news-inner
clock12:59 calendar-gray 23 May 2013 view-gray3274 dəfə oxunub
view-gray3274 dəfə oxunub

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

Zaman həqiqətin qonşuluğundadır. Zaman həqiqəti unudulmağa qoymur. Azərbaycan ədəbiyyatında bir Məzahir Daşqın həqiqəti var. El şairi Məzahir Daşqın Borsunlu qəribə tale yaşayıb, həyatı məhrumiyyətlər içində keçib.

Məzahir Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Şairin atası Məşədi Həmzə Tərtər rayonunun Borsunlu kəndində sayılıb-seçilən adamlardan biri olub. O, bir müddət xırda ticarətlə məşğul olub, sonralar ticarətin daşını atıb. Əkinçiliyə keçib. Məşədi Həmzə həmişə sadə insanların haqlarını qoruyub, kasıb-kusuba əl yetirib. Elə bu xüsusiyyətlərinə görə camaat arasında böyük hörmət qazanmışdı. O, yeni quruluşu dəstəkləyənlərdən idi. İyirminci illərdə Məşədi Həmzə tanınmış bolşevik Hüsü Hacıyevi müdafiə etdiyi üçün partiya sıralarından xaric olunur və bir müddət sonra həbs edilir. Az sonra həbsdən azad edilsə də Məşədi Həmzə 37-ci il repressiyasından xilas ola bilmir. Həmin dövrdə o, Ağdamda Pambıq Birliyinin müdiri işləyirmiş. 1938-ci il mart ayının 5-dən 6-na keçən gecə onu güllələyirlər.

Gənc yaşlarında atasız qalan Məzahirin həyatını Böyük Vətən Müharibəsi dəyişir. Müharibə başlayan kimi Məzahir könüllü olaraq ordu sıralarına qəbul olunmaq üçün ərizə yazır. Hərbi təlim keçdikdən sonra sovet ordusunun tərkibində İrana göndərilir. Orda qaldığı müddətdə Cənubi Azərbaycana aid xeyli şeir yazır, Aşıq Hüseyn Cavanla tanış olur, el məclislərində şair aşıqlarla deyişir. Tanrı ona şairlik istedadı bəxş etmişdi, müharibənin qızğın çağlarında belə Məzahir Daşqının təbi dağ çayı kimi coşub-çağlayır.

1942-ci ilin fevralında Məzahirin xidmət etdiyi hissəni ön cəbhəyə yollayırlar. Həmin ilin iyulunda Kalmıkiya MSSR-in Arzgir şəhəri yaxınlığında almanlarla döyüşdə əsir düşür və o gündən məşəqqətli günlər başlayır. Georgiyevski, Zaporojye, Dnepropetrovsk və Krakov şəhərlərindəki hərbi düşərgələrdə əsirlik həyatı yaşayır...O yerlər ölüm düşərgələriydi və taleyin labirintinə düşən Məzahir sabah onu nə gözləyirdi, bilmirdi.

1943-cü ilin fevralında mənzil qərargahı Polşanın Yedlino şəhərində yerləşən Azərbaycan legionerlərinin hərbi hissəsinə göndərilir. 1943-cü ilin aprelində 818-ci batalyonun Yedlino şəhərindəki musiqi taqımına komandir təyin edilir. 1943-cü ilin mayında Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 25 illik yubileyinə həsr olunmuş yığıncaqda onun rəhbərlik etdiyi musiqi taqımı yığıncaq iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edir. Daha sonra Berlində nəşr olunan “Azərbaycan” qəzetinin ədəbi müxbiri vəzifəsinə keçirilən Məzahir Axundov şeirlərini Aşıq Məzahir və Daşqın imzasıyla çap etdirirdi. Onun şeirlərinə bəstələnmiş mahnılar ilk dəfə 1943-cü il noyabrın 6-8-də azərbaycanlıların Berlində keçirilən birinci qurultayında səslənmişdi.

Məzahir Daşqının atası sovet quruluşuna sadiq adam olsa da bu sistem onu güllələmişdi və məhz buna görə Məzahir sovet sisteminə, Stalinə nifrət edirdi. Bu nifrət onun şeirlərində də açıq-aşkar özünü göstərirdi:

Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac ,
Atam məhkum, Anam sayıl, elim çörəyə möhtac.
Dil yaranıb danışmağa, mən danışa bilmirəm,
Yar sinəmi, aç qəlbimi, ciyər vərəmdir, vərəm !

Koramaltək sürünməkdən, söylə, varmı bir məna?
Nə vaxtacan çörək üçün girim hər alçaq dona?!
Mən insanam, qəlbim vardır, kəskin zəkam, əqlim var.
Bəs deyilmi çiynimizi yağır etdi bu yadlar!
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də, SUSMARAM !!!

Məzahir Axundov legionerlər üçün təsis olunan “III dərəcəli Bürünc medal”a layiq görülüb. 1943-cü ilin axırında musiqi taqımı azərbaycanlı legionerlərin qalan hissəsi ilə birlikdə Fransaya köçürülüb. 1944-cü ilin martında Daşqın yenidən təşkil edilmiş mədəniyyət şöbəsinin rəhbəri seçilib. 1944-cü ilin mayında o, təhsilini təkmilləşdirmək məqsədi ilə Potsdam təbliğat məktəbinə göndərilib və həmin ilin dekabrında ona alman ordusunun feldfebel rütbəsi verilib. Müharibənin sonlarına yaxın İtaliyanın Pyaçenza şəhərində çıxan “Bizim döyüş vərəqəsi” mətbu orqanı ilə əməkdaşlıq edib.

Böyük Vətən müharibəsi başa çatanda Məzahir Daşqın öz xahişi ilə Vətənə qayıtmaq arzusunda olduğunu bildirir, 1946-cı ildə əsirlikdən xilas olur. Yeganə arzusu doğma kəndini və anasını görmək idi.

Çox təəssüf ki, vətənə qayıdan Məzahir Daşqına nə anasını, nə də kəndini görməyə imkan vermirlər. Evlərinə çatmağa az qalmış onu yenidən həbs edib Mingəçevirə, sonra Bakı həbsxanasına, oradan da əvvəlcə Qorki vilayətinə, daha sonra Sibirə göndərirlər. 23 iyul 1956-cı ilə qədər Sibirdə sürgündə olur.

Məzahir Daşqın sürgündə olarkən Səməd Vurğunla Aleksandr Fadeyev böyük çətinliklə onu axtarıb tapmışdılar və bu görüş sürgündə əsir həyatı yaşayan şair üçün böyük səadət idi. Bu görüşdən sonra onun yaşamaq həvəsi özünə qayıdır. Onun sürgündən azad edilməsində Səməd Vurğunun böyük rolu olub. Səməd Vurğun ona “Aşıq qardaşıma” adlı şeir də yazıb. Deyilənə görə Sibirdən birdəfəlik xilas olub Vətənə qayıdan Məzahir Daşqın birbaşa Yazıçılar Birliyinə gəlib Səməd Vurğunu xəbər alır. Aldığı xəbərdən sarsılır. Səməd Vurğun artıq bir neçə ay idi ki, dünyadan köçmüşdü...

Məzahir Daşqın Vətənə qayıtdıqdan sonra Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist, ömrünün sonunadək isə Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışıb. 1979-cu il oktyabrın 31-də vəfat edib və Borsunlu kəndində dəfn olunub.

O, xalq tərəfindən sevilirdi, şeirləri dillər əzbəriydi. Elə bir el şənliyi olmazdı ki, orda Məzahir Daşqının şeirləri oxunmasın. Onun yazdığı qoşma, təcnis, gəraylı, divani, qəzəl, müxəmməslər xalq ruhundan qaynaqlanırdı və ona görə də sadə insanlar bu el şairinin şeirlərini sevə-sevə oxuyurdular.

Bu yazını yazmazdan əvvəl onun əsərlərinin təbliği ilə məşğul olan yaxın qohumu, özü də bədii yaradıcılıqla məşğul olan Mübariz Dözümlü ilə görüşdük. Mübariz müəllim 2009-cu ildə Məzahir Daşqının 100 illik yubileyinin keçirilməsinə nail olub, onun əsərlərini nəşr etdirib, ona “Dəyanət” adlı böyük poema həsr edib. Nizami Muzeyində “Məzahir Daşqın” Fondunun yaradılması birbaşa onun əməyinin nəticəsidir. Mübariz müəllimdən öyrəndik ki, Məzahir Daşqının qardaşı Vahid Axundov da yaradıcı adamdır. Məşhur “Bu, Naxçıvandır” mahnısının müəllifi odur.

Məzahir Daşqın dünyadan incimiş adamların şairi idi...

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020