news-inner
clock16:12 calendar-gray 14 İyun 2021 view-gray4049 dəfə oxunub
view-gray4049 dəfə oxunub

Taksi sürən müəllim, divara dırmaşan müxbir, bütün oğlanları öpən qız - Elina oxuyan məktəbdən “Son zəng” reportajı

Kulis.az Ulucay Akifin özünün oxuduğu 162 saylı orta məktəbdən “Son zəng” reportajını təqdim edir.

Bu gün “Son zəng” günü olduğunu öyrənəndə, ürəyimdən öz məktəbimə getmək, oradakı tədbiri izləmək keçdi.

Elə də etdim.

Düz 9 illik aradan sonra yenidən məktəbimizə üz tutdum.

162 saylı orta məktəb!

11 ilimə, necə böyüdüyümə şahidlik edən məktəb...

Yol...

Ağac...

Məktəbimizin qarşısındakı şam ağaclarının altında dayanan valideynləri, uşaqları görəndə, bildim ki, vaxtında gəlmişəm.

Məktəb vaxtı dərsdən sonra bu şam ağaclarının altında sevdiyimiz qızın dərsdən çıxmağını gözləyirdik. Sevdiyin qızı evə ötürmək məktəb illərinin ən gözəl, ən həyəcanlı anlarından idi.

“Kimsə görər” qorxusu bu həyəcanı beş, hətta on qat artırır.

Amma bu dəfə bura sevdiyim qız üçün gəlməmişdim...

Şam ağaclarının altında dayanıb məktəbimizi və həyətindəki tədbiri izləyirdim.

Birdən gözüm kənarda dayanan Vaqif müəllimə sataşdı. İdman müəllimimiz... Yaxınlaşıb hal-əhval tutmaq istədim. Məni tanıdı.

- Vaqif müəllim, məktəbdə vəziyyət necədir? Şagirdlər incitmir sizi?

- İncitmir deyəndə ki, sizin kimi deyillər. Heyf deyildi əvvəlki uşaqlar? İndikilərə söz demək olmur. Bir dənə səsini qaldırıb “Otur aşağı!” deyirsən, o dəqiqə zəng edib bütün nəsil-nəcabətini tökür məktəbə.

Yəqin bütün müəllimlər köhnə şagirdlərinə belə gileylər edirlər deyə düşünüb sözünü kəsmirəm.

- Oxumurlar, dərslərə maraqları yoxdur. Elə bütün günü bir-biriylə cükküldəşirlər. Amma çox ağıllı şagirdlər də var.

Vaqif müəllim əslən Cəbrayıldandı. Dərsdən sonra axşamlar taksi də sürür. Amma nə yalan deyim, indiyə kimi bir dəfə də olsun onun maşınına minməmişəm, utandığımdan...

Necəsə huşumdan çıxır, cibimdən bir siqaret yandırıb çəkmək istəyəndə, Vaqif müəllim deyir:

- Çalış o zibili çəkmə. İndi cavansan, hiss eləmirsən, yaşlananda peşman olacaqsan. Nə var axı o siqaretdə?! Mən də azaltmışam, tərgitməyə çalışıram.

Siqareti tez cibimə qoyuram. Müəllimimin yanında cibimdən siqaret çıxarmağıma utanıram. Məktəbin digər şagirdləri yanımızdakı başqa bir müəllimlə şəkil çəkdirib söhbət edirlər. Qulaq müsafiri oluram.

- O şəkilləri mənə də göndərərsiniz! – müəllim şagirdlərinə deyir.

- “Vatsap”ınız var, müəllim? – uşaqlardan biri gülə-gülə soruşur.

- “Vatsap”ım da var, “Feysbuk”um da, “İnstaqram”ım da! – müəllim də şən səslə cavab verir.

- Həriii, müəliiim! – uşaqlardan biri ucadan deyir.

- Müəllim, sizə dostluq göndərəcəm feysbukda. Layk et, layk gör! – hansısa deyir.

Mən də gülürəm.

Vaqif müəllimlə sağollaşıb məktəbin həyətinə girməyə çalışıram, amma icazə vermirlər. Pandemiyayla bağlı, tədbiri mümkün qədər izdiham yaratmadan yola vermək istəyirlər.

Yenə də “Son zəng”i izləmək, heç olmasa bir-iki şəkil çəkə bilmək üçün variant axtarıram. Ağlıma məktəbin həyətinin hündür hasarına dırmaşmaqdan daha ideal variant gəlmir. Keçirəm binanın arxasına və elə də çətinlik çəkmədən hasara çıxıram.

Yox, hələ qocalmamışam!

Mənimlə bərabər hasara üç-dörd uşaq da dırmaşıb, tədbiri birgə izləyirik. Kefləri kök görünür.

- Bu məktəbdə oxuyursuz? – soruşuram.

- Yox, biz 51-də oxuyuruq!

162 və 51 saylı məktəbləri yanaşıdır. Bu iki məktəbin şagirdləri arasında həmişə bir rəqabət olub.

Buralardakı divarların bir çoxunda “162 yek, 51 qaz”, “51yek, 162 lox” kimi yazılarla rastlaşmaq olar.

Hasardan tədbiri seyr edirəm. Gözüm məktəbin üçüncü mərtəbəsindəki açıq pəncərəyə sataşır və qəfil yadıma Elina düşür. İki il qabaq özünü məktəbin pəncərəsindən atıb intihar edən Elina.

O, bu məktəbin - bizim məktəbin şagirdi idi...

Bəlkə də Elina özünü elə bu pəncərədən aşağı atmışdı... Yaşasaydı, indi 10-cu sinifdə oxuyacaqdı, gələn il onun da məzun günü olacaqdı. Amma onun “Son zəngi” daha tez, 8-ci sinifdə çalındı...

- Əmiii! Yavaş ol, yıxılacaqsan! – uşaqların səsinə diksinib özümə gəlirəm.

“Son zəng” tədbiri son sürətlə davam edir. Həyətdə çox məzun yoxdur. Karantin rejiminə görə tədbirlərin hissə-hissə keçirilməsi nəzərdə tutulub.

Yenə şagirdlərin kefi kök görünür. Mahnılar çalınır, rəqs edirlər. Yəqin, hamısının içində o sevinclə yanaşı bir kədər də var. Məktəbdən, dostlardan ayrılmağın kədəri.

Əhvalları yerində olan məzunlar biri-biri ilə zarafatlaşırlar. Yüksək səslə danışırlar, deyib-gülürlər. Şəkil çəkdiyimi görən 3-4 məzun mənə poz da verir.

Hamısı biri-birindən yaraşıqlı, işıqlı, əllərində üçrəngli bayrağımız!

Bayraq da xoşbəxt, məsud görünür.

Hamıdan arxada bir qızla oğlan sakitcə söhbət eləyirlər. Bəlkə də sevgilidirlər. İstəyirəm, deyəm ki, əgər sevirsinizsə, sevginizin qədrini bilin, çünki bir də elə sevməyəcəksiniz.

Öz “Son zəng” tədbirimiz yadıma düşür.

Sinif yoldaşımız Qalina sinifdəki bütün oğlanların köynəyinin yaxasını öpüb qırmızı pomadasının izini qoymuşdu.

Yeniyetməlik idi də!

Özümüzü elə aparırdıq ki, guya indicə çox gözəl bir qız bizi öpüb, dodağının boyası da qalıb ağ köynəyimizdə.

Məzunlar kiçik atəşfəşanlıq çubuqlarını yandırıb əylənirlər. Yəqin, onları yeni bir həyatın, yeni bir mərhələnin gözlədiyini hiss edirlər.

Mikrofonu əlinə alan müəllimələrdən biri də elə bunun “xəbərdarlığını” edir:

- Uşaqlar, mənim gözəl balalarım! Qarşıda sizi yeni həyat gözləyir! Məktəbdə öyrəndikləriniz sizə həmişə lazım olacaq! Universitetə gedəcəksiniz, hərbi xidmət, iş, ailə qurmaq! Sizin dövlətə, xalqa yararlı insan olacağınıza ümid edirəm! Siz yeni həyata qədəm qoyursunuz! Hamınıza bu yeni həyatınızda uğurlar arzulayıram! Sağ olun! – müəllimənin səsindəki qəhəri duyuram.

Gurultulu alqışlar və fit səsləri ucalır.

Mən də bir az kədərlənirəm, amma elə hasarın üstündəncə zarafatyana qışqırıram:

“Müəllimə, uşaqları aldatmayın, Allah haqqı, nə loqarifma, nə sinus, nə kosinus indiyə kimi bir dəfə də lazımım olmayıb! Tangens, kotangens isə indi yadıma düşdü. Tamam unutmuşdum! Xoşbəxtlik həndəsəyə tabe deyil!”

Və həmin o mahnı başlayır:

Məktəb illəri,

Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.

Hər anı bir ömrə bərabər, sehirli günləri,

Ən təmiz arzulu günləri...

Yəqin, məktəb illərini bu mahnının sözləri kimi gözəl təsvir edən başqa bir mətn olmayacaq deyə düşünürəm.

İstəyirəm, hasardan tullanıb qaçım məktəbimə, sinfimə girim.

İstəyirəm, yenə həmin parta arxasına keçib qarşımda əyləşən Alyonan qoşa hörüklərini dartıb əsəbiləşdirim.

İstəyirəm, sinif rəhbərimiz, yəhudi Roza Vasilyevna mənim kimləsə dalaşmağa getdiyimi eşidib arxamca “avtoşkola”nın həyətinə kimi gəlsin, məni danlaya-danlaya sinfə aparsın.

İstəyirəm, yenə “zavuç”umuz Olqa Mixailovna eynəyini burnunun aşağısına sürüşdürüb mənə tənbehedici baxışlarla baxsın.

Yenə sevgi məktubları yazmaq, məktəbin həyətində ayaqqabılarımı çıxarıb futbol oynamaq, hasardan tullanıb dərsdən qaçmaq istəyirəm.

Əvvəl məktəbdən qaçmaq üçün dırmaşdığımız bu hasara indi dərsə qayıtmaq üçün çıxmışam və mənə icazə verilmir.

Son zəng çalınır.

Ömrün bitməkdə və başlamaqda olan iki mərhələsi arasındakı unudulmaz hicran-vüsal nəğməsi.

Alqışlar, həyəcanlar, qucaqlaşmalar və göz yaşları...

Əlvida doğma məktəb!

Xoş gördük yeni həyat!

Bizi xoşbəxtliklə qarşıla...

news-inner-user
Ulucay Akif

106 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021