“Mollanəsrəddinçilər həqiqətən süni gorünür”

“Mollanəsrəddinçilər həqiqətən süni gorünür”
18 aprel 2013
# 10:26

Kulis.az kütləvi olaraq müsbət qarşılanan və bayramlarda mütləq efirə verilən milli filmlərdən biri, məşhur “O olmasın, bu olsun” (rej. Hüseyn Seyidzadə) haqqında tənqidçi Abbas Zamanovun 1956-cı ildə yazılmış məqaləsini çap edib. Tənqidi ruhda yazılmış məqalə bir çox suallar yaratdı: Bu filmin kinematoqrafik nöqteyi-nəzərdən qüsurları nədir və tənqidçı fikirlərində nə qədər haqlıdır? Bu sualları rejissor Şamil Əliyev, kinoşünas Aygün Aslanlı, ssenarist İntiqam Hacılı cavablandırır.

Şamil Əliyev: “O vaxt kino tənqidi ilə filoloqlar məşğul olurdu”

«Abbas Zamanovun məqaləsini oxudum və sarsıldım. Onun bu dərəcədə qeyri-peşəkar mövqeyi mənə həm də təəccüblü gəldi. Fikir verirsinizsə, filoloq, ssenaristi yox, rejissoru hədəf götürüb. Tək Abbas Zamanov deyildi, çoxu o filmi, ümumiyyətlə Hüseyn Seyidzadənin filmlərini tənqid edib. Çox təəssüf etdim ki, həmkarlarından da mən bildiyim qədər heç kim onu müdafiə etməyib. O zamanlarda da belə məqalələr əsərə münasibətdən çox qərəz ola bilərdi. Axı o zaman bir məqalə ilə filmin, rejissorun kitabı bağlanırdı. Heç Moskvaya çatmamış burada filmin taleyini həll edirdilər. Həm də o zaman bu işin peşəkarı yox idi. Filmə rəyi, resenziyanı teatr tənqidçiləri, filoloqlar yazırdı.

Təsirlisi budur ki, rejissor ona hücumlar olacağını bilir, amma filmlərini çəkir və belə mübarizə aparırdı. Hüseyn Seyidzadə çox istedadlı rejissor idi və onun bir rejissor kimi estetik prinsipləri vardı. Hüseyn Seyidzadə o rejissordur ki, beş filminin beşi də kino tarixində qalıb. «O olmasın, bu olsun» sıradan film deyil və o film bu gün də yaşayır».

Aygün Aslanlı: “Filmin ən kinematoqrafik yeri bazar səhnəsidir”

“Düzü, mənim üçün istər "O olmasın, bu olsun", istər "Əhməd hardadır?", istər "Ulduz" və bu silsiləyə daxil olan digər filmlər daha çox muzey eksponatı olduğu üçün onları təhlil eləmək, xüsusilə də onlara tənqidi gözlə baxmaq barədə fikirləşməmişəm. Onlar mənim üçün aktyorlara görə qiymətlidir. Odur ki, Abbas Zamanovun məqaləsinə istinad edəcəyəm.
Birincisi, filmin əsərdən xeyli fərqlənməsi haqqında onu demək olar ki, ilkin materiala məhəbbət və qayğı ilə yanaşmaq deyə bir şey yoxdur. Üzeyir Hacıbəyovun yazdığı komediya bir əsərdi, film isə başqa. Rejissor süjeti, qəhrəmanları necə görürsə, elə çəkir.


Filmdən görünür ki, Hüseyn Seyidzadə sadəcə komediyanın çərçivəsinə sıxılıb qalmaq istəməyib. Hadisələrin cərəyan elədiyi dövrün, mühitin atmosferini, qəhrəmanların xarakterini kinematoqrafik dillə çatdırmağa çalışıb. Məsələn, Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsərində də göstərilir ki, "O olmasın, bu olsun" filmindəki bazar səhnəsi, qoçuların vuruşu o dövr Bakısında tez-tez baş verən hadisələrdən olub. Yəqin ki, rejissor bunları da göstərməyə çalışıb. “O olmasın, bu olsun” filmində kinematoqrafik bir-iki epizod varsa, o da elə bazar səhnəsidi..

Elə “Molla Nəsrəddin” jurnalının redaksiyasının, C.Məmmədquluzadənin, Sabirin və digərlərinin göstərilməsi də dövrün, mühitin atmosferini yaratmağa xidmət edir. Rejissor qəhrəmanlarını ədəbi personaj olmaqdan çıxarıb reallığa toxumaq istəyib. Amma buna nə qədər nail olub? Tam ola bilməyib. Film teatral alınıb - kadrların mizanı, aktyor oyunu… Epizodlar arasında qırıqlıq, montaj qüsuru var. Bu da o dövrdə çəkilmiş əksər filmlərə aiddi. Tənqid olunan və fikrimcə, əslində ən uğurlu epizodlar olan bazar və qonaqlıq səhnələri də o zamanın rus filmlərində, Çaplinin filmlərində rastlaşdığımız epizodlardır. Belə kütləvi səhnələr olan “geq”lər o zaman dəbdə idi.

Ümumiyyətlə, Hüseyn Seyidzadə yaxşı rejissordur. Həm də onun demək olar ki, bütün filmləri senzuraya məruz qalıb.

İntiqam Hacılı: “Filmdə mollanəsrəddinçilər həqiqətən süni gorünür”

Hər bir filmdə qüsur tapmaq mümkündür. Eləcə də Hüseyn Seyidzadə “O olmasın, bu olsun” filmində. Amma film XX əsrin əvvəllərindəki Bakının vizual arxividir. Bəylər, bazar, tacir, qoçular, intilligentlər, molla nəsrəddinçilər və bunların fonunda Bakı həyatı və onun pulu. Amma bu pul hər kəsə çatmır. Rüstəm bəylər Məşədi İbadlardan həmin pulu almaq üçün övladını belə “satmağa” hazırdır. Avropada, Türkiyədə, Rusiyada təhsil almış intilligentlər belə fırıldaqçılıqla məsğuldur. Bütün bunların fonunda gənclər qurbandı. Filmdə mollanəsrəddinçilər həqiqətən süni görünür. Amma bir həqiqət də var, həmin dövrdə onlara münasibət bu süniliyi formalaşdırdı. İndinin özündə belə Cəlili, Axundovu, Sabiri və başqalarını qınayanlar, “xalqın adət-ənənələrini lağa qoymaq”da günahlandıranlar az deyil. Belə olduğu halda həmin dövrdə bu şəxslərə münasibət aydındır. Əslində Üzeyir Hacıbəyov əsəri əsasında çəkilən bu film kinematoqrafik baxımdan həmin dövrü əks etdirə bilib. O zaman “Molla Nəsrəddin” jurnalı redaksiyasının Tiflisdə olması məsələsi ilə bağlı Abbas Zamanovun fikirləri ilə razı deyiləm. Bədii kinoda məkan və zaman anlayışı sənədli filmdən fərqlidi. Bədii filmdə əsas nəyi deməyindi. Amma həqiqətən filmdə “Molla Nəsrəddinçilər”i oynayan aktyorlar rollarının öhdəsindən gələ bilməyiblər.

# 4263 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #