news-inner
clock08:15 calendar-gray 07 May 2013 view-gray1613 dəfə oxunub
view-gray1613 dəfə oxunub

Aşıq seyidin keçilərini yedi

“Sadə insanlar” proyektində

Dostum Ruslanla Goranboy rayonundan Ağcakəndə getmək üçün taksiyə oturduq. Keçən yazıda qeyd eləmişdim, taksi sürücüsü istiqanlı adam idi. Dağların ətəyi ilə irəliləyirdik. Bu torpaqlar uğrunda vuruşmuş dostum Ruslan dedi, Murad, bax, gözümü burada itirmişəm. Bu zaman sürücü arxaya çevrilib: “Siz məni haradan tanıyırsınız?” deyə soruşdu. Sən demə, sürücünün də adı Murad imiş.

Murad əslən Laçından olsa da Xocalıda məskunlaşıbmış. Mən söz arası ondan soruşdum ki, Xocalıda vuruşdunmu? Köks ötürərək: “Xocalıda kim vuruşmadı ki?”-dedi. Sonra o, məşhur xalq qəhrəmanı Sultan bəyin nəslindən olduğunu söylədi. Murad atasının Sultan bəy haqda söylədiklərindən bizə danışdı. Həyatı müsibətlərdə keçmiş igid Sultan bəy, sən demə, həm də baməzə adam imiş. Ona görə Aşıq Abbas adlı hazırcavab bir şairlə dostluq eləyirmiş. Günlərin bir günü Sultan bəy Aşıq Abbasın vasitəsilə Şuşada yaşayan dostu Paşa bəyə hədiyyə olaraq 10 baş toğlu göndərir. Aşıq Abbas da 9 oğul atası imiş. Tamahını saxlaya bilməyən Aşıq toğlulardan birini kəsib övladları arasında bölüşdürdükdən sonra qalanlarını qabağına qatıb Şuşaya, Paşa bəyin evinə gəlir. Bəy Aşıqdan soruşur ki, bəs toğlunun biri hanı?

Aşıq deyir, 9 idi, 10 oldu, 10 idi 9 oldu. Nə qədər soruşsa da aşıq dediyini təkrarlayır. Toğluları Aşığın özünə saydırmaq istəyir, o isə hər dəfə 9 toğlunu 10 kimi sayır. Axırda Paşa bəy 10 nəfər adam çağırıb deyir, hərəniz bir toğlu tutun. Çağırılanlardan birinin əli boş qalır. Paşa bəy deyir, gördünmü, bir nəfərə toğlu çatmadı? Aşıq da qayıdır ki, mən neyləyim, zirəng olaydı, birini də o tutaydı.

Biz gülüşəndən sonra adaş birini də danışmağa başladı:

Sultan bəyin yaxşı mal-qarası olan Seyid Mirəzim adlı xəsis bir dostu varmış. Bir gün Sultan bəy Aşıq Abbasa deyir, Seyidin bir dəstə keçisini sənə saxlamağa verdirsəm nə deyərsən? Aşıq sevinib deyir, sənin qadan alaram. Sultan bəy Aşığı Mirəzimin yanına göndərir. Seyid bir dəstə keçini muzdla saxlamaq üçün Aşığa verir. Aşıq keçiləri evinə gətirir. Kefinə keçi əti düşən kimi bir-ikisini kəsir. Bu minvalla bir sürü keçinin axırına çıxır. Günlərin bir günü Seyid keçilərdən xəbər tutmaq üçün uzun yol gəlib Aşıqgilə yetişir. Atdan düşən kimi dəstəmaz alıb namaz qılmaq istəyən Seyidin qulluğuna duran Aşıq aftafa-ləyən düzür. Sən demə, Aşığın tövləsində sürüdən bircə dənə keçi qalıbmış.

Bir azdan içəri girən Aşıq namaz qılan Seyidin üstünü kəsdirib deyir, keçinin biri ölür, neyləyim? Aşıq tərəfə baxmayan Seyid baş barmağını öz boğazına aparıb kəsmək işarəsi verir və ucadan “Allahu-əkbər!” deyir. Aşıq sonuncu keçini də kəsdirib qazana doldurur. Yemək süfrəyə gələndə Aşığın “dərdi açılır”. Seyidə deyir, bəs deməzsənmi, keçilərə mərgi xəstəliyi düşmüşdü, hamısı bax beləcə qırılıb getdi, dadına bax, heç əti də yeyiləsi olmur, heyf mənim əziyyətimə, qışda nə qədər arpa-buğda yedirtmişdim onlara.

Sən demə, Aşıq, əti acı dadsın deyə, Seyidin qabına qoyulan ətə keçinin ödündən qatıbmış. Seyid bir tikə götürüb dişləmək istəyəndə baxır ki, zəhrimar dadır. Dərhal tikəni qaba qoyub Aşığa deyir: “Bunu yemək olmaz, uşağı-zadı zəhərləyərsiniz!”

Adaşın danışdığı bu əhvalatdan sonra dedim, ayə, bu nə hiyləgər aşıq imiş, heç aşıq Əhlimanın da ağlına belə şeylər gəlməzdi.

Adaşım dedi, yolumuza hələ var, icazə verin birini də danışım.

Aşıq Abbas Sultan bəylə birgə arana-yaylağa köç edərmiş. Şuşadan Əmiraslan adlı kişi həmişə bunların yanına gələr, şirin dilə basıb onlardan bir qatır yükü yavanlıq alıb apararmış. Hər dəfə də deyərmiş, biz tərəflərə yolunuz düşsə mənim qapımı açmasanız sizdən inciyəcəyəm.

Günlərin bir günü Aşığın yolu Şuşadan düşür. Fikirləşir, gedim görüm, illərdi bizi qonaq görmək istəyən Əmiraslan kişi necədi. Axşam düşəndə gəlib qapısını döyür. Əmiraslan kişi özünü elə aparır ki, guya Aşığı tanımır. Aşıq baxır ki, kişi bunu çöldə qoyacaq, axırda deyir, a kişi, necə tanımadın, bəs mən Aşıq Abbasam! Kişi görür ayrı yolu yoxdu, Aşığı evə dəvət eləyir və üzrxahlıq eləyib deyir, qaranlıqda gözüm seçmir, səni onçun tanıyammadım. Aşıq gecə birtəhər yatıb sabah oyanır və Əmiraslan kişiyə mehribanlıqla deyir, mütləq bizlərə qonaq gələrsən.

Nə isə, günlərin bir günü Əmiraslan kişi yenə Laçına gəlib Aşıqgildə gecələməli olur. Axşamdan qara qatırını yükləyib hazır saxlayır ki, səhər tezdən Şuşaya qayıtsın. Şam yeməyinin üstündə Aşıq Abbasın oğlu təngnəfəs içəri girib deyir, tövləyə ayı girib, malı qıracaq. Aşıq tez tüfəngi götürüb çölə çıxır. Qonaq da onunla bərabər qaranlıq tövləyə gəlirlər. Aşıq tüfəngi kişinin qatırına tuşlayıb deyir, ayə, qaçın, bunu güllələyəcəm. Əmiraslan kişi özünü tüfəngin qabağına verib, a kişi, atma, o mənim qatırımdı, deyənə qədər güllə açılır, qatır yerə sərilir. Kişi qışqırır ki, ay zalım, neylədin, qatırımı niyə öldürdün? Aşıq deyir, ayə, bə sənin gözün gecə yaxşı görmürdü? Alatoranlıqda məni tanımırdın, bəs bu zil qaranlıqda qatırı necə tanıdın?

Biz xeyli gülsək də adaşın bu əhvalatındakı qatıra yazığım gəldi.

Söhbətimizdə adı anılan Sultan bəy haqda qısa bir məlumat verməyi özümə borc bildim. Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. İbtidai təhsildən sonra orta təhsilini Gəncə gimnaziyasında tamamlayıb. Sonra Sankt-Peterburq Hərbi Akademiyasına daxil olub. Naməlum səbəbdən təhsilini yarımçıq qoyaraq öz kəndlərinə qayıdıb.

Sultan bəy 1905-06-cı, eləcə də 1918-19-cu illərdə erməni daşnaklarına qarşı qəhrəmanlıqla vuruşub. 1919-cu ilin fevralında öz dəstəsi ilə Laçının Zabux dərəsində 10 minlik daşnak ordusunu darmadağın edərək Azərbaycanda erməni hakimiyyəti qurmaq planını puça çıxarıb. Həmin döyüşdən sonra Zabux dərəsini “Qanlı dərə” adlandırmışlar.

Sultan bəyin qardaşı Xosrov bəy isə ADR-in ilk hərbi naziri olub. Sonralar Qarabağın general qubernatoru olmuş Xosrov bəy Zəngəzurda, Qarabağda, Basarkeçərdə erməni quldurlarına qarşı vuruşub.

Sovet hakimiyyəti dövründə İrana keçən Sultan bəy 1923-cü ildə Türkiyəyə adlayıb. 1937-ci ildə onun həyat yoldaşını üç oğulu, bir qızı ilə Qazaxıstan çöllərinə sürgün edirlər. Ailəsi burada 1956-cı ilə qədər sürgün həyatı yaşayır.

Sultan bəy 1955-ci ildə Qars vilayətinin Köçqoy kəndində gözlərini əbədi yumur.

Mən bu yazını kədərli sonluqla bitirmək istəməsəm də Sultan bəyin faciəli həyatı bunu diktə elədi.

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020