Müharibə xəbərinə özünü itirən taksi sürücüsü

Müharibə xəbərinə özünü itirən taksi sürücüsü
27 sentyabr 2021
# 16:53

Kulis.az Vüsal Bağırlının “Zəfər həmləsi” yazısını təqdim edir.

Sentyabrın 27-si səhər taksi ilə dostlarla görüşə gedirdim. Yolda onlardan biri mənə zəng vurdu.

Düzü əvvəlcə, gecikməyimin səbəbini öyrənmək üçün aradığını düşündüm. Mən həmişə, hamımızın belə vəziyyətlərdəki ümummilli bəhanəsini dilimin ucunda hazır saxlamışdım:

“Canım üçün tıxacdayam.”

O isə gözləmədiyim halda, başqa şey söylədi. Titrək, həyəcanlı səslə, müharibənin artıq başladığını, ordumuzun bütün cəbhə boyu hücuma keçdiyini bildirdi.

Telefonu qapadım. Bir anlıq düşüncələrə daldım. Fərqli hisslər yaşayırdım. Həm vəziyyətin ciddiliyini göz qarşısına gətirib “Görəsən necə olacaq?” deyə həyəcan keçirir, həm də “Xəcalət, qorxaqlıq dövrü bitdi, daha başımızı dik tutub gəzəcəyik” deyə sevinirdim.

Hisslərin, təəssüratın şiddətindən telefonu barmaqlarım arasında var gücümlə sıxmışdım. Baxdım ki, sürücü də bədənimin gərildiyinin, əllərimin titrədiyinin fərqindədir.

O, mənim tutqun, birtəhər olduğumu hiss edib, tərəddüdlə nə baş verdiyini soruşdu. Özümü bacardığım qədər təmkinli tutmağa çalışaraq, “Müharibə başladı, hücuma keçmişik” - dedim.

Sürücünün gözündə sevinc işartıları parladı. Bəbəkləri əməlli-başlı doldu. Qəhərləndi. Gözləmədiyim halda idarəetməni buraxıb məni qucaqladı.

- Ay Allah, mən bu günü necə gözləyirdim?!

Maşın kəskin ziq-zaq cızıb ləngər vurdu, az qaldı yoldan çıxıb dərəyə yuvarlansın. Yaxşı ki, yol boş, qarşıda və arxada hərəkət intensivliyi yox idi. Yoxsa dəhşətli qəza qaçılmaz olacaqdı.

“Vay neynirsən? Burax məni, indi harasa çırpılacağıq!”

Qışqırdım. Gənc oğlan tez özünü düzəltdi, amma kefi göylə gedirdi. Əllərini sükana döyəcləyib, dodaqaltı zümzümə etməyə başladı. Sonra dil-boğaza qoymadan bütün yol boyu elə hey danışdı, danışdı…

“Əladır e! O, şərəfsizləri tapdalayıb, əzib keçəcəyik. Görəcəksən. Torpaqlarımızı birdəfəlik azad edəcəyik. Mən də davaya gedəcəm. Bilirsən, əsgərlikdə snayper-nişançı olmuşam. Günü bu gün gedib orduya yazılacam. Doğru sözümdür. Harda gördüm, tətiyi çəkib bir-bir dənləyəcəm şərəfsizləri...”

Bax, həmin sürücünün timsalında gənclərimiz, igidlərimiz, döyüşçülərimiz, hamı bir nəfər kimi bu cür getdilər müharibəyə.

Cəsarətlə, açıq ürəklə, sevinə-sevinə…

Belə sarsılmaz mətanətin, inamın qarşısında nəinki, ermənilər və onların havadarları, heç bir qüvvə tab gətirə bilməzdi.

Necə ki, davam tab gətirə bilmədi.

Düşmənin otuz il boyunca tikdiyi, düzəltdiyi səngərlər, müdafiə istehkamları, forpostlar, avanpostlar, barrikadalar, “Ohanyan səddi”, “Paşinyan xətti” selin-suyun kürüyüb apardığı zir-zibil yığını kimi axıb getdi, darmadağın oldu.

Cəmi-cümlətani qırx dörd günə düşməni diz çökməyə, yalvarmağa, ilan dili çıxarmağa məcbur etdik.

O düşməni ki, bizi saymırdı, real qüvvə hesab etmirdi, birliyimizə, döyüş bacarığımıza istehza edirdi.

Həmin qırx dörd gün boyunca necə möhtəşəm hisslər keçirdik, nələr yaşadıq, sözlə ifadəsi mümkünsüzdür.

Həmin gün, ayın 27-də ordumuz Füzuli rayonunun azad olunan yeddi kəndi ilə bərabər həm də doğulduğum Qərvənd kəndini düşməndən təmizlədi.

Və işğaldan azad torpaqlarımızda yenə üçrəngli müqəddəs bayrağımız dalğalandı.

# 3768 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər