“İstəyirsiniz sizi ata edim, cənab Cekson”

“İstəyirsiniz sizi ata edim, cənab Cekson”
29 avqust 2013
# 07:30

«…Hər kəsə salam! - Kral Elvis camaatı salamladı - Tanış olun, bu mənim istəkli qızımdır, Lisa Mariya. Əlinizlə ona toxunmayın ha!.. Onun qarşısında ağzınızı açıb nəfəs belə almayın…

- Bağışlayın, əgər mən zökəm olmuşamsa və burnumla nəfəs ala bilmirəmsə, nə etməliyəm? - deyə Maykl ciddi-ciddi soruşdu. Yanında duran atası oğluna «ləzzətli» bir şillə vurdu.
Kral səs gələn tərəfə döndü və maraqla balaca Ceksonu başdan ayağa süzdü. Son beş ildə onunla zarafat eləməyə heç kim cürət etməmişdi. Bəs bu balaca qara oğlan kim idi belə?..»

Balaca Maykl Cozef Cekson və Ketrin Kruzun doqquz uşağından yeddincisi idi. O, 1958-ci il avqustun 29-da ABŞ-ın İndiana ştatının Qeri şəhərində dünyaya gəlib. Atası Cozef Cekson poladəritmə zavodunda, anası Ketrin Kruz isə univermaqda satıcı işləyirdi.

Anasının çox gözəl, məlahətli səsi olub. Hərdən oxuyardı da. Görünür, Mayklın səsi ona anasından genetik miras qalıb.
Həyatda sözün əsl mənasında yaşamağı bacaran Ketrin uşaqlarına Allaha sevgini, Allah üçün yaşamağı öyrətmişdi. Çünki Ketrin çalışırdı ki, övladları gözəl tərbiyə alsın, hər şeyi öyrənsin.

İncəsənətə meylli olduğu üçün uşaqlarına, xüsusilə Maykla (bəlkə də Ketrin Mayklın gözəl səsinin olmasının fərqinə çoxdan varmışdı) oxumağı, rəqs etməyi öyrədirdi. Sonralar Maykl deyirdi: «Həmişə istəmişəm ki, mehriban və cəsarətli olum - sevimli anam kimi».
Ceksonlar ailəsində hər kəs erkən oyanardı - səhər saat 5-də. Ata Cozef övladlarını tez oyanmağa və ev işləri ilə məşğul olmağa məcbur edirdi. Sözə qulaq asmayanı isə cəzalandırırdı: qulaqlarını burur, kəmərlə döyürdü.


Cozef qardaşı ilə birlikdə «Folkens» adlı kiçik musiqi qrupu yaratmışdı. Qrup Cozefin evində, otaqların birində məşq edirdi. Bu, həm Ceksonun, həm də qardaşlarının ilk musiqi məktəbi olur. Zaman keçdikcə Cozefin övladları, qardaşının uşaqları ilə birləşib böyük bir orkestr yaradır. Günlər keçdikcə Maykl qrupda digərlərindən fərqlənməyə başlayır.


İlk mükafatını səkkiz yaşı olanda alır. Uşaqlar arasında keçirilən şəhərlərarası mahnı müsabiqəsində qalib gəlir. «Mənim qızım» mahnısının ritmlərini dəyişdirərək özünəməxsus tərzdə oxumuşdu.

Maykl aldığı mükafatlardan çox həvəslənir və öz üzərində daha çox işləməyə başlayırdı. Maykl birinci sinifdə oxuyarkən məktəbdə baş tutan konsertdə çıxış etməli idi. Evdə müzakirələrdən sonra qərar verildi; Maykl «Dağlara dırmaşmaq» filmindən «Musiqinin səsi» mahnısını oxuyacaqdı. Növbə Maykla çatır. Kiçik addımları ilə səhnənin mərkəzinə doğru addımlayır. Həyəcanlıydı. Salona toplaşanlar arasında atasını axtardı. Cozef oğluna «mən sənə inanıram, sən bacaracaqsan» dedi. Maykl mahnının yarısını oxumuşdu ki, salondakılar ayağa qalxdı və onu ayaq üstə dinləməyə başladı. Hər kəs onu alqışlayırdı, gülümsəyirdi, hətta bəziləri ağlayırdı da. Maykl ilk dəfə başa düşdü ki, hər kəsi xoşbəxt edə bilər. Maykla elə gəlirdi ki, o, heç bir şey etməyib, sadəcə, oxuyub. Hər axşam evdə oxuduğu kimi. Amma salona toplaşanların bu cür reaksiyasını birinci dəfə idi ki, görürdü. Bir an Maykla elə gəldi ki, 8 illik həyatının ən gözəl hisslərini yaşayır. Sonda kubok Maykla verildi.


O zaman oğlunu bağrına basan Cozef Maykla bunları demişdi: «Əgər bu gün səhnədə göstərdiyin performansı gələcəkdə də davam etdirə bilsən, o zaman bütün mükafatlar sənin olacaq».

Atalar da hərdən olduğu kimi görünmür


- Atacan, lazım deyil, xahiş edirəm! - yeddi yaşlı Maykl burnundan aldığı zərbədən yerində fırlandı.

- Lənətə gələsən, - Cozef Cekson dişlərini qıcıyaraq söylədi və bir siqaret yandırdı.

- Ata, bağışla, amma sən də həmçinin… - ehtiyatsız hazırcavablığına görə gözünün altına da bir yumruq zərbəsi də dəydi.

- Böyüklərin sözünü kəsmə, Mayki. Sən mənim gözlərimin qarşısında böyümüsən. Sənə bu cür tərbiyə verməmişəm.

- Ata, mən bu cür rəqs edirəm və oxumaq istəyirəm…

Cozef əsəbiləşərək əlini qaldırıb Mayklın o biri gözünə də zərbə vurmaq istədi, amma evdə həyat yoldaşı Ketrinin gur səsi eşidildi; o, hamını nahara çağırırdı.

...Böyük dairəvi, üzərinə yaşıl süfrə salınmış masanın ətrafında hər kəs səssizcə əyləşmişdi: Rebbi, Ceki, Tito, Cermen, La Toya, Marlon və Rendi. Ana Ketrin isə özünü narahat hiss edir.

Hamilədir və o, gələcək Canet Ceksonu dünyaya gətirəcək. Ketrin səliqə ilə yeməkləri boşqablara doldurur. Ailə başçısı isə ağzına mərci alıb aram-aram çeynəyir, əlində pult televizorda kanalları tez-tez dəyişir, maraqlı nəsə axtarırdı.

- Hə, uşaqlar, bu gün hamımız üçün kədərli olacaq, - sanki Cozef ailəyə nəsə söz verirdi, - bu «zırrama» həm oxumaq istəyir, həm də rəqs eləmək.

- Ata, bəs istəyirsən biz Ceki ilə birlikdə həm oxuyaq, həm də rəqs edək, - haqqını tələb edirmiş kimi burnundan axan qanı əlinin üstü ilə silə-silə Maykl təklif edir. - Qonşular deyirlər ki, bu bizdə pis alınmır. Ceki və Tito rəqs edirlər, Cermen ilə mən oxuyuruq…

Otağa sakitlik çökür. Cozef bir-bir övladlarının dördünə də baxır və nə isə düşünürmüş kimi başını aşağı salır. 5 dəqiqə sonra masanın üstündə heç nə yox idi, süfrə yığışdırılmışdı, qablar yuyulmuşdu, ata isə həmişəki kimi nahardan sonra otağın küncündə olan divanında əyləşmişdi. Otağın ortasında isə qardaşlar insanın ruhuna sakitlik gətirən mahnı oxuyurdular. Mahnı atanı heç vaxt olmadığı bir yerlərə, çox uzaqlara aparmışdı. Uşaqlar oxuyub qurtardıqdan sonra Cozef nə isə fikirləşdi və dedi:

- Deməli belə, uşaqlar. Mən sizdən super qrup yaradacağam. Siz çoxlu pul qazanacaqsınız. Amma siz beş nəfər olmalısınız.

- Elə niyə ata? - gələcəyin super ulduzları bir səslə soruşdular.

- Çünki siz «Bitls» deyilsiniz.

Və beləcə qərara gəldilər.

Məşhur “Ceksonun beşliyi"

«Jackson 5» qrupu ilk üç ili müxtəlif klublarda, barlarda çıxış etdi. 1968-ci ildə dayanmadan, yorulmadan çıxışlar edən qrup tam bir təsadüflə qarşılaşır. Buna «dövlət quşu» da demək olardı. «The Vancouvers» qrupunun meneceri Bobbi Teylor «Jackson 5» qrupu ilə maraqlanmağa başlayır. Bir neçə aydan sonra isə hər fürsəti dəyərləndirməyi bacaran, işgüzar Cozef ilk albomun işıq üzü görməsi üçün müqaviləni imzalayır.


Qrupun ilk dörd sinqlı elə həmin ay «bestseller» oldu. Bu, Cozef üçün heç də təəccüblü deyildi. Övladlarının nəyə qadir olduğunu o çox yaxşı bilirdi. Ailə üzvləri çox sevinirdi. Çünki tez bir zamanda populyarlıq əldə edən qrupu qısa bir vaxtda ölkənin hər yerində tanımağa başladılar və ailə daxilində də köklü dəyişikliklər gedir: Ceki ağ ipək paltarlar geyinməyə başlayır, Tito Uolt Disneyin bütün cizgi filmlərini alır… Maykl isə hər gün zooparka gedir.
- Başa düşürsən, mən insanlarla yola gedə bilmirəm, - özünə inamlı, amma bir az kədərli halda tüklü Kanada porsuğuna gileylənirdi. - Heyvanlar isə heç olmasa məni dinləməyi bacarırlar… Və ümumiyyətlə, mən sizinlə daha çox xoşbəxtəm, nəinki onlarla. Bilirsən, insanlar elə hesab edirlər ki, məni yaxşı tanıyırlar, hər halda, onlar heç nə bilmirlər. Mən axı dünyanın ən yalqız, ən bədbəxt insanlarından biriyəm. Hərdən buna görə ağlayıram. Bu məni incidir. Çox… Lap çox… Bəlkə də mən, mən olduğum üçün bədbəxtəm”.


Porsuq isə sanki Mayklın ona dediklərini bəyənməyərək xoruldaya-xoruldaya sürünüb yuvasına girdi. Maykl dərindən nəfəs alır, qonşu qəfəsdəki maralın yanına yaxınlaşır və davam edir:

- Dünən mən müəlliməm ilə birlikdə üç saat dərs hazırladıq, sonra isə dərhal studiyaya getdim və biz yenə səsyazma ilə məşğul olduq… Bu gün bura gələndə böyük bir parkdan keçirdim. Orada uşaqlar oynayırdılar və mən də bir az istədim onlarla oynayım… Amma atam deyir ki, işləmək lazımdır, oynamaq yox. Eybi yoxdur, nə vaxtsa, - Maykl yumruğunu bərk-bərk sıxır və istehza ilə gülümsəyir, - mən yenə oynayaram. Yenə oynayaram.

...Cekson qardaşları bütün ölkənin gözü qarşısında böyüyürdü. Böyük qardaşlar Rebbi və Cekinin artıq 20 yaşı tamam olmuşdu və onlarla tanış olmaq istəyən qızların demək olar ki, hamısı ilə yaxından ünsiyyət qurmuşdular. O zaman Mayklın 14 yaşı vardı və o, üzündə yaranmış yeniyetməlik sızanaqlarından əziyyət çəkirdi.

Bu sızanaqlar həqiqi mənada onun həyatını zəhərləmişdi. Maykl mümkün olan hər şeydən istifadə edirdi: üzünə sızanaq əleyhinə müxtəlif kremlər sürtür, ən bahalı dermatoloqların (dəri xəstəlikləri həkimi-red.) yanına gedirdi. Diaqnoz isə həmişə eyni olurdu: «Sızanaqlar yeniyetməlik dövrünün əlamətləridir. İki ildən sonra keçib gedəcək. Narahat olmayın, cavan oğlan».

Cavan oğlan isə o dərəcədə narahat olurdu ki, hətta vanna otağına girəndə işıqları söndürürdü ki, sızanaqlı üzünü güzgüdə görməsin.

Hər şey dermatoloqların dediyi kimi oldu. Uğursuz sızanaqlar düz iki ildən sonra yoxa çıxdı və Maykl həyata yenidən maraq göstərməyə başladı.

1976-cı ildə «Jackson 5» qrupu Amerikada daha çox turnelərə başlayır. Bir dəfə Las-Veqasda konsert zamanı qrupun meneceri tövşüyə-tövşüyə narahat halda qrim otağına daxil olur və deyir ki, salonda tamaşaçılar arasında Elvis Presli qızı ilə birlikdə əyləşib. «Elə isə konsertdən sonra bizə də baş çəkər», - deyə Cozef parıldayan gözləri ilə gülümsəyərək təklif edir. Elə də olur.

- Hər kəsə salam! - Kral Elvis ömrünün son illərini yaşayırdı, çox gücsüz görünürdü. - Tanış olun, bu mənim istəkli qızımdır, Liza Mariya. Əlinizlə ona toxunmayın ha!.. Onun qarşısında ağzınızı açıb nəfəs belə almayın…

- Bağışlayın, əgər mən zökəm olmuşamsa və burnumla nəfəs ala bilmirəmsə, nə etməliyəm? - deyə Maykl ciddi-ciddi soruşur. Və elə buna görə də yanan atasından «ləzzətli» bir sillə alır.

Elvis səs gələn tərəfə dönür və maraqla balaca Ceksonu başdan ayağa süzür. Onunla son beş ildə zarafat eləməyə heç kim cürət etməmişdi. Hətta Elvis zarafatın necə olduğunu belə unutmuşdu. Bəs bu balaca qara oğlan kimi idi belə? Kral bir an düşünərək qızına tərəf döndü:

- Bax, əzizim, necə də gözəldi! - Elvis qızını Maykla tərəf itələyir. - Böyüyəndə onunla dostluq edərsən. O, zarafat etməkdən qorxmur, az kişi tapılar ki, bunu bacarsın.

İstedadlı cənab Cekson Liza Mariya Presli ilə birlikdə

Maykl məşhurlaşdıqca yumor hissləri də get-gedə inkişaf edirdi və bu onun yaradıcılığına da təsirsiz ötüşmürdü. 14 yaşı olanda artıq ilk solo albomu işıq üzü görür. Qardaşlarının, xüsusilə də atasının köməyi olmadan hazırlamışdı albomu. İkinci solo albomundakı əsas mahnı isə milli hit paradda birinci yerdə idi.

«Jackson 5» qrupunun bütün uğurlarını üstələmişdi. Mayklın 20 yaşı olanda isə «Öz ölkəsindən olan cadugər» filminin Afrika-Amerikan versiyasında çəkilir, eyni zamanda «Off the wall» albomunu yazır. Tənqidçilər albomu «müasir musiqi dünyasının ən yaxşısı» adlandırırlar.

Bir gün ata Cozef başa düşür ki, ailənin klounu olan Maykl (hər halda onun nəzərində belə idi) çox irəli gedib və ola bilsin ki, bundan da qabağa gedəcək, atasının yaratdığı qrupu çox geridə qoyacaq, bəlkə də unutduracaq.

- Sən mənim heç nəyə yaramayan oğlumsan, - Cozef əsəbi halda siqarının kötük hissəsini dişləyir və ağzı ilə külqabının içinə tullayır. - Birincisi, sən çox istedadlısan, - sözünə bir az fasilə verir, heç bir reaksiya yox idi. - İkincisi, deyəsən, «vitiliqo»(dəri xəstəliyi-red.) sənə irsi keçib…

- Dolayısı ilə, - deyə Maykl kinayə ilə deyir. - Yaxşı bəs indi sizin «mirasınız» məndə necə görünür?

- Sol qulağın necədi?

Maykl ehtiyatla güzgüyə baxır və gördüyündən dəhşətə gəlir: naməlum ağ ləkələr vardı qulağında. Dünən yatanda qulağının bir hissəsi belə olmuşdu, indi isə bütün qulağı ağ ləkə ilə örtülüb.

- Dərin getdikcə məhv olur, - atası Cozef qətiyyətlə söylədi. - Mənim nənəmin, Allah ona rəhmət eləsin, ölümqabağı bütün bədəni ağ ləkə ilə dolu idi. Dalmatin itləri kimi.

- Dalmatin itlərində əksinədir, ata. - Maykl atasının səhvini düzəldir. - Və onlar - itdirlər, mən isə - super ulduzam.

Bu ağ ləkələr Mayklı çox üzürdü. Əsl görəcəkləri isə hələ arxada idi.

Debbi Rou ilə birlikdə


Səkkiz ildən sonra Avropanın ən təcrübəli dermatoloqları Maykla «vitiliqo» diaqnozu qoydular. İyirmi ildən sonra isə Cekson normal dəri piqmentlərinin 80%-ni itirir və günəş altına çıxmaq ona qəti qadağan edilir.


Maykl həyatında tarazlığı qorumaq üçün buna əməl etməli idi: dünya çapında uğurlarını davam etdirmək üçün üzünün dərisini dəyişdirməli idi.


...Hələlik isə «Epic» studiyasında səsyazma sessiyaları davam edirdi. Və budur, uzun sürən və zəhmətli işin bəhrəsi: super «Thriller», gözəl «Bad» və ustalıqla hazırlanmış «Dangerous».


Artıq hər kəs onu sevməyə başlamışdı. Ən gözəl oxuyan kimdir - bizim Maykl, ən dəbli geyinən kimdir - bizim Maykl…

...Yenicə işıq üzü görən «Dangerous» albomuna həsr edilmiş Nyu-York konsertindən sonra Mayklı qrim otağında bir qız gözləyirdi. Fanata oxşayırdı. Çox bahalı paltarlar geyinmişdi, filtrsiz siqaret çəkirdi və maraqlı baxışlarla milyonların sevimlisinə baxırdı.

- Nə olub, tanımırsan? - Maykl çaşqın halda başını yelləyir. - Eh səni, deyəsən, yaddaşın da ulduz olub… mən - Liza Mariya Presli. Rəhmətlik Kral Elvisin qızıyam. Yadındadır, atam bizi tanış etmişdi…

- Həə, əlbəttə, tanıdım! - Maykl əli ilə mühafizəçiyə işarə edir ki, içməyə bir şey gətirsin. - Mən sizi görməyimə son dərəcə şadam! Onlar həmin gün əylənir, deyib-gülürdülər.

Liza Mariya da sevincindən yerə-göyə sığmırdı. Çox şad olmuşdu. Amma bu cəmi iki həftə çəkdi. Cəmi iki həftə birlikdə gəzdilər, bir-birlərinə kitab oxudular, ağır, «ulduzlu» günlərini xatırladılar. Heç özləri də fərqinə varmadan bir-birlərinə ən yaxın dost, insan oldular. İki həftədən sonra Maykl «Dangerous» adlı dünya turuna çıxması ərəfəsində Liza Mariyaya zəng edir:

- Lizacan, xahiş edirəm incimə, mən uzun müddət olmayacağam… hərdən mənim evimə gedərsən - Masklzı yedirdərsən. Onun üçün bu günlər çox ağır olacaq. O, günü-gündən solur. Hərdən mənə elə gəlir ki, yaşamaq istəmir.

- Hə, əlbəttə, - heç düşünmədən Liza Mariya razılaşır. - A… bir də Maykl, bu sənin itindir?

- Yox, o mənim pitonumdur, - mehriban səslə Maykl söyləyir. - Elə şirindir ki, özün görəcəksən.

Xanım Presli çox cəsarətli idi, piton Masklz isə həqiqətən də çox şirin və xoşagələn ilan idi.

Bir neçə ildən sonra Maykl başa düşür ki, Liza Mariyasız keçirdiyi günlər ona çox adi və mənasız görünür. Onsuz çox darıxır. Liza qarşılaşdığı birinci insan idi ki, onu dinləməyi bacarırdı.

Əlbəttə, Maykl çoxdan ona evlənmə təklifini edərdi, lakin bir «amma»sı var idi: Liza Mariya musiqiçi Denni Kyu ilə demək olar ki, «evli» idi». Yəni rəsmi evli olsalar da, ayrı yaşayırdılar. Denni Kyu Lizanı Maykla çox qısqanırdı. Onu dəlicəsinə sevirdi. Bunu Maykl hiss etmişdi. Buna görə də Denninin qarşısına çıxmaq istəmirdi. Amma Lizadan da vaz keçmək istəmirdi.

Bir gün axşam çəkinə-çəkinə, dili dolaşa-dolaşa Lizaya etiraf etdi:

- Liza, söylə, əgər mən sənə indi desəm ki, səni sevirəm və istəyirəm mənim həyat yoldaşım olasan, sən ondan boşanarsan? Adı nəydi onun… Kyu ilə.

- Hə, iki gündən sonra! - Liza Mariya sevincindən dəlicəsinə qışqırmağa başladı. Doğrudan da o, evliliyə üç həftə qalmış Dennidən rəsmi boşanır.

Arzuladığım kimi ana


İlk vaxtlar hər şey qaydasında gedirdi. Lakin sonradan hər şey dəyişdi. Maykl buna hiddətlənməyə bilmirdi; son zamanlar həyat yoldaşı dözülməz hala çatmışdı: heç vaxt evdə tapılmır, evdə olanda isə xoş sözlər eşitmək, onunla bir kəlmə kəsmək mümkün olmurdu, ancaq qəzetlərdən onun haqqında oxuya bilmək olurdu - hara gedir, nə iş görür. Və ən əsası beyninə yeridib ki, ancaq 35 yaşından sonra hamilə qalacaq! Guya indi ona uşaq lazım deyil! Axı, bu, nə deməkdir? Kiminlə oyun oynadığını bilmir o… Bu cür fikirlərlə Maykl müalicə aldığı həkim dermatoloqun yanına gedir.


- Qəbul otağında gözləyin, cənab Cekson, həkim hələ ki məşğuldur, - bir az dolu, fındıqburun tibb bacısı Debbi hiss eləyir ki, super ulduzun içində nəsə bir ağırlıq var. O, Mayklı divanda əyləşdirir və ona bitki çayı hazırlayır: - Buyurun, için, siz əməlli-başlı zəifləmisiniz. Belə olmaz!.. Debbi səfehlik etdiyini başa düşür, yanaqları qızarır və sürətli addımlarla otaqdan çıxır.


Yarım saatdan sonra Debbi Rounun elə də yekə olmayan gözlərindən yaş damırdı. Cənab Cekson elə yaxşı, elə gözəl, elə istedadlı insandır ki…


- Və elə bədbəxtdir ki, - deyə Maykl onun sözlərini tamamlayır və ümid dolu baxışlarla Debbiyə baxırdı.

Yanaqları xəfif qızaran Debbi tibb papağını üzünə sıxaraq sanki yanaqlarındakı qızartını gizlətmək istəyirdi. Yavaşca, dodaqlarını tərpədir:


- İstəyirsiniz mən sizə kömək edim, cənab Cekson?

- Nə ilə? Necə?

- Hmm, necə? Yəni… sizi ata edə bilərəm. Mən sizin üçün hər şey etməyə hazıram, - birdən başını yellədərək, - və əlbəttə heç bir pul istəmədən. Təbii ki, əgər siz mənimlə birlikdə olmağa qarşı deyilsinizsə...

Maykl onun bu hərəkətinə heyran qalmışdı. O, əlbəttə, çox şeyi düşünürdü, amma nədənsə belə bir variant ağlına gəlməmişdi. Dərindən nəfəs alır və içində tüğyan edən peşmanlıq hissi ilə etiraf edir (sanki bunu heç kim bilmirdi):

- Axı, mən evliyəm…

- Önəmli deyil… - Debbi qəti şəkildə söyləyir.

- Yox, hər halda, bu, nəsə məna kəsb edir, - sanki Maykl Debbini təhdid edirdi, amma qəfildən sevindi. - Ancaq mən boşana bilərəm!
Maykl Liza Mariya ilə boşanandan doqquz ay sonra Debbi ilə ailə həyatı qurur.

Əvvəlcə balaca Prins Maykl dünyaya gəlir, sonra Peris Maykl Ketrin, daha sonra - hər iki tərəf Maykl və Debbi anlaşmanı yada salırlar. Artıq işlər görülüb. Deməli, ayrılıq vaxtıdır. Debbi yenidən xəstəxanaya dönüb, əvvəlki həyatına qayıtmalıdır.


Debbi əsl kişi kimi sözünün üstündə durur. Mayklı xoşbəxt etmək üçün onun yanında idi. Mayklın xoşbəxtliyi isə əlində məsum üzlü- öz qanından, canından olan uşağını tutmaq idi. Debbi Maykla övlad bəxş etmək üçün onunla idi.


Debbi və Maykl vaxtilə xəstəxananın səssiz koridorunda danışdıqları kimi boşandılar. Debbi yenidən o xəstəxanaya qayıdır. Bəlkə də tez-tez o səssiz koridora gedib Mayklı xatırlayacaqdı.
Maykl yenidən subay gəzməyə, dolanmağa başlayır. Doğrudur, o, həmişə xəyal etdiyi subaylığı əldə etmişdi: qucağında iki uşağı olan subay ata.


Boşansalar da Maykl Debbi ilə əlaqə saxlayır, müəyyən məsləhətlər alırdı. Əlbəttə, Maykl atası Cozef kimi doqquz uşağının olmasını istəyirdi. Amma onun ciddi problemi var idi - o, işində məsuliyyətli, yorulmadan çalışan Maykl Cekson idi.

Ölümün adı - 12:21

...25 iyun 2009-cu il. Los-Anjeles. Yerli vaxtla saat 12:21. Otağın pəncərəsindən düşən günəşin narıncı şüaları altında döşəmədə uzanmış Mayklın üz cizgiləri aydın seçilirdi. Huşunu itirərək yıxılmışdı. 3 dəqiqə 17 saniyədən sonra həkimlər Mayklın ürək döyüntülərini yoxlayırdılar. Gözləri açıq qalmışdı, ürəyi isə artıq döyünmürdü... O ölmüşdü. Milyonların sevimlisi artıq yox idi həyatda. Evindəki pitonla da artıq heç kim danışmayacaq, kimsə ürəyini ona açmayacaqdı. Özünü bu həyatda bədbəxt hesab edən Maykl bəlkə də indi xoşbəxt idi…


Onun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirildi. Kimisi dedi öldürüblər, kimisi dedi özünü öldürüb və s… Amma çox keçmir ki, rəsmi məlumat açıqlanır. İstintaq tibb testlərinin nəticələrinə görə, Cekson güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat edib. Pop kralı Los-Anjelesin «Forest Lawn» xiyabanında dəfn edilir.

# 3986 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #