news-inner
clock08:30 calendar-gray 01 İyun 2013 view-gray3713 dəfə oxunub
view-gray3713 dəfə oxunub

Ded Xasan: cibgir, qol dişləyən, kriminal patriarx

Dosye:

Aslan Rəşidoviç ( Raşoyeviç) Usoyan – 27 fevral 1937-ci ( əslində 1934-cü ) ildə Tbilisidə anadan olub. Onun bioqrafiyası dumanlıdır. 19 yaşında ilk cinayət cəzasını alıb. Milis əməkdaşlarına qarşı müqavimət göstərməkdə təqsirli bilinən Aslan saxlanılarkən operativniklərdən birinin qolunu dişləyərək yaralayıb. GSSR CM-nin 72 və 75-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1956-cı ildə, yəni yeddi aydan sonra azadlığa buraxılıb.

1950-ci illərin axırlarında məşhur cibgir kimi tanınıb. Əsasən Tbilisi-Soçi, Tbilisi - Moskva qatarlarında, vağzalda “iş” görürdü.

1959-cu il 15 yanvarda Aslan Raşoyeviç yenidən Tbilisi Şəhər Milis İdarəsi əməkdaşları tərəfindən qandallanıb. Bu dəfə qarətdə günahlandırılan Usoyana Stalin rayon məhkəməsinin sədri 5 il həbs cəzası haqqında hökm oxuyub. Aslan bu dəfə də özünü intizamlı məhbus kimi göstərməyi bacarıb və vaxtından əvvəl azadlığa çıxıb.

1966-cı il dekabrın 28-də Usoyanı möhtəkirliyə görə üç illiyə yenidən barmaqlıqlar arxasına salıblar. Aslanı burada taclayırlar. Artıq “Ded Xasan” ayaması daşıyan kürd balası il yarımdan sonra yenidən zek buşlatını Tbilisidə ən məşhur dərzinin tikdiyi “A-lya Tengiz” dəbli kostyuma dəyişib.

3 avqust 1984-cü ildə Gürcüstan Ali Məhkəməsinin qərarı ilə Ded Xasan özbəklərə qəlp “Nikolay onluq” qızıl sikkələri satdığına görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Nijnıy Tagil məhkəməsinin çıxardığı qərara əsasən 28 dekabr 1991-ci ildə azadlığa buraxılıb.

1995-ci il mayın 30-da Usoyanı Sankt-Peterburq MCMİ əməkdaşları saxlayırlar. Mənzilində axtarış zamanı seyfindən iki kiloqram qızıl, 380 min dolar və küllü miqdarda milli rubl aşkar olunaraq götürülür.

1990-cı illərin əvvəllərində Krasnodar vilayəti, Sankt-Peterburq, Moskva, Ural və beynəlxalq kriminalında peyda olub.

Sonralar Usoyanın nüfuz dairəsi artmağa başladı və demək olar ki, bütün İttifaqı hörümçək toru kimi bürüdü.

Beynəlxalq kriminal aləmdə Ded Xasan İsrail, Pribaltika və Belçikada böyük nüfuz sahibi olub.

Kriminal patriarx

Rusiya mediasının yayımladığı məlumatlarda bildirilir ki, Ded Xasanın iş rejimi mütəmadi olaraq həm DİN-nin, həm də federal idarənin əməkdaşları tərəfindən nəzarətdə olub. Kriminal patriarx son vaxtlar bazar və çərşənbə axşamından savayı hər gün səhər saat 10.00-dan nahar vaxtınadək “Knyajeskaya usadba” restoranında ( bu ərazidə Dedin daha bir neçə restoranı yerləşirdi) qonaqlarını qəbul edir, yeniliklərlə tanış olur, tapşırıqlarını verirdi. Bunu Moskva əhalisinin tən yarısı bilirdi. Yuxarı instansiyalara edilən məruzələrdən o da bəllidir ki, Xasanın qəbulunda təkcə kriminal kontingentlə deyil, sanballı biznesmenlər, yüksək vəzifəli məmurlar, güc strukturlarının zabitləri və onların qohumları da otururdular. Aslan Usoyan başqalarının bacarmadığı işləri adicə mobil telefonu ilə zəng vurmaqla asancasına həll edirdi. Elə bir bağlı meşin örtüklü qapı tapılmazdı ki, Aslanın addımları yaxınlaşanda taybatay açılmasın.

Leninqradda

Səksəninci illərin axırlarında Aslan artıq Şimali Qafqaz və Krasnodar bratvasının şərtsiz lideri idi və Rusiya mütəşəkkil cinayətkarlığının "xaç atası" sayılan, nəhəng vorzakonlar: Yuri Qorbatıy, Tsirul, Malışev, Yaponcik və Starıy Şakro ilə yoldaşlıq edirdi. Usoyanın qrup daxili işləri beş il müddətində demək olar ki, tam sakit şəraitdə keçir. Əlbəttə, bəzi iğtişaşlar, atışmalar, razborkalar olur, adamlarından kimisə güllələyir və ya həbsxanaya alırdılar. Ded Xasan isə lazımi anda lazımi yerdə olmağı bacardığından, bu illər ərzində bir dəfə də olsun mentovkaya çağırılmamışdı.

Aslan Raşoyeviç Leninqrada gələnədək Moskva mafiyasında bir o qədər də tanınmırdı. Gürcüstan və Krasnodar vilayətində də Rudik Bakinskinin sayəsində nüfuz qazanmışdı. Uzaqgörən adam olduğundan meqapolisdə lövbər salmaq lazım olduğunu anlayan Usoyan birdən-birə Moskvaya da girişə bilməzdi. Paytaxtda adlı-sanlı oğrulardan başqa onlarla Mütəşəkkil Cinayətkar Dəstələr (MCD): “Solntsevo cəmiyyəti”, “Podolskaya qrupu”, “Koptyevskaya qpupu”, “Orexovskaya qrupu”, “Blaşixinskaya qrupu”, “İzmaylovskaya qrupu”, “Lyubertskaya qrupu”... və sair fəaliyyət göstərir, qaz vurub, qazan doldururdular. Moskvanın hər kvadrat metri kiminsə nüfuz dairəsində idi. İttifaqın şimal paytaxtında ad qazanmaq isə elə “böyük kənd”də tanınmaq anlamını verirdi. “Asta gedən - uzağa gedər ” prinsipini əlində bayraq tutan Usoyan Pudik Bakinskinin metodlarından istifadə edir, qazandığının böyük hissəsini “kiçman” (qapalı qazamat) və zonlara qrev göndərirdi.

O, Siciliya cinayətkar təşkilatları haqda kitablar oxumağı, filmlərə baxmağı sevir, oradakı qanunları öz işinə, kollektivinə tətbiq edirdi. Dedin "Koza Nostra" nizam-intizamına meyli, sevgisi aydın məsələ idi. Həyatının uşaqlıqda keçirdiyi “Siciliya çətinlikləri” adlandırdığı ağrılı-acılı səhifəsi Aslanı həddən artıq ehtiyatlı olmağa vadar etmişdi. Ancaq, ümumiyyətlə, əllidən bir az kəm döyüşçüsü olan qrup sabitliyi ilə fərqlənir və Leninqraddakı əksər biznesi, bir sıra super marketi və iki kafe-restoranı nəzarəti altına almağa müyəssər olmuşdu.

Kommersiya adamlarının Usoyanla işgüzar əməkdaşlığa girmələrinin ən əsas arqumenti isə Dedin İttifaq miqyaslı zakonniklərlə yaxın əlaqələrdə olması və “metla” (dili) ilə ilanı yuvasından çıxarmaq bacarığı idi. Biznes quracağı adamlara Yaponçikin, Yura Qorbatının, yaxud Paşa Tsirulun adını çəkməsi kifayət edirdi ki, istənilən maliyyə məsələsi Usoyanın xeyrinə həllini tapsın.

Aslan özünü sakit, sadə zakonnik kimi qələmə versə də, dövlətli adam sayılırdı. Onun üç şəhərdə: Tbilisi, Krasnodar və Leninqradda çoxotaqlı mənzili, Moskva ətrafında, həyətində hovuzu və qarajı olan gözəl mülk vardı. Podelnikləri və əlaltılarının əksəriyyəti də onun sayəsində yaxşıca tüklənmiş, varidat sarıdan artıq xeyli irəli getmişdilər. Elə buna görə də qrupun üzvləri Dedin yolunda başlarını qoymağa hazır idilər. Onlardan biri də Moskvada lövbər salmış cavan, oğru aləmində ilk addımlarını atmağa başlayan Zaxarı Kalaşov (Molodoy Şakro) idi.

Neva sahilində

Leninqradda Xasan yeganə oğru-boss deyildi. Ondan başqa onlarla qruplaşma, kiçik reket dəstələri və “Malış” ləqəbli Malışev "smotryaşi" vardı. Əslində Malış Leninqradda cinayətkar imperiya yaratmışdı və bütün qruplaşmalar onunla hesablaşmalı idilər. Malışevi qruplaşma liderləri öz aralarında “stasionarnıy vojd” adlandırır və hər həftə ona ya “Pulkovsksya” mehmanxanasındakı qəbul otağında, yaxud “Arxipelaq” kimi tanınan “Beryozalı xiyaban”dakı ofisində hesabat verirdilər. Xasanla “Malış”ın münasibəti səmimi olmasa da, etiketə riayət etmək, qəlbində nifrət qaynasa da, rastlaşanda gülümsəmək, əl uzatmaq lazım gəlirdi. Ded səbrini basır, dözürdü. Xasanın hamı tərəfindən bəyənilən xüsusiyyətlərindən biri də hirsini, nifrətini içəridə gizlədərək gülümsəməyi bacarmaq qabiliyyəti idi. Bunu hələ iyirmi il öncə Yuri Vasilyeviç Alekseyev - “Yura Qorbatıy” onlar peresılkada iki ay xlebnik kimi oturarkən demişdi: - “Sən yəhudilər kimi ağıllı, ermənilər qədər hiyləgərsən! Bunların ikisi birləşəndə fenomenlik alınır. Əzmkarlığın səni kriminal aləmin Olimpinə qaldıracaq. Amma çalış ki, Qafqazın şeyxi Şamil demişkən, “ucaldıqca sadələşməyi, varlandıqca alicənablığı bacarasan”.

Leninqradda biznes qurarkən Ded Xasan məhz bu nüfuzlu zakonnikə, Qorbatıya yol tapır, sxodkalarda, yas mərasimlərində, ad günlərində təşkil olunan ziyafətlərdə onunla yanaşı olmağa çalışırdı. Aslanın Leninqradda nüfuz qazanmasında Qorbatının rolu həddindən ziyadə böyük idi və Ded fürsət düşdükcə bunu ucadan söyləməklə həm də özünə imic qazanırdı.

Yeni görüş

Səksəninci illərin axırlarında tale onları yenidən görüşdürdü – Leninqradda. Yura Qorbatı məhbus buşlatını sürtülmüş cins kostyuma, Ded Xasan isə sırıqlısını dəbdə olan “vodolazka” və səliqəli boz “troyka” kostyuma dəyişmişdi. Hər ikisi həyatdan razı görünürdü. Kafe -bistroda əyləşib qəlyanaltı edərkən Aslan sabiq xlebnikinə dərdini söylədi – şəhərin smotryaşisi sayılan Malışev onun biznes qurmasına mane olurdu.

- Söz vermirəm, amma sənin haqqında “Malış”la danışaram, - Qorbatı dilləndi. – Məncə, ona qazancından faiz təklif etsən, lap Nevski prospektində də biznes qurmağına etiraz etməyəcək. Sizi görüşdürərəm, qalanları sənlikdir. Onunla dil tapacağına şübhə etmirəm...

... Bir ay sonra Malışevin çağırdığı sxodkada Ded Xasan onun sağ tərəfində oturmuşdu. Usoyan hətta ilanla dil tapmağı bacaran adam idi.

Piter reketlərinin “Papa”sı

...1992-ci ilin payız günlərinin birində Sankt-Peterburqun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşları Nevski prospektində keçirdikləri “Zaxvat” əməliyyat tədbirləri nəticəsində çoxsaylı camaat qarşısında bir neçə reketi “Moskva” vağzalının darvazaları önündə soyuq asfalt üzərinə uzadaraq qollarını “braslet”lə (qandal) bəzədilər. Yerə uzananlar arasında ağ “Volvo”dan dartılaraq çıxarılan Aleksandr Malışev və Ded Xasan da vardı. Yekəpər serjant asfaltda uzananların birini ayağa qaldıranda mentlərin ”Malış”, dəstə üzvlərinin “Papa” adlandırdıqları Malışevin qoltuq cibindən “Kolt” tapançası yerə düşdü. Bir qədər kənarda dayanmış podpolkovnik rütbəli zabit ildırım sürəti ilə irəli atılaraq silahı götürdü:

- Bu nədir, bratan? – deyərək gözlərini qıydı, istehzalı tərzdə gülümsündü.

- Stvolu gətirib sizin idarəyə təhvil vermək niyyətində idim... – Malışev halını pozmadan etinasızlıqla dilləndi. - Məni tutmaqla məqsədimi gözümdə qoydunuz, vətəndaş polkovnik...

- Yenə səhv edirsən, bratok... – zabitin üzünün istehza ifadəsini ciddilik bürüdü. - Mən hələ iki ulduz daşıyıram. Doğrudanmı sən on səkkiz il içəridə otursan da, hələ də polkovniklə podpolkovnik arasındakı fərqi bilmirsən?

“Malış” kinayəli təbəssümlə dilləndi:

- Bu əməliyyatdan sonra sizə daha bir ulduz veriləcəyini nəzərdə tutaraq söylədim.

- Deməli tapançanı təhvil vermək istəyirdin, eləmi? –

Podpolkovnikin sifətində yenidən əyri təbəssüm yarandı. - Səhərdən sizin dəstələri otarırıq, bratan. Bu vaxt ərzində sən bir neçə milis bölməsi yanından keçmişsən, amma maşından düşmədin. Restoranda qəlyanaltı edəndə də bu barədə söhbət olmayıb. Bütün danışıqların yazıları bizim diktofondadır, mənim “Malışım”. Əyləş maşına, alibilərini idarədə ifadə verərkən sadalayarsan. Podelnikin Ded Xasanı başqa taçkada, “Qazik”də aparacaqlar...

Yeni təyinat

“Papa”nın həbsindən sonra Sankt-Peterburqda və ümumiyyətlə Leninqrad vilayətində kriminal qruplaşmalar arasında misli görünməmiş hərc-mərclik baş qaldırdı. Qətllərin qarşısını almaq məqsədilə Moskvada Ded Xasanın da müntəzəm iştirak etdiyi sxodkalar çağırıldı. Qərara alındı ki, Şimal Paytaxtında nüfuz dairələrinə yalnız qanuni oğrular nəzarət etməlidirlər. Bu qərara qarşı çıxan avtoritet Andrey Berzin (“Beda”) az sonra öldürüldü.

Sankt-Peterburqun “smotryaşisi” statusuna, içində Ded Xasanın adı da olmaqla, bir neçə zakonnik namizəd vardı. Namizədlərin seçimində Usoyan yalnız bircə səs qazana bildi. Sxodka Kudryaşı seçdi, onun köməkçisi isə Kostya-Moqila təyin olundu. Aslanın adı heç müzakirə edilmədi. Piter bratvası isə bu təyinatla barışmaq zorunda qaldı. Halbuki, əksəriyyət ded Xasanın “xaç Atasi” kreslosunda əyləşməsini arzu edirdi.

Kudryaşın dövründə Aslan Usoyanın Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində nüfuzu daha da artdı.

Ardı var

Oxşar xəbərlər

Xəbər lenti

Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020