news-inner
clock12:01 calendar-gray 24 Dekabr 2020 view-gray14581 dəfə oxunub
view-gray14581 dəfə oxunub

"Onu görəndə maşından özümü atdım" – Laçına ilk daxil olan zabitlə söhbət

Kulis.az Laçına ilk kolonda daxil olan zabitlə Şərif Ağayarın messenger söhbətini təqdim edir.

- Doğma Laçınınızdan, Həkəri çayının sahilindən salamlar!

- Salamlar!

- Daha əvvəl sizə şəkil, video göndərəcəkdim, burda set zəif idi. İndi düzəlib.

- Bu, sənsən?

- Bəli, sənətkar.

- Eşq olsun! Sizə də, Laçına da!

- Yoxdur artıq Berdzor. Məhv elədik o adı. Cəhənnəmə getdi )))) Laçına “Laçınım” mahnısı ilə daxil olduq. İlk daxil olanlardan biri də mənəm. Videom internetlərdə gəzirdi. Nə əcəb görməmisiz?

- Görmüşəm, amma səni tanımamışam. Həkərinin harasındasınız? Laçına yaxın, yoxsa Qubadlı tərəf?

- Guləbirddə idim. Sonra Qubadlıya qayıtdıq. Həkərini, Bərgüşadı gəzdim. Nə gozəl yerlərdir bura. İlahi! Bir anlıq sizin acılarınızı hiss etdim. Mənim səhifəmdəki paylaşımlara baxın, görəcəksiniz. Videomu bütün respublika paylaşmışdı. Laçına ilk gedən kolon… Gələrsiz… Mən burda olacam.

Baxın. Həkərinin sahilidir. Çox gözəldir buralar. Bax, elə burda durub gözləyəcəm sizi.

- İnşallah! Mütləq gələrəm.

- Sarı Aşığın xatirə muzeyində oldum. Türbə kimi yerdir. Telefonumun “zaryadkası” yox idi. Burda işıq olmur deyə. Yoxsa çəkəcəkdim.

- Qəbri dağılıb?

- Orda salamat yer qalıb ki? Dağılıb, uçurulub. Kəndləri nə günə qoyublar. Kəndləri, yerli tarixi abidələri, inzibati binaları “çps” xəritə ilə təyin edirik

- Türbəni də elə tapdınız?

- Bir nəfər vardı. O dedi. Qayıdacağıq yenə ora, çəkib göndərərəm sizə. Bizim mərkəz Güləbirddədir. Daimi gedib-qayıdırıq. Qəşəng də qar yağıb. Dizəcən.

- Hə, çək at, saytda verək. Video da ata bilərsən.

- Baş uştə. Burda ancaq sim nomrə tutur. Bir-iki gün olar “Azercell” qüllə quraşdırdı, indi yaxşıdır. Bir həftə öncəyəcən şəkil-filan güclə göndərmək olurdu.

Gecə “Kamaz”la gələndə bu yazını gordüm, özümü “Kamaz” gedə-gedə aşağı atdım. İnsan fərəh hiss edir. Buraların nə gözəl havası var. Bura gələndən nə başağrısı var, nə də halsızlıq. Nə var Bakida? Dığalar nəyi məhv etsələr də, təbiəti məhv edə bilməyiblər. Bilməzlər də. Dogurdan mən Laçını, Qubadlını belə təsəvvür eləmirdm. Çox təmiz havası, səfalı təbiəti var. Laçına girəndə gecə idi. Tapşırdılar ki, olduğunuz yerdən uzaqlaşmayın. Mina-filan olar. Biz gələndə hələ də muzdlu ermənilər vardı meşədə. Təsəvvur edin, 28 il sonra Laçına ayaq basıram. Məni saxlaya bilərlər?

- Sən özün hansı tərəfdənsən?

- Mən Qazaxdanam. 10 il Bakıda yaşamışam. Universiteti orda oxumuşam. 10 il kirayələrdə qalmışam. İndi demişəm, Laçının icra başçısından xahiş edəcəm, mənə burdan 2 sot torpaq versin, ev tikəcəm ozumə.

- İnşallah. Saz da var orda, xəngəl də, tut arağı da. Daha nə istəyirsən? Qalır bir arvad, onu da taparsan, tamada da mən olaram toyda…

- Evliyəm mən. Ailəm, uşağım Qazaxda dədəm evindədir.

- Yox a. Nə tez? Allah saxlasın.

- Sağ olun. 31 yaşım var da.

- Anladım. Müddətdən artıq xidmət…

- Mən zabitəm. Leytenant. Əvvəllər də xidmət etmişəm. Beyləqanda. Ehtiyata çıxdım. Qazaxda idim. Səfərbərlik başlayanda gəldim.

- Aha. Lap yaxşı. O zaman uşaqların toyunda tamada olaram. Çoxlu şeir bilirəm. Bacararam.

- Qadanız alaram. İnşallah

- Qada görmə… Allah qorusun sizi.

- Burda uşaqlara demişəm, Şərif Ağayarın yurdundayıq. Heyf, o anları çəkə bilmədim. Döyüşün ilk günündən buralardayıq. Gəzmədiyimiz dağ-dərə, el-oba qalmadı. Keçmişdə etdiyimiz səhvləri insallah ki, bağışlayarlar. Borcumuzdu bu bizim. Çadırda yatdıq, torpaqda yatdıq, yağışını, qarını gördük Qarabağın. İndi başa düşdüm ki, niyə “Laçınım” mahnısını Məhəbbət Kazımovdan başqa heç kim ürəkdən oxuya bilməyib.

Mən sizə Qazaxdan başı xamırlı gətirəcəm.

- Başı xamırlının məskəni Güləbirddir.

- Həkəri, Bərgüşad insana layla deyir elə bil. Buraların hissini mən sizə virtualda ötürə bilmirəm, bəlkə.

- Sənin soyadın necədir?

- Hüseynov. Orxan mənim təxəllüsümdür. Mən də yazıram. İki roman, üç hekayə yazmışam. Amma imkan olmayıb çap etdirməyə.

- Zabit olmaq yaxşıdır, yoxsa yazıçı olmaq?

- Hər ikisi. Çunki yaşayaraq öyrənirsən, öyrəndikcə yazırsan. Burda o qədər material yığmışam ki. Mütləq çap elətdirəcəm. Boş vaxtımda çıraq işığında yazıram

- Komandirlər icazə verir?

- Mən özüm elə komandirəm. Əsgər yatır, mən oyağam. Sutkada iki saat yuxu yatırıq. Gecə çıxıb ərazini gəzirik. Döyüş növbətçilərini yoxlayırıq.

- Qazaxlılar adətən şeir yazır, sən niyə nəsr yazdın?

- Şeirlərim də var. Amma kompleksim var şeirə qarşı. Daha doğrusu, öz şeirlərimə qarşı. Amma burda şeirler deyirəm öz aramızda. Yemək-zad yeyəndə. Zəlimxan Yaqubun fanatıyam.

- Saz da çala bilirsən?

- Moşu demişkən, bizim oralar sazsız olmeer. Muğamı Qarabağdan, sazı Qazaxdan soruş. Mənə deyirlər, sən hər şeyə emosianal yanaşırsan. Deyirəm, o qədər bədii kitablar oxumuşam ki, siz baxırsız sadəcə, amma mən görürəm. Baxmaqla görmək arasında fərq çoxdur. Mən buraların nisgilini dərindən duyuram. Köhnə qəbirlərimizi gördükcə dayanıb yanında, bir növ onunla danışıram.

Bax, dağılmış “Şəhidır xiyabanı”. Qubadlı.

Bu da Milli Qəhrəman Bəylər Ağayevin məzarı...

- Allah rəhmət eləsin.

- Amin.

- Ədəbiyyat xidmətə mane olmur ki?

- Hərbi çətin həyatdır. Ədəbiyyat adamları həssas qəlbli olur. Kövrək olur. Hərbi isə bunları sevmir. Soyuqqanlı və zəhmli olmalısan. Tələbkar olmalısan. Xidmətimi edirəm lazımınca. Əlimə qələm götürüb yazmağa başlayıram, yenicə özümü yazıya verirəm ki, bir anda güllə səsi gəlir. Silahı götürüb qaranlıq meşələrə qaçırıq. Yəni, yazını beynində yazmalı olursan.

- Neçə uşağın var?

- İki. Bir oğlan, bir qız. Oğlum sentyabrın 15-i doğulub. Üzünü doyunca görməmişəm.

- Yəqin, darıxırsan.

- Əlbəttə. Buraların gündüzləri gözəldir, amma gecələri zülmət qaranlıqdır. Gündüzlər mənzərəni, dağı, dərəni, meşəni gəzirsən, axşamları qatı qaranlıq çökür. İnsan özü ilə, geridə qoyub gəldiklərinin xəyalı ilə baş-başa qalır.

- İnşallah tezliklə görüşərsən oğlunla.

- İnşallah. Orfoqrafik səhvlərə görə üzürlü sayın.

- Narahat olma.

- Vaxtınız varmı? Sizi məsğul etmirəm ki?

- Yox. Mən sizi məşğul etməkdən çəkinirəm. Mən evdə, siz səngərdə…

- Gecə 4-də ərazi kəşfinə çıxacam. Ona qədər oyağam.

- Kəşfinə?

- Bəli. Biz Zəngilandan qabaqdayıq. Eşitdiniz də, Zəngilanda erməni yaraqlıları bu yaxında hücum elədi. Dördünü bizkmkilər öldürdü. Bir neçəsini də əsir götürdü. Maşallah, buraların da hər yanı meşəlik, dağ-dərədir. Hələ də təhlükə var yəni. Gecə çıxırıq əraziyə. Gəzirik. Neçə yerdə erməni meyitlərini biz tapmışıq. Bax bunu mən özüm çəkmişəm. “Bayraqdar”ın vurduğu erməni maşınıdır. İçində də adamlar. Gecə vaxti əsəbləriniz oyaqdırsa, baxmayın.

- Dəhşət! Bunu açıq yaya bilmərik.

- Hələ bu harasıdır? Rus sülhməramlıları ermənilərlə bir yerdə gəlib bizə yalvarırdı ki, bizim meyitlərin yerini bilrisinizsə, deyin.

- Müharibədə heç ölməkdən qorxdun?

- Zərrə qədər də qorxmadım!

- Mənə nəsə olar, oğlumu görmərəm...

- Elə oğluma görə gəldim də. Gəldim ki, mən ölsəm də, oğlum sağ qalsın. Bu dava gələcək nəsillərə qalsa, övladımız döyüşə gələcək. Onda bizim etmədiyimizi onlar etməli olacaq. Mən bu gün gəlməsəm, sabah qocalanda əsə-əsə ovladımı döyüşə göndərsəm, deməli bu həyatı bir heç uğruna yaşamışam. Döyüşün psixologyasi başqadır, sənətkar! İnsan əlinə silah götürəndə oxuduqlarını unudur. Humanizm, həyat eşqi, yasamaq sevgisi - hamısını lülənin ucuna qoyub atırsan. Unudursan özünü.

- İcazə verərsən, bu söhbətimizi Kulisdə yayımlayım?

- Ad soyadımı anonim verin onda. Sadəcə təxəllüsümlə. Ya da şəkilsiz.

- Belə edək. Adınızı dəyişim, şəkillər qalsın. Çünki şəkilsiz müsahibə olmaz.

- Hərbi formada?

- Əlbəttə.

- Onda sizə bir şəkil göndərim onu da paylaşın.

Bunların hansı sizə uyğun olsa, paylaşın.

- Laçındakı, Qubadlıdakı fotolarınızı verməsəm, söhbətimizin ləzzəti olmayacaq…

- Yaxşı. Verin. Amma adımı dəyişin.

- Oldu.

- Bu hələ kicik bir girişdir. Bilsəz, mən burda nələr yaşamışam, deyərsiz, gəl otur sabahacan danış. Olar, bir xahiş edim?

- Buyur.

- Yazını sayta verməzdən öncə mənə xəbər edərsiz, sizə bir şey deyəcəm.

- Bəlkə, indidən deyəsən?

- Mən sizə müharibədən əvvəlki mesajlarımda demişdim ki, nəşriyyat işində çalışmışam. Yəni, kitablarla əhatəli bir dünyam vardı. Öz kitablarım, öz dünyam vardı. Sizin kitablarınızı, ümumiyyətlə, əhatənizdə olan bütün yazarların kitablarını satırdım. Siz “Tarqovu”da və başqa kitab yarmarkalarında kitab imzalayarkən, mən onları vitrinlərə düzürdüm. “Soyuq əllər, isti urək” kitab yarmarkasında əllərim üşüyə-üşüyə kitab yığırdım. 5 il kitab satışı ilə məşğul olmuşam. Həm də təbliğ etmişəm. Amma sonra elə bir səhvin qurbanı oldum ki, istəmədən uzaq düşdüm o dünyadan. Döyüşlərdə həmişə fikirləşirdim ki, kaş ki elə burdaca hər şeyin sonu olsa… Bir vaxt kitab almağa imkanı olmayanlara kitab hədiyyə edirdim. Kimin əlində kitab görürdümsə gülümsəyirdim. O vaxt indiki kimi düşünmürdüm. Bir sözlə saf idim. Həyatın şapalağını yeməmişdim. Hələ də öz beynimdəki məhkəmədə özümü bağışlaya bilmədiyim bir səhvin qurbanı oldum. Sevdiyim kitablardan, kitab işindən ayrı düşdüm.

- Və peşmanlıq hissi döyüşlərədə də səni rahat buraxamadı...

- Bəli! Dedim, Allah məni bağışlamayacaq. Onun haqqı qaldı qiyamətə.

- Amma vətəni azad edən əsgərin bütün səhvlərini, günahlarını Tanrı bağışlayar. Rahat ol.

- Burda dağılmış evlərdən kitab yığıram. O qədər həssasam. Deyirlər, bu erməni kitablarıdır, neynirsən? Deyirəm, kitabın qoxusunu unutmaq istəmirəm.

- Azərbaycanca da kitab var orda?

- Kirill əlifbası ilə var. Qoqolun kitabı, məsələn. Amma daha çox rusca və ermənicədir. Bütün kitabları bir evə yığmışam.

- Kitabxana düzəltmisən?

- Hə. Hamısını olduğum yerə gətirə bilmərəm. Bax, bunları da gizlicə gətirmişəm.

- Xidmətdən sonra ilk nə etməyi düşünürsən?

- Qismət olsa kitabımı çap etdirəcəm.

Oxşar xəbərlər

Xəbər lenti

Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:13 21 Yanvar 2021
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021
"Netflix"in abunəçilərinin sayı rekord həddə çatdı
18:15 21 Yanvar 2021
Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
17:39 21 Yanvar 2021
Bizdən istifadə edən qəddar sənətkarlar – Mehman Qaraxanoğlu yazır...
17:19 21 Yanvar 2021
"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
16:38 21 Yanvar 2021
Makgregor Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
16:23 21 Yanvar 2021
Tanınmış müğənni şəhid baş leytenanta mahnı həsr etdi - Video
15:40 21 Yanvar 2021
Sən istə, sənin üçün batım hər günaha mən – Orxan Bahadırsoydan yeni şeirlər
15:01 21 Yanvar 2021
"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
14:20 21 Yanvar 2021
Ədəbiyyat müsabiqəsinin qalibləri bəlli oldu
13:41 21 Yanvar 2021
Əsgər payına göz dikənlər
13:17 21 Yanvar 2021
Moskvada teatr və kinoteatrlar açılır
12:43 21 Yanvar 2021
O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi, “baş yaramaz” adını qazandı – Kinomuzun “Göygöz kosa”sı
12:07 21 Yanvar 2021
Qar yağır - Günün şeiri
11:34 21 Yanvar 2021
21-ci əsrin 21-ci ilinin 21-ci günü – Bu gün nə baş verəcək?
11:03 21 Yanvar 2021
Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
10:34 21 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ-dakı sərgisi beynəlxalq mətbuatda
10:14 21 Yanvar 2021
Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021