news-inner
clock13:31 calendar-gray 13 İyun 2013 view-gray818 dəfə oxunub
view-gray818 dəfə oxunub

Ölmüş qardaşı siçanlardan qorumaq

Ancaq siçanlar gecələr yatırlar

(Hekayə)

Volfqanq Borxert – İkinci Dünya Müharibəsindən sonra Almaniyada yaranan "Trümmerliteratur"un (dağıntı ədəbiyyatı) görkəmli nümayəndəsi, şair, dramaturq və qısa hekayələr ustası. 1921-ci ildə Hamburqda doğulub və 1947-ci ildə dünyasını dəyişib.

1942-ci ildə müharibədə yaralanır və difteriyaya tutulur. Sağ əlindən yaralandığı üçün ondan özünəqəsddə şübhələnirlər və ona ölüm cəzası verilir. Haqqında çıxarılan ölüm cəzası sonradan ləğv edilsə də 1947-ci ildə aldığı yaralar nəticəsində dünyasını dəyişir.

Qısa ömür yaşamasına baxmayaraq Alman ədəbiyyatında önəmli yeri var. Xüsusilə alman ədəbiyyatında “Qrup-47” adı ilə tanınan ədəbi cərəyana ciddi təsiri olub.

Yaralı olduğu üçün, ölümün yaxında olduğunu hiss edən Borxert yazırdı: "Uzun hekayələr yazmağa, forma axtarışlarına, araşdırmalara, problemlərlə məşğul olmağa qətiyyən vaxtım yoxdur. Çox yazmalıyam, sürətli yazmalıyam”

***

Tək divardakı boş pəncərə, batmağa başlayan axşam günəşinin bənövşəyi rənginə bürünmüşdü. Dağılmış bacadan qalan dik daşların arasında toz zərrəcikləri rəqs edirdi. Hər tərəf daş yığınıydı.

Gözləri yumuluydu. Anidən ətraf daha da qaranlıqlaşdı. Kiminsə gəlib bu qaranlıqda qarşısında dayandığını hiss etdi. “Deyəsən məni yaxaladılar” – deyə düşündü. Gözlərini azacıq aralayanda gördüyü yeganə şey yamaqlı şalvarın içindəki iki ayaq oldu.

Ayaqlar o qədər əyri idi ki, ayaqların arasından arxa tərəfi görə bilirdi. Ayaqlardan gözünü çəkib yuxarı baxmağa cəsarət edəndə əlində bıçaq və səbət tutmuş yaşlı bir adam gördü. Adamın barmaqları toz-torpaqlı idi.

- Burda yatırsan? - deyə adam sual verdi və yuxarıdan aşağı uşağın dağınıq saçlarına nəzər saldı.

Yurgen adamın ayaqlarının arasından günəşə baxdı:

- Yox, yatmıram. Göz-qulaq olmalıyam.

Adam başını buladı:

- Ona görə də yanında dəyənəyin var?

- Bəli! Deyə cavab verdi və cəsarətlə dəyənəkdən yapışdı.

- Yaxşı, de görüm nəyə göz-qulaq olursan?

- Bunu deyə bilmərəm. Dəyənəkdən bərk-bərk yapışdı.

- Pul üçün, hə? Adam səbəti yerə qoyub, bıçağı şalvarına sildi.

Yurgen qorxa-qorxa dedi:

- Yox, pul üçün göz-qulaq olmuram. Tamam başqa şeyə görə burdayam.

- Bəs nəyə görə?

- Deyə bilmərəm. Orada nə olduğunu deyə bilmərəm.

- Yaxşı. Elə isə demə. Mən də sənə bu səbətin içində nə olduğunu deməyəcəyəm. Adam ayağını səbətin üstünə qoyub, bıçağın üstünü örtdü.

Yurgen istehzayla gülümsədi:

- Mən səbətin içində nə olduğunu bilirəm. Dovşan yemidir.

Adam təəccübləndi:

- Əhsən, düz tapdın. Ağıllısan, balaca. Bəs neçə yaşın var?

- Doqquz.

- O, doqquz. Onda sən üç dəfə doqquzun neçə etdiyini bilirsən, elə deyilmi?

- Əlbəttə. Yurgen vaxt qazanmaq üçün dilləndi. Çox asandır,- əlavə elədi. Və adamın ayaqlarının arasından baxdı. Üç dəfə doqquz, eləmi? – deyə soruşdu yenidən. İyirmi yeddi. Bunu bilirdim.

- Düzdür. Mənim də bu qədər dovşanım var.

Yurgen ağzını açaraq soruşdu:

- İyirmi yeddi dənə?

- İstəsən onları görə bilərsən. Çoxu hələ balacadır. Görmək istəyirsən?

Yurgen sıxıla-sıxıla dilləndi:

- Yox, gedə bilmərəm. Bura göz-qulaq olmalıyam.

- Hər an burda olmalısan? Gecələr də?

- Gecələr də. Hər zaman, hər an burda olmalıyam.

Yurgen əyri ayaqların arasından yuxarı baxdı:

- Cümə günündən bəri burdayam.

- Heç evə getmirsən? Axı yemək yeməlisən.

Yurgen daşlardan birini qaldırdı. Daşın altında yarım çörək və siqaret qutusu vardı.

Adam sual verdi:

- Siqaret çəkirsən? Tənbəkin varmı?

- Eşmə bükürəm. Tənbəkini sevmirəm.

Adam səbətinə doğru əyildi:

- Heyf, dovşanları görə bilərdin. Əsas da balacaları. Bəlkə bir dənəsini də özünə götürərdin. Amma heyf ki, burdan uzaqlaşa bilmirsən

- Yox, Yurgün təəssüfləndi,- yox, yox!

Adam səbəti qaldırıb, dikəldi. Heyf,- dedi, və geriyə döndü.

- Məni satmasan, səbəbini deyərəm. Yurgen tələsik dilləndi, siçanlara görə.

Əyri ayaqlar bir addım geriyə atdı:

- Siçanlara görə?

- Bəli. Ölüləri yeyirlər. İnsanları. Onlarla qidalanırlar.

- Bunu kim deyir?

- Müəllimimiz.

- Sən də siçanlara göz-qulaq olursan, eləmi?

Yox, onlara yox, dedi əvvəlcə. Sonra səssizcə:

- Düz burada, yerin altında yatan qardaşıma. - Yurgen dəyənəyi ilə darmadağın olmuş divarları göstərdi.

-Evimizə bomba düşdü. Bir anda işıq yox oldu. Qardaşım da. Biz onu çağırdıq. Məndən çox balacaydı. Cəmi dörd yaşı vardı. Burdadır. Məndən çox balacaydı.

Adam yuxarıdan aşağı, uşağın başına baxdı və anidən:

- Sizin müəlliminiz siçanların gecələr yatdığını deməyibmi?

Yurgen yorğun gözlərlə ona baxıb pıçıldadı:

- Xeyr, deməyib. Bunu deməyib.

Adam başını buladı:

-Yoox, bilirsən o müəllimdir. Bunu bilməməsi mümkündür. Gecələr siçanlar yatırlar. Gecələr rahatca evinə gedə bilərsən. Onlar gecələr yatır. Qaranlıq düşər-düşməz.

Yurgen çınqıl topasının içində dəyənəyi ilə balaca çuxurlar açdı. Bunlar sadəcə balaca yataqlardır, deyə düşündü. Balaca yataqlar.

O an adam dilləndi: (Əyri ayaqları hərəkətdə idi)

- Bilirsən, indi dovşanlarımı yemləyəcəyəm. Qaranlıq düşəndə sənə göstərməyə gətirəcəyəm. Bəlkə birini də sənin üçün gətirim? Balaca birini? Ya da sən necə istəyirsən.

Yurgen balaca çuxurlar açdı çınqılın içində. Sadəcə balaca dovşanlar. Ağ, boz, bozumtul.

Bilmirəm, dedi və adamın əyri ayaqlarına baxdı:

- Həqiqətən gecələr yatırlar?

Adam dağıntının üstünə çıxdı. - Təbii ki, - dedi dağıntının üstündən:

- Əgər sənin müəllimin bunu bilmirsə, işini atmalıdır.

Elə bu an Yurgen ayağa qalxdı:

- Dovşanlardan birini götürə bilərəm? Mümkünsə ağ dovşanlardan birini...

Adam uzaqlaşa-uzaqlaşa:

- Baxarıq. Amma burada bir müddət gözləməlisən. Səninlə evinizə gedəcəyəm, başa düşürsən? Atana dovşan yuvasını necə düzəltməyi başa salmalıyam. Bunu bilməyiniz vacibdir.

Bəli, Yurgen dilləndi:

- Gözləyəcəyəm. Qaranlıq düşənə qədər bura göz-qulaq olmalıyam. Mütləq gözləyərəm. Evdə bizim taxtalarımız var. Sandıq taxtaları.- Yurgen bağırdı.

Adam deyilənləri eşitmirdi. Əyri ayaqları ilə günəşin batdığı tərəfə doğru gedirdi. Günəş axşamın gəlişi ilə qızılı rəng almışdı. Və Yurgen adamın əyri ayaqları arasından günəşi görə bilirdi, həddindən artıq əyri ayaqlarının arasından. Səbət adamın əlində yellənirdi. Səbətin içində dovşan yemi vardı. Tozdan rəngi bozarmış, yaşıl dovşan yemi.

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020