news-inner
clock17:00 calendar-gray 08 Yanvar 2021 view-gray5958 dəfə oxunub
view-gray5958 dəfə oxunub

Təzə il və Musa Yaqub

Kulis.az yazıçı-publisist Qorxmaz Şıxalıoğlunun "Təzə il və Musa Yaqub" məqaləsini təqdim edir.

Qapımızı döyən Təzə ildən bir yazı qaralamaq istəyirdim. Çünki, uşaqlıqda yaşadığım Təzə il sevincinin işığı hələ də ürəyimdən getməyib. Məktəbdə yolka bəzəməyimizdən tutmuş o bayram gecəsi ilə bağlı evdə gedən hazırlıqlara qədər hər şey yaddaşımda dipdiri qalıb. Anamın o axşam bişirdiyi aşın qoxusu da burnumdadır. O illər Təzə il bayramı çox təmtəraqlı keçirilərdi. Novruz bayramı onun kölgəsində qalardı. Daha səbəbini hamınız bilirsiniz, uzunçuluq eləmirəm. Uzaqlarda qalan o Təzə il ovqatından bəhs edən iki-üç yazı qələmə almışam, çap olunub da. Amma ürəyimdə 20-30 vərəqlik “xammal” şəklində qalanı da var. Bir sözlə, elə bu düşüncələrə baş vurduğum bir axşam yazıçı dostlarımdan biri zəng elədi. Ordan-burdan danışdıq... və Musa Yaqubu xəbər aldı məndən. “Yaxşıdır” dedim. Təbii ki, cavabımdan sevindi və qayıtdı ki, Musa Yaqubdan təzə bir şey yaz da. Dostumun sözü, doğrudan da məni yerimdən elədi. Gördüm ki, M.Yaqub Təzə ilə güc gəlir. Və düşündüm ki, Musa müəllim təpədən dırnağa elə Təzə ildir də. Şeirini oxuyursan ruhun təzələnir. Onunla bağlı əhvalatlar, söhbətlər yada düşür, könlün açılır. Daha Təzə il necə olur? Doğrudan da, onun şeirlərini nə vaxt oxusan, təzə gəlir adama.

Musa Yaqubla bağlı 7-8 il əvvəl böyük bir yazım çap olunub. Kitabımda iki-üç şeirim də var onun adına. Düzü, Musa müəllimdən yazan müəllifin işi asandır. Çünki nə yazsan, oxuyacaqlar.

On-on beş il əvvəlin söhbətidir. Rejissor dostum Vəli Səyyadi ilə İsmayıllıya - M.Yaquba baş çəkməyə getmişdik. İyunun əvvəlləri idi. Evin qarşısındakı böyük quruluqda oturub çay içirdik. Bilmirəm, nədən söz düşdüsə, qəfildən Musa müəllim qayıtdı ki, istəyirəm sizi aparım İsmayıl ağacını görəsiz. Düzü, palıd, göyrüş, cökə, vələs, qızılağac... ağacı eşitmişdim, ancaq şair dostumuzun dediyi “təbiət nümunəsi”ndən xəbərsiz idim. Nə isə... Üz tutduq Musa müəllimgilin evinin yaxınlığındakı Şirvan Milli Parkına. Ətraf beş rayonla yanaşı, bu park İsmayıllıdan da müəyyən ərazini əhatə edir. “Park” deyəndə ki, bu, təbii meşə sahəsi idi. Musa müəllim bir vələs ağacının yanında ayaq saxladı: “Bu da İsmayıl ağacı, - bizim karıxıb qaldığımızdan həzz alırmış kimi gülümsədi, - bax İsmayıl bu ağacın budağında oxuyur o mahnını” – dedi. Nəhayət, bizə çatdı ki, söhbət “Ögey ana” filmindən gedir. Qəribədir, elə filmlər var ki, ordakı ağaclar da simvola çevrilir. Əslində, bəzi insanlar da elədir. Onlar yaşadığı torpağın simvolu kimi qəbul edilir. Dəfələrlə şahidi olmuşam: İsmayıllıdan söz düşən kimi, söhbət gəlib Musa Yaqubun üstünə çıxır. İndiyə kimi harda M.Yaqubun adı çəkilibsə, şeirləri kimi, həmişə onun şəxsinə də böyük hörmət və ehtiram görmüşəm.

Fürsət düşmüşkən, mən bu “İsmayıl ağacı” ilə bağlı bir məqama toxunmaq istəyirəm. İsmayılın oturduğu budaq adamı təəccübləndirəcək dərəcədə gövdənin aşağısından bitib, ağac “qaydaları”ndan kənara çıxıb. Belə ağaclara çox az-az təsadüf olunur. Onu da deyim ki, “Ögey ana” filmi İsmayıllının Qalacıq kəndində çəkilib. Buynuz, çox yaxın olmasa da, hər halda Qalacığa qonşu kənd hesab olunur. Görünür, filmin rejissoru Qalacıq meşələrini ayaqdan salandan sonra gəlib Buynuza çıxıbmış və “İsmayıl ağacı”nı burda tapıbmış. Bu xırda detal sənətə olan ciddi münasibətin göstəricisi kimi mənə çox maraqlı gəldi, ona görə üstündə dayandım. Əbəs yerə deyil ki, yaşı altmışı keçən “Ögey ana”ya tamaşaçı bu gün də həvəslə baxır.

...Yavaş-yavaş geri qayıdırdıq. Yazın ruhu insana həyatın, yaşamağın gözəlliyindən danışırdı. Musa müəllim addımbaşı ayaq saxlayırdı. Ən xırda çiçəyi də göstərib bizi imtahana çəkirdi: “Bu çiçəyin adı nədir? Özünüz də televiziyada işləyirsiniz - deyə zarafatından qalmırdı - bax, bu ləçəkləri bənövşəyi, içində xırda sarısı olan, noxuddan da balaca çiçəyin adı zəngçiçəyidir. Soruşan-zad olsa, məəttəl qalmayın.” Musa müəllim bu gül-çiçək dünyası ilə bizi marifləndirməyə çalışanda çoxdankı bir epizod yadıma düşdü. 1989-cu il sentyabrın sonları idi. Mən onda Yazıçıların Şüvəlan Yaradıcılıq Evində işləyirdim. Musa müəllim bir həftə olardı ki, burda dincəlirdi. Yaxınlıqdakı Şüvəlan gülçülük savxozunun işçiləri M.Yaqubla görüş təşkil eləmişdi. O vaxtlar bu ənənə çox geniş yayılmışdı. Hətta bu təntənəli görüşlər televiziya ilə yayımlanırdı. Bu da insanları kitaba, ədəbiyyata, sözə, sənətə daha çox bağlayırdı. Bu mənada belə görüşlərin cəmiyyətə təsiri böyük idi. İndi kitaba, ziyalı sözünə soyuqluğu görəndə düşünürsən ki, o ənənənin dirçəldilməsinə böyük ehtiyac var. Nə isə...

Klubda, dastan dili ilə desək, iynə atsaydın, yerə düşməzdi. Hardasa 3 saata yaxın çəkdi bu görüş. Musa müəllim şeir deməkdən yorulmuşdu. Amma auditoriya onu buraxmaq istəmirdi. Görüş sona çatanda məlum oldu ki, şairə verilən gül-çiçək dəstələrini aparmaq üçün maşın lazımdır. Doğrudan da, sağ olsun sovxozun direktoru, bizə bir “RAF” markalı maşın ayırdı...

İndi Musa müəllimlə Şirvan Parkında addımladıqca Şüvəlandakı o səhnələr bir kino lenti kimi gözümün qabağından keçirdi. Belə görüşlər Müsa Yaqubun taleyində çox olub. Elə neçəsində mən özüm də iştirak etmişəm.

Yadımdadır, aprel ayı idi. On il əvvəldən danışıram. Xəzər Universitetində M.Yaqubla görüş keçirilirdi. Tədbirin aparıcısı hamının işıqlı bir insan kimi hörmət bəslədiyi Vurğun Əyyub idi. Bu görüşdə maraqlı məqamlar çox oldu. Ancaq ən yadda qalan bir epizodu deyim sizə. Hamı M.Yaqubun öz dilindən eşitmək istəyirdi şeirlərini. Onun intonasiyasında şirin bir kələkötürlük var, bəlkə də buna görə. Axıra yaxın yorulan şair növbəti şeirini söyləyəndə azca duruxdu, görünürdü ki, növbəti bəndi yada sala bilmirdi. Elə bu anda zalda ayaqüstə dayanan tələbələrdən biri – ucaboylu bir qız gur səslə həmin şeirin ardını söyləməyə başladı. Bir anda salonu alqış sədaları bürüdü. Bu səhnə hamını təsirləndirmişdi. Musa müəllimin üzündə qəribə bir işıq vardı. V.Əyyub dedi: “Elə şairin xoşbəxtliyi bundadır. Bu şairlər doğrudan da əbədi yaşayır.” V.Əyyub hamının ürəyindən keçəni və hamıya Gün kimi aydın olan bir həqiqəti dilə gətirdi...

Musa Yaqub təkcə gözəl şair yox, həm də gözəl insandır. Onunla yol getmək, söhbət etmək, süfrə arxasında əyləşmək çox xoşdur...

M.Yaqubdan söz açmaq bilirsiz nəyə bənzəyir? Hesab elə, bir bürkülü iyul axşamı yaxın dostun sənə zəng edib deyir ki, gəl sabah tezdən gedək İsmayıllıya, bir-iki gün dincələk, səhər çörəyini də Basqal yolunda yeyərik.

Bax, M.Yaqubun adı gələndə belə bir xoş ovqata köklənirsən, elə bil İsmayıllı meşələrinin ətirli mehi vurur səni.

Bu qırx ildə çox rast gəlmişəm: bəzi şairlər “o, yaxşı təbiət şairidir” deyib M.Yaqubun, necə deyərlər, əl-ayağını yığıb tez bir qırağa qoyurlar. Yəni poeziya, böyük zirvələr M.Yaqubluq deyil, onunku dağdır, meşədir, çaydır və s. Dostlar, M.Yaqub həm təbiət şairidir, həm də cəmiyyət. Təbiətsiz, cəmiyyətsiz də, elə sözün hər mənasında böyük şairdir.

Dostumuz, iqtisadçi-alim Yunus Sadıqov danışıb mənə: “İsraildən gəlirdim. Təyyarədə yanımda əyləşən yəhudi professor İsmayıllıdan olduğumu biləndə başladı M.Yaqubdan şeir deməyə. Bəlkə də, yeddi-səkkiz şeirini əzbər söylədi. Özü də bizim Tibb Universitetinin müəllimi idi”...

...Xoşbulaqda çəkilişlər aparırdıq. Bütün yamaclar, çöl-çəmən gül-çiçək içində idi. Kəndin ağsaqqallarından olan ədəbiyyat müəllimi Saleh kişi ilə görüşəsi olduq. Həyətindəki ağacın altında xalça-palaz sərdi, süfrə açdı bizə. Şeirdən, sənətdən danışırdıq. Saleh kişi başladı Musa Yaqubu göylərə qaldırmağa. Eləmədim tənbəllik, M.Yaquba zəng eləyib telefonu verdim Saleh müəllimə. Dedim ki, buyurun, Musa Yaqubla danışın. Kişi özünü itirdi. Gördüm ki, dili-dodağı, səsi əsir, nə dediyini, nə danışdığını nə özü bildi, nə də mən. Sözü uzatmıram, Saleh kişinin belə hal keçirməsi, əlbəttə ki, M.Yaquba olan dərin hörmətdən irəli gəlirdi. Düzünə qalsa, bu hal mənə yaxşı tanış idi. 1977-ci ilin oktyabrında ilk dəfə olaraq İsmayıllı rayon qəzetinə şeir aparmışdım. O vaxtlar “Zəhmətkeş” adlı bu qəzetin redaktoru M.Yaqub idi.

Ürəyim əsə-əsə Musa Yaqubun qapısını döydüm. Şeiri ona necə təqdim eləməyim elə bil bir yuxu idi. Özümü itirmişdim, onu ilk dəfə görürdüm. O, mənim dama-dama vərəqdə yazdığım şeiri oxuyub, “apar ver Əkrəmə” dedi. Əkrəm müəllim qəzetin əməkdaşı idi. Bir həftə sonra o şeir qəzetdə şap olundu...

Beləcə, Saleh kişinin bu halı o payız gününü yadıma saldı.

...1995-ci il mayın axırları idi. AzTV-dən İsmayıllıya ezamiyyətə getmişdik. İki nəfər idik – mən və operator Vaqif Babayev. “Torpaq” verilişini çəkirdik (Mənim işim həmişə ağır siyasi proqramlarla bağlı olub. “Torpaq”, hərdən baş redaktorun, bir növ mənə dincəlmək üçün fürsət tanıdığı bir veriliş idi). Fikirləşdim ki, Musa Yaqubu da çəkim. Çünki Musa müəllim səmimiliyinə və təbiiliyinə görə elə bir parça torpaq idi gözümdə. Hələ demirəm ki, onun “Torpaq” adlı şeri dilimin əzbəri idi. Qoy fürsət düşmüşkən, o şeirin, heç olmasa bircə bəndini deyim:

Rəngi bir, həmişə qanunu da bir,
Nə ölən, nə də ki itəndir torpaq.
Bitən sünbülüylə ruzi verəndir,
Ana məzarıyla vətəndir torpaq.

Yadımdadır, ilk dəfə jurnalda oxuduğum bu şeiri sonralar kitabda görəndə çox pis olmuşdum. Kitabın redaktoru “ana məzarıyla” sözlərini “doğma məzarlarla” kimi dəyişərək şeirdəki ürəyi götürüb, yerinə ağıl qoymuşdu...

...Musa müəllimi tapdım. Dedi ki, mən belə çəkilə bilmərəm. Gedək bir tikə çörək yeyək, sonra danışım. Bu “bir tikə çörək” məsələsi mənə Gün kimi aydın idi. Düzü, mən də “sürüşməyə” hazır idim.

"Çox əziyyət çəkirəm" - Musa Yaqub

Topçu meşəsinin ağzında, Qəbələ yolunun üstündəki kafenin böyük həyətində nəhəng bir qovağın altında süfrə açıldı. Məclisin şirin yerində Musa müəllim birdən qayıtdı ki, arağın ən yaxşı xüsusiyyəti nədir? Başladım ki, bəs araq qanı duruldur, onun sürətini artırır. Bu da adamı duyğulandırır, ilhamlandırır və s. Musa müəllim kəskin şəkildə: “Yox, bilmirsən!” dedi. Nəhayət, çox dəhşətli bir sirr açırmış kimi pıçıltı ilə dilləndi: “Bu sirri sənə bir şərtlə açıram ki, gərək heç yerdə ağzından qaçırmayasan, - mən nəfəsimi içimə çəkib ona diqqət kəsilmişdim - bax, bu pomidoru görürsən, onu yemək üçün gərək əvvəlcə bir xeyli çeynəyəsən, sonra da udasan. Bax ət də elə, xiyar da elə, alça da, gilas da, - başladı masanın üstündəkiləri sadalamağa. Sonra da araq badəsini ehmalca əlinə götürdü, - Ancaq araq... Pahhh...bir qram adama əziyyət vermir. Elə başıva çəkməyini görürsən. Daha bunu çeynə, ud ...heç nə lazım olmur”.

Sovet dövrü ən məxfi hərbi hissələrdə xidmət keçən əsgər və zabitlərə qoyulan qadağanın müddəti 25 il idi. Bu müddətdə onlar öz hərbi hissələri ilə bağlı heç nə danışa bilməzdilər. Mən də bir keçmiş sovet əsgəri kimi Musa müəllimin mənə etibar etdiyi bu sirri düz 25 il sonra açıram...

...Meşənin dərinliyinə getdik. Balaca bir çayın qırağında yerə yıxılmış ağacın üstündə Musa müəllimi kamalı-ədəblə əyləşdirdik. Vaqif kameranı çoxdan sazlamışdı. Tanıyanların hamısı təsdiqləyər: qışda da, yayda da Musa müəllimin üzündə sağlamlıqdan xəbər verən bir qızartı görərsən. Adətən qarlı-şaxtalı havada çöldən gələn adamın üzü belə olur. Baxdım ki,, Musa müəllimin üzündə Sibir şaxtasının izi var.

Çəkiliş başa çatdı. Burda bir məqamı da yada salmaq istəyirəm. Mən hələ bu ezamiyyətə getməmişdən əvvəl eşitmişdim ki, İsmayıllıdan M.Yaqubu deputat seçmək istəyirlər. Bunu ondan soruşanda qayıtdı ki, belə bir əhvalat baş verməlidir. “Ay Musa müəllim, sən o deputatlıqdan yuxarı dayanan bir adamsan. Bu deputatlıq sənin nəyinə lazımdır?” iradıma o, çox könülsüz şəkildə dediklərimi təsdiqləyən bir cavab verdi: “O günləri Telli Pənahqızı gəlmişdi İsmayıllıya . Çox qəribədir ki, o da mənə eyni sözləri dedi.”

Düzü, mən beynimdə “Musa Yaqub” və “deputat” sözlərini heç cür bir-birinə doğmalaşdıra bilmirdim. Bir yerdə qaynayan yağla suyun bir-birinə qarşımadığı kimi bu sözlər də heç cür bir-birinə yapışmırdı.

Mən M.Yaqub yaradıcılığını əvvəldən axıra kimi oxumuşam. Özü də dəfələrlə. Onun Lenin, partiya mövzusunda bir misrası belə yoxdur. Ona görə də M.Yaqubun bu deputatlığından gözüm su içmirdi. İçimdəki vurnuxmalar da bununla bağlı idi. Mənim nəzərimdə onun təkcə “Dağlar çox qəribə olur gecələr” şeiri tərəzidə əlli deputatdan ağır gəlirdi.

Həə... 1995-ci ildə Musa Yaqub Milli Məclisə deputat seçildi. Və tarix mənim yanılmadığımı təsdiq etdi.(bu cümlə Gülümsərovsayağı oldu) İnanmayan onun 1995-2000-ci illərdə yazdığı şeirlərini oxusun.

M.Yaqub hansısa qəliblərə özünü uyğunlaşdırsın, cümlələrini rəndələyib danışsın, durub tribunadan nitq irad eləsin - bunu təsəvvür eləmək belə çətindir. Şair Məmməd İsmayıl demişkən, M.Yaqub dağ yamacından selin qoparıb gətirdiyi köklü-köməcli nəhəng bir palıd kötüyünə bənzəyir. O, dağlarla, qayalarla, çaylarla həmsöhbət olmalıdır, onlarla nəfəs almalıdır. M.Yaqubun daş-divarı mərmər, oturacqları yupyumşaq, gündüz də işıqları yanan iclas zallarında nə işi var? Gözünüzün qabağına gətirin: M.Yaqub kompyuter qarşısında əyləşib. Necədir? Alınır? Sizi deyə bilmərəm, mənim gözümdə kompyuter qaya parçasına, ağac kötüyünə çevrilir. Hesab eləyin ki, şabalıd, ya qoz ağacından usta qapı bağlayır. Ancaq o qapının bir-iki yerində plastik materialdan istifadə eləyir. Uyğun gəlmir ki? M.Yaqub da elə.

Yeri gəlib, qoy deyim. Sovet vaxtında Musa Yaqub bir “Moskviç” alıbmış ki, ayağını yerdən götürsün. Danışır ki, nə illah elədim normal maşın sürməyi, yol işarələrini öyrənə bilmədim. İsmayıllıda elə uzaqdan kim “Moskviç”imi görürdüsə, tez maşını qırağa verib saxlayırdı ki, mən keçim gedim...

...45 dəqiqəlik “Torpaq” verilişinin 14 dəqiqəsi Musa Yaquba həsr olunmuşdu. Efirə getməzdən əvvəl verilişə baxan baş redaktor: “ Əə, sən neyləmisən? Baxan kimi bilinir ki, bu adam içib. “Mən bu iradı gözləyirdim, ona görə də cavabım çoxdan hazır idi: “ Nazir deyil, polis rəisi deyil, şairdi də. “Baş redaktor razılaşmadı: “7-8 dəqiqədən artıq olmasın. Yaxın planlarda görünən yerlərə ağac, çay vur, içməyi çox bilinməsin”. Süjeti kəsməyə əlim gəlmirdi. Özümü çatdırdım AzTV-nin televiziya üzrə sədr müavini Nahid müəllimə. Mən ona “dünyanın ən təmiz adamı” deyirdim. Allah ona qəni-qəni rəhmət eləsin. Bilirdim ki, o, M. Yaqubla dostdur.

- Mirzə (çoxuna belə müraciət eləyirdi), baş redaktora mən deyərəm, necə var elə də ver getsin, heç nə kəsmə, - məsələdən hali olan Nahid müəllim dedi, - özüm də bir azdan yola çıxıram, axşam Buynuzda Musanın yanında olacağam, gecə orda qalıb, səhər də Gədəbəyə - kəndə gedəcəyəm...

...Bir az əvvəl “Zəhmətkeş” qəzetinin əməkdaşı rəhmətlik Əkrəm müəllimin adını çəkdim. Sonralar mən onunla dostlaşdım. Bölgə müxbiri olduğum illərdə Əkrəm Şirinov Rayon İcra Hakimiyyətində işləyirdi və biz tez-tez görüşərdik. Elə bu hekayəti də onun dilindən eşitmişəm: “Sovet vaxtıdır. M.Yaqub, mən, bir də başqa iki dostumuz oturduq “Villis”-ə. Yaxşı yemək götürmüşük, bir banka da iki litrlik zoğal arağı, hardasa 60-70 qradus olar. Üzü dağlara tərəf üz tutmuşuq. Yolun qırağında maşını saxladıq. Sumkanı götürüb qayaların, yarğanların içindən keçən cığırla M.Yaqubun çox sevdiyi böyük qara daşa tərəfə gedirik. Nəsə, tanış məkana gəlib çatdıq. İri qara daşın üstünə qəzetdən süfrə sərdik. Yeməkləri sumkadan çıxardıq... Kefimiz ala buluddadır. Söhbət, zarafat və... məclisin şirin yerində araq qurtardı. Rayondan çıxanda fikirləşirdik ki, dörd nəfərə bu banka artıqlaması ilə bəs edəcək. Ay hay... Yeməyin də çoxu qalıb. Qara daşdan “Villis”-ə kimi iyirmi dəqiqədən çox yol var, rayon mərkəzinə də 25 km. Bu tərəfdən də axşam düşür. Geri qayıdası olduq. Suyumuz süzülə-süzülə “Villis”ə tərəf gedirik. Bıçaq vursan, qan çıxmaz bizdən. Mənim əlimdə boş bankadır, bir dostumuz da sumkanı götürüb, Musanın əli boşdur. Heç birimiz dinmirik. Birdən Musa qayıtdı ki, Əkrəm, o bankanı ver bir az da mən aparım. Fikir vermədim, dedim boş bankadı da. Bir az keçdi, yenə Musanın səsi gəldi: “Əkrəm, bankanı bəri elə, əlin yorulub sənin”. O vaxtlar banka çətin tapılırdı. Yoldaşım tapşırmışdı ki, bankanı qaytar gətir. Üçüncü dəfə deyəndə bankanı verdim. Musa qabı almağı ilə qaya aşağı tolazlamağı bir oldu: “Əkrəm, bu banka gələcəkdə başqalarını da bizim kimi bədbəxt eləyəcək”. Sonra da yana-yana qayıtdı ki, “əə, heç iki kiloluq da banka olar?”

Bu içki söhbəti üstündə bir qədər dayanmaq istəyirəm. Sənət adamlarının çoxunu içən görmüşəm, o cümlədən M.Yaqubu da. Onun Buynuzdakı həyətində kimlər çörək kəsməyib? Sadalasam, bir kitab olar. İsmayıllıya üz tutanlar ən birinci Buynuza - Musa Yaqubun yanına gedirlər. Yaz-yay aylarında isə M.Yaqubun qonaqlarının sayı-hesabı olmur. Qonağa da, o filmdə deyildiyi kimi, süfrə açarlar. Və bu süfrədə, əlbəttə, araq da olmalıdır, çaxır da. M.Yaqubu 40 ildən çoxdur tanıyıram. Təkrar edirəm: O, şeirində necə təbii və səmimidirsə, məclisdə də, yol gedəndə də eyni cürdür. Onunla bir məclisdə çörək kəsmək, söhbət etmək adamın ömrünü uzadır.

Bir yay günü Buynuzun yanından keçib gedən Göyçay çayının qırağındakı kafedə M.Yaqub, mən və rejissor dostum Vəli Səyyadi xudmani bir məclis qurmuşduq. Elə təzəcə bir tikə çörək kəsmişdik ki, Musa müəllimin əl telefonu zəng çaldı. Məlum oldu ki, kinossenarist Eldəniz Quliyevdir. Dedi ki, Buynuza çataçatdadır. On dəqiqədən sonra E.Quliyev maşınını kafenin tuşunda saxladı. Kafe ilə yol arasındakı 7-8 metrlik məsafə daşlarla dolu çaylaq yeri olduğundan ehtiyatla addım atan E.Quliyev gülə-gülə: “Ay Musa, qorxuram yıxılam ee” dedi. Musa Yaqub elə bil bu sözü gözləyirdi: “Eldəniz, sənin yıxılmağından zərər yoxdur, əlindəki botulkanı möhkəm tut.” Doğrudan da, Musa müəəllimin narahatlığına dəyərdi. Onun dostunun gətirdiyi “botulka” iki litrlik Moskva arağı idi. Məclisimiz bir az da işıqlandı. M.Yaqub şirin-şirin danışır, onbeş-iyirmi addımlıqdakı Göyçay çayının suları oxuyur, yaxınlıqdakı dağlar sanki bizə əl edib “Nuş olsun!” deyir, qarşı yamacdakı meşənin üstündə görünən qartal ruhumuzu bir az da qanadlandırırdı. İndi gəl araq içmə. Burada araq yox, lap kislota iç, adama heç nə eləyəsi deyil. Belədə gəl bəzi ağzıgöyçəklərin ağzının əyrisini düzəlt ki, bəs filankəs içəndi. Dostlar, Musa müəllim kimi araq içmək hər kişinin işi deyil. Necə ki, onun kimi şeir yazmaq. Diqqətli olun!

...İsmayıllının Talıstan kəndində uzun illər kolxoz sədri işləmiş Bilal Mahmudov da M.Yaqubun hörmət etdiyi kişilərdən olub. Hamı ona “Bilal dayı” deyərdi. Böyük nüfuz sahibi idi. Vaxtı ilə Səməd Vurğun Talıstanda Bilal dayının qonağı olub. Elə şair “Talıstan” poemasını da, bəlkə elə Bilal dayıya görə yazıb.

80-ci illərin əvvəllərində, 9 May - Qələbə Günü ərəfəsində İsmayıllı rayon partiya komitəsinin birinci katibi və rayonun bütün rəhbər heyəti, kolxoz sədrləri Bilal dayının ad gününə yığışırlar. Masalar aşıb-daşır, qədəhlər dolub. Bilal dayıya söz verilir. O, çıxışını çox uzaqdan başlayır və nəhayət gəlib çıxır 1941-ci ilin iyununa - müharibə başlayan günə. Yubileyə gedir deyə çörəyini də yeməyən adamlar təbii ki, Bilal dayının son cümləsini gözləyirlər ki, “Qış Sarayına hücum” başlasın. Ancaq ağsaqqal dərindən bir nəfəs dərib, təzə söz alıbmış kimi çıxışına davam eləyir: “İsti bir gündə bizi maşınla İsmayıllıdan gətirdilər Qaraməryəmə”. Elə burda fürsət gözləyən ovçular kimi, başına döndüyüm Musa Yaqub tez badəni götürüb durur ayağa: “Bilal dayı, sən Allah, beşcə dəqiqə Qaraməryəmdə ləngi, biz bunu içək”. Daha Bilal dayı Qaraməryəmdən o yana keçə bilmir. Yemək-içmək, deyib-gülmək, zarafat başlayır...

Onun mənimlə də bağlı bir-iki zarafatı var. Amma onlardan ən ürəyimə yatanı dilə gətirmək istəyirəm. Musa müəllim deyir ki, sənin şeir yazmağın qaratikan kolunun çiçək açmağına bənzəyir. Dostlar, bu zarafatı sadəcə bir təşbeh kimi qəbul etməyin. Qaratikan kolunun çiçək açmağı bir zülmlü işdir. Mənim “Zəhmətkeş” qəzetinə şeir apardığım gündən indiyə kimi vur-tut üç kitabım çap olunub.

Musa müəllimin çox şairin yaradıcılığına təsiri var. Ancaq heç kim bilmir ki, o, uzun illər Buynuz kəndində müəllim, sonra da məktəbin direktoru işləyib. Nə qədər şagirdin həyatında dərin iz qoyub. Onun bu məktəbdə qoyduğu təməl çox möhkəm olub. Hər il Buynuz kənd məktəbindən neçə-neçə məzun yüksək balla ali təhsil ocaqlarına qəbul olunur. “Ədəbiyyatımız Musa Yaqub timsalında gözəl bir şair qazandısa, pedaqogikamız Musa Yaqubov adlı əvəzsiz bir müəllimini itirdi”. Bu sözləri vaxtı ilə Musa müəllimin dərs dediyi şagirdlərdən biri, hüquqşünas alim Simran Həsənov deyir. Mən də öz növbəmdə deyim ki, poeziya vurğunu olan Simran müəllim M.Yaqubun “mənəm” deyən şeirlərindən çoxunu əzbər bilir.

2018-ci il mayın 25-i idi. “Neft daşları” qəzetinin baş redaktoru, dostum Xeyrulla Ağayevlə İsmayıllıya gedirdik – M.Yaqubun yanına. Artıq bir aydan çox idi ki, saytlar Musa Yaqubun ağır xəstə yatdığını yazırdı. Səhər saat 10-da Buynuza çatdıq. Musa müəllim alt evdə yatırdı. O, bizi eşidirdi, ancaq danışa bilmirdi. Xeyrulla 10 il Buynuzda müəllim işləyib, onunla çox məclislərdə olub. Ona görə də, arada zarafatlaşıb Musa müəllimin könlünü açmaq istəyirdi. Lakin, şair o halda deyildi. M.Yaqub əlini qaldırıb qızı Yaquta “Qonaqlara çay ver” işarəsi verdi. Ömür boyu evi qonaq-qaralı olan, yeyib-içən, şirin söhbətli, həlim, ünsiyyətcil Musa müəllimi bu gündə görmək bizim üçün çox ağır idi. Çay boğazımızdan keçmirdi, Musa müəllimə xatir bir-iki qurtum içəsi olduq. Gördüm ki, yenə qızına yeməklə bağlı işarə verir. Təbii ki, razılaşmadıq. Bu ağır halında da onun bu cür qonaqpərvərliyi məni kövrəltdi. Gözlərimin yaşardığını görməsin deyə, tez üzümü yana çevirdim. Siz Allah, mənə bədniyabət adam deməyin. Fikirləşdim ki, uzaq-uzaq, Musa müəllimə bir şey olsa, mən Buynuza necə gedəcəyəm? Musa müəllim yoxdursa, daha Buynuz nəyimə gərəkdir? Vallah, sağ qalmağıma, yaşamağıma utanacağam. Gördüm ki, Xeyrulla da mənim günümdədir, elə bildim indicə ağlayacaq. Sağ olsun, özünü ələ aldı və hündür səslə: “Ay Musa müəllim, Qorxmaz sənin haqqında bir şeir yazıb, “Kulis”də çıxıb. Qoy oxuyum, qulaq as”. Xeyrulla telefonun yaddaşındakı şeiri oxumağa başladı. “Eşitdim ki, Musa Yaqub xəstələnib” başlığı ilə yazdığım o şeirdən bir bəndi yada salmaq istəyirəm:

...Deyirlər İsgəndər quşları bu gün
Yığışıb Buynuza gəlmək istəyir.
Qartallar əl çəkmir kəndin üstündən,
Şairin halını bilmək istəyir...

Musa müəllim əlini yavaşca ürəyinin üstünə qoydu. Onun razılıq ifadə eləyən işıqdolu baxışları üzümə zillənmişdi. O, mənə beləcə minnətdarlığını bildirirdi. Əsas deyəcəyim bu deyil. Birdən nə baş versə yaxşıdır? Bəlkə də inanmazsız, - M.Yaqub danışmağa başladı. “Şükür sənin birliyinə, Allah!” dedim ürəyimdə.

İndi də Xeyrulla o səhnədən heyrətlə danışır...

M.Yaqub deyir ki, Xeyrulla olan yerdə xeyir-bərəkət olar həmişə. Burda Xeyrullanın M.Yaqubla bağlı danışdığı bir epizodu da xatırlamaq istəyirəm. 1981-ci ilin noyabr ayının son günü İsmayıllıda baş verən məlum zəlzələni Musa müəllim rayon mərkəzində qarşılayır. Çünki iş yeri burda idi. Onda xəbər gəzirmiş ki, sabahkı gecə də zəlzələ gözlənilir. Musa müəllim deyir ki, ertəsi gün kəndə - anamgilə getdim. Gecəni orda qaldım, anamın yanında yatdım. Bilirdim ki, anamın yanında mənə heç nə olmaz.

M.Yaqub atasını erkən itirib. Düşündüm ki, bir vaxtlar o atasız evdə balacalar gecələr analarına qısılıb yatıblar. Belədə onlar özlərini daha rahat, daha arxayın hiss ediblər. Görünür, neçə illər keçməsinə baxmayaraq, bu hiss Musa müəllimin ürəyindən silinməyibmiş. Onu da deyim ki, M.Yaqubun atasının ölümü ilə bağlı ən daş ürəkli adamı ipəyə döndərən bir şeiri də var...

İndi qayıdıram yazımın əvvəlinə. “İsmayıl ağacı” ilə tanış olub, geri dönəndə yolda üzündən nəciblik yağan ucaboylu bir oğlanla rastlaşdıq. O, bu parkın səlahiyyətli nümayəndəsi idi. Həm də biz biləndə ki, o, məşhur Rəfibəylilər nəslindəndir, söhbətimiz bir az da şirinləşdi. Onun dilindən eşitdiyim bu sözlər indi də yadımdam çıxmır: “Mən bu qoruğu mühafizə edirəm, Musa müəllim isə bütün Azərbaycan təbiətini. Onun burdakı varlığı heç kimə bu tərəflərə, bizim bu qoruğa tamah salmağa imkan vermir.” Təzəcə tanış olduğumuz bu oğlanın söhbətindən anladım ki, o, Musa Yaqubun şeirləri ilə yaxından tanışdır. Mən də o şeirlərin çoxunu əzbər bilirəm. Bir anda o şeirlərdən neçə-neçə misra şimşək işığı kimi parıldayıb keçdi beynimdən. Düşündüm ki, bu şeirlər yüz il, min il sonra da keçib gedən zamana və insan talelərinə şahidlik edəcək, bu torpağı, bu dağları, bu meşələri, bu çayları elə indiki kimi qoruyacaq. Musa Yaqub poeziyasının haqqı da, gücü də elə bu həqiqətdədir.

***

Onda Təzə ilə sanılı günlər qalırdı. Qış tətilinə buraxmışdılar bizi. Kəndə də möhkəm qar yağmışdı. Yadımdadır, elə o vaxtlar yuxarıda adını çəkdiyim “Zəhmətkeş” qəzetinin sonuncu – dördüncü səhifəsində M.Yaqubun kiçik bir şeiri çap olunmuşdu. O bapbalaca şeir elə bil ürəyimdə bir çıraq yandırdı. 50 il keçib o tarixdən. Ancaq indi də hər dəfə təzə il yaxınlaşanda o şeir yadıma düşür. Və yazımı da elə onunla tamamlayıram:

Ulduztək üstümə səpələn, ey qar
Geyindir əynimə soyuq bir donu.
Sənin ki bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduztək üstümə səpələn, ey qar,
Belə təmizlikə isinmək olar.

news-inner-user

20044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tərəf müqabili ilə üçaylıq sevgi yaşayan, evi olmadığı üçün qarajda qalan, iki dəfə intihara cəhd edən Xalq artisti
21:00 28 Sentyabr 2021
Vətən Müharibəsi qəhrəmanı haqqında film çəkilir
18:50 28 Sentyabr 2021
Bakı Beynəlxalq Kitab Sərgisində nələr olacaq?
18:15 28 Sentyabr 2021
Sahilənin Sənanı və "Şeyx"i
17:28 28 Sentyabr 2021
Onun geridəqalmışlığı mükafata layiqdir – Aqşin Yenisey yazır
16:44 28 Sentyabr 2021
Filmimiz beynəlxalq festivalın ən yaxşısı oldu
15:59 28 Sentyabr 2021
Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri
15:10 28 Sentyabr 2021
Baydarovun filmi nufuzlu festivalda - Foto
14:22 28 Sentyabr 2021
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
13:35 28 Sentyabr 2021
Qarabağ mövzusunun dələduzları – Şərif Ağayar yazır...
12:54 28 Sentyabr 2021
Əri ola-ola Telman Adıgözəlov ona evlilik təklif etdi, kişi aktyorlarımızın arasına qısqanclıq davası saldı – “Bəyin oğurlanması”nın məşhur siması kim idi?
12:09 28 Sentyabr 2021
Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?
11:32 28 Sentyabr 2021
Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl
11:01 28 Sentyabr 2021
Məşhur şair Fərid Hüseynin tərcüməsində - Yeni kitab
10:25 28 Sentyabr 2021
Universitetin dördüncü mərtəbəsindəki it – Yeni hekayə
09:01 28 Sentyabr 2021
"Anam deyir ki, o, ayaqqabılarını çıxarmaq istəyəndə, birinci katib qoymadı" - Səməd Vurğunu belə görməmisiniz - Foto
21:02 27 Sentyabr 2021
Tağıyevin heykəli yaxın günlərdə açılacaq - Rəsmi
18:55 27 Sentyabr 2021
Məşhur ingilis tədqiqatçının Nizami yanlışı – Vilayət Quliyev yazır...
18:20 27 Sentyabr 2021
Yazıçıların qaranlıq həyatı kitab oldu – Yeni nəşr
17:40 27 Sentyabr 2021
Müharibə xəbərinə özünü itirən taksi sürücüsü
16:53 27 Sentyabr 2021