news-inner
clock13:30 calendar-gray 26 Dekabr 2020 view-gray881 dəfə oxunub
view-gray881 dəfə oxunub

Eyvaz Əlləzoğlunun hekayəsi: Balıq günü

Kulis.az mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlamağa başlayır. Növbəti hekayə yazıçının “Ölü yay” kitabından “Balıq günü” hekayəsidir.

Mühazirələrdən sonra yeməkxanaya qaçdı. Gör nə vaxtdır sulu xörək yemir. Kök qadın dedi ki, yeməyə yalnız kolbasa və balıq var. Əlavə etdi ki, bu gün balıq günüdür. Doğurdan da bu gün balıq günü idi. Necə də unudulub. Bir də nə bilsin axı, başı dərslərə elə qarışıb ki. Ovcundakı pulu uzadıb - İkiyüz qram kolbasa verin – dedi. Bufetçi kolbasanı doğradı, boşqaba qoymaq istəyəndə - mümkünsə kağıza.., kağıza bükün - xahiş etdi. Satıcı kağız qıtlığından şikayət edə-edə haradansa nazik qəzet kəsikləri tapdı, bir-birinin üstünə qoyub kolbasanı bükdü. Pulun xırdasını alıb ovcunda gizlətdi,bayıra çıxanda saydı; həftənin sonuna qədər gərək qənaətlə dolanaydı, cibində vur-tut iki manat qalmışdı. Addımlarını yeyinlədib sola buruldu. Dayanacaqdakı fəhlə yeməkxanasına baş çəkmək istəyirdi. Burada xörəklər ucuz olur. Nə qədər yesən altmış, yetmiş qəpikdən artıq etmir. Üç-dörd addımdan sonra fikrini dəyişdi. “Balıq günüdür bu gün, vəssalam.Yol ölçməyin özünə qalacaq”. Geri döndü. Mağazanın vestibulunda ayaq üstə butulka pivəsi içirdilər. Çaxır, kolbasa, pendir, yağ satılan şöbədə alıcılar növbəyə durmuşdular. Qarşısındakı vərəqdə nə isə hesablayan satıcı başını qaldırıb ona baxdı. Qadın orta yaşlı idi, gözlərinin altı azca qaralmışdı, qüssəli, son gözəllik cizgiləri çöhrəsində işarırdı: - Zəhmət olmasa, çörək verin, - dedi, ovcundakı xırda pulu satıcıya uzatdı. Qadının uzatdığı girdə çörəyi qoltuğuna vurub mağazadan çıxdı, tələsə-tələsə evə gəldi, həyət qapısını açdı, pilləkənlə yuxarı çıxıb əlindəkiləri artırmadakı stolun üstünə qoydu. Ev sahibəsi ilə o biri kiraynişin yox idi. Otağın qapısını açıb içəri girdi. Hər yandan toz qoxusu gəlirdi. Artırmadakı çörəyi, kolbasanı, müzahirə dəftərlərini otağına gətirəndən sonra stolun üstündəki bulaşıq qab-qaşığı krantda yumağa apardı. Fincanı yaxalaya-yaxalaya başının üstündən sallanan çardaq üzümlərinə baxdı. Qara, ağ üzüm salxımları dəymişdi. “Payız necə də tez gəldi”. Üzüm salxımlarından gözünü çəkdi. Ona elə gəldi ki, bu salxımlar da sahibi kimi davanı, dedi-qodunu satın gəzir.

Mətbəxdəki qaz peçi işləmirdi. Ev sahibəsi bir aydan artıq idi ki, elə vaxt tapıb turbanı düzəltdirəcəyini deyirdi. Ancaq hələ üzdə bir şey yox idi. İkinci kiraynişin arada vaxt tapıb ev sahibəsinin qiybətini qırmış, çıtıltmışdı ki, qışda otağı isitməyə heç nə olmayacaq, vaxt ikən başının çarəsini qıl.

Elektrik plitəsini gəzdi, şkafı açdı, stolun altına baxdı. Plitə heç yanda yox idi. “Gizlədib köpək qızı”. Küncdəki neft piltəsini yandırıb çaydanın üstünə qoydu. Otağına keçib çörəkdən bir az kəsib tələsik yeyə-yeyə kitabxanadan aldığı jurnalı vərəqlədi.

Çaydan çox gec qaynadı. Qutunun dibində yaxşı ki, bir az quru çay qalmışdı, hamısını çaynikə atdı, dəm almasını gözləmədən fincanı doldurub üfürə-üfürə içməyə başladı. Kolbasadan yalnız bircə dilim götürdü. Düşündü ki, yarısını axşam yeyər, qalanını da yatmamışdan bir az əvvəl. Birdən yadına saat düşdü. Dünən saatın səsindən yata bilmədiyi üçün onu çamadanın küncündə gizlətmişdi. Saatı çıxarıb doldurdu, stolun üstünə qoydu. Yenidən otağında bu cansız mexanizmin döyüntülü səsi bərqərar oldu.

Çay içəndən sonra çörəyi sellofan torbasına büküb dolaba qoydu. Fincanı-zadı yumadı. Çarpayıya uzanıb bayaqkı jurnalı əlinə aldı. Günortadan bir az keçmiş radionu açdı. Konsert verirdilər. Köhnə xanəndələrdən hansısa “Mənsuriyyə”ni oxuyurdu. Konsert qurtarana kimi qulaq asdı. Radionu söndürəndən sonra çəkələyini ayağına keçirtdi, dolabın küncündəki almaları tapıb çıxardı. Bunları İsmayıl kənddən gələndə qoymuşdu. Almanın bir neçəsi xarab olub çürümüş, qalanların yarısı sağlam, yarısı isə pırsımışdı. Hər halda yemək olardı. Xarab olmuş alamaları aparıb zibil yeşiyinə atdı və o birilərini də pırsımış tərəflərinə toxunmadan ehtiyatla yedi, cecəkləri atın üstünə yığdı.

Axşama yaxın külək qalxdı, yayın ağaclarının yarpaqlarına hopmuş tozunu çırpıb aləmə səpələdi. Pəncərəni örtüb küçəyə baxdı. Külək tozanaqla əl-ələ tutub evlərin arası ilə qaçırdı.

Saat altıda yadına kənddən gələn məktub düşdü. Durub hər yanı gəzdi, kitabları töküşdürdü. Məktubu hara qoya bilərdi? Dönə-dönə baş sındırıb fikirləşdi. Heç nə yadına gəlmirdi. Son zamanlar lap keyləşib, buranın havasındandır, suyundandır, nədəndir, bir şey anlamaq olmur. Hövsələsizliklə dəftər-kitabı qucağına yığıb dolabın üstünə tökdü.

Ev sahibəsi gəlmişdi deyəsən. Artırmada addım səsləri eşidilirdi. Sonra nə isə yerə düşüb cingildədi.

- Qurvan olum, öydəsənmi?

- Evdəyəm, - deyə mümkün qədər bərkdən mızıldandı. Gözlədi ki, qarı yenidən nə isə soruşacaq, ya da qapını açıb qardaşı oğlunu necə evləndirmələri barədə danışıb baş aparacaq. Artırmadakı səslər kəsilmişdi. Təkcə külək tutqun səsi ilə uğuldayırdı. Qarının daha onu söhbətə tutmadığına sevindi.

Külək birdən-birə yavaşıyıb yatdı. Körpə ağacların budaqları sakitləşdi. Göyün boz üzündə qürub edən günəşin yumurta sarısına bənzər işığı göründü. İçəri bürkü idi. Toz zərrəcikləri otağa düşən işıq zolağında uçuşurdular. Pəncərəni bir az açdı. Yenidən radionu qurdu. Klassik musiqi verilirdi. Arxası üstə uzanıb qulaq asdı. İndi musiqi dupduru idi.

Musiqiyə qulaq asa-asa bu otağa necə köçdüyünü xatırladı. Taksidən barxanasını daşıyıb rahatlanandan sonra pəncərədən şəhərə baxa-baxa qalmışdı. Qonşuda deyəsən ad günü idi. Elə hey xarici müğənnilərin oxuması, qız-oğlan danışıqları, cingiltili gülüş, rəqs edənlərin ayaq səsləri qaçıb onun otağına gəlirdi. Gecəyarı yavaş-yavaş hər şey susdu. Hündürmərtəbəli binaların pəncərələrinin işığı da söndü.. Yerində qurcuxur, isti bürküdən yata bilmirdi.

Musiqi titrədi, titrədi, sonra həzin bir qüssə ilə bitdi. Radionu söndürdü. Qaranlıqlaşmışdı. Saat səkkiz idi. “Bir az gəzim, doqquzda qayıdıb çörəyimi yeyərəm” - ürəyində qət etdi. Geyinib şəhərə çıxdı. Azca külək əsirdi. Küçədə adam az idi; iki-bir, üç-bir o yan-bu yana tələsirdilər. Əvvəlcə səki ilə üzüaşağı getdi, sonra həmin yolla geri qayıtdı. Parkın yanından ötüb keçdi. Qarşıdan gələn qızla baxışları toqquşdu. Bu qızı haradasa görmüşdü. Yadına düşdü: institutdan bir az yuxarıdakı mağazada satıcıdır. Saatı da ondan almışdı. Bir də qəşəng xarici əlcəyə xeyli baxmış, sonra əlinə geyinib yoxlamışdı. Bir az yekə idi. Ürəyindən keçirmişdi ki, pulu olanda gəlib mütləq bu əlcəkdən alsın.

Yolun o biri tərəfinə keçib əks istiqamətdə geri qayıtdı. Pilləkənlə qaranlıq parka düşüb skamyada oturdu. İnni-cinni yox idi. Hanı sevişənlər? Yoxsa burada sevişmək heç dəb deyil? Görəsən, sevişənlər bir-birilərinə nə deyirlər? Hə... doğrudan, nə deyirlər görəsən bir-birini sevənlər?...

Bir neçə adam təəccüblə ona baxa-baxa gəlib keçdi. “Yəqin axşamlar burada oturmurlar, - deyə fikirləşdi, sonra da özünə haqq qazandırdı, - kim oturar bu qaranlıqda yurd bayquşu tək?” Durub parkdan çıxdı.

Yan-yana düzülmüş mağaza vitrinlərində müqəvvalar, tirdəki oyuncaq ayılar, dovşanlar, dəlləkxana kreslosuna çökmüş ucuzlu odekalon ətri neon işığında donub qalmışdı. Kinoteatrın qarşısında dəstə-dəstə oğlan, qız yığılmışdı. Yaxınlaşıb afişaya baxdı: ərəb kinosu idi.

Qapını açıb həyətə daxil oldu. Çardağın altından keçib pilləkənlə artırmaya qalxdı. Ev sahibəsi elektrik plitəsinin üstündə xörək bişirirdi. Tanımadığı bir neçə qadın stolun ətrafına yığılıb çay içirdilər. Kiçik yaşlı sarışın bir oğlan uşağı onun qapısının qıfılını dartışdırırdı. Uşağın qolundan tutub kənara qoydu, özü də çalışdı ki, bunu mülayimliklə etsin. Ev sahibəsi onu çay içməyə dəvət etdi. Təşəkkür edib qapını açdı. İşığı yandırmadı. Pərdəni çəkəndən sonra işıq seli qaranlığı yudu. Dolabdan kolbasa ilə çörəyi çıxarıb yedi, kağız-kuğuzu büküb alma cecəyinin yanına atdı.

Ev sahibəsi qapını bağlayıb bayaqkı qadınlarla getdi. “Qurvan olum,ac qalma, dur çay qoy. A Şövkət, uşağı ac qoyma!” Bir az sonra qapının ağzında ikinci kirayənişin əlində armudu stəkan hazır oldu. Bu qadın kim idi? Oğlu-qızı vardımı? Yoxsa hamıdan üz döndərmiş adamdır? Niyə bu yaşında kirayədə qalır? Öləndə cənazəsini kim yerdən qaldıracaq? Bunun heç birini bilmirdi. Çayı alıb təşəkkür etdi. Qonşu ev sahibəsinin otağına işarə ilə - “Getdi” - dedi. Qadına baxanda onun gileylə, qeybətlə dolu olduğunu gördü. Ancaq əlindən nə gəlirdi? Zorla gülümsündü. İkinci kirayənişin qeybət qırmaq istəyindən vaz keçib otağına qayıtmalı oldu. İndi onun telefonda söhbəti eşidilirdi. Qonşu lap coşmuşdu; ev sahibəsini yamsılayır, bərkdən danışırdı. Deyəsən, o başdan soruşdular ki, təksənmi? Hər halda telefondakı adam da hiss etməmiş olmazdı ki, ev sahibəsi yoxdur, yoxsa heç bu sayaq danışmaq olar.

Tələsə-tələsə çayını içdi. Bir az soyuyan tək olmuşdu. Çeçidi. “Öz payın, öz payın” - Anasının dili ilə dedi və birdən hiss etdi ki, bapbalaca oğlan uşağı olub, ayaqqabısının qaytanını bağlaya bilməyən oğlan uşağı.

Elə uşaqlıqdan pis öyrətdilər onu. Yadına gəlir, çörəyin qara tərəfini yemirdi. Nənəsi nə illah edirdi, bir şey çıxmırdı, deyirdi, çörəyini təmiz yeməsən nişanlın çirkin olacaq. Kimə deyirdin? Sonra nənəsi başqa üsul tapdı. Dedi ki, kim çörəyini axıra qədər yesə pul tapır. Şirnikdi. Axşam çörəyini yedi. Nənəsi onu qucağına alıb həyətə çıxardı: “Bu daşı qaldır” -dedi. Nənəsinin qollarının arasında sürünüb yerə düşdü. Daşın altında əl yekəlikdə iri pul çörəyi axıra qədər yediyinə görə onu gözləyirdi. Səhərlər pul baş altından yoxa çıxırdı. Nənəsi hər dəfə onu inandırırdı ki, yəqin o çörəyi sidq ürəklə yemədiyindən pulu cinlər aparıb.

İndi dəqiq yadında deyil, birinci sinifdəydimi, yoxsa ikinciyəmi keçmişdi, müəllim şuluq salan yoldaşının yerinə səhvən onu şillədi. Burnu qanadı. Aciz-aciz durub ağlayırdı. Günahsız olduğunu necə başa sala idi? Sonra müəllim onun əlindən tutub kranta apardı, üzünü yudu, dedi ki, ağlamasın, yekə kişi olanda hər şeyi unudacaq.

Fikirləşdi ki, görəsən, bu uşaqlıq haradan yaddaşına qayıtdı? Sonra da düşündü ki, o heç nəyi unuda bilmir. Bu onun ən pis xasiyyətidir. Maqnitafon tək hər şey içinə yazılıb qalır. Gecə yarı ev sahibəsi gəldi. O biri kirayənişin qarı ilə yaltaqcasına danışırdı. Uzanmışdı, yatmırdı, səhərə yaxın bir-iki saat çimir edəcək, qalan vaxtı o yan-bu yana çevriləcək, səhər durub inistuta qaçacaqdı. Bayırda isə balıq gününün upuzun qaranlığı vardı.

Oxşar xəbərlər

Xəbər lenti

Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021