news-inner
clock12:37 calendar-gray 02 Aprel 2021 view-gray5103 dəfə oxunub
view-gray5103 dəfə oxunub

10 ay əvvəl o yolda toy karvanımız düzülmüşdü – Şəhid xanımından ürək parçalayan yazı

Kulis.az Aprel şəhidi, baş leytenant Elvin Namazovun həyat yoldaşı Nuranə Namazovanın onun haqqında yazdığı yazını təqdim edir.

Əvvəl 7 ay Yeni Yasamalda kirayə yaşasaq da, hərbi şəhərciyə iki ay idi köçmüşdük. 30 yanvar 2016-cı ildə... Evlər hərbiçilərə təqdim olunarkən mənzilin açarını müdafiə naziri Zakir Həsənov özü təqdim etmişdi Elvinə. Yüksək bir ərazidə gözlərdən, insanlardan uzaq bir yerdə çoxları kimi xoşbəxt yaşayırdıq. Biz 5-ci mərtəbədə olurduq. 1-ci mərtəbədən 5-ci mərtəbəyə qalxanadək hər qapının qarşısında bir cüt botinka olurdu. Bəzilərinin evindən uşaq səsləri gəlirdi, bəziləri isə körpə səslərinin gələcəyi günü gözləyirdi.

Orda hərbçi ailələri sanki bir-birinə çox doğma idi. O ailələrin qorxduğu 3 ən ağır söz var idi: müharibə, şəhidlik, əsir düşmək...

Bu üç sözdən hansı biri reallaşardısa, deməli, o ailənin qiyaməti qopub, dünyası dağılıb, geriyə ancaq göz yaşı və fikirli düşüncələr qalıb. Hər kəs bilir ki, Xüsusi Təyinatlı Qüvvələrdəki hərbiçilər şəhid ola bilər, amma düşmənə heç vaxt əsir düşə bilməz. Əsir düşsə belə o isti nəfəsini deyil, soyuq bədənini təslim edər.

Hər zaman düşünürdüm ki, bir gün mütləq müharibə olacaq. Çünki o hərbiçilərin illərdir gizli etdiyi əməliyyatların bir gün bəhrəsi olmalı idi. Bu dünyada çox sirlər var. Onların bəziləri heç vaxt açılmayacaq. Xüsusi Təyinatlı Qüvvələrin də hərbiçiləri heç vaxt gördükləri əməliyyatların sirrini açmayacaq. Əgər hansısa qazi əməliyyatdan danışırsa onu belə təfsilatı ilə söyləməyəcək. Çünki məxfilik, hərbi sirr onlarda ən əsas qanundur.

5 ildir... Aprel döyüşlərinin üstündən 5 il keçir. 5 rəqəmi böyük olmasa da illərinə yerləşdirdiyi aylar, günlər çox ağırdır həm şəhid, həm da qazi ailələri üçün...

30 Mart 2016-cı il... Elvini sonuncu dəfə idi evdən təlimə yola salırdım. Həmin vaxtlarda onun simasındakı narahatlığı hiss edirdim. Bir gün əvvəl televizorda “Kırımlı” filminə baxdıq. Yadımdadır, onda Elvin görməsin deyə gizlin ağlamışdım. Çünki filmin sonunda döyüşçü oğlan və sevdiyi qız həlak olmuşdu. Bir anlıq məndə də o hiss yaranmışdı ki, Elvin müharibədə şəhid olsa, mən nə edərəm? Düşündüm ki, mən də ölərəm. Amma ölmədim...

Film qurtarandan sonra Elvinə “Nə vaxtsa müharibə olsa, sən özünü sağ saxlamağı bacar. Ən çətin vəziyyətdə belə düşün ki, səni evdə gözləyən var” - dedim. Elvin isə mənə “Hər şey vətən üçündür” dedi. “Bəs mən?” - dedim. “Sən də mənim Vətənimsən” - dedi. Onda başa düşdüm ki, Vətənini, ailəsini sevən insan nə qədər təhlükəli olur-olsun nə düşməndən, nə döyüşməkdən nə də ölümdən qorxar.

Belə də oldu.

Elvin martın 28-dən təlimlərə hazırlaşırdı. Təlimə getməmişdən bir gün əvvəl onun çantasını hazırladım. Bayram təzə qurtardığından evdə şəkərbura, paxlava var idi. Yeməyindən kompotunadək hər şeyi, geyimlərini yerləşdirib, çantasını hazır elədim. Sabah açıldı, səhər tezdən yuxudan oyanıb üzünü təmizlədi, formasını geyinib, ətirləndi. Bunu hər səhər edərdi. Amma bu dəfə ona “Elə bil, təlimə yox, toya gedirsən” - dedim. Dedi, bəs nə bilmişdin?

Aprel döyüşlərində düşmənə elə bir toy tutuldu ki, neçə illər keçsə də onu nə biz unudacağıq, nə də düşmən.

Aprelin 1-ə qədər Elvinin hansı rayona təlimə getdiyini bilmədim. Digər hərbiçi xanımlardan onların Yevlaxda olduğunu öyrəndim. Elvin mənimlə üç gün telefonla danışdı bir dəfə də olsun səsindəki narahatlığı bildirmədi.

May be an image of 1 person, military uniform and outdoors

Aprelin 1-i gecə saat 11-ə işləyərdi. Mətbəxdə qab yuyurdum. Bütün günü Elvin fikrimdən çıxmamışdı. Görəsən necədir? Gecə düşdü, hələ də danışmamışıq. Elə bu anda digər otaqdan telefonun zəngini eşitdim. Həmin dəqiqə bildim ki, Elvindir zəng vuran. On dəqiqə telefonla danışdıq. Danışdıqca özümdən asılı olmadan ağlamağa başladım. Elvin artıq hiss eləmişdi ki, mən çox qorxuram. Çünki aprelin 2-i Kəlbəcərin işğal günü idi. Əlamətdar günlərdə onlar xüsusi əməliyyatlar edirdilər. Qisasa-qisas onların başlıca amalıdır. Və bu da onlardan biri olacaqdı. Mən ağlamamağa çalışdıqca, səsimi düzlətmək istədikcə onun da narahatlığı artırdı:

“Sən ağlama, yoxsa mən burda nigaran qalaram. Özündən muğayat ol. Təlimlər bitsin, aprelin 5-ə qədər gələcəyəm. Gələ bilməsəm, 10 gün ərzində mütləq gələcəyəm” - dedi və telefonu söndürdü.

Aprelin 3-nə kimi nə qədər zəng vursam da telefonuna zəng çatmadı. Artıq o, aprelin 2-dən 3-nə keçən gecə şəhid olmuşdu. Hərbi şəhərcikdə tək qalmışdım. Elvinin valideynləri kənddə olduğundan nə onlar yanımda idi, nə də öz valideynlərimi çağırdım. Orda digər hərbiçi xanımları da tək idi, düşündüm ki, mən də onlardan biriyəm və tək qala bilərəm.

Biz xanımlar hər gün birimizin evinə yığışıb bu çətin günlərin bitəcəyini gözləyirdik.

Aprelin 2-i televizorda 12 hərbiçimizin şəhid olma xəbərini eşitdim. Həmin gün bildik ki, bizim həyat yoldaşlarımız da oradadır və hansısa mühüm tapşırığı yerinə yetirirlər. Dayanmadan Elvinə etdiyim zənglərin sayı-hesabı yox idi.

Aprelin 3-ü bir hərbçinin minaya düşdüyünü və ağır yaralandığını eşitdim. Ürəyim sanki sinəmdən çıxacaqdı. Elvin niyə zəng vurmur? Hamıya sual verirdim.

Sonda qayınatam zəng vurub Elvinin yaralandığını söylədi. İnanmadım. Çünki mənə deyilmişdi ki, Elvin özü zəng vurub danışacaq səninlə. Axşam oldu, Elvindən heç bir xəbər almadım. Artıq onun yaralı olduğuna inanmışdım. Atam Bakıdakı hospitallarda Elvini axtarmağa başladı. Hansı ünvana getdisə, ona bu adda hərbçi olmadığını dedilər. Bu, məndə Elvinin yaralı olmadığına ümid yaradırdı.

Hospitaldan çıxarkən atama Elvinin şəhid olduğu deyilir. Atam özünü toparlayıb bu xəbəri mənə necə verəcəyini düşünür. Zəng vurdu. Dedi, narahat olma, Elvin ayağından yüngül yaralanıb, Gəncədə hospitaldadır. Həmin an bərkdən ağladım. Amma nəyə ağladığımı bu gün də bilmirəm. Bilmirəm Elvinin yaralandığını eşidib kədərdənmi ağladım, yoxsa sağ qaldığına inanıb sevincdəmi. Hələ də o yaşadığımın nə olduğunu tapa bilmirəm.

Gəncə adı ilə məni Qazaxa apardılar. Yol boyu internetdən xəbərləri oxumayım deyə başımı yozurdular.

No description available.

Gəncəyə çatanda niyə hospitala dönmədiyimizi soruşdum, dedilər, indi Elvinin yanına girməyə icazə yoxdur, səhər açılanda hospitala qayıdacağıq.

Saat səhər 5-i göstərirdi. Uzun yol məni yormuşdu. Əlacsız atamın dediklərinə inandım. Amma yol boyu qorxum var idi ki, birdən məni aldadarlar. Bəlkə, Elvin şəhid olub, məndən gizlədirlər?

Ürəyimdə dua edirdim ki, 10 ay əvvəl qırmızı lent bağlanan bu qapıya qara lent vurulmasın.

Kəndə çatanda Elvinin doğmalarından gördüyüm mənzərə isə bu idi: yerə baxan baxışlar, qışqırıb ağlayan insanlar, Elvin şəhid olub deyən səslər...

Nə olurdu anlamırdım.

Elvin şəhid ola bilməz!

O mənə söz verib geri qayıdacaq!

Hamıya bunu deyirdim.

Qayınanama “Ağlama, Elvin gələndə bilsə ki, biz onun şəhid olduğuna inanmışıq, bizə acığı tutacaq” – söyləyirdim.

Beş günümüz hər gün ümidlə keçdi. Tərtər, Gəncə, Goranboydakı bütün morqlarda Elvini axtarışa verdik. Atam və Elvinin əmisi gələrkən gözündəki kədər, bənizindəki çökmüş ruh ifadəsi məndə qorxu yaradırdı. Atam orada Elvini görməsə də digər şəhidlərimizin nəşini görmüşdü. Ürəyi xəstə olan bir adam üçün bunlar çox ağır idi.

Beş gün ərzində çox şəhidlərin xəbərini eşidirdim və mənə elə gəlirdi ki, Elvin sağdı və qayıdacaq. Ermənilər həmin vaxtlarda internet saytlarında bizim şəhidlərimizin şəklini paylaşırdı. Hər erməni saytında şəhidlərimizin şəklini gördükcə dəhşətə gəlirdim. Həm onların düşmən əlində olmağına həm də birdən Elvinin də nəşini görərəm deyə...

Amma Elvin və 7 silahdaşı Talış yüksəkliyində - düşmənin 30 metrliyində şəhid olub, neytral ərazidə qalmışdılar. Düşmən onları ələ keçirməsin deyə əsgərlərimiz onları 5 gün ərzində qoruyublar.

Aprelin 8-i şəhidlərimizi Beynəlxalq Qırmızı Xaç komitəsinin təşkilatçılığı ilə ərazidən çıxartmışdılar.

Beş gün ərzində çox həyəcan keçirtdim. Sanki Allah bizə onu özü tez göndərmirdi ki, həmin o beş gün ərzində onun şəhidliyini qəbul edək. Əvvəl onun yaralı olmağını qəbul etmədim. Çarəsizliyim sonda onu qəbul etməyimə səbəb oldu. Gəlmədiyini gördükcə, artıq Şəhid olduğuna inanmışdım. Ən axırda isə şəhid olubsa, yetər ki, cənazəsi gəlsin, düşmənə qalmasın - dedim.

May be an image of 3 people, people standing and outerwear

Və aprelin 9-u səhər saat 7-də hər kəs oyaq idi. Bir anda gördüm ki, həyətin darvazaları açıqdır. Darvazaya yaxınlaşıb yola baxanda qarşıda polis maşınlarının, arxada bir ambulansın gəldiyini, yol boyunca düzülən insanları gördüm. Həyətin hər tərəfi bayraqlarla bəzəndi. Onda anladım ki, Elvini gətirirlər.

10 ay əvvəl bizim o yolda toy karvanımız düzülmüşdü.

Gülərək gəldiyim bu evdə indi onu göz yaşları içində qarşılayırdım.

Bir neçə saatın qonağı oldu Elvin.

Qırmızı rəngli, üçrəngli bayrağın büküldüyü tabutu məndə qəribə hisslər yaratmışdı. İnanmırdım və tabutun açılmasını istədim. Əvvəl razı olmurdu onu gətirən hərbiçilər, sonda tabut açıldı. Ruhunu tapşıran, günlərlə soyuq torpağın üstündə qalan bir insanın üzündə gülüş olarmı? Olar. Elvinin üzündə elə bir təbəssümü var idi, bu gün də inana bilmirəm, o doğurdanmı şəhid olub?

Tabutundan gözəl qoxu gəlirdi. Atam da, mən də əlimizi üzünə çəkdik. Saçı sığallı, üzünün tükləri bir az çıxmış halda sakit-sakit yatırdı. Ona toxunduğum andakı hissiyyat əlimdən hələ də getməyib. Bir möcüzə olsun onun soyuq bədəninə isti gəlsin istəyirdim.

Amma nə fayda!

Mən onu belə qarşılamaq istəmirdim.

Elvin ata olmalı idi. 26 yaşında bir gəncin, bir hərbiçinin ömrü orada bitməli deyildi. Vətən müharibəsində gözüm onu Şuşa fatehlərinin sırasında axtardı. Yaşasaydı bəlkə də 44 günlük müharibədə şəhid olacaqdı, amma ən azından 5 il artıq yaşayacaqdı. Onun ömrü Aprel döyüşlərində tamamlandı. 4 günlük müharibənin yüz şəhidindən biri oldu.

Hər zaman düşünürəm, yaşasaydı şərəfli xidmətinə görə, arzuladığı, general rütbəsini alacaqdı. Tanrı isə onu daha yüksək adla öz dərgahına apardı.

Şəhidliyin mübarək, Komutan!

Şəhidliyiniz mübarək, bütün şəhidlər!

news-inner-user

18422 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021