Qum üzərində iki quru kəllə

Qum üzərində iki quru kəllə
13 iyul 2021
# 17:00

Kulis.az yazıçı Şəhla Nihanın “Müqəddəs cangüdən” essesini təqdim edir.

- Ürəyimdən vur, ağrıdır axı..

- Mən çalışıram. Elə bilirsən, küləkli havada düz ürəyi nişan almaq asandır?

- Mən küləyi saxlaram, sən vur.

- Sən kimsən ki, küləyə hökmün çatsın?

- Mən Allahın oğluyam. Zefir də, Not da mənim qulluğumda!

Tapançanı salır.

- Vur deyirəm sənə, vur, biz əsatir doğururuq.

Tərəddüd edir.

- Gəl küləyə aman verək, çəkilib getsin, sonra davam edərik.

- Gözləyə bilmərəm mən.

- Niyə?

- Külək aramsız əsəcək, onu atam göndərib, məni qorumaqçun.

- Hətta ana belə övladını daim savunmadan yorulur. Külək də usanacaq. Mən gözlərəm.

- Sən qocalarsan.

- Bəs sən?

- Tanrıdan törəyən qocalmır.

- Mənə də yol göstər, qocalmamaqçün nə etməm lazımdır?

- Durduğun yerdə dayanıb durmaq. Sən bunu edə bilməyəcəksən.

- Niyə edə bilməyim axı?

- Çünki sən İnkarsan. Sən həmişə Təsdiqin yanına gedəcəksən.

- Sənin yanına demək istədin...

- Elədir.

- Demək, sən stabilsən?

- Stabiləm, hər yerdəyəm, sənsə gəzəri.

- Məntiqsiz! Əgər sən hər yerdəsənsə və mən də sənin yanına gəlirəmsə, deməli, mən də hər yerdəyəm və stabiləm.

- Mən nəhəngəm, budaqlı, şaxəliyəm. Sən budağımdam budağıma qonarsan. Sən qığılcımlarda, lokallıqlarda tanıdarsan özünü, mənim özümü tanıtmama ehtiyac yox. Sənin qığılcımlarının alovu, lokallıqlarının bütünüyəm. Əvvələm, öncəyəm, öndəyəm. Mən olmasaydım, sən nəyi inkar edəcəkdin?

- İnkarın tərəf-müqabilinə ehtiyacı yox ki... İnkar daim tənhadır.

Ayaqlarının altındakı narın qum tərpəşir, iki təpəcik yaranır. Təpəciklər yuxarıya doğru dartınır, palçıq vulkanı kimi püskürür. Püskürtü yatanda hərəsindən bir əl uzanır, əllərdə kəllə. Kəllələrdən biri “ol” pıçıldayır, digəri “olma”. Və baş verənlər kimsəni narahat etmir. Əgər “nədən baş verməsin ki?”-nin səbəbini bilsəydilər, “nədən baş verdi?” sualı maraqlı görünərdi. Bu vaxta qədər olmaması isə bundan sonra da olmayacağına zəmanət vermir.

- Sus! Tənha mənəm! Bu, tanrılara xas xislətdir.

Acı-acı gülür:

- Tənhalıq və tanrıLAR...

- Bəli! Mən tənhayam, təkrarsızam, kölgəsizəm!

- Deyilsən, xeyr! Sən artıq ikiləşmisən, üçləşmisən... Tam təsdiq var, yarımçıq təsdiq var, yalançı, mənfəətgüdən, mənsəb xatirinə təsdiq və s. və i a. Üzlərin çoxalıb. Dünya yarananda sənin qövmünə “ikili standartlar”ı xüsusi yükləyiblər ki, işlər dolaşığa düşəndə istənilən şər əmələ bəraət qazandırıb aradan çıxa biləsən. Sən törəmisən. Sən törəməsən. O mənəm ki, ardıcılım, törəməm yox. Xələfim, sələfim yox. Əvvəl-axırsızam. - əyilib “olma” pıçıldayan kəlləni əlinə alır, yuxarı qaldırıb “Mən inkaram!” bağırır.

- Sən ikincilisən, yaradılmısan.

- Mən yaradılmamışam, əzəldən vardım. Varlığımı bilmirdim. Sən yarandın, mən tanıdım özümü.

İsterikcəsinə:

- Gözəl! Əla! Möhtəşəm! Aydınlaşdı hər şey! İndisə vur! Ürəyimi nişan al!

- Yox!

- Sən mənimlə özünü tanıdın, mən səninlə özümü unutmaq və itirmək istəyirəm. Vur!

- Deməli, sən – Təsdiq məni – İnkarı xeyir əmələ sürükləmək istəyirsən?

- Yeganə düzgün əmələ. Vur dedim! Vur da inkar et məni!

- Yooox... Sən olmasan mən itirərəm özümü. Varlıq təsdiqimsən mənim, şəxsiyyət vəsiqəm, həyat çağırışım, cəngi çalğım. Sən tezissən, mən antitezis. Yaşamalısan! Əbədi!

- Bəs belə... Sən ki, özgür, əzəli, müqəddəs idin, sələfsiz, xələfsiz. Sən ki, tənha idin. Bu nə tövr vahidlik, özgürlük, nə cür zöhd, təqva ki, mənə ehtiyac duyursan?!

- Mən sənin varlığının tənhasıyam. Sənsiz bilinmənəm.

- Ax, məlun qaranlıq!

- Qaranlığam, bəli. Sorğu ayağında bir çox üzüağın siması qaralanda mənim simam nura boyanacaq. Sizin bu çoxüzlü, riyakar dünyanızda bəkarətimi qorumaqçün gizlənməkdən ayrı yolum qalmadı. Qaranlıqdan ötə nə gizlədər ki?..

Daimi məchulluq titanlarçün belə ən ağrılı mövzudur. Bu sözlərlə tapança tutduğu əli titrəyir, qəfil güllə açılır. Bir də o, İnkar idi axı, “yox” fikirləşib, “hə”ni edirdi. Havanı yaran müdhiş səslə Küləyin Təsdiqin önünə keçməsi bir olur. Güllə ona dəyir, külək çiliklənib yerə tökülür. Durğun hava ağırlaşıb hər ikisini basmağa başlayır. Basır, basır, tapdayıb quma basdırır.

...Üz-üzə iki kəllə durmuşdu qum üzərində. Biri təsdiq idi, o biri inkar. Susmuşdular. Külək onları barışdırmışdı... Ölümü ilə. Müqəddəs kateqoriyalar sırasına daha biri əlavə olunmuşdu: Külək...

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #