news-inner
clock12:30 calendar-gray 25 Fevral 2013 view-gray2436 dəfə oxunub
view-gray2436 dəfə oxunub

Allah vergisi də qadını tapmağa kömək eləmədi

Azad Yaşarın tərcüməsində

Bernar Kirini (Belçika yazıçısı)

«Qui habet aures…»

Qeyd: Hekayənin adındakı sözlər latınca qədim duanın başlanğıc qismidir və «Qulağı olan…» mənasına gəlməkdədir.

15 mart 1965-ci il, axşam saat altı idi. Qəfildən Renuvyenin qulağı on dörd ildən bəri çalışdığı bank şöbəsinin direktoru ilə onun müavini arasında gedən söhbəti aldı:

Direktor:

- Bilirsiniz, mənə elə gəlir ki, bu Renuvye axır vaxtlar işdən soyumağa başlayıb.

Müavin:

- Haqlısınız, cənab direktor. Axır vaxtlar onunla ortaq dil tapmağın son dərəcə çətinləşdiyini mən də etiraf etməyə məcburam.

Direktor:

- Elə isə ölçü götürmək lazımdır, yoxsa baxın ha-a-a…

Müavin:

- Mütləq bir şey düşünərik, cənab direktor.

Direktor:

- Onun SCMN layihəsi üzərindəki işi nə yerdədir?

Müavin (şikayətlənərək):

- Təəssüf ki, necə vardısa, elə də qalıb. Bu həftə ona düz üç kərə xəbərdarlıq eləmişəm.

Direktor:

- Belə getməz. O, bütün şöbənin işinə əngəl törədir, canım!

Müavin:

- Mən də eyni sözləri ona dedim, müsyö. Sabahdan axşama qədər ona «Əldən iti və dəqiq ol!» deyib dururam.

Direktor (ötkəm halda):

- Hazır layihə günü sabah masamın üstündə olsun. Eşitdiniz?

Müavin:

- Ancaq, müsyö, sabah siz Bovedəki toplantıya qatılacaqsınız.

Direktor:

- Doğrudan ha! Yaxşı, elə isə birisi gün, səhər tezdən təhvil verin. Belədə onun bir işi elə hey sonraya ertələmək üçün bəhanələri də kəsilər ən azından. Əgər buna rəğmən boş-bekar dolaşarsa, onda özüm onun aşının duzunu verəcəyəm.

Müavin:

- Günü sabah təpəsinə çökərəm onun. Onda bilər adamı necə küncə sıxışdırarlar!

Direktor (köks ötürərək):

- Baxıb, görəcəyik.

Bu söhbət əvvəlcə Renuvyeni yamanca özündən çıxartdı. Sözü gedən layihə üzərində iş həqiqətən uzanmaqdaydı, ancaq bunun təqsiri Renuvyedə yox, direktor müavinindəydi, çünki bir ay öncə imzalanmaq üçün ona verilən sənədləri hələ də geri qaytarmamışdı. Üstəlik, həyasızcasına öz işçisini ayağa verirdi o yaramaz! Bəlkə də bu söhbət Renuvyeni daha çox özündən çıxaracaqdı, amma qəfildən fərqinə vardı ki, bu söhbətə qulaq kəsildiyi vaxt o, öz evində, mətbəxdəki masa arxasında qəzet oxuyur. Həm də söhbətin getdiyi bankla onun arasında düz beş kilometr məsafə var.

Səhəri gün direktor müavininin otağına girən Renuvye nəzakətlə və tam ciddiyyətlə ona xatırlatdı ki, SCMN layihəsi ilə bağlı imzalanası sənədləri hələ də geri almayıb, halbuki onların təslim vaxtı çoxdan ötüb. Üstəlik, onu da sözlərinə əlavə elədi: «Müsyö bu sözlərdən inciməsin, amma öz iş üslubumda mən iki başlıca şərt kimi əldən itiliyə və dəqiqliyə həmişə sadiq qaldığımdan bu cür gecikməni özümə yaraşdırmıram. Bu qədər yubanma heç cənab direktorun da könlüncə olmaz, odur ki, ortaq mənafelərimiz xətrinə hazır layihəni bacardıqca tez ona təqdim etməliyik».

Eşitdiklərindən sarsılan müavin razılıq əlaməti olaraq sadəcə başını tərpətdi və nahar fasiləsinə qədər sənədləri gətirdəcəyini vəd elədi. Özündən razı qalan Renuvye yerinə dönüb, işə girişdi. Müavin vədinə əməl etdiyi üçün günortaya doğru layihə sənədlərini o, tam həcmdə direktorun katibəsinə təhvil verə bildi. Hətta sənədlərə əl xəttiylə yazdığı və müdirə dərin rəğbət hissləriylə dolu bir məktub da əlavə elədi.

Saat birə doğru, bankın iki addımlığındakı restoranda adəti üzrə nahar edən Renuvye ikinci dəfə canlı bağlantıya qoşuldu. Bu səfərki söhbət anasıyla onun rəfiqəsi arasında gedirdi.

Anası:

- Yox ey, sən bunu təsəvvürünə gətirirsən? Neçə həftədir ki, o, mənə zəng vurmur!

Rəfiqəsi:

- Onun yolunda sənin nələri qurban verdiyini düşünəndə, vallah, az qalıram hönkürüm.

Anası:

- Neyləmək olar? Övladlar hamısı belədir də.

Rəfiqəsi:

- Yox, yox, hamısı belə deyil. Elə qonşumun oğlunu götür: hər şənbə tort və çiçək dəstəsiylə mütləq anasına baş çəkir. Birgə nahar edib, gəzməyə çıxırlar və yalnız axşamüstü oğlu qayıdıb gedir. O da var ki, hələlik oğlan özünə adaxlı tapmayıb.

Anası:

- Mən onsuz da Eduarddan çox şey tələb eləmirəm. Yetər ki, arabir zəng vurmaqla, öz ağbirçək anasını sevindirsin.

Heyrətlənən Renuvye ətrafına göz gəzdirdi: aydın məsələdir ki, anası yaxınlıqda deyildi. Sonra əlini masanın altında gəzdirdi: nə bilmək olar, bəlkə kimsə onunla məzələnmək üçün orada xüsusi cihaz-filan quraşdırıb. Ancaq orada heç nə yox idi. İştahası qeybə çəkildi. Boşqabını irəli itələyib, hesabı istədi, pulu ödəyib restorandan çıxarkən ağlını itirməyə başlaması barədə qara-qara düşüncələrə daldı.

Bütün bu qəribə yaşantıları unutmaqdan ötrü günün sonuna qədər var gücüylə çalışdı. Saat yeddidə qovluqlarını bağlayıb, evə yollandı. Vanna qəbul edəndən sonra telefonu götürüb, yüzlərcə kilometr uzaqda yaşayan anasına zəng elədi. Qadın yamanca sevindi: «Bala, heç təsəvvürünə də gətirməzsən, elə bu gün mən rəfiqəm Lüsi ilə sənin barəndə danışırdım».

Bənzər hadisələr daha iki dəfə təkrarlanandan sonra Renuvye həkim qəbuluna yazıldı. Bu bağlantılardan birində o, bir neçə saniyəliyinə daim onunla məzələnən bir iş yoldaşının dediklərini eşitdi və and içdi ki, günü sabah işdə onu əməlli-başlı dolayacaq.

İkinci halda isə çoxdan görüşmədiyi bir cüt dostu onu axşam yeməyinə çağırıb-çağırmamağı götür-qoy edirdilər. Dostlarının aldığı qərarın olumsuzluğu Renuvyeni hədsiz dərəcədə kədərləndirdi.

Başına gələnlərin qulaq-boğaz-burun, yoxsa psixiatriya ilə bağlı olduğunu bilmədiyindən o, terapevtin qəbuluna yazıldı. Xəstənin şikayətləri həkimə xeyli qəribə göründü:

- Yəni siz hallüsinasiyalardan əziyyət çəkirsiniz, eləmi?

Qayğılı görünən Renuvye dedi:

- Tam mənada bunun hallüsinasiya kimi dəyərləndirilməsi çətindir. Axı, eşitdiyim bütün o söhbətləri mən xəyal gücüm sayəsində uydurmuram axı. Bilirsiniz, mən bunu «qulaqla yaxalamaq» adlandırardım.

- Radioqəbuledici kimi?

- Məhz elə. Məsələ burasındadır ki, mən başqalarının sadəcə özüm barədə söhbətlərini yaxalayıram.

Əllərini çarəsiz halda yana açan həkim Renuvyeni daha məşhur bir məsləkdaşının yanına göndərdi. O, bu nadir xəstəliyə böyük maraq duydu və simptomları öyrənmək üçün bir sıra araşdırmalara girişdi. Bunun özünə və ətrafındakılara hər hansı zərəri toxuna biləcəyini öyrənmək istəyəndə həkim ona: «Yox, öz normal həyatınıza davam edə bilərsiniz» cavabını verdi. Dərindən köks ötürən Renuvye həkimə təşəkkürünü bildirdi.

Avtobusla evə dönərkən o, direktorun öz müavininə yüksək səviyyədə hazırlanan SCMN layihəsini təriflədiyinə qulaq şahidi oldu. Daha sonra isə keçmiş sinif yoldaşlarının təsadüfən və özünün bulunduğu yerdən səkkiz yüz kilometr aralıdakı şəhərdə etdikləri söhbəti, bir araya gəlib, ötən günləri, o cümlədən ortaq dostları Renuvyeni xatırlayarkən barəsində xoş sözlər işlətdiklərini eşidəndə böyük məmnunluq duydu.

Sonrakı həftələrdə Renuvye ona qəflətən bəxş olunan bu istedaddan gen-bol yararlanmağa başladı. Özü barədə danışılanları dinləmək üçün bütün tanış-bilişləri müəyyən mənada təsnifata saldı. Ayrıca bir bloknotun səhifələrini iki sütuna ayırıb, sol tərəfdə özü barədə xoş söz deyənləri, sağda isə bütün qalan kəslərin adlarını yazdı. O arada bir çox təxminləri doğru, bəzi məqamlarla bağlı hökmləri isə yanlış çıxdı. Hətta heç gözləmədiyi sürprizlərlə də qarşılaşdı. Sağ sütun sola nisbətən daha tez dolmaqdaydı və Renuvye acı-acı düşünürdü ki, necəliyindən asılı olmayaraq, bu xəstəlik insan təbiətiylə bağlı xeyli yeni şey öyrədib ona.

Söhbətlərini «havada yaxaladığı» üçün indi o, ətrafındakıların arzularını asanlıqla gerçəkləşdirir, incikliklərin önünə keçə bilirdi. Məsələn, çoxdan bəri ondan məktub almadığı üçün şikayətlənən xalasına sicilləmə bir məktub yazmaqla, uzun müddət susduğuna görə ondan üzr istədi və bundan belə vaxtaşırı ona məktub yazacağını vəd elədi.

Tez-tez qonaq getdiyi, amma nadir hallarda qonaq çağırdığına dair dedi-qodu edən dostlarını bir araya yığıb, onlara möhtəşəm bir qonaqlıq verdi və bununla özünü simic sayanları xəcil vəziyyətdə qoydu. İstəmədən xətrinə dəydiyi insanlara bir dəstə çiçək və təbrik kartı göndərir, bu hərəkəti özünə heç cür bağışlamadığını orada vurğulayır və dönə-dönə üzr diləyirdi. Fikirləri, hissləri oxuma qabiliyyətinə heyran qalan hər kəs onu incə psixoloq və misilsiz centlmen sayırdı.

Bir tanışının onu zəhlətökən hərif saydığını təsadüfən öyrənən Renuvye həmin adama qəfildən belə demişdi: «Məni zəhlətökən birisi saydığından xəbərdaram, amma səbəbini bilmirəm. Bundan çox üzüldüm və bu barədə yanıldığını sənə isbatlamaq üçün hər şeyə hazıram». Xəcalət təri tökən həmin adam öz məhrəm fikirlərinin bu adam tərəfindən necə «yaxalandığını» bilmədiyindən son dərəcə çaşqın bir vəziyyətə düşmüşdü.

Ziyafət zamanı hansısa qadın ondan xoşlandığını rəfiqəsinə etiraf edəndə Renuvye hər vəchlə o xanımın adını və telefonunu öyrənər, heç cür unuda bilmədiyini etiraf etməklə, onu görüşə çağırardı.

İş yoldaşlarından biri öz xanımıyla Renuvyedən söz edərkən demişdi ki, o - canlara dəyən yoldaşdır, ancaq heyf ki, zövqsüzdür, filan operanı dinləməyib, filan romanı oxumayıb, filan filosofdan yerli-dibli bixəbərdir. Sonrakı həftə həmin adamı şam yeməyinə dəvət edən Renuvye armudla pendir gəvələyərkən sözarası dedi ki, filan yazıçının filan əsərini hələ on altı yaşında ikən oxuyub. O vaxt formalaşan ilk təəssüratı bu yaxınlarda onun «Seçilmiş əsərləri»ni oxuyub bitirəndən sonra yerlə-yeksan olub və özünün dərindən yanıldığını anlayıb. Həm də ilk dəfə onun əsərini oxuyarkən həmin filosofun dünyagörüşü barədə iki cildlik tənqidi esse yazıbmış. Bu açıqlamadan heyrətə gələn iş yoldaşı, aydın məsələdir ki, az sonra onunla bağlı yanlış qənaətdə olduğunu arvadına etiraf elədi. Öz ünvanına söylənən «dərin ağıllı» və «yüksək savada malik» təriflərini eşidən Renuvyenin ürəyi dağ boyda oldu.

Bəzən o, öz imkanlarının məhdudluğundan şikayətlənmək də keçirdi könlündən. İnsanların fikirlərini söz axınına dönənə qədər anlamaq, sezmək, bir mənada fikirləri səsə çevrilməzdən öncə tutmaq adama necə də sonsuz arxayınlıq və rahatlıq hissi, vaxta qənaət imkanı bəxş edərdi, çünki adətən insanlar düşündüklərini birə-bir dillərinə gətirmirlər və ya dedikləriylə fikirləri tam üst-üstə düşmür. Ona görə də fikirləri qulaqla yaxalamaq çox da kamil bir qabiliyyət sayılmazdı.

Bu baxımdan Renuvye öz müasiri olan insanların qəlbinin sadəcə üst təbəqəsini araşdıra bilirdi, daha dərinliklərə enmək imkanından isə tamamilə məhrum idi. O, qulağına gələn səslərdəki yalanla doğrunu ayırd edə bilməyəcəyindən də ehtiyatlanırdı. Söhbətin hansı ortamda getdiyini bilmirsənsə, onda səslənən fikirlərdən hansını ciddi, hansını zarafat kimi qəbul edəcəyini necə biləsən axı?! Bədxahlarından sayılan bir yoldaşı öz həmsöhbətinə yalaqlanmaq üçün onun dedikləriylə birə-bir razılaşırsa, bunu necə sezəydi? Onun dondan-dona girdiyini haradan anlayaydı?

Bu kimi suallar Renuvyeni o dərəcədə çaşqınlığa salırdı ki, zavallı bəzən öz istedadını lənətləməyə məcbur olurdu. Ancaq sonra, bir qədər düşünüb-daşınanda və məsələyə köklü şəkildə yanaşanda etiraf edirdi ki, təsadüfən qazandığı misilsiz istedadla müqayisədə bütün bu təfərrüatlar xırda-xuruş şeylərdir və bu vergiyə qarşı əsla naşükürlük eləmək olmaz. Yoxsa bu, ona bənzəyər ki, dünyadakı xəzinələrin yarısını ələ keçirmisən, amma gözün hələ doymadığından qalanlarına da yerikləyirsən.

Bu istedadıyla bağlı ilk vaxtlar bəzi narahatlıqları olsa da, Renuvye onlara çox tez alışdı. Əvvəl-əvvəl qonşu otaqdan gəlirmiş kimi aşkar eşidilən danışıqlar gecənin bir aləmi onun qulaqlarına dolurdu. Halbuki həmin söhbət onun yataq otağından kilometrlərcə uzaqlarda aparılırdı. Bu səslərin hallüsinasiya yox, öz qulaq pərdələrini maneəsiz titrədən, canlı səslər olduğunu ayırd edəndən sonra o, belə arzuolunmaz halları önləmək məqsədiylə aldığı mum tıxacları yatmamışdan öncə qulaqlarına taxmağa başladı. Bu sayədə Renuvye əvvəlki kimi, rahat yata bilirdi.

Bəzi hallarda onunla bağlı iki ayrı yerdə, paralel söhbət gedirdi. Belədə söhbətlərdəki cümlələr üst-üstə düşdüyündən heç nə anlaşılmırdı və o, dünyanın naqis qurulmasından şikayətlənməli olurdu, çünki insanlar onun ardınca bir ağızdan danışmamaq üçün ən azından öz aralarında anlaşa da bilərdilər. Digər tərəfdən isə o, çoxları üçün söhbət mövzusuna çevrildiyinə görə özündən xeyli məmnun qalırdı. Bir də özünə onunla təsəlli verirdi ki, nə yaxşı, adlı-sanlı birisi deyil, yoxsa barəsində danışılan bütün dedi-qodular onun həyatını əsl cəhənnəmə döndərərdi.

Üzərində müşahidələr aparan tibb aliminin ona verdiyi məsləhətlərin isə hamısı nəticəsiz qaldı.

Bu Tanrı vergisinin ona bəxş olunduğu gündən düz bir il ötdü. Bir gün onun qulağına heç tanımadığı cavan bir qız səsi dəydi. O, öz rəfiqəsiylə aşağıdakı məzmunda söhbət edirdi:

Qız:

- Hər dəfə onunla rastlaşanda ürəyim ayağımın altına düşür, bütün ixtiyarım əldən gedir, heç baxışlarımı da yerdən qaldıra bilmirəm.

Rəfiqəsi (məzələnərək):

- Bax ha, birdən aşiq-zad olarsan!

Qız (hönkürür):

- İndiyəcən heç belə ruhi sarsıntı yaşamamışdım. Deyəsən, mən ona vurulmuşam.

Rəfiqəsi:

- Hə-ə, elə görünür!

Qız:

- Əsl bəla da ondadır ki, öz qəlbimi ona açmağa heç vaxt cəsarətim yetməz. İndi mən neyləyim, desənə?

Rəfiqəsi (ürək-dirək verərək):

- Əgər onun yanında da yanaqların eynilə beləcə alışıb-yanırsa, onda o özü bunun səbəbini gec-tez anlayacaq.

Yaxşı ki bu yerdə söhbətin «canlı yayımı» kəsildi, yoxsa Renuvyenin qəlbi sinəsində yaralı quş kimi çırpınırdı və bu təlaşa çox da davam gətirməzdi. Düzdür, həmin söhbətdə onun adı çəkilməmişdi, ancaq o, indiyədək sadəcə özüylə bağlı söhbətlərin qulağına gəlib çatdığından tam əmin idi və başqa cür ola da bilməzdi. Deməli, cavan qız da məhz ona aşiq olubmuş. Kimdir o, görəsən? Bütün qəlbi təlatümə gələn Renuvye günün qalan saatları boyu bütün tanış qadınları gözünün qabağına gətirdi ki, bəlkə onların arasından öz gizli pərəstişkarını tapa. Ancaq bundan heç nə çıxmadı.

Səhərisi gün şam yeməyi əsnasında həmin cavan qızın səsi qulağına dəydi. O deyirdi: «Yox, bu gün onu görmədim. Ancaq fikri-xəyalı heç başımdan çıxmır, iştahadan da kəsilmişəm. Hətta bu gün fikrimin dağınıqlığını mənə irad da tutdular». Bunu eşidib lap çaşan Renuvye çəngəli əlindən saldı: tanımadığı birisi tərəfindən sevilməsi ona qanadlar bəxş etmişdi - halbuki adətən sevənlər özləri göylərdə uçurlar. Yaxşı, kim idi axı, bu qız? Onun səs tembri Renuvyenin beynində dərin iz buraxdığından o, kimliyindən xəbərsiz olduğu həmin qızın söylədiyi hər sözü az qala əzbərləmişdi.

İki saat öncə, yatağında uzanıb, qiraət etdiyi vaxt Renuvye öz sevgilisinin yuxudan öncəki müraciətini eşitdi: «Gecən xeyrə qalsın, sevgilim. Necə vurulduğumu sənə açıqlamaq üçün yəqin ki, tezliklə özümdə cürət tapacağam. Əgər sən məhrəm duyğularımı sözsüz anlasaydın, işim necə də asanlaşardı!»

Həyəcana qapılan Renuvye əlindəki kitabı örtdü, qalxıb əlüzyuyana tərəf getdi ki, üzünə soyuq su vursun, bu yolla ürəyinin çırpıntısını xəfiflətsin.

İndi o, nəyin bahasına olursa-olsun, özünə bu qədər incə hisslər bəsləyən naməlum qadını tapmalı, onun kimliyini öyrənməliydi. O xanımın öz könlünə yatıb-yatmayacağı fikrini isə indilik heç ağlına da gətirməmişdi, çünki bəri başdan o saf səs sahibinin mələksimalı bir qız olacağı qənaətindəydi. Adətən yuxusunun ərşə çəkildiyi gecələrdə onun xəyalında məhz belə qızlar canlanardı.

Sonrakı günlərdə Renuvye qarşısına çıxan bütün qadınlara xüsusi diqqət və sayıqlıqla göz qoydu ki, bəlkə onlardan hansındasa utancaq baxışlar və ya qızaran yanaqlar görə.

Aşiqi olan xanımla harada və nə vaxt tanış olduqlarını xatırlamadığından daim, hər addımda diqqətli davranmağa çalışırdı. Məsələn, avtobusda gedərkən qadın sərnişinləri birbəbir və zənlə süzürdü. Hətta bir ara biletçi qadından da şübhələndi. Səsini eşitmək məqsədiylə avtobusun hərəkət cədvəli barədə ondan nə isə soruşdu.

İş yerində hər bir otağa ayrı-ayrılıqda girib, oradakı heyranını təyin eləmək üçün cürbəcür bəhanələr uydurdu. Restoranlarda ofisiant qadınlara, mağazalarda satıcı xanımlara qulaq versə də, rastına çıxan hər bir qadınla ötəri üç-beş kəlmə kəsməyə çalışsa da, axtarışları bəhrə vermirdi ki vermirdi.

Az qalırdı özünü assın. İşə bax da! Hansısa qadın ona dəli kimi aşiqdir, ancaq o, bu xanımı heç cür tapa bilmir. Hər dəfə bu mövzuda söhbət eşidəndə onun dalağı sancırdı: ancaq hər dəfə qadının axtardığı xanım olmadığını anlayan kimi həmin söhbətə duyduğu maraq yerli-dibli sönürdü, ardını heç dinləmirdi. «Canlı yayımdakı» qız isə öz məhrəm duyğularını vaxtaşırı rəfiqəsiylə paylaşırdı:

Qız:

- Onun həsrətindən lap dəliyə dönmüşəm. Onsuz yaşaya bilmirəm.

Rəfiqəsi:

- O necə, hələ heç nə anlamayıb?

Qız (qüssəylə):

- Məncə, yox. Bu gün yenə rastlaşdıq, ancaq o, mənə heç nəzər də salmadı. Sanki mən şəffaf bir varlığam.

Bu sözlər Renuvyeni lap özündən çıxartdı və o, ötən günlə bağlı yaddaşında qalan görüntüləri ələk-vələk elədi. O qızla harada rastlaşa biləcəyini anlamağa çalışdı. Gözgörəsi bir xoşbəxtliyin yanından belə, biganə ötdüyü üçün özünü danladı.

Qulaqlarına hər gün uzaqlardan gələn o səsin sahibiylə, sevgilisiylə qovuşmasına hansısa gözəgörünməz qüvvələrin mane olması fikrini ağlına gətirən Renuvye az qalırdı havalana. Düşünürdü ki, əgər o, hələ üzünü görmədiyi sevgilisinin səsini eşidirsə, onda bir az cəhd eləsə, bəlkə qız da onun səsini duyar. Yataq otağında dan yeri ağarana qədər yalqız keçirdiyi saatlarda o da həmin qızı sevdiyini etiraf edir, əbədi səadət vəd etməklə günü sabah onu görüşə çağırırdı. Ancaq ondan cavab ala bilməyəndə düşünürdü ki: «Yəqin o, indi yatıb, buna görə də səsimi eşitmir». Səhərisi gün hər şey birə-bir təkrarlanırdı.

Bir dəfə ona elə gəldi ki, ən nəhayət, həmin qızı tapıb: bankda işləyən və özündən haradasa iyirmi yaş cavan olan kassir qız onu nə isə belə qəribə baxışlarla süzmüşdü. Həmin an o, sevincək qızın ayaqlarına düşüb, onun dizlərini qucmağa cəhd göstərdi. Qız necə qıya çəkdisə, o mərtəbədəki hər kəs bu səsə qaçıb gəldi. Hamının gözü önündə qızdan üzr istəməkdən başqa Renuvyenin çarəsi qalmadı. Xəcalət hissinə qapılaraq, o, bu hərəkətini ağlının başından çıxmasıyla izah elədi və hədsiz yorulduğunu bəhanə gətirərək, iki həftəlik məzuniyyət götürdü. Elə həmin axşam təkrar qızın şikayətlərini eşitdi: «O, məni heç eyninə də almır, elə bil onun dünyasında yerli-dibli yoxam. Bundan necə əzab çəkdiyimi isə ağlına da gətirmir!»

Renuvyeni ən çox qorxudan şey qızın bütün bu biganəliklərdən cana yığılaraq, onu tamamilə unutması idi. Hər axşam oturub, qızın ona şirin yuxular arzulayan səsini intizarla gözləyərdi. Əgər bircə gün həmin səsi duymasaydı, bu – qızın ona bəslədiyi sevginin söndüyünün nişanəsi sayılacaqdı. Xoşbəxtlikdən hər şey bu gözlənilənin tam əksinə olurdu: qızın sevgi etirafları gündən-günə lap çılğınlaşırdı. Onun özünə daha çox bağlandığını, vurulduğunu Renuvye aşkar sezirdi. Xəyali sevgilisinin əzablar içində qovrulması bir tərəfdən ona rahatlıq vermirdi, digər tərəfdən isə o, qızın hisslərinin dəyişməzliyindən bir daha əmin olurdu. Deməli, hələ hər şey itirilməmişdi.

Yavaş-yavaş o, bu durumla hesablaşmağa, ona alışmağa başladığından daha qızı çox da itirib-axtarmırdı. Çünki sevildiyini bilmək onun üçün yetərliydi. Üstəlik, o, son vaxtlar düşünürdü ki, belə məsafəli, yəni fiziki təmaslardan uzaq eşq macərası daha məqsədəuyğundur. Qızın boş fəzaya pıçıldadığı, amma Renuvyeyə ünvanladığı sevgi dolu etiraflar sübut edirdi ki, o, bu qızın həyatında necə önəmli bir yerə malikdir, halbuki Renuvyenin qıza hər hansı qayğı göstərmək kimi borcu-filanı yox idi. Hətta qızın iştahadan kəsildiyini, gecələr yuxusuz qaldığını öyrənəndə Renuvye qürrələnmişdi də. Sevgilisi bu ümidsiz eşq yolunda özünə qəsd etmək fikrini rəfiqəsiylə paylaşanda isə Renuvyenin özünə olan hörməti birə-beş artdı.

Aradan altı ay da ötdü. Bir gecə Renuvye atəş açılmasına bənzəyən bir səsə yuxudan oyandı. Ağlına gələn ilk fikir qaz sızmasının yol açdığı partlayış oldu: uçmuş evin qalıqları və alovlara bürünən mənzili gəldi gözləri önünə. Ancaq çarpayısının baş tərəfindəki lampanı yandıranda ciddi heç nə baş vermədiyini anladı. Hətta o ara mənzildə və küçədə hökm sürən sakitlik ona xeyli qəribə gəldi.

Səhər öyrəndi ki, qulağına dəyən atəş səsi qızın öz gicgahına sıxdığı güllənin səsiymiş və çox yəqin ki, artıq qız keçinmişdi.

Taleyin uğursuz gərdişinə bax ki, həmin atəş səsindən Renuvyenin də qulaqları tutulmuşdu: üzünü bir kərə də görmədiyi qız o biri dünyaya yollanarkən sevdiyi adamın qeyri-adi istedadını da özüylə alıb aparmışdı və bundan belə Renuvyenin qulaqları heç vaxt, heç nə eşitməyəcəkdi.

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020