ağa xanın çəkisi ağırlığında ona rus kürüsü verəcəklər. İndi siz də çəkimin müqabilində mənə nə boyun olacağınızı desəz, çəkimi müəyyənləşdirərəm (gülür).

- Kamran Bağırovun, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin və İlham Əliyevin hakimiyyəti illərində AYB sədri olmusunuz. Adını sadaladığım rəhbər şəxslərin Sizə qarşı münasibətləri necə olub?

- Normal. Onlar mənə, mən də onlara qarşılıqlı hörmət bəsləmişik. Bəzən bu sualı alt məna nəzərdə tutaraq verirlər, yəni bütün hakimiyyətlər boyu vəzifədə qalmışam. Ağıllarına gəlmir ki, əgər mən hansısa iqtidarın adamı olsaydım, ondan sonra, ya ondan əvvəl gələn və ona müxalif olan iqtidar məni yola verməzdi. Heç vaxt iqtidarda olana “bəli, bəli” demədiyim kimi, heç vaxt da iqtidardan gedənin dalınca danışmamışam. Həmişə öz mövqeyim, öz düşüncə və davranış tərzim olub. Heç kəsdən heç vaxt heç bir imtiyaz, fəxri ad, orden-filan və sair istəməmişəm. Zəhmətimə qiymət veriləndə səmimi təşəkkür etmişəm və bu da elementar qanacaq əlamətidir. Sənə hörmət edənlərə eyni hörmət göstərmək insanın mərifət və nəzakət borcudur.

- Ən çox nə üçün təəssüflənirsiniz?

- Ötüb gedən illərim üçün. Kaş bəzi görüşlərim, bəzi tanışlıqlarım daha əvvəlki vaxtlarda olaydı…

- Sizə rəğbət bəsləyən oxucularınızın sayı artıb, ya azalıb?

- Nə bilim, bununla əlaqədar sosioloji ya statistik araşdırma aparmamışam. Amma Bakıda və Azərbaycanın hər guşəsində, ən uzaq yerlərdə, məni rəğbətlə, xoş sifətlə salamlayırlarsa, avtoqrafımı istəyirlərsə, birgə foto çəkdirməyimizi xahiş edirlərsə, ölkədə Anar adı bu qədər populyardırsa, bədxahlarım məni “ifşa” etməkdən bu qədər zövq alırlarsa, məni gözdən salmağa bu qədər canfəşanlıq edirlərsə, deməli hər halda unudulmamışam, hələ də gündəmdəyəm. Maraqlıdır ki, hətta məni bəyənməyənlər özləri əsərlərimdən dilimizə girən adları daşıyır – Tural, Aysel, Günel. Deməli, valideynləri hər halda mənim “Dədə Qorqud”umla tanış olublar və bu adları bəyəniblər ki, övladlarına veriblər. Yeri gəlmişkən, bizim ailəmiz Azərbaycana beş yeni ad bəxş edib. Mən ilk Anaram, bacım Fidan, bacım qızı Aysel, övladlarım Tural və Günel. Biz bu adların ilk və uzun zaman yeganə daşıyıcıları olmuşuq.

Bir də ki, oxucuların kəmiyyətindən çox, keyfiyyəti əhəmiyyətlidir, sayından çox, səviyyəsi vacibdir. Sənin əsərlərini başdan-ayağa oxuyub onları dərindən anlayan, ürəkdən duyan, yazılarınla yetişən, yazılarınla yaşayan bir nəfər varsa bu yüz təsadüfi, ötəri oxucuya dəyər.

- Heydər Əliyev, Əbülfəz Elçibəy haqda yaddaqalan portret yazılar yazmısınız. Özünüz haqda elə bir yazı yazası olsanız, Anarı necə təqdim edərdiniz?

- Məgər bütün yazılarında, istər bədii nəsr olsun, istər şeir, istər publisistika, esselər - yazıçı ilk növbədə özünü təqdim etmirmi? Əgər sırf avtobioqrafik yazını nəzərdə tutursunuzsa, dəfələrlə bu səpgidə iri bir əsər üzərində işlədiyimi demişəm. Bu “Keçən keçdi, olan oldu” adlı anılar və düşüncələr romanıdır. “Əsrim, əslim, nəslim”, “Yaşamaq zamanı, yazmaq zamanı” və bir neçə başqa adlı hissələrdən ibarətdir. Hər il yay aylarında bunu bitirməyi boyun oluram və hər il də, nə yazıq ki, vədimə xilaf çıxıram. Hər halda bu yazını bitirmək ən böyük yaradıcılıq niyyətlərimdəndir. Bu yazıda Anarı necə təqdim edəcəm? Olduğu kimi. Nə sırf çəhrayı tonlarda, nə də qaradan qara, nə şeytan, nə mələk kimi… Həyata öz baxışları olan, müxtəlif dövrlərin mənəvi çətinliklərindən çıxmış, namusla yaşamağa çalışmış, öz boynuna götürdüyü missiyasına sadiq qalmağa cəhd edən, bəzi üstün cəhətləri və əlbəttə bir çox zəif cəhətləri olan insan kimi…

- Qarabağın bir kəndini Nobel mükafatına deyişmərəm demişdiniz. Doğrudanmı Nobel Sizin üçün bu qədər əhəmiyyətsizdir?

- Nobel mükafatı əhəmiyyətsiz deyil, Qarabağın hər kəndi mənimçün əhəmiyyətlidir. Həm də axı bu nisyə söhbətdir. Heç kəs mənə Nobel mükafatı verən deyil, heç kəs də bu mükafatı Qarabağ kəndlərinə dəyişmək fikrini ağlına gətirmir. Bu söhbət bir televiziya verilişində ondan doğdu ki, Orxan Pamukun Nobel almasıyla bağlı, “belə bir alternativ sizin qarşınıza çıxsaydı necə hərəkət edərdiniz” deyə soruşdular. Mən də belə cavab verdim. Əlbəttə Nobel ödülü hər bir yazıçı üçün dünyada ən nüfuzlu mükafatdır və onu almaq çox böyük fəxarətdir. Amma gerçəkçi olmaq lazımdır, inanmıram ki, yaxın onilliklərdə bu mükafatı Azərbaycan yazıçısı alsın. Ona görə yox ki, bu mükafata layiq müəlliflərimiz yoxdur ya heç vaxt olmayıb. Bu mükafata təqdim olunmaqdan əvvəl ciddi janrlarda yazdığın əsərlərin gərək dünyada tanınsın. Hansısa dilə, hətta bir neçə dilə çevrilmək hələ əsas şərt deyil. Əsas şərt bu dillərdə çap olunandan sonra mətbuatda, ədəbi cameədə necə rəylərlə qarşılanmasıdır. Əlbəttə müəllifin siyasi bəyanatları, özəlliklə dissident taleyinə, ya müxalif mövqeyinə də əhəmiyyət verilir, amma əksər hallarda əsərin bədii dəyəri və dünya ədəbiyyatında doğurduğu rezonans nəzərə alınır. Məhz bu mövqedə durduğum üçün, bəzən hissə qapılıb mənə “dünya şöhrətli yazıçı” deyəndə ətim tökülür. Mən özümü dünya şöhrətli yazıçısı hesab etmirəm, bizimkilərdən kim özünü belə hesab edirsə öz işidir. Mən çağdaş Azərbaycanın üç-beş yaxşı yazıçısından biriyəm və bunu da kim inkar edirsə ədalətli adam deyil.

Bu günlərdə hardasa oxudum ki, dostum Ramiz Həsənoğlunun mənim ssenarim əsasında çəkdiyi “Sübhün səfiri” filmi Oskar mükafatına təqdim edilib. Doğrusu, bu məni çox rəncidə etdi. Mən belə şouları sevmirəm. “Sübhün səfiri” mənim fikrimcə çox dəyərli kino əsəridir – rejissor, operator, rəssam işi baxımından, aktyor oyunu, musiqi cəhətdən. Ssenariyə qiymət verməyim düz olmaz. Amma Oskar mükafatının tamam başqa formatları, parametrləri var, texniki göstəricilərindən tutmuş, dünya ekranlarında nümayiş etdirilməsinə, başqa beynəlxalq festivallarda iştirak etməsinə, peşəkar kinoşünasların dəyərləndirilməsinə, nəhayət filmdə dünyaca məşhur ulduzların çəkilməsinə qədər. Niyə belə təşəbbüslə özümüzü gülünc vəziyyətdə qoyuruq. Hər halda bu mənim təbiətimə ziddir. Mən nə özümü “yetərincə dahi” adlandıranlardanam, nə “mən olmasam mədəniyyətdə boşluq yaranar” deyənlərdən. Əksinə, belə iddialara gülürəm, bir az da belə özündən razılara yazığım gəlir .

Söhbətimizi Boris Pasternakdan çevirdiyim şeirlə bitirmək istərdim:

Yaratmaqda məqsəd – fədakarlıqdır

Haray-həşir deyil, deyil şöhrət də

Ayıbdı heç nəyə qadir olmadan

Hey adın çəkilə sözdə, söhbətdə

Özündən müştəbeh yaşamaq olmaz

Ayrı cür dolanıb durasan gərək

Elə cür ki, səni məkan bəyənsin,

Elə ki, səsləsin səni gələcək

Gərək sifətini dəyişməyəsən,

Bircə dilim belə, heç vaxt, heç səfər

Ancaq diri qalmaq, ancaq yaşamaq,

Ancaq diri qalmaq ta sona qədər.

Ayaz Mütəllibov: "55 yaşımda həyata sıfırdan başlamalı idim"

Fuad Musayev: "Türkiyəni dünya çempionatına mən çıxardım"

# 7186 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #