news-inner
clock08:45 calendar-gray 15 Yanvar 2013 view-gray2847 dəfə oxunub
view-gray2847 dəfə oxunub

“AYB-də Çingiz Abdullayev kimi “ölü can” saxlayırlar” - MÜSAHİBƏ

Murad Köhnəqalanın suallarını yazıçı, şair Vaqif Nəsib cavablandırır.

- Adınız nasir kimi hallansa da ədəbiyyata şeirlə gəlmisiniz. Əkrəm Əylisli, Seyran Səxavət də ilk şeirlə başlayıblar. Bilmirəm İsa Muğanna necə (sözümü kəsir)...

- O, elə birbaşa gəlib. Anadangəlmə yazıçılarımızdan biri İsa Hüseynovdur, biri də Yusif Səmədoğludur. Onlar ikisi də təbiətən nasir olublar (gülür).

- Rəsul Rzanın ətrafında olan biri kimi adınız hallanıb. O cümlədən də Əli Kərimin. Gəlin, ordan başlayaq...

- Bunu bir qədər dəqiqləşdirim. Biz heç vaxt Rəsul Rzanın ətrafında olmamışıq. Rəsul Rzanı heç tanımırdı. Əli Kərimlə dostluq edirdim. Əli Kərim yazığa Rəsul Rza heç bir qayğı göstərməyib. Ancaq Əli Kərimi çox istəyirdi. Əli Kərimə ən çox rəğbəti olan Mehdi Hüseyn idi. Mehdi Hüseynin Əlinin özündən, yaradıcılığından çox xoşu gəlirdi. O vaxt iş tapmaq çətin idi. Əlini “Azərbaycan” jurnalında işə düzəltmişdi . Fürsət tapıb, qabağa çəkmək istəyirdi. Hətta Əliyə o qədər rəğbəti var idi ki, “Qara daşlar” filmində onu baş rola çəkdirmək istəyirdi. Biz də onun ətrafında idik. Elə oldu ki, Mehdi Hüseyni qəflətən çərlədib öldürdülər və Əli Kərimi küçələrə saldılar.

Universitetin birinci kursunda oxuyanda “Payız” şeirim çıxdı. O vaxt “Ədəbiyyat” qəzetində çap olunmaq çətin idi. Mətbuata ayaq açdım. Əli Kərimin oturduğu yeri məcazi mənada “sonalar gölü” adlandırırdılar. İstedadsız adamların əsərlərini “sonalar gölü”nə qərq edirdi. Kimə ki az-maz rəğbəti vardı, onların şeirlərinin buraxılmağına icazə verirdi. Yazığı saldılar küçələrə. Çox təəssüf ki, Əli Kərimi işdən çıxardan Cəlal Məmmədov Əli Kərimin cənazəsi üstündə nitq söylədi. Əkrəm Əylisli indiyəcən deyir ki, mənim cəsarətim çatmadı ki, o zaman durum ona bir sillə vurum.

- Cəlal Məmmədov “Azərbaycan” jurnalının baş redaktoru idi?

- Mehdi Hüseyn öləndən sonra onun yerinə Mirzə İbrahimovu qoydular. Mirzə İbrahimov da dostu, məddahı Cəlal Məmmədovu “Azərbaycan” jurnalına gətirdi. Sonra Əli Kərimi işdən içki düşkünü adıyla çıxardılar. Heç o vaxt Rəsul Rzanın özünün belə işi yox idi. Mən də “Azərbaycan gəncləri”ndə işləyirdim. Sonralar şöbə müdirliyinə qədər yüksəlib yenə “vurulmuşdum”. Sonra məni də işdən çıxartdılar. Əli Kərim məndən əvvəl işə gəlirdi. Gəlib, görürdüm ki, divanda oturub. Nahara kimi gözləyirdi ki, müəlliflərdən kimsə gəlsin, gedib bir təhər oturaq. Mən də yarım ştat işləyirdim, maaşım üç günə qurtarırdı. Kələntər Kələntərlini çıxarmışdılar, onun yerinə məni götürmüşdülər. Şimali Qafqazda olanda şeirlərimi Fikrət Qoca Rəsul Rzaya təqdim eləmişdi. Mən geri qayıdanda dəmiryol vağzalından pulum olmadığı üçün piyada gəlirdim. Əli Kərimlə rastlaşdıq. Soruşdu ki, pulun var, dedim, hələ indi düşmüşəm Bakıya, pulum yoxdu. Mən nadir hallarda danışan iki adama rast gəlmişəm. Bir qocaman Əliağa Vahid idi, biri də Əli Kərim. Vahidlə məni Rəfiq Zəka tanış etmişdi. Vahid o vaxt danışırdı ki, duz lazım olanda duzu istəyirdi. Qalan vaxtlarda danışmırdı, öz aləmində olurdu. Əli Kərim də hərdən bir, lazım olanda danışırdı. Mənə dedi ki, kişi yaxşı yazıb sənin haqqında . Dedim ki, nəyi yaxşı yazıb? Rəsul Rzanı deyirmiş. Sən demə mən olmayanda Rəsul Rza mənim haqqımda “Durna günü” adlı böyük bir məqalə yazıb. “Azərbaycan” jurnalında 20-yə yaxın şeirimi də buraxdırıb. Əli Kərimə dedim ki, nə danışırsan? Dedi, qonorarını almısan? Dedim yox. Qonorarı almaq üçün bir yerdə mühasibatlığa getdik. Ordan dedilər ki, depozit olunub. Kassirlərdən bir az pul yığıb verdilər. Əli Kərimin insafından danışmaq istəyirəm. Azneft şəhərdən kənar sayılırdı. Rəsul Rza Ensiklopediyada baş redaktor işləyirdi. Əli dedi, içməmişdən, ayıq vaxtında get ona təşəkkür elə. Gəldim, katibəsi buraxmırdı. Dedi, sizi özü çağırıb? Dedim, yox. Buraxmırdı, dedim əşi, bu da yazıçı adamdı, bunlar da hərəsi bir katibəylə qıfıllanıb. Bir də gördüm səsə Rəsul Rza özü gəldi. Dedi, nədi a bala, nədi? Malakana da oxşayırsan (gülür). Sən demə o, konkretliyi sevirmiş, mən də içməyə tələsirdim. Dedim, Rəsul müəllim, mən Vaqif Nəsibəm. Siz də çox sağ olun haqqımda zəhmət çəkib gözəl sözlər yazmısınız. Dedi, dayan malakan, harda işləyirsən, dedim işləmirəm. Dedi bir beş dəqiqə dayan burda. Katibi çağırdı, o da dedi ki, sən Rəsul Rzanın nəyisən? Dedim, heç nəyi. Katib dedi ki, səni işə götürmək istəyir. Canımda işləmək həvəsinin olduğunu soruşdu. Dedim, Rəsul müəllim, mən “Azərbaycan gəncləri”ndə şöbə müdiri işləmişəm. Sonra “Pioner” qəzetində çalışmışam.

- Sizi işə götürdümü?

- Hə, böyük elmi işçi vəzifəsinə işə götürdü.

- Kələntər Kələntərli öz xatirəsində yazır ki, Əli Kərim işsiz olanda, küçələrdə qalanda yanıma saldım, gətirdim Rəsul Rzanın yanına, dedim bu adam işsizdi, buna iş ver.

- Bunların hamısı yalandı. Əli Kərim həyat yoldaşını işə düzəltmək istəyirdi. Əli Kərim Rəsul Rzaya rəğbəti olan adam idi. Rəsul Rza da guya Əlini cəzalandırmaq istəyirdi ki, küçələrdən yığışsın. Ağlına gətirmirdi ki, Əli hər dəqiqə ölə bilər və qəflətən də öldü.

- Siz Rəsul Rza mükafatına layiq görülübsünüz.

- İlk layiq görülənlərdən biri də mən olmuşdum.

- Anar mükafatı başınıza qaxdığına görə imtina etmisiniz mükafatdan?

- Özümə belə bir şey deyilməmişdi. Amma yazdım. Bu ədəbi mükafatı hər yetənə verməklə Anar onu ədəbsizləşdirir.

- Anar “Sizsiz”də yazıb ki, hansısa qəzetdə yazı çıxıb ki, Rəsul Rzanı söyüb biabır etdilər, bircə Vaqif Nəsib tənqidlərlə razılaşmadı.

- O vaxt Yazıçılar İttifaqının üzvü deyildim. Rəsul Rzanı “Lenin” mükafatına təqdim etmişdilər. Yazıçılar İttifaqında bunu müzakirə edib, Moskvaya protokol göndərmək istəyirdilər ki, Rəsul Rza heç şair deyil. Duran-duran Rəsul Rzanı tənqid edirdi. Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov idi. İclası Osman Sarıvəlli aparırdı. Beşinci kursda oxuyanda uşaqlar üçün “Çəpiş” adlı kitabım çıxmışdı. Mən də istəyirdim ki, ittifaqa tez üzv olum. Osman Sarıvəlli də mənə kömək etmək istəyirdi. Əlimi qaldırdım, Osman Sarıvəlli elə bildi ki, mən də Rəsul Rzanı tənqid edəcəyəm. Mirzə də demişdi ki, cavanlardan da kimsə danışsın. Osman Sarıvəlli də xal qazanmağım üçün mənə söz verdi. Dedim ki, Kanada kimi poeziya az sevilən soyuq ölkədə Rəsul Rzanın 7 kitabı nəşr olunub. Azərbaycanda ədəbiyyat tənzim olunan bir idarədə “Lenin” mükafatının verilməsi ərəfəsində Rəsul Rzanı bu cür tənqid etmək ən azı nadanlıqdır. Əli Vəliyev qabaqda oturmuşdu. Dedi, nadan sənsən. Dedim, Əli müəllim, yalandan əhvalatları ədəbiyyata gətirmək hələ ədəbiyyat demək deyil. O tərəfdən İslam Səfərli qışqırdı. Ona da dedim, get nəğməni yaz. İslamla yeyib-içdiyimiz üçün ona çox da çəmkirmədim. Mirzə İbrahimov həqiqətən diplomat idi. Dedi ki, Vaqif bala, bu camaat sənə qulaq asmaq istəmir. Düş, getginən, nə vaxt qulaq asarlar bir də onda gələrsən (gülür). Orda hamının çıxışlarını çap etmişdilər, bircə mənim çıxışımdan bir cümlə vermişdilər. Belə yazmışdılar: “Vaqif Nəsib adlı cavan bir şair Rəsul Rzanı müdafiə etməyə cəhd göstərdi”.

- O vaxt konkret kimlər Rəsul Rzanın əleyhinə çıxış etdi?

- Yaddaşım məni aldatmırsa Asif Əfəndiyev tənqid etmişdi. Asif Əfəndiyev savadlı insan idi. Ancaq misallara keçəndə aləmi qarışdırırdı. Nəzəri cəhətdən söylədikləri ağıllı, savadlı olurdu.

- Rəsul Rza bizim ədəbiyyatda novator şair kimi tanınıb, yenilikçi şair olub. Dilimizə gələn sözləri təmizləməyə çalışırdı. Belə bir şairi Anarın əliylə sifarişlə tərifləyirlər. Anar da o qədər adamlara pislik edib, sancıb ki, heç kim də əlini ürəyinin üstünə qoyub Rəsul Rza haqqında yazmır. Çünki dərhal deyirlər ki, Anara yaltaqlanmaq üçün yazır. Anar bu boyda kişini kölgədə qoydu.

- Deyəsən yavaş-yavaş mətləb üstünə gəlirik. Onların ikisini də, atanı da, oğulu da tanıyan adamlardanam. Rəsul Rza ilə Anar tərs münasibət adamlardır. Rəsul Rza təpədən-dırnağa türk oğlu türk idi. Azərbaycanın böyük ziyalısı idi. Nazir olan da kinoteatrların adına kimi dəyişib milliləşdirmişdi.

Cəfər Cəfərov Mərkəzi Komitənin ideoloji katibi, Rəsulun da dostu idi. Onun vasitəsilə incəsənət jurnalı açıb, Anar vasitəsilə Azərbaycan incəsənətinə abidə yaratmaq istəyirdi. “Qobustan” jurnalı Rəsul Rzanın Azərbaycan xalqına bəxşidir.

- Anar həmişə fəxrlə deyir ki, mən “Qobustan” jurnalını min bir əziyyətlə çıxarmışam. Nələr çəkmişəm bir Allah bilir. Mən də yazmışdım ki, Anar Amerika “Malbro”su çəkərdi. Çünki jurnalı Vaqif müəllimgil çıxarıblar.

- Əli Kərimdən soruşanda ki, Əli, sən nə çəkirsən? Əli deyərdi ki, mən burnumu çəkirəm (gülür). Jurnala kağızı da biz özümüz daşıyırdıq. Belə əziyyətli vaxtlarda Anar ancaq burnunu çəkirdi. Tofiq Abdinə də, Azər Abdullaya da dedim o dövrü yazın. 50 dəfə dedim ki, kişiliyiniz olsun yazın o dövrü. Qarlı havalarda “Qobustan”ın kağızını daşıyırdıq, bu yazıqları fəhlə kimi işlədirdik. Tofiqlə, Azər kuzada, mən kabinkada gedirdim. Hətta Azər Abdulla “Solfecio dərsi” adlı hekayə də yazmışdı. Mənim haqqımda nisbətən müsbət şeylər yazmışdı. Yazmışdı ki, baş redaktordan fərqli məsul katib də bizimlə işləyirdi.

- Sizi “Qobustan” jurnalına Rəsul Rzanın simpatiyası olduğu üçün işə götürmüşdülər?

- Vidadi Paşayev Rəsul Rzanın vasitəsilə “Gənclik” nəşriyyatına baş redaktor keçdi. Rəsul Rza savadlı, parlaq adamlara həmişə qayğı göstərirdi. Baş redaktor yerinə İlyas Tapdıq gözünü dikmişdi. Yer boşalan kimi Rəsul Rza Cəfər Cəfərov vasitəsilə Vidadi Paşayevi ora baş redaktor göndərdi. Vidadi də Anarın yanında məsul katib idi. Onlar il yarım ərzində bircə nömrə buraxmışdılar. Vaqif Səmədoğlu ensiklopediyada musiqi redaksiyasının rəhbəri idi. Tərs kimi bir yerdə işləyirdik. Hər gün işdən qaçıb bulvardakı yeməkxanalarda yeyib-içirdik. Qayıdanda Rəsul Rza qabağımıza çıxırdı. İkimizə də deyirdi ki, milisioner qoyacağam qapıya, siz qaçanda tutsun (gülür). Pul, imkan olan kimi qaçırdıq. Rəsul Rza çağırdı məni, Anarla danışdı mənim yanımda. Dedi bu çox yaxşı işçidir. Başından eləyirdi e məni. Dedi orda daha çox xeyir verər deyə görə göndərirəm.

- Rəsul Rzanın özü içirdimi?

- İçirdi, ancaq çox içmirdi. Şəkəri var idi. Məni işə götürəndən sonra gəldik evinə. Nigar Rəfibəyli qulluq edirdi. Mən də içki içməyə təzə başlamışdım. Amma içki stajım kifayət qədər idi (gülür). Gördüm yaxşı süfrə açıblar, mənə dedi ki, sən də içirsənmi? Bir az fikirləşdim. Desəm yox içmirəm əldən çıxacaqdı.

- İçməyə nə idi?

- Çaxır da, araq da var idi. Dedim Rəsul müəllim adımız içir, özümüz də bir az içsək pis olmaz. Dedi iç, a bala, iç. Bir az oturub, məclisdən getdi.

- Kim vardı məclisdə?

- Anar idi, Fikrət Qoca idi. Siqaret damağında.

- Rəsul Rzanın yanında çəkirdi?

- Hə, çəkirdi. Moskvadan gəlmişdi. Rəsul Rzanın şeirlərini tərcümə edirdi.

- Əli Kərim yox idi orda?

- Yox.

- Əli Kərim sizdən böyük idi?

- Əli bizdən böyük idi. Əvvəlcə İncəsənət universitetində oxumuşdu. Burdan getmişdilər Moskvada Qorki adına İnstitutda oxumağa. Əli Kərim institutu fərqlənmə ilə qurtaran və axırıncı ildə ümumittifaq müsabiqəsindən mükafat alan adamdı.

- Əli Kərimin yaşadığı 401 nömrəli otaqda iki il yaşadım.

- “İlk simfoniya” poemasına görə ümumittifaq mükafatı almışdı.

- Rəsul Rza Anarla necə davranırdı? Anar özünü onun yanında necə aparırdı?

- Sərbəst aparırdı özünü. Rəsul Rza çox demokratik insan idi. İşçilərə qarşı da demokratik idi. Yalandan bir az hirslənirdi, sonra da hirsi soyurdu. Bir dəfə mən hələ yenicə işə girmişdim. “Semaşko”nun arxasında yeyib-içəndə məni it tutmuşdu. Quduzluğa qarşı iynə vurdular, on gün işə getmədim. Rəsul Rza deyib ki, bu nədi üç ay işləməmiş it “otpuska”sına çıxıb (gülür). Bu sözündən sonra rəngim qaçmışdı, pərt olmuşdum. İşə gəlib, ərizə yazıb verdim katibəsinə. Kağız-kuğuzumu toplayıb getmək istəyirdim, dedilər ki, səni çağırır. Gördü rəngim qaçıb, dedi, nədi? Dedim, ərizəmi yazmışam, gedirəm. Dedi, elə bildim bəhanə eləmisən. Səhv etdiyini söylədi. Az qala üzr istəyəcəkdi. Şeirlərimi “Ədəbiyyat qəzeti”nə, özümü istirahətə göndərdi.

- Bu yaxınlarda Yazıçılar Birliyinin qurultayının keçiriləcəyini deyirlər.

- Bir faktı deyim. Anarı “Qobustan”da işləyəndə demokratik adam bilirdim. Anarı bu qədər karyerist bilməzdim. On əlli, əlləriylə yox canyaqlarıyla vəzifədən yapışan ancaq Anarı görmüşəm.

Yazıçıların qurultayı qarşısında birliyin sədri “əvəzolunmaz” Anarın “nailiyyətlər”inin yığcam xülasəsi: Yazıçılar Birliyinin əsasən özünün, qismən də Fikrət Qocavarı ədəbi vəzir-vəkilinin həyətyanı təsərrüfatına çevrilməsi (ən son əməliyyatı eybəcərliyinə görə rekordlar kitabına düşə biləcək ev bölgüsü. Yazıçı payından böyük səxavətlə qeyri-yaradıcılara da mənzil paylayan (dədə malı kimi – halbuki Rəsul Rza buna yol verməz, oğluna qulaqburması verərdi) sədr, illərlə növbə gözləyən yazıçılardan kommersiya qrupları yaradıb və ev bölgüsü sahəsində yenilik yaradıb. Dörd nəfərdən ibarət qrupların hərəsinə bircə mənzil verib: Satın, pulunu aranızda bölüb başınıza çarə qılın. Bu kəşfi Anarın həm də təmsil yaradıcılığı hesab etmək olar – qrup üzvlərinin biri göyə, biri quruya, biri suya çəkməyindədir.

İllərlə yaradıcılıq prinsipləriylə işləyən təşkilatı Anar öz meyarı orqanına çevirib. Ona “bəli” deyənlər, yəni anarxislətlilər, “qədirbilənlər”, deməyənlər, nankorlar cəbhələrinə bölünüb. Yazıçıların televiziyada çıxışları, bütün ciddi-cəhdləri Anarın məktubu ilə başa gəlir. Qurultay kimi ali məclisi də öz dəyirmanına çevirir, iki minə yaxın üzv içərisindən özünün seçilə biləcəyi qurultay nümayəndələri seçir.

Sonra da əzilə-büzülə “mən işləmək istəmirdim, millət istəyir” deməsi...

Ən başlıcası prezident təqaüdünə təqdimatları. İndiyə kimi həmin təqaüdə layiq görülənlərin siyahısına qısa nəzər salaq: Fətəli Sahib, Xanımana Əlibəyli, Ramiz Heydər, Siyavuş Məmmədzadə (rus dili), Alla Axundova nəinki rus dili, Rusiya vətəndaşı, xristianlığı qəbul etmiş bəndə), Xeyrəddin Qoca, Ramiq Muxtar və başqaları.

Yazıçılar Birliyinin 80 illik yubileyini “təntənəli” keçirə bilməsi: Hər hansı bir təşkilatın günlərimizdə keçirilən 20, 30, 40 illik yubileylərində neçə əməkdaşın təltifinin şahidi oluruq. Anar və ətrafı hər cür xələtlə təmin olunduğundan yerdə qalanlara (seyransəxavətlərə, vaqifnəsiblərə, ramizrövşənlərə, vaqifcəbrayılzadələrə, rus dillilərdən natiqrəsulzadələrə) pay düşməsin deyə süni konflikt yaradıb, yazıçı şənliyini matəmə çevirə bilməsi.

İctimai Televiziya hər dəqiqə haqlı olaraq Azərbaycan gerçəkliklərinə dünya ictimaiyyətinin göz yummasını xatırladır. Kələntər Kələntərlilərin, Rafiq Tağıların qayğı payını kəsmiş birliyin haqqında da televiziyada ədəbi verilişlərin əvvəlində bu sözlər deyilsə yaxşı olar: “Dünya bir yana, Azərbaycan ictimaiyyəti bu ədəbi biabırçılığa və haqsızlığa hələ də dözür”.

- Anar sədr seçiləndə Moskvada tələbə idim. Arif Acalov gəlmişdi. O Pribaltikada elmi işçi, aspirant idi. Həmişə Moskvadan gəlib-gedirdi. Yanımıza da gəlirdi. Dedi ki, Anar sədr seçildi. Biz sevindik ki, sədrliyə demokratik insan gəldi. Anarı yenilikçi kimi təsəvvür edirdik. Qucaqlaşdıq, axşam yeyib-içdik. Arif bütün prosesi danışdı.

- İndiki Anar yəqin heç o günləri anmır. Öz hakimiyyətini yaradıb. Televizorda çıxış edənlər, gərək Anardan məktub alsınlar. Bir milis işçisi Vidadi Məmmədi təhqir etmişdi. Milis rəisi demokratik adam idi. Dedi, Vidadi pərt olma, onlar vəzifə ilə nəfəs alan adamlardır. Vəzifədən çıxanlar adicə vətəndaş kimi yaşaya bilməyib, ölürlər. İndi Anar da özünü o vəziyyətə salıb. Deyinir hərdən ki, yazmağa vaxtım olmur. İclaslar vaxtımı alır. Çıx, adi insan kimi yaşaya bilərsənsə, əsərlərini çap etdirə bilərsənsə, hər şeyin var, yazıçılığını elə də. Görünür, sən adi insan, adi yazıçı kimi yaşaya bilməyib, milis rəisləri kimi öləcəyini bilirsən.

- Anarın xarakterindəki mənfilikləri nə vaxtdan görməyə başladınız?

- “Qobustan”da işləyəndə “Dədə Qorqud” essesini gətirdi. Hələ çap etdirməmişdi. Orada tanıdım onu. Sən demə bu tərif istəyirmiş. Verdi mənə dedi ki, oxu, fikrini de. Mən başqa şey gözləyirdim. Dedim, hələlik bu esse iki imza ilə çap oluna bilər: “Azərbaycan xalqı, Anar”. Orda göstərdi özünü. Dedi ki, kaş hamıya qarşı belə obyektiv olasan. Sonradan bunun “Drujba narodov”da kitabı çıxırdı. Redaktor qadın gəlmişdi. Yeməkxanada yeyib içirdik. Məndən münasibət öyrənmək istədilər, elə bildilər Anarı tərifləyəcəyəm. Məndən əvvəl Əkrəm Əylisli sərt danışmışdı. Qadın istədi ki, pərtlik olmasın, mən müavinəm, mən tərifləyim. Dedi, sizin fikriniz nədir Anar haqqında. Dedim Anarın iki-üç yumoristik hekayəsini bəyənirəm.

- Bizim nəsil Anarla ədəbi polemikada oldu. Bircə yumruq davamız qalmışdı onlarla. Biz onlardan, mehribanlıq, qayğı görsəydik onların hər sözünü şişirdib, biabır etməzdik. Şəxsən mən Anarı zəif yazıçı da hesab etmirəm. İstedadlı adamdır. Amma bu adamın “Azərbaycanda ən yaxşı yazıçı AYB-nin sədri olmalıdır” fikri onu gülməli vəziyyətə salır.

- İndi Yazıçılar Birliyinin mənzərəsinə baxın bu dəqiqə ölü canlarla doludu. Camaat hansısa idarədə “ölü can” saxlayanda onu beynəlxalq məhkəməyə verirlər. O, Çingiz Abdullayev kimi nəhəng “ölü can” saxlayır. Həm də katib şəklində...

- Fikrət Qoca diridirmi ki?

- Fikrət Qocanı hələ demirəm. Ondan da qocaları var. Fikrət Sadıq heç işə gəlmir. Bu qədər işsiz yazıçı var. Rəsul Rza nə qədər cavan yazıçını işə götürmüşdü. İndi əlisəmidlər küçədə gəzə-gəzə bu qədər “ölü can,” saxlamaq nəyə lazımdır?

- Neçənci ildə Yazıçılar İttifaqına üzv olmusunuz?

- Vallah yadımdan çıxıb.

- İlk şeiriniz nə vaxt çap olunub?

- İlk şeirim 1956-cı ildə çap olunub.

- Artıq 57 ildir ədəbiyyatdasınız. Neçə povestiniz var?

- Povestlərim çoxdur.

- Hansı illərə qədər şeir yazdınız?

- Nə vaxt nəsrə keçdiyimi soruşsanız düz olar. “Cəfəroğlunun qayıtması” hekayəmə qədər şeir yazmışam. Hekayənin ilk adı “Cəfəroğlunun qayıtması” idi. Sonra KQB işə qarışdı. Guya “Cəfəroğlu” adı simvolik ikinci qanadıma qovuşmuşam. Cəfəroğlu gəlib hərənin imanına bir tula bağlayacaq-filan. Söz-zad gəlməsin deyə “Omaroğlunun qayıtması” elədilər.

- Cəfəroğlu kimi idi?

- Filoloq Əhməd Cəfəroğlu idi. Türkiyənin böyük alimi var Azərbaycan əsilli, ruslara qarşı Gəncədə də vuruşub. Onun haqqında “Kommunist” qəzetində fəlsəfə institutunun direktoru Firudin Köçərlinin məqaləsi vardı. Burdan ora demaqoqluq edirdilər ki, orda ikinci dəfə evlənib filan.

- Rəsul Rza məktəbi ilə Səməd Vurğun məktəbi qarşı-qarşıya olub. Amma maraqlısı ondadır ki, siz qazaxlı olsanız da Rəsul Rzanın yanında olmusunuz. Bu necə oldu?

- Rəsul Rza məni işə götürəndə dedi ki, Səməd Vurğuna necə baxırsan? Səməd Vurğunu tənqid etsəm məni işə götürməyəcəkdi. Sonradan bunu özü dedi. Dedim ki, Səməd Vurğun Azərbaycan ana şeirinin əlifba kitabıdır. Üstəlik dedim Rəsul müəllim, Qazaxdan Tiflis qatarı ilə gəlirdik Bakıya. Gürcülərin bizim o palçıq damlara ağız büzdüyünü çox görmüşəm. Həmişə Səməd Vurğunun misraları ilə təsəlli tapırdım:

Bu boz səhralarda ərlər, ərənlər,

Bir vətən eşqi ilə min yuva qurdu.

Torpaqlı damlarda ömür sürənlər,

Xosrov ordusunun döşündən vurdu.

Dedi ki, sən işə girdin, elə bildim mənə görə Səməd Vurğunu tənqid edəcəksən.

- Səməd Vurğunun Rəsul Rzaya antipatiyası olubmu?

- Vaqif Səmədoğlu bir az yalançı adamdır. Mən təklif edərdim ki, Vaqif Səmədoğlunun xalq şairliyi alınsın, ona xalq artisti adı verilsin. Vaqif Səmədoğlunun yazdıqlarına inansaq guya onlar həmişə qardaş olub. Sadəcə bu xalq bunları düşmən eləyib. Rəsul Rza Vaqifi məndən əvvələ işə götürmüşdü. Guya Səməd Vurğun öləndən sonra hamının bunların evindən ayağı kəsilib. Ən sadiq dostları da bunları itirib, axtarmayıblar. Rəsul Rza Nigar Rəfibəyli ilə onların qapılarını açan adam olub. Rəsul Rza bir il Səməd Vurğunun yubiley komitəsinin sədri olmuşdu, Qazaxa da getmişdi. Təzədən onu Qazaxda bir də düşmən elan etdilər. Nəyə görə? Molla Vəli Vidadinin qəbrinin üstündə aşıqlar başlayıblar çalıb oxumağa. Rəsul Rza da deyib ki, bəsdirin, ayıbdı, qəbiristanlıqda çalıb-oynamayın. Qazax camaatı da deyib ki, bu göygöz “narodnunu” kim gətirib bura? (gülür).

- Onların tərəfdarlarının da arasında konflikt var idi?

- Mən ensiklopediyada işləyəndə Hüseyn Arif “Söyüd payası” adlı şeir yazmışdı. Guya məni müdafiə eləmişdi ki, söyüddən paya vuranda söyüd ağac kimi dirilib, çəpəri dağıdır. Məni desant kimi Rəsul Rzanın çəpərinə yeridiblər. Guya mən söyüd payasıyam, Rəsul Rzanın çəpərini dağıdacağam (gülür).

P.S. Vaqif Nəsibin Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Hüseyn Arif, Vidadi Məmmədovla bağlı xatirələri bu günlərdə saytımızda olacaq...

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020
Kinematoqrafiya şöbəsinə yeni müdir təyin olundu
13:53 12 Avqust 2020
Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti
13:49 12 Avqust 2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
13:12 12 Avqust 2020
Özündən 45 yaş kiçik şagirdini hamilə qoyan müəllim
12:53 12 Avqust 2020
Azərbaycanlı yazarın kitabı Türkiyədə nəşr olundu
12:09 12 Avqust 2020
Mədəniyyət Nazirliyinin mətbuat katibi işindən ayrıldığını açıqladı
11:23 12 Avqust 2020
Əfsanəvi müğənninin gitarası rekord qiymətə satıldı
11:10 12 Avqust 2020
Namazı ana dilimizdə qılsaq, daha səmimi olarıq
10:31 12 Avqust 2020
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
09:57 12 Avqust 2020
Yollar bağışlamır gecikənləri - Könül Arifin şeirləri
09:00 12 Avqust 2020
Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020