news-inner
clock08:30 calendar-gray 04 Aprel 2013 view-gray4225 dəfə oxunub
view-gray4225 dəfə oxunub

Azərbaycan bəhailərinin rəhbəri: “Həzrəti Bəhaullahı sonuncu elçi sayırıq”

Kulis.az dərgisinin qonaqları Azərbaycan Bəhai İcmasının rəhbəri Azər Cəfərov və icmanın üzvü Ramazan Əsgərlidir.

- Azərbaycanda bəhailiyin yayılması, inkişafı və bir din kimi tanınması hansı dövrə təsadüf edir? İstərdim ki, bu barədə məlumat verəsiniz.

Azər Cəfərov: Bilinən odur ki, 1846-cı ildən Azərbaycanda-Naxçıvanda babilik hərəkatının ardıcılları olub. Məmməd Səid Ordubadinin həyatı haqqında yazılmış kitabda bu məqamlara toxunulub. Həzrəti Bab İranda öz missiyasını elan edəndə, Ordubad rayonun Vənənd kəndində Molla Sadıq adlı bir şəxs Həzrəti Babın gəlişini insanlara çatdırıb. Bundan sonra Ordubad və Zəngəzur ərazisində babilər hərəkatı güclənməyə başlayır. Hərəkata taxtdan salınmış sonuncu Naxçıvan xanı da daxil olmaqla əhalinin böyük bir hissəsi qoşulur. Hərəkat o qədər güclü olur ki, çar hökuməti general Behbudovu 5000 nəfərlik ordu ilə hərəkatı yatırtmağa göndərir. İnsan itkisi haqqında dəqiq məlumat olmasa da 1860-cı ilin sonuna qədər babilik hərəkatı davam edib. Həzrəti Bəhaullah gəldikdən və bəhailik meydana çıxdıqdan sonra Azərbaycanda bəhai icmaları yaranmağa başladı. Balaxanı icması və Bakı icması ən qədim bəhai icmalarından hesab olunur.

- Deməli, Azərbaycan bəhailərin yayıldığı ilkin mərkəzlərdən hesab olunur?

- Bəli. İran və İraq əsas mərkəz olsa da, bəhailər üçün Türkiyə və Azərbaycan ərazisi də böyük önəm daşıyıb. Həzrəti Babın da tərəfdarlarının böyük bir hissəsi Güney Azərbaycanda idi. Babilərin ən böyük üsyanı Zəncanda olub. Həzrəti Bab Maku və Çehriq qalalarında həbsdə olub, Təbrizdə isə edam edilib. Bəhailiyin və babiliyin tarixində Azərbaycanın xüsusi yeri var. Bir çox hadisələr sırf Azərbaycanla bağlıdır.

- Həm babiliyin, həm də bəhailiyin ilkin yayıldığı coğrafiyalara diqqət yetirsək görərik ki, bu coğrafiyalarda şiə məzhəbi daha geniş yayılıb. Sünnilər isə bəhailiyə bir o qədər də meyllənməyib. Bu məqam şiələrdə 12-ci imam Mehdinin gəlişinə olan inamla bağlı ola bilərmi? Mənə elə gəlir ki, Babı və Bəhaullahı Mehdi hesab edən şiələr bəhailiyə daha çox meyllənib...

- Şiəlikdə “Fərəc intizarı” deyilən bir anlayış var. Xilaskarın gəlişini gözləmək, Mehdinin intizarını çəkmək, onun gəlişi üçün Allaha dualar etmək şiəlikdə çox geniş yayılıb. Hətta “Fərəc duası” deyilən bir dua da var. Şiəlik bu gəlişə hazır idi. İranda baş verən hadisələr də onu göstərirdi ki, İranda bu barıt partlayışa hazırdır. O dövrdə Şeyxilik hərəkatı vardı və onlar əhalini bu gəlişə hazırlayırdı. Onlar deyirdi ki, 12-ci imamın qeyb olmasından min il keçib və artıq onun gəlişi labüddür. Hədislərə görə Mehdi min il sonra zühur etməlidir.

Həmin dövrdə İranda bu məsələlər üçün həm sosioloji, həm də teoloji zəmin vardı. Həzrəti Bab gənc idi, 25 yaşı vardı və Şiraz bazarında topdansatışla məşğul olurdu. Günlərin birində o öz missiyasını elan edir. Bu hadisə bütün proseslərin başlamasına təkan olub.

- İslam tarixində özünü sonuncu imam, xilaskar, Mehdi elan edənlər çox olub. Hətta yaxın ətrafı Şah İsmayıl Xətaini də Mehdi kimi təqdim etməklə çoxlu tərəfdar toplamağı bacarmışdılar. İslam tarixində bu cür hadisələr kifayət qədər çoxdur. Babiliyi də bu zəncirin bir halqası hesab edə bilərikmi?

- Mehdilik anlayışı və yalançı peyğəmbərlik İslam tarixində geniş yayılıb. Peyğəmbərlik məsələsinin sona çatdığını biləndən sonra özünü imam elan edənlər meydana çıxdı. Sudanda çox böyük mehdilik hərəkatı başlamışdı, ingilis hökuməti bunu çox çətinliklə yatırdı. İslam ölkələrində mehdilik hərəkatları zaman-zaman boy göstərib. XIX əsrin ortalarına kimi dini hərəkatlar aktual idi. Amma babilik hərəkatını mehdilik hərəkatları ilə müqayisə edə bilmərik. Çünki bu hərəkatlarda geniş ictimai zəmin ortalığa çıxırdı. Babilik yeni mərhələnin başlamasını müjdələyən bir hərəkat idi.

- Babiliyi sosial bərabərsizliyə qarşı hərəkat hesab edənlər də var...

Ramazan Əsgərli: İnsanlar babi dini ilə, bəhai dinini çox vaxt eyniləşdirirlər. Əslində bunlar fərqli şeylərdir. “Babilik hərəkatı” həmin dövrü araşdıran tarixçilərin yaratdığı bir anlayışdır. Babın gətirdiyi sosial qanunlar o qədər güclü və o qədər təsirli idi ki, babilik bir ictimai hərəkat təsiri bağışlayırdı. Amma babilik sırf din idi. Babın gətirdiyi şəriət qanunları çox güclü olduğu üçün, ictimai hərəkat və ya etiraz kimi görünürdü. Bu dini araşdıranlar və onun qanunları ilə tanış olanlar düşünürdülər ki, bu din deyil, hərəkatdır. Qanunlar əvvəlki dinlərdə olan qanunlardan köklü surətdə fərqlənirdi, üsyankar idi. Babiliyə qədər heç bir dində bu cür qanunlara rast gəlinmir.

- Mən oxuduqlarımdan belə qənaətə gəlmişəm ki, İslam dininin ruhaniyyət və ürfan tərəfi digər dinlərdən daha cəlbedici və daha çəkicidir. Bəhailikdə isə sosial məsələlər və insanların gündəlik həyatını asanlaşdıran qanunlar cəlbedici görünür. Mənə elə gəlir ki, bəhailiyin ruhaniyyət tərəfi bir o qədər də cəlbedici və güclü deyil.

- Mən sizi əmin edirəm ki, bu, belə deyil. İrfan, yəni “Allahın tanınması haqqında həqiqi bilik” bəhai dinində də çox aydındır. Bəhai dinində digər dinlərdən fərqli olaraq çox ciddi və fundamental bir məsələ var. Bu, proqressiv vəhy anlayışıdır. Əgər Allah tərəfindən biliyin açılması proqressiv şəkildə baş verirsə, sonra gələn əvvəlkindən daha dərin, daha geniş olmalıdır.

- İslam israrla deyir ki, ən son və ən mükəmməl din islamdır. Digər dinlərdə də bu fikrə rast gəlirik. Bütün dinlər özünü ən son və ən mükəmməl hesab edir. Bəhailik də özünü son və mükəmməl sayırmı?

- Xeyr. Əgər vəhy proqressiv və təkamül edən prosesdirsə, belə düşünmək yanlışdır. Bu proses davam edir.

- İslam dininə görə Məhəmməd sonuncu peyğəmbərdir və ondan sonra peyğəmbər gəlməyəcək...

- Bu məsələnin belə olmadığı ilə bağlı yüzlərlə arqument gətirmək olar. Məhəmməd sonuncu peyğəmbər deyil. Bu cür yanaşma xristianlıqda da, yəhudilikdə də var.

- İslamda Məhəmməd peyğəmbər “Xatəmül-ənbiya”, yəni peyğəmbərlərin möhürü, sonuncu olanı hesab olunur və bu səbəbdən özünü sonradan peyğəmbər elan edənlər yalançı, saxtakar və kafir sayılır. Məhəmməd peyğəmbərdən sonra onlarla insan var ki, özünü peyğəmbər elan edib. Bunlardan biri də Bakıda peyğəmbərliyini elan edən Ələsgər Musayevdir. Bəhai dinin bu məsələlərə münasibəti necədir? Bəhaullahdan sonra peyğəmbərliyini elan edənlər yalançı və saxtakardırmı?

- Biz həzrəti Bəhaullahı hələlik sonuncu elçi və Allahın məzhəri hesab edirik və məncə bu, sizin sualınıza cavab hesab edilə bilər.

Azər Cəfərov: Vəhy – insanın fitrətinə qoyulmuş proqramı üzə çıxarmaq məqsədi ilə göndərilir və bu proses davamlıdır. Hər vəhydən sonra insanlıq yeni bir mərhələyə qədəm qoyur və böyük inkişaf başlayır. Bəhai dinin gəlişi ilə çox böyük dəyişiklik baş verib. Babi dini ilə, bəhai dini arasında 19 illik məsafə var. Ola bilərmi ki, iki din arasında bu qədər məsafə olsun? Bəlkə babilik heç din deyil? Amma biz görürük vəhylər dünyada gedən prosesləri sürətləndirdi. Biz görürük ki, 1844-cü ildən sonra elm, texnika, sosiologiya və politologiya sahəsində çoxlu yeniliklər baş verdi. Mən belə düşünürəm ki, Allah sanki zamanı sıxdı. Sanki 1000 illik zaman 19 ilə yerləşdirildi. Həzrəti Bəhaullah da deyir ki, Həzrəti Babla mənim vəhyim arasındakı qısa müddətdə böyük bir hikmət var və bu Allahın sirridir.

- Yəni, bəhailik də özünü sonuncu din hesab edir? Bəhailikdən sonra din olmayacaq?

- Bəhailikdən sonra din olacaq və həzrəti Bəhaullah bunu öz əli ilə yazıb. O bu prosesin sonsuz olduğunu yazıb və bildirib ki, məndən sonra gələn 1000 ildən tez gəlməyəcək.

- Allah Bab və Bəhaullah arasındakı zamanı sıxışdırıb 19 il edibsə, elm və texnikanın bu qədər inkişaf etdiyi dövrdə 1000 illik zamanı sıxışdıra bilməzmi? Dünya artıq kosmosa ayaq açıb. Nəyə görə növbəti 1000 il sıxışdırılmasın, növbəti dinin, peyğəmbərin gəlişi sürətlənməsin? Axı dünya hər saat, hər dəqiqə inkişaf edir...

- Bəhai dinində vəhyin sonsuzluğu bildirilir. Vəhy prosesi sonsuz prosesdir və dövrlərə bölünür. Adəmdən-Xatəmə (Sonuncu peyğəmbər Məhəmməd) olan mərhələ bir dövr hesab olunur. Allah yeni bir dövr açır-Bəha dövrü. Şövqi Əfəndi yazır ki, bu mərhələ 500000 il çəkəcək. Hər 1000 ildən bir yeni peyğəmbər gələcək və bu proses bəşəriyyət bütün kainatı tutana qədər davam edəcək. Həzrəti Bəhaullah deyir ki, siz kainatı başdan-başa gəzəcəksiniz, amma sonda yenə mənə itaət edəcəksiniz.

- Etiraf edək ki, bütün dinlər və peyğəmbərlər bunu deyir...Bəhailiyin onlardan fərqi nədir?

- Başqa dinlərdə son, qiyamət anlayışı var. Bəhailikdə isə belə fikir yoxdur. Biz bəşəriyyətin sonsuzluğuna inanırıq və qiyaməti rəmzi bir şey kimi qəbul edirik. Həzrəti Bəhaullah qiyaməti həqiqət günəşinin qaralması kimi izah edir. Müasir dövrdə islam, xristianlıq artıq insanları xilas etmir. Artıq bu dinlər bəşəriyyətə proqram verə bilmir, yol göstərməkdə çətinlik çəkir.

- O zaman Bəhai inancına görə artıq İslamın qiyaməti baş verib.

- Məhəmməd peyğəmbərin gəlişi ilk qiyamət hesab edilə bilər. Onun gəlişi ilə ərəblər cəhalətdən qurtuldu. Tolstoyun “Dirilmə” əsərində olduğu kimi, mənəvi dirçəliş başladı. Söhbət mənəvi dirilmədən gedir. Qiyamət, bütün dini təlimlərin öz əhəmiyyətini itirməsidir. Həzrəti Bəhaullahın gəlişi ilə bütün dini təlimlər öz əhəmiyyətini itirib. Biz dinlərə bu cür baxırıq : yəhudilik tumurcuq, xristianlıq budaq, islam çiçək, bəhailik isə meyvədir. Həzrəti Bəhaullahın təlimi bir meyvədir.

Ramazan Əsgərli: Qəribədir ki, insanlar dindən danışanda ya onun tarixini, ya da gələcəyini müzakirə edirlər: mənə heç bir faydası olmayan keçmiş və mənim dərk edə bilməyəcəyim gələcək. Bəs bu gün? Mən bu qiyamətə çata biləcəyəm ya yox, bu, sonranın işidir.

Azər Cəfərov: Bəhailik bu qorxunc hadisəni-qiyaməti inkar edir. Yeni bir dövr açılıb və bəşəriyyətin böyük perspektivi var. Babilik Adəm dövrü ilə Bəha dövrü arasında bir qapıdır. Burda da bir mistika var.

- Bəhailikdə ibadət hansı formadadır? Düşünürəm ki, digər dinlərdə ibadət ruhun təmizlənməsi üçün cismə fiziki əziyyət verməkdir. Mən ibadət prosesini bu cür düşünürəm. Bəhailikdə bu proses necədir?

- Bəhailikdə sevgi ilə görülən bütün işlər ibadət hesab olunur. Müəllimlik də, həkimlik də ibadətin bir formasıdır. İnsanlıq naminə görülən bütün işlər ibadətdir. Bizim ibadətimiz 24 saat davam edir. Bizim namazımız çox qısadır. Üzü qibləyə dayanırıq (İsrail ərazisindəki Bəhciyə) və bu cümləni deyirik : “Ey mənim Allahım, sənə inanırıq və məni sənə ibadət etmək üçün yaratdığına şəhadət verirəm. Bu an öz zəifliyimi sənin qüdrətinə, öz varlığımla sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur!“ Namaz bundan ibarətdir. Oruc cəmi 19 gün davam edir. Martın 2-dən 19-na kimi davam edir. Novruzu həm orucluq, həm də müqəddəs bayram kimi qeyd edirik. Həzrəti Bəhaullah Novruzu ən müqəddəs bayram hesab edirdi. Oruc və namaz rəmzidir. Bu sadəcə nəfslə mücadilədir. Bəhailikdə ölüm cəzası yoxdur. Lisenziyalı banklarla əməkdaşlıq halaldır. Din qorxunc ola bilməz. Bu boyda kainatı yaradan Allah insana qorxunc cəza verməz. “Kitabi-əqdəs”də Həzrəti Bəha yazır ki, insan öldürməyin cəzası ölümdür. Amma sonda yazır ki mənim qanunlarımı Uca Ədalət evi dəyişə bilər. Uca ədalət evi yalnız namazı, orucu, qibləni dəyişə bilməz. Fərdi sələmçilik qadağandır.

- Bəhailikdə ziyarətlər varmı?

- Bəhailikdə Hayfaya, Uca Ədalət Evinə ziyarət var və bu məcburi deyil. Bizim ziyarətlərimizdə konfranslar təşkil olunur. Biz həzrəti Babın və Bəhaullahın qəbirlərini ziyarət edirik.

- Azərbaycanda məşhur bəhailərdən kimlər var?

- Musa Nağıyev öz nüfuzu ilə bəhailəri qoruyub. Amma onun xanımı əqidəli bəhailərdən olub. Hüseyn Cavid də məşhur bəhailərdəndir. Rəfail Hüseynov “Vaxtdan uca” kitabında yazır ki, Cavid əfəndi həyat yoldaşı Müşkinaz xanıma bir işarə verəndə “Allahu-əbha” deyirmiş. Bu bəhailərin salamlaşma formasıdır. Mənası “Allah nurluların, nurlusu” deməkdir. Cavid əfəndinin oğlu Ərtoğrul Fərəc adlı bəhai ilə dostluq edib. Bütün dostları onu atsa da, Fərəc ona sadiq olub. Məlumata görə Hüseyn Cavid Almaniyada olarkən bəhai dinini qəbul edib. Mirzə Ələkbər Sabirin də bəhailərə simpatiyası olub. Qadınlara təhsil hüququnun verilməsi, oxumağa böyük maraq onu cəlb edirdi və Sabir bu məqamları təqdir edirdi.

-Hal-hazırda Bəhailərin Azərbaycandakı vəziyyəti necədir? Dövlətin bəhailərə münasibəti necədir?

- Azərbaycanda vəziyyətimiz çox yaxşıdır. Dövlət bizə böyük hörmət edir. Kitab çapına, sosial tədbirlərimizə şərait yaradır. Beynəlxalq konfrans keçirməyə bizə şərait yaradır və hətta mühafizəçilərlə təmin edir. Dövlət bizim hüquqlarımızı qoruyur. Biz heç bir kənar maliyyəni qəbul etmirik. Əksinə, biz özümüz cəmiyyətə xidmət etmək istəyirik. Cəmiyyətə xidmət etmək bizim borcumuzdur. Biz özümüzü cəmiyyətdən ayırmırıq və cəmiyyətin bir parçasıyıq. Bizim sosial proqramlarımız korrupsiyadan, rüşvətdən uzaq kristal insan yetişdirməyə hesablanıb. Biz dini icma olsaq da təlimlərimiz iqtisadi və sosial təlimlərdir.

Oxşar xəbərlər

Xəbər lenti

“Oyaq gözəl” tamaşası onlayn göstəriləcək
19:17 21 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020
Ən çox qorxu yaradan film müəyyənləşib
15:47 21 Oktyabr 2020
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular – Dilbərin məşəqqətli həyatı
15:05 21 Oktyabr 2020
Fransız səyyahın İrəvan təəssüratları yayımlanacaq
14:02 21 Oktyabr 2020
Qarabağa görə başına yaylıq bağlayan şair
13:23 21 Oktyabr 2020
Özbək şair qarabağlı qızdan poema yazdı
12:41 21 Oktyabr 2020
“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür
12:00 21 Oktyabr 2020
Koronavirusa tutulan yazıçı: “Bu mövzuda on hekayə, bir roman yazmışam”
11:14 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Polşalı aktyor vəfat etdi
10:15 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam - Cavanşir Yusifli yazır...
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020