Əkrəm Əylisli: “Anar və Elçinlə birlikdə ona ağlayardım ki...” – Müsahibə

Əkrəm Əylisli: “Anar və Elçinlə birlikdə ona ağlayardım ki...” – Müsahibə
26 iyul 2021
# 12:57

Kulis.az yazıçı Əkrəm Əylisli ilə müsahibəni təqdim edir.

- Həmkarınız və köhnə dostunuz Elçin APA-ya müsahibəsində deyir ki, Əkrəm Əylislinin tənha qalmasının səbəbkarı özüdür. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə doğru sözü yalnız zaman deyə bilər. Mən ancaq bunu deyə bilərəm ki, biz Elçin və Anarla, uzun illər boyunca, yaxın dost və məsləkdaş olmuşuq. Bizi zaman ayırdı, burada heç kəsin təqsiri yoxdur. Biz bir vaxtlar, bir yerdə çox şeyə gülə bilmişdik. Ancaq heyf ki, sonralar heç nəyə bir yerdə ağlaya bilmədik.

- Arada “Daş yuxular” əhvalatı olmasaydı, dostluğunuz dəyişməz qala bilərdimi?

- Dəyişməz qalmasa da, indiki ümidsiz həddə gəlib çatmazdı. Qoy heç kəsin “çest”inə toxunmasın: əgər mən “Daş yuxular”da xalqımı zərrə qədər alçaltdığıma inana bilsəydim, dünyada bir gün də yaşaya bilməzdim. Əgər milli təəssübkeşlik yalnız vətənə atəşin məhəbbət izhar etməkdən ibarət olsaydı, onda gərək Qoqolun, Dostoyevskinin, Saltıkov-Şedrinin üstündən çoxdan xətt çəkiləydi. “Mən patriotam, sən niyə patriot deyilsən” - bu məntiqlə yazıçıya dərs verməyin məqbul sayıldığı bir məmləkət Kafkalar, Selincerlər, Bulqakovlar yetirə bilməz. Yaxşı ki, Mirzə Fətəli Axundovla Cəlil Məmmədquluzadə hələ ki, kütləvi şəkildə lənətlənməyib. 80-ci illərin axırlarında Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun və bir neçə bisavad mollanın Mirzə Cəlilə “qulp goymağını” mən özüm dönə-dönə görmüşəm. Hərdəmxəyal, ekssentrik Rafiq Tağının Mirzə Cəlili kollaborasionist adlandırılmasını necə unutmaq olar?.. Uzun illər məsul vəzifələrdə işləmiş bir qocaman ədəbiyyat həvəskarının bir vaxt bir dostuma telefonda dedikləri, illər keçəndən sonra da, yadımdan çıxmır: “Deyəsən, Əli Həsənovun başına hava gəlib - Əkrəm Əylislidən 2x2=4 patriotluğu tələb edir.” “Daş yuxular”la bağlı məlum kampaniyada yaxın dövrün Jdanovu Əli Həsənovun ziyalılar və ziyalılıq barədəki ifrat primitiv təsəvvürü, söz yox ki, əsaslı rol oynamışdı. Ancaq romanın kütləvi inaformasiya vasitələri tərəfindən hədsiz əsəbiliklə qarşılanmasının bir sıra obyektiv səbəbləri də vardı. Bunun bir səbəbi Azərbaycanla Ermənistan arasındakı münasibətlərin az vaxtda həddən çox pisləşməsi, digər səbəbi Azərbaycanın birinci Qarabağ müharibəsindəki inanılmaz məğlubiyyətiydi. Bu dəfə biz qələbə çalmışıq və illərlə işğal altında qalan torpaqlarımızın həsrəti daha bizi ağrıtmır, incitmir, alçaltmır. Torpaq itkisi böyük itkidir. Anacaq qanan üçün, qonşu itkisi də balaca itki deyil. Bir bölgədə həm qonşu, həm düşmən olub yaşamaq olduqca çətin məsələdir. “Daş yuxular”ı yazmaqda mənim yeganə niyyətim bu olub ki, yaranmış düşmənçilik daha da dərinləşməsin. Əgər buna zərrəcə şübhəm olsaydı, bu qədər qınağın qabağında, məni heç nə intihardan qurtara bilməzdi. Hər cür konfliktin dərinləşməsi onun həll edilməsinə əlavə əngəllər törədir. Təmənnalı kənar dövlətlərin regiona ayaq açmasına geniş imkan yaradır. Necə deyərlər, ara qarışır, dəftər itir. Bölgədə yaşayan xalqların az qalır adı da yadından çıxsın. Hansı məşhur dövlət hansı məzlum xalqın dərdinə çarə qılıb? ABŞ 50 ildən çoxdur ki, İsraillə Fələstini barışdırır. Bəs hardadır o barışıq? Demokratiya və insan hüquqları dəllallarının Balkanlarda, İrakda, Liviyada, Suriyada törətdikləri əməllərin faktiki nəticəsi göz gabağındadır. Cənubi Qafqazın iki qonşu dövləti əgər yaxın gələcəkdə sözü bir yerə qoya bilməsə, bölgədə uzun müddət əmin-amanlıq olmayacaq. Qələbəmiz möhtəşəm qələbədir, buna kim şübhə edə bilər? Ancaq bu qələbənin bol bəhrəsini görmək üçün Ermənistanla münasibətlərimizi mümkün qədər tezliklə sahmana salmalıyıq. Xalqların bir-birilə ünsiyyətinə normal şərait yaradılmalıdır. Bu işdə xalq diplomatiyasından bəhrələnməyə də indi heç vaxt olmadığı qədər ehtiyac var.

- Əgər mədəni əlaqələr bərpa olunarsa, Ermənistanda hansı ziyalılarla görüşmək istərdiniz?

- Mənim şəxsən tanıdığım erməni ziyalıları artıq həyatda yoxdur: Hrant Matevosyan,Vardges Petrosyan, Stepan Xudaverdyan, Aqasi Ayvazyan, Anait Bayandur... Hrant Matevosyanın kinorejissor oğlu Davidlə məmnuniyyətlə görüşərdim. Hrantın tərcüməçisi Anait Bayandurun yaxınlarına mütləq baş çəkərdim.

- Sizə doğrudanmı elə gəlir ki, bizimlə ermənilər arasındakı münasibətlərin bu qədər işıqlı gələcəyi ola bilər?

- Mən, görünür, islaholunmaz idealistəm. Allahın Şeytandan güclü olduğuna inanıram. Bilirəm ki, heç bir xalq müharibə istəmir və xalqın istəyinin əleyhinə gedənlər gec-tez öz cəzasına çatır. Zəmanəmiz çox aqressiv zəmanədir. Konfliktlər hər yerdə kompromisi üstələyir. Vaxt gələcək bəşəriyyət bu darqursaq siyasətdən canını qurtaracaq. Bəşəri dəyərlərlə milli təəssübkeşlik biri-birinə qovuşacaq, biri-birini tamamlayacaq. O zaman (“Arzuya bax, sevqilim!” - Ə.Ə.) Cənubi Qafqazın üç qonşu xalqının həyatında yeni mənəvi formasiya başlanacaq. Buzlar əriyəcək, ürəklər yumşalacaq. Və məhz bundan sonra ədəbiyyatımızda çox sayda gözəl əsərlər yaranacaq. Onda - Allah ağzımdan eşitsin! - mənim “Daş yuxular”ım da layiq olduğu bədii dəyərə sahib olacaq.

- Romanınız barədə də həddən çox nikbinsiniz. Ancaq köhnə dostlarınız bu fikirdədir ki, “Daş yuxular” bədii cəhətdən də əvvəlki əsərlərinizdən zəifdir.

- Bu barədə köhnə dostlarımla mübahisəyə lüzum yoxdur. Çünki özüm də bu fikirdəyəm ki, “Daş yuxular”, misal üçün, “Tənha narın nağılı”ndan, “Güllü paltar mövsümü”ndən, “Yas yerindən reportaj”dan heç də güclü əsər deyil.

- Bayq dediniz dostlarla ağlaya bilmədik. Əgər Anar və Elçinlə yenidən dostlaşaşı olsaydınız, onlarla bir yerdə nəyə ağlayardınız?

- Ona ağlayardım ki, ömür yaman tez keçdi. Yazmaq istədiyimiz ən yaxşı əsərimizi yaza bilmədik. Arzuladığımız, ümid etdiyimiz səviyyədə böyük yazıçı ola bilmədik. Və bu gün həvəslə nəşr etdirdiyimiz cild-cild kitablar sabah heç kəsə lazım olmaya bilər. Saçlarımız ağarıb, dişlərimiz tökülüb, arvadlarımız qocalıb. Dünyanın da tamam zibili çıxıb. Kovid insanın başının üstünü cəllad kimi kəsdirib. Alimlər insanlığın gələcək aqibəti barədə biri-birindən dəhşətli proqnozlar verir. Ölkənin intiharsız günü yoxdur: dünyada yaşamağa bizdən çox haqqı olanlar dünyadan, bizdən iyrənib gedir. İnsan bilmərrə insanlıqdan çıxıb: ər arvadını bıçaqlayır, qardaş qardaşını güllələyir. Yaxşı əsər yazmağa, yaxşı film çəkməyə, yaxşı mahnı oxumağa, yaxşı rol oynamağa daha heç kimin zoru çatmır. Hamı ad istəyir, ev istəyir, təqaüd istəyir... Bunların hamısı ağlamalıdır. Ancaq burası bəlkə daha çox ağlamalıdır ki, biz - Anar və Elçinlə bundan sonra bir də heç vaxt heç nəyə bir yerdə gülməyəcəyik.

# 10417 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #