Vidadi Həsənov: "Pinəçidən ayaqqabımı götürdüm, daha su buraxmayacaq"

Vidadi Həsənov: "Pinəçidən ayaqqabımı götürdüm, daha su buraxmayacaq"
20 fevral 2013
# 13:35

Yuğ Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Vidadi Həsənovun APA-ya müsahibəsi

- Əvvəlcə Sizi ssenari müəllifi olduğunun “Çölçü” filminin ərsəyə gəlməsi münasibətilə təbrik edirik. Bu günlərdə təqdim olunan filmdən nəticə etibarı ilə razı qaldınızmı?

- Fikirlərim, düşüncələrim istidir. Hələ konkret bir fikir demək tezdir. Dünən baxdığımız nümayişdən sonra zaman keçməlidir. Hər şeyi götür-qoy etmək lazımdır. Hər kəsi, kino sahəsində çalışan insanları, media işçilərini qabaqlayıb, işin içində olan adam kimi nə isə fikir söyləmək hələ tezdir.

- Teatr və kino aktyoru, ssenari müəllifi, pedaqoq, həm də şair olan Vidadi Həsənov bunlardan hansını özünə daha yaxın hesab edir? Bütün bu işləri reallaşdırmaq çətin deyil ki?

- Həmişə belə düşünmüşəm: sənətçi mədəniyyət, incəsənət, ədəbiyyatla nə qədər çox məşğul olarsa, onun təfəkkür və təxəyyülü də o qədər geniş olar. Yaşa dolduqca bu, daha çox vacibdir. İnsan yaşlaşdıqca passivləşir. Həyat ritmindən düşür. Fikrimcə, aktiv həyat tərzi insan, xüsusilə də sənətçi üçün olduqca vacibdir.

- Proqramınızı əvvəlcədən müəyyənləşdirirsiniz? Yoxsa bədahətən gündəlik hisslərinizlə addım atırsınız?

- Məşqlərin və çəkilişlərin vaxtından savayı heç bir işimi planlaşdırmıram. Fərdi yaradıcılıq isə təbiət hadisələri kimidir. Proqnozlaşdıra bilərik ki, yağış yağacaq, amma o yağmaya da bilər. Ağacların mütləq sabah çiçək açacağını heç kəs deyə bilməz. İnsan da təbiət kimidir. Nəyi nə zaman demək istəsə, deməli, nəyi nə zaman yazmaq istəsə, yazmalıdır.

- Sözün doğrusu, Sizinlə uzun müddətdir müsahibə planlaşdırırdım. Simanızda olan qəddarlıq bu addımı atmağıma mane olurdu. Niyə bu qədər qəddar görünürsünüz?

- Deməzdim ki, mənim xasiyyətim həlimdir. Simamdakı qəddarlıq yəqin ki, anadangəlmədir. Düşünürəm ki, hər bir insan kifayət qədər qəddar və kifayət qədər həlimdir. Bizdə olan bütün keyfiyyətlər tarazdır. Mənim yaşımda ciddi olmamaq qəbahət olardı. Deməzdim ki, sərt olmaq o qədər də pis şeydir. Yumşaq olanda nə olur ki? Hərdən saqqal saxlayıram, hərdən isə qırxıram. Ona görə qırxıram ki, hərdən əsl “sıfatımı” da göstərməliyəm axı...

- Bəs rol seçiminizdə qəddar görkəminiz Sizə mane olmur?

- Yox.

- Yuğ Teatrında konkret olaraq eyni səmtin, eyni düşüncənin insanları toplaşıb. Burda eyni aspektdə olmaq Sizi yormur ki?

- Yuğ fenomeninin yaranmasından artıq 20 ili keçib. Bu fenomenin əzəlində dayanan, onun etik, estetik, mənəvi-əxlaqi, fəlsəfi dəyərlərini yaradan bir şəxsiyyət olub. Bu, bizim müəllimimiz, böyük rejissor, Azərbaycan mədəniyyətinə yeni deyə biləcəyimiz nə varsa, hər şey gətirən Vaqif İbrahimoğludur. O, yalnız rejissor deyildi, dövrümüzün böyük zəka sahibi idi. Elə bir sahə tanımıram ki, o, fikir bildirməsin, yazmasın, danışmasın. Belə bir insanın yanında olmaq, əlindən su içmək böyük məsuliyyət idi. Onun üçün teatrda, sadəcə, aktyor olmaq çox az şey idi. O, bizə daim düşünməyi, biliklərə yiyələnməyi, mənəvi-əxlaqi dəyərlərə riayət etməyi miras qoyub. “Burda eyni aspektdə olmaq” məni qətiyyən yormur. Yuğ Teatrında işləmək, sadəcə, böyük məsuliyyət deyil, həm də şərəfdir.

- Azərbaycanda aktyorların yaşam səviyyəsi Sizi qane edirmi? Aktyor məvacibinə yaxşı yaşamaq mümkündürmü?

- Yaşamaq mümkündür. Adamlar arasında yaşayıb, adamlar kimi yaşamaqdan asan şey yoxdur. Çətini adam kimi yaşamaqdır, yaxşı yaşamaq yox. Mən yaşayıram. Yaşamaq üçün nə lazımdırsa, Allah mənə bəxş edib. Fevral ayında günəş çıxır... Dostumun oğlu dil açıb... Balaca qızım pianoda Q.Qarayevin “Yeddi gözəl” baletindən Aişənin rəqsini ifa etməyi öyrənib... Pinəçidən ayaqqabımı götürdüm, daha su buraxmayacaq... Bir də ki, hər şey bizim istəyimiz kimi olmalı deyil. Biz hər şeyi olduğu kimi qəbul etməliyik.

- Vidadi müəllim, bu danışdıqlarınız yəqin ki, Sizin həyat düsturunuzdur. Həyat düsturunuzu neçə yaşında cızmağa başladınız?

- Mənim düsturum yoxdur. Bəlkə də belə yaxşıdır.

- Hər bir insan “Həyat” adlı tamaşanın oyunçusudur. Sizin bu həyat tamaşasındakı rolunuz nədən ibarətdir?

- Yaşamaqdan. Əgər bu dünyaya gəlmisənsə, yaşamalısan.

- Siz səhnədən bir müddət ayrı düşdünüz. Sizi dəfələrlə mebel mağazasında satıcılıq edərkən görürdük. Həyat şərtləri Sizi buna məcbur etdi?

- İnsan ailə sahibi olandan sonra onun mənəvi borclarından biri də ailəsini saxlamaqdır. O zamanlar çox çətin dövr idi. Getməli oldum. Bu, həyat və mühit şərtlərinin diktəsi idi. Amma bu o demək deyildi ki, yaradıcılıqdan uzaqlaşdım. Yenə də oxuyurdum, yazırdım. Mən belə şeyə fəlakət kimi baxmıram. Ən çirkli işlərdə belə işləyə bilərəm. Hər bir kişi öz ailəsini dolandırmalıdır. Yaradıcı insan harada olmağından asılı olmayaraq, hər zaman yaradıcılıqla məşğul ola bilər.

- Bu gün qazancınız Sizi qane edirmi? Dövlətin incəsənət adamlarına göstərdiyi diqqətdən razısınızmı?

- İki cür qazanc var - birinci qazancı cibimizə qoyuruq. Bu mənada istəyirsən 100 manat, istəyirsən 1000 manat qazan, pul heç vaxt bəs qədər olmur. Ona görə də kitabımızda deyildiyi kimi “aza qane olmaq” lazımdır. Çünki çoxun hüdudu yoxdur. İnsan halal zəhməti ilə pul qazanırsa, öz qazancı ilə yaşaya bilir. Amma sən onun içərisinə bir misqal belə haram qatsan, yaşaya bilməyəcəksən, yəni nə qədər də qazansan, az olacaq.

- Həyatda ən çətin anlarınızda da şikayət etməmisiniz?

- Gəncliyim çox tez keçib. Ağlım kəsən vaxtdan, yəni teatr sənəti ilə məşğul olan vaxtdan o qədər sıx iş rejimində çalışmışam ki, heç şikayət etməyə vaxtım olmayıb. Başımı qaldıranda gördüm yaşa dolmuşam. 30 ildir teatrla məşğulam, 26 ildir ki, pedaqoji fəaliyyətlə. Mən bu işlərə baş qoşanda nə qədər qazanacağımı bilirdim. İndi dövlət mənə nə qədər maaş verirsə, alıram. Artıq versə, yenə alaram.

- Azərbaycan teatrının mövcud vəziyyətindən nə deyə bilərsiniz?

- Teatrdan kənar bir adam deyəndə ki, hər şey pisdir, nədənsə ona inanırlar. Teatrın içində olan adam deyəndə ki, hər şey yaxşıdır, ona inanmırlar nədənsə. Hətta teatr adamı da narazı ola bilər və bunun müxtəlif səbəbləri də ola bilər. İndi hər yerdə ancaq və ancaq peşəkar insanlara ehtiyac var. İstedadlı olmaq normadır.

- “Bəyin oğurlanması” filmindən sonra Firəngiz Mütəllimovaya qarşı xüsusi hissiniz yaranmamışdı?

- Biz sadəcə bir filmə çəkilmişik.

- Azərbaycan kinosunun hazırkı durumundan razısınızmı?

- Keçmiş sovet məkanındakı bir çox dövlətlər artıq kinonun maddi təminatını öz üzərlərindən atıblar. Kino istehsalı isə böyük maddi tələbat istəyir. Çox sevindiricidir ki, bizim dövlət hələ də bu işə öz qayğısını göstərir. Digər bir məsələ - hər bir film bu və ya digər insanın şəxsi düşüncəsidir. Mən bu şəxsi düşüncəyə hər zaman hörmətlə yanaşıram. Əgər sən hansısa filmi bəyənmirsənsə, bu, o demək deyil ki, film pisdir. Filmin qayəsi sənin zövqünlə, həyata baxışlarınla üst-üstə düşməyə bilər. Mən də son dövrdə çəkilən filmlərə bu aspektdən yanaşıram. Hər bir film başqadır - insan kimidir. Onların da öz taleyi var. “Bəyin oğurlanması” filmi çəkiləndə bilmirdik ki, bu qədər sevilər və baxımlı olar. Bir məsələni də qeyd etmək istərdim. Nədənsə fiziklər Eynşteynin nisbilik nəzəriyyəsindən danışanda fizik olmayanlar ağızlarına su alıb susurlar. Riyaziyyatçılarla ali riyaziyyatdan danışmağa hər kəs cəsarət eləməz. Nədənsə ədəbiyyata və incəsənətə gəldikdə, hamı hər şeyi bilir. Hamı sənət haqqında çox asanlıqla danışır. Çünki ədəbiyyat və incəsənət qəlb məsələsidir. Hamının da qəlbi var. Sənət əsəri hər kəsə təsir edə bilir. Lakin bu o demək deyil ki, hamı haqlıdır. Haqlı olan isə sənətçidir. Hər bir insanın fərqli düşüncəsi var. Hamının zövqünü təmin etmək olmaz. Baxın, şairlər də qalaq-qalaq şeirlər yazır. Amma o əsərlərin içərisindən bir və yaxud bir neçəsi onun şah əsəri hesab edilir. Heç bir yaradıcı insan hər addımbaşı şah əsər yarada bilməz.

- Yəqin ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının son vəziyyətindən xəbərdarsınız.

- Mən heç bir kino ittifaqın üzvü deyiləm.

- Azərbaycan teleməkanında serialların çəkilməsi prosesinə başlanılıb. Seriallara dəvət alırsınızmı və səviyyə Sizi nə dərəcədə qane edir?

- İki serialda çəkilmişəm. İndi dəvət alanda deyirəm ki, vaxtım yoxdur.

- Maddi sıxıntılar səbəbindən Siz seriallara çəkilmək qərarını verdiniz? Bu məcburiyyət idi?

- Sevinirəm ki, teleməkanımızda bu işə başlanılıb. Başlanğıcda hər şey çətindir. O ki, qaldı maddiyyata, məni maddiyyata görə heç kim heç nəyə məcbur edə bilməz.

- Neçə illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olursunuz. O vaxtkı tələbələrlə müasir tələbələr arasında fərqli tərəflər varmı?

- Dəyişikliklər hər zaman var. Hər şey hər zaman inkişafdadır. İnkişaf olan yerdə yaxşı da olacaq, yaman da. Gerçəklik olduğu kimidir və onu olduğu kimi qəbul etmək lazımdır.

- Ümumiyyətlə, Sizdə nifrət hissi var?

- Var. Sevgi hissi də var. Axı mən də adi insanam. Sevgim nifrətimdən az deyil, nifrətim də elə sevgim qədərdir bəlkə də. Pula, azuqəyə qənaət edirik, gərəkdir ki, sevgimizə və nifrətimizə də qənaət edək...

# 3097 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #