news-inner
clock15:00 calendar-gray 22 Fevral 2013 view-gray3152 dəfə oxunub
view-gray3152 dəfə oxunub

Zöhrab Əmirxanlı: “Sevgilim dedi ki, sən tərbiyəsiz adamsan”

Kulis.Az-ın “Köhnə tüfəng” layihəsinin qonağı jurnalist Zöhrab Əmirxanlıdır.

- Zöhrab bəy, nə vaxt qərar verdiniz jurnalist olmağa? Yəni jurnalistika fakültəsini seçməyiniz, qəzetçiliyə başlamağınız necə baş verdi?

- Orta məktəbin altıncı sinfində oxuyanda fransız dilini çox yaxşı oxuyurdum. Paralel olaraq rus dili də keçirdilər, amma fransız dilinə xüsusi həvəsim vardı. Bəlkə də fransız dili müəllimimə olan ehtiramdan, sayğıdan irəli gələn bir şey idi. Elə altıncı sinifdə oxuyanda fransız dilindən 5-6 lətifə tərcümə etdim. O vaxt bizim rayonda, yəni Şamaxıda “Yeni Şirvan” adlı qəzet çıxırdı və mən tərcümə etdiyim lətifələri redaksiyaya apardım. Altıncı sinif şagirdinin redaksiyaya müraciət etməsindən çox xoşhal oldular. Mənim mətbuatda çap olunan ilk yazım fransız dilindən etdiyim tərcümələr oldu. İlk çap olunan yazım o tərcümələrdirsə, deməli mətbuata gəlişim də belə baş verib.

-Universitet illərini necə xatırlayırsınız? Zöhrab Əmirxanlı necə tələbə idi?

- Məktəb səkkizillik idi və mən çox yaxşı oxumuşam. Attestatda bir dənə də olsun “dörd”üm yox idi. “Dörd” alanda utandığımdan evə gedə bilmirdim. Səkkizinci sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirmişəm.

Burda vacib bir məqamı qeyd edim. Təxminən 13 yaşım vardı. Gecə vaxtı evə qayıdarkən bir çoban iti üstümə cumdu və mən bərk qorxdum. Səhəri başladım çoxlu su içməyə. Sutkada 20 litr su mənə kifayət eləmirdi. 40 illik şəkərli diabet xəstəliyim belə başladı.

8 illik məktəbi bitirəndən sonra sinif yoldaşlarım oxumaq üçün Bakıya, Sumqayıta üz tutdular. Bakı, Sumqayıt çox əlçatmaz görünürdü mənə. Atam Azərbaycan psixologiyasına uyğun düşünürdü: “Getmə gözümdən, gedərəm özümdən”.

Səhhətimə görə atam məni Bakıya təhsil almağa buraxmadı və mənə Şamaxıdakı Pedaqoji texnikumda oxumağı tövsiyə etdi. Atamdan çox çəkinirdim və onun dediyi qanun idi. Dörd il pedaqoji texnikumda can çürütdüm. Diplomu alanda 17-18 yaşım vardı və məni ibtidai sinif müəllimi kimi dərs deməli idim. Uzun müddət iş tapılmadı. Şamaxının maarif şöbəsinin müdiri uzun çək-çevirdən sonra məni Xilmilli kəndinə müəllim göndərdi. Bu kənd malakan kəndi idi və çoban ailələr üçün ibtidai məktəb açılmışdı. 15-16 şagirdim vardı. Çox qəddar müəllim idim.

Şagirdlərimin 10-u əlaçı idi və mən yerdə qalan şagirdlərin də əlaçı olmağını istəyirdim. Dərsdən sonra da onları saxlayırdım ki, ev tapşırıqlarını həll etsinlər. Sözün qısası özümə qəsd edirdim. Kənddə yağış yağanda rezin çəkməsiz gəzmək mümkün deyildi. Orda işləyə-işləyə iki dəfə universitetə imtahan verdim və məlum oldu ki, universitetə lazım deyiləm. Mənim əsas problemim səhhətimlə bağlı hərbi xidmətə gedə bilməməyim idi. İş stajım da qane edici deyildi. Üç il işlədikdən sonra hiss elədim ki, məktəbdə işləmək mənlik deyil və ordan çıxıb peşə məktəbində qarovulçu işləməyə başladım. Yenidən universitetə sənəd verdim. Artıq kifayət qədər yaşım vardı. Mirşahin Ağayev bizimlə oxuyub, 1963-cü il təvəllüdlü , Afaq Əfəndiyeva 1964-cü il idi. Mən isə 1958-ci ildə doğulmuşam. Məni narahat edən yeganə səbəb bu idi.

Üçüncü il, üçüncü imtahanı verəndən sonra cəmi bir imtahanımız qalmışdı. Xarici dil imtahanı üçüncü imtahan idi və kəsilənlərin sayı çox idi. Həmin il 64 nəfər sənəd vermişdi. İki yaradıcı müsabiqədən keçmək çətin idi və bu müsabiqədən çoxlu kəsilən olmuşdu. Şifahi müsahibə də çox çətin idi. Dördüncü imtahanda məlum oldu ki, 20 nəfər qəbul olunmalıdır, amma dördüncü imtahana cəmi 18 nəfər qalıb. Tarix imtahanında müəllim içəri daxil olan kimi əlini qaldırdı yuxarı və dedi ki, ay bəxtəvərlər, hamınız qəbul olunmusunuz. Narahat olmayın, “3” də versəm keçəcəksiniz.”

18 nəfər qəbul olunduq, Mirşahin və Afaq Əfəndiyeva bizə filologiyadan gəldilər. Üçüncü imtahandan sonra nəticələri öyrənmək üçün Sima xanım vardı, onun yanına getdim. Qəbul imtahanında bir neçə dəfə iştirak etdiyim üçün məni tanıyırdı. İçəri daxil olan kimi dedi ki, Zöhrab, gözün aydın hamınız qəbul olunmusunuz, amma hələlik heç kəsə demə.

Onun yanından çıxanda gördüm ki, beş ildən sonra həyat yoldaşım olacaq xanım-Mehriban gəlir. Qarşısını kəsdim və soruşdum ki, hara gedirsən, məlumat almağa? Geri qayıt, hamımız qəbul olunmuşuq. Bircə kəlmə ilə heyrətini bildirdi, de papa canı? Dedim ki, papamın, papanın canı üçün ikimizdə qəbul olunmuşuq. Amma bil ki, sən mənim çox xoşuma gəlirsən. İmtahanlar dövründə görmüşəm, sənə vurulmuşam.

Dərs başlayan kimi biz bir partada oturacağıq və mən səni sona qədər sevəcəyəm və biz beşinci kursda evlənəcəyik. Təəccüblə mənə baxdı və bircə kəlmə söz dedi: “Sən tərbiyəsiz adamsan”.

Birinci dərsdə gördüm ki, birinci partada bir oğlanla yanaşı oturub. Yaxınlaşıb soruşdum: “Adın nədi adə?” Sakit-sakit cavab verdi ki, Mirşahin. Dedim mən sənə Şahin deyəcəm, olarmı? Dedi ki, olar. Dedim Şahin, sən tənəffüsdə mənim yerimə keçərsən və mən burda oturacam. Mirşahin etiraz eləmədi və tənəffüsdə biz yerimizi dəyişdik. Əvvəlcə Mehriban xanım qəbul eləmədi, amma razılaşdı.

- Təhsil illəri necə keçdi?

- Bizdən əvvəl 3-cü kursdan sonra Rusiyaya oxumağa göndərirdilər. Elçin Hüseynbəyli, Xəqani Tağıyev, Əflatun Amaşov artıq oxuyub gəlmişdilər. Hər kursdan 2 nəfər aparırdılar. Bizim bəxtimizdən həmin il cəmi bir yer vardı və o yeri mənə ayırmışdılar. Amma biz Mehribanla birlikdə getməyi planlaşdırırdıq. Rayona gedib vəziyyəti atama danışdım. Atam icazə vermədi. Dedi ki, nişanlını şəhərdə qoyub hara gedirsən? Beşinci kursda ailə qurduq və 3 övladımız oldu. İndi övladlar artıq böyüyüb və o yoxdur (susur).

- Tələbəlik illərində yazırdınızmı?

- Nəsir İmanquliyev müəllimimiz idi və bizə çox köməyi dəyib. Onun haqqında müxtəlif fikirlər olub, amma o çox müsbət adam idi. Dərslərin birində məni ayağa qaldırıb nə üçün “Bakı-Baku” qəzetinə yazmadığımı soruşdu. Mən də o qəzeti bəyənmədiyimi dedim. Həmin qəzetin baş redaktoru Nəsir müəllim idi. Jurnalistikada hər zaman demokratiya yüksək formada olub. Nəsir müəllimin cəsarətimdən xoşu gəldi və məni qəzetə dəvət elədi. Səhər qəbula getdim. Qəbulda 25-30 adam vardı. Amma içəri daxil olan kimi, katibə məni qarşıladı və Nəsir müəllimin yanına keçirdi. Əvvəlcədən tapşırmışdı ki, məni gözlətməsinlər. Nəsir müəllim daxili telefonla zəng edib Şəhər təsərrüfatı şöbəsinin müdiri Şakir Abdullayevi çağırdı. Məni Şakir müəllimə tapşırdı. Nəsir müəllimin otağından çıxıb getdik Şakir müəllimin otağına. İlk tapşırığım 5 nömrəli xəstəxanadan reportaj hazırlamaq idi. Səhər tələbə yoldaşlarım zəng elədilər ki, “Bakı-Baku” qəzetində yazın çap olunub. O vaxt imzam Alməmmədov idi, sonradan atamın adını imza kimi götürdüm-Əmirxanlı.

Reportajın dərc edilməyindən sonra bir şikayət ərizəsi gəldi, gedib onu araşdırdım. O da çap olundu. Beləcə davam eləməyə başladım. Həftədə 5-6 yazım çap olunurdu. Mənim jurnalistikaya vurğunluğum ilahi bir vurğunluq idi. Bu ölkədə heç kəs deyə bilməz ki, Zöhrab Əmirxanlının cibinə pul qoyub. Mən əxlaqlı, tərbiyəli və təmiz işləmişəm. Amma almaq şansım olub. Zavodlara gedəndə, direktor əlində paketlə arxamca gəlirdi ki, al bunu cibinə qoy. O anda elə bilirdim ki, məni təhqir edirlər. Çox kobud şəkildə onların əlindən vura bilirdim.

- “Bakı-Baku”dan sonra hansı qəzetlərdə çalışdınız?

- “Bakı-Baku”dan sonra “Respublika” qəzetində çalışdım, orda şöbə müdiri idim. Ordan sonra Məzahir Süleymanzadənin baş redaktoru olduğu “Səhər” qəzetinə gəldim. Orda 4 ay hövsələm çatdı işləməyə. Surxay Hüseyinli, Hidayət Elvüsal, Elşad Qoca və mən yazdıqlarımızın qonorarını ala bilmirdik. Qəzetin gəlirini bilirdik, amma bizə siqaret pulu, “semiçka” pulu verirdilər. Biz qəzetdən getdik və qəzet çökdü. Sonradan Məzahir Süleymanzadə bir tanışımın yanında demişdi ki, Zöhrab getməsə onu tutacaqdılar. Guya mən rüşvət almışdım və Məzahir Süleymanzadə məni xilas edib. Halbuki, öz halal qonorarımı ala bilmirdim.

- Qısa bir müddət ərzində “Millət” qəzetində də çalışmısınız. Ordan nə üçün ayrıldınız?

- Azərbaycan siyasətçilərinin qəzetçiliyə baxışı hər zaman məni özümdən çıxarıb. Mən peşəkar jurnalist kimi, bildiklərimi “Millət” qəzetində tətbiq etmək istəyirdim. Amma məlum oldu ki, AMİP-in bir kənd təşkilatı- Quşçu kənd təşkilatı istədiyini edə bilər, amma ondan yazmaq olmaz. Bir dəfə Şamaxıya getdim və məlum oldu ki, AMİP-çilər burda özbaşınalıq edir. Ordan gəldikdən sonra üç “qranka” yazı yazdım. Sonra Quşçu AMİP-çiləri Etibar Məmmədovun qərargahı qarşısına gəlib yazıya etiraz etdi. Etibar Məmmədov məni çağırdı. Xəbər göndərdim ki, mənim iş vaxtım saat 6-da qurtarır, 6-dan sonra gələcəyəm. Etibar Məmmədov yazının getməyinə icazə vermirdi. Gecə ilə mətbəəyə gedib yazını yığdırdım və səhifəyə qoydum. Səhər heç kəsin gözləmədiyi halda yazı çıxdı. Mən yazını qanımla yazıram. Eyni zamanda da inqilabçı adamam. Etibar Məmmədovla görüşdük və bəri başdan bildirdim ki, bu qəzetdən gedirəm. Xeyli vədlər olsa da qalmadım. Ordan çıxdıqdan sonra 2 həftə “7 gün” qəzetində çalışdım. İsa Qəmbərlə və MTN-nin rəhbəri Vaqif Hüseynovla müsahibə elədim.

- “7 gün” qəzetindən sonra “Hürriyyət” qəzetinə redaktor getdiniz...

- Həmin ərəfədə Qurban Məmmədov və Sərdar Cəlaloğlu qardaşları Naxçıvandan gəldilər və yeni yaratdıqları qəzetdə məni redaktor görmək istədiklərini dedilər. Qənimət Zahidlə məsləhətləşdikdən sonra “Hürriyyət” qəzetinin redaktorluğunu qəbul etdim və başladıq işləməyə. Qeyd etdiyim kimi, Azərbaycan siyasətçilərinin qəzetçiliyə baxışı heç vaxt məni qane etməyib. Bir il ailəmdən xəbərim olmadı. Evdə yeməyə, içməyə nə var, nə çatışmır, uşaqlar necədir, heç nədən xəbərim olmurdu. “Hürriyət”ə komanda ilə gəlib çalışanların hamısının başına oxşar hadisələr gəlib. 6 aydan sonra hamı portfelini qoltuğuna vurub, ordan uzaqlaşıb. Məlum olub ki, Sərdar Cəlaloğlu bizim tanıdığımız qədər demokrat adam deyil. O isə qəzetdən ayrılmaları “sürü psixologiyası” adlandırır. Maraqlanmır ki, nə baş verir.

Senzuranın kəsakəs vaxtı idi. Deyəsən 1993-cü ilin prezident seçkiləri vaxtı idi. Əbülfəz Elçibəy Kələkidən bir bəyanat göndərmişdi. Həmin bəyanatı “Azadlıq”, “Yeni Müsavat” cəhd eləsə də verə bilmədi. Bəyanatın bir nüsxəsini əldə elədim. Qardaşımı çağırdım və göndərdim mətbəəyə. Başa saldım ki, yazılardan birini çıxarsın və bəyanatı səhifəyə yerləşdirsin.

Səhər qəzet çıxdı və aləm bir-birinə qarışdı. Cahangir Müslümzadə qəzeti oxuyub və qərar verib ki, bu qəzet bağlanmalıdır. Bir neçə dəfə zəng edib xahiş eləsəm də, Cahangir dedi ki, sizin qəzet çıxmayacaq. Sərdar Cəlaloğlu və Qurban Məmmədov isə nəinki kömək etmirdilər, hətta məni əsəbiləşdirirdilər ki, redaktorsan, qəzeti buraxa bilmirsən.

Sonuncu dəfə zəng edəndə Cahangir müəllimi necə lazımdı, təhqir elədim. Heç vaxt o qədər söyüş söyməmişdim. Amma iki gün sonra məcbur olub getdim qəbuluna. Məni tanıyan kimi özündən çıxdı. Məcburən üzrxahlıq elədim, xahiş elədim və onu razı saldım. Bir həftə sonra qəzet çıxdı. Amma Sərdar Cəlaloğlunun, Qurban Məmmədovun arxamdan qaçdığını hiss elədim. Bir il “Hürriyyət”də işlədim. Sonra isə “Ülfət” qəzetində çalışmağa başladım.

- “Azadlıq”a gedişiniz necə oldu?

- Gündüz Tahirli və Qənimət Zahid məni “Azadlıq” qəzetinə siyasət şöbəsinə dəvət etdilər. Amma siyasət şöbəsi təklifini qəbul etmədim və mənə humanitar şöbəsini tapşırdılar. Şöbənin yalnız adı var idi. Şöbədə bir nəfər çalışırdı-məktublara baxan Afaq Vasifqızı. Yenicə başlamışdıq ki, Zamin Hacı gəldi. Söhbət 1994-cü ildən gedir. Bir-iki yazıdan sonra gördüm ki, Zamin yerindədir və əməkdaşlığa başladıq. Sonra Qulu Ağsəs Mahir Mehdini tapdı gətirdi. Çox sonralar öyrəndim ki, Mahir Mehdinin ali təhsili də yoxdur. Qardaşı Gənc Tamaşaçılar Teatrında aktyor idi və birlikdə qalırdılar. Mahir bir yazı gətirdi və mən onun yazısının nöqtəsini dəyişə bilmədim. İlahi bir yazı idi. Gündüz Tahirlidən Mahirin ali təhsili olmamağını sonacan gizlətdim. Sonra Pərviz Cəbrayılı zorla bizim şöbəyə gətirdim. Pərviz çox dəliqanlı və davakar idi. Pərvizlə mübahisələrimiz də olurdu. Yazıların sərlövhəsi üstündə dartışırdıq. Sonra Azər Qaraçənli gəldi. Çox dəyərli yazardır. Lalə Cəfərovanı tapıb gətirdim. Ölkədə kinonu, teatrı, mədəniyyəti onun kimi bilən ikinci bir xanım yox idi. Şahnar Bəylərqızının barmaqlarına vura-vura jurnalist elədim. Bizim şöbəmiz qəzet içində bir qəzet idi.

Senzuranın ciddi vaxtında Hikmət Sabiroğlu bilirdi ki, hansı yazı keçməyəcək və onun yerinə humanitar şöbədən gələn yazıları qoyurdu. “Azadlıq” təxminən il yarım humanitar şöbənin çiyinlərində getdi.

1994-cü ildə qəzetə gələn kimi Alim Qasımovla müsahibə elədim. O zamanlar “Azadlıq” yalnız siyasətdən yazan kəskin bir qəzet idi. Alim Qasımovla mübahisədən sonra məlum oldu ki, bu ölkədə Alim Qasımovun müsahibəsini oxuyanlar da var. Siyasətdən doymuş adamlar bizim səhifələri oxuyurdu. Alim Qasımovla müsahibəm belə başlayırdı: “Yenə qumar oynayırsan? Mən bu sualı verməklə Alim Qasımovun qapısından bir top keçirdim. Hesab mənim xeyrimədir 1-0”

Alim Qasımov əsdi, coşdu və özündən çıxdı. Sonra sual verdi ki, heç sən oynamamısan?

Dedim ki, uşaq vaxtı quzu oturanda 15-20 qəpikdən oynamışam. Alim Qasımovda güldü. Dedi ki, mən də uşaq vaxtı Güzdəkdə 15-20 qəpikdən oynamışam.

“Azadlıq” qəzetinə bu üslubu gətirdim. Sırf siyasi qəzetə sənət adamlarını gətirdik. “Çay dəsgahı” adlı çox maraqlı rubrikamız vardı.

- “Azadlıq”dan nə üçün getdiniz?

- Bu gündə mətbuatda eyni problem var. Zəhmətin haqqını vermirlər. Sırf maddi problemlərə görə uzaqlaşdım. “Azadlıq”dan sonra bir il “Müxalifət” qəzetində çalışdım.

- Jurnalistikaya sevginiz nə vaxt öldü? Nə vaxt hiss elədiniz ki, bu peşəni sevmirsiniz?

-2002-ci ildə Moskvaya getdim. Azərbaycanlıların axışıb Rusiyaya getməsi və orda ana dilində qəzetin olmamağı məni narahat edirdi. Aydın Canıyevlə birlikdə, qardaşlarımın hesabına qəzet çıxarmağa başladım. Qəzetin adı “Üçüncü Azərbaycan” idi. Aydın Canıyev peşəkar jurnalistdir. Cəmi 2500 tirajla, həftəlik, bazarlarda satılan bir qəzet buraxırıq. 5 nəfərdən ibarət qəzet satan qrupumuz vardı. Qazancın yarısı onların idi. Qəzetin biri 10 rubl olsa da satılmırdı. Halbuki 10 rubl bir stəkan çayın pulu idi. 1000 tiraj satılanda sevinirdim ki, bu dəfə qardaşımdan mətbəə pulu istəməyəcəyəm. Məmməd Nazimoğlunun bizə böyük köməyi var idi. Ümumiyyətlə Bakı bürosu çox yaxşı çalışırdı. Normal bir qəzet buraxırdım. Altı ay əziyyət çəkəndən sonra başa düşdüm ki, bu papağı günə yandırmaqdır. Geri qayıtdıqdan sonra jurnalistikaya marağım öldü. Ondan sonra müxtəlif yerlərdə vaxt keçirsəm də bu, artıq Zöhrabın jurnalistikası deyildi.

- Keçən il uzun fasilədən sonra yenidən jurnalistikaya qayıtdınız. Amma bu da qısa müddət çəkdi...

- Keçən il 52 yaşım vardı. Düşünürəm ki, 52 yaşlı insanın səhv etmək imkanı tükənib. “Gündəlik Teleqraf” qəzeti açılanda məni ora dəvət etdilər. 13 yaşımdan şəkərli diabetlə mübarizə aparıram. Bu gün də hansı qapıdan istəsəm topumu keçirə bilirəm. “Gündəlik Teleqraf” qəzetində yerimdə olmadığımı hiss elədim. Mən yaşda adam orda mövqeyimi müəyyən edə bilmədim. Nə yazmalıyam, nə yazı verməliyəm müəyyən edə bilmirdim. Kimin yazısını verməliyəm, kimin yazısını ixtisar eləməliyəm, bax, bunu aydınlaşdıra bilmirdim. Mənim üçün çox çətin oldu. Mən dörd ay özümü yedim və yaşadım. Onda başa düşdüm ki, mənim hələ yeyilməli tərəflərim qalıb. Bu gün də müxtəlif təkliflər var. Orada özümü ürəyim istəyən kimi hiss etmirdim. “O boyda maaş alırsan, verdiyin materiala bax” cümləsi məni çox narahat edirdi. İndi mən nə edim ki, zövqlər üst-üstə düşmür. Jurnalistika da, mətbuat da cəhənnəm olsun. Mətbuatın bugünkü günündən qətiyyən razı deyiləm. Bəzən dost arasındakı söhbətlər gündəmə gəlir. Qəzetlərdə gedən orfoqrafik və qrammatik səhvlər dözülməzdir.

- Bu gün oxuduğunuz, bəyəndiyiniz imzalar varmı?

- Anar Mahmudoğlu, Pərviz Cəbrayıl, Zamin Hacı, Günel Mövlud, Murad Köhnəqala, Famil Cəfərli, Hikmət Sabiroğlu, Elnur Astanbəyli və. s. Əslində siyahım uzundur. Kimsə yadımdan çıxdısa, keçsinlər günahımdan. Şükür ki bu imzalar var.

- Mətbuatın gələcəyi ilə bağlı nə düşünürsünüz?

- Bizdə artıq mətbuatın sonudur. Gələcəkdən danışmağın yeri yoxdur.

- Övladlarınızdan bu sahəni seçəni oldumu?

- Övlad sarıdan çox xoşbəxtəm. Qızım Şəbnəm BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinə 620 balla qəbul olmuşdu. Sonradan təhsilini Amerikada, Virginiyada tamamladı. Daha sonra İsveçdə magistratura oxudu. Təhsilini tamamladıqdan sonra 3 ay Xarici İşlər Nazirliyində çalışdı. Onun bu işi seçməyindən xəbərim olmamışdı. Hazırda Nyu-Yorkda yaşayır. Ora gəlin köçüb, normal Azərbaycanlı ailənin gəlinidir. İkinci qızım Ayovada oxuyub. Hal-hazırda İçərişəhər Tarix və Diyarşünaslıq Muzeyində işləyir. Oğlum Mətin 9-cu sinifdə oxuyur. Türkiyə Dəyanət Vəqfinin Bakı türk liseyində təhsil alır. Elə təhsil alır ki, mən onun müəlliminə indiyə qədər bir dəstə gül göndərə bilməmişəm. Məktəb çox yüksək səviyyəli məktəbdir. Hər il o məktəbin iki məzunu 700 bal toplayır. Ümid edirəm ki, həmin məktəbə girməklə onun taleyi həll olunub.

Oxşar xəbərlər

Xəbər lenti

Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020