“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?
23 iyul 2026
# 15:00

Kulis.az Aygün Əzizin tərcüməsində görkəmli rus yazıçı Fyodor Dostoyevskinin həyat yoldaşı Anna Dostoyevskayanın xatirələrini təqdim edir.

L.N.Tolstoyla görüş

Biz qrafinya ilə Moskvaya xas olan “evdən-evə” keçid edərək gedirdik və bu müddətdə, açığı, onun yanına getmək heç ürəyimcə deyildi. Əsərlərinin məftunu olduğum dahi yazıçını görmək arzusu ilə alışıb-yansam da, içimdə bir qorxu vardı və elə əvvəldən onda xoşagəlməz təəssürat oyadacağım fikri beynimi qurcalayırdı. Axı bunu istəmirdim.
Biz böyük, ancaq alçaqtavanlı otağa girdik. Şəkillərindən tanıdığımız boz rəngli köynək geyinmiş Lev Nikolayeviç divanda əyləşmişdi. Məni xoş sifətlə salamlamağı ilə bütün qorxum bir anda yox oldu.

– Lap məəttəl qalmalı işdir: yazıçılarımızın zövcələri necə də öz ərlərinə oxşayırlar!

− Yəni mən Fyodor Mixayloviçə oxşayıram?, − fərəhlə soruşdum.

− Müstəsna dərəcədə! Mən Dostoyevskinin zövcəsini məhz sizin kimi təsəvvür edirdim.

Əlbəttə, ərimlə qətiyyən zahiri bənzərliyimiz yox idi, ancaq tanınmış bir adam olan ərimə oxşamağım barədə Tolstoyun tamamilə uydurma bir söz deməyi ürəyimə yağ kimi yayıldı. Qraf birdən-birə mənim üçün yaxın və doğma bir adama çevrildi.

Leo Tolstoy - Wikipedia

Lev Nikolayeviç məni kresloda öz yanında əyləşdirdi və sinəsinə işarə edərək (içinə isti kül, ya da yulaf doldurulmuş balaca yastıqcalar qoyulmuşdu) səhhətindən şikayətləndi. Araya bir dəqiqəlik sükut çökdü.

− Ərimin vəfatı ilə əlaqədar Straxova yazdığınız gözəl məktuba görə ürəkdən təşəkkür etmək üçün çoxdan sizi görməyi arzulayırdım, Lev Nikolayeviç, − dedim, − Straxov o məktubu mənə verib və onu göz bəbəyim kimi qoruyuram.

− Səmimi hisslərimi yazmışam, − Lev Nikolayeviç dedi, − təəssüf edirəm ki, heç vaxt ərinizlə görüşmək fürsətim olmayıb.

− Ah, bir bilsəniz, o necə də peşman idi! Halbuki Vladimir Solovyovun Solyanaya şəhərciyindəki mühazirəsində olduğunuz vaxt görüşmək imkanı olubmuş. Xatirimdədir, Fyodor Mixayloviç hətta Straxovu məzəmmət etdi ki, niyə sizin də orada olduğunuz barədə ona xəbər verməyib.

− Nə danışırsınız?! Sizin əriniz də o mühazirədə iştirak edirmiş? Bəs niyə Nikolay Nikolayeviç mənə bu barədə deməyib? Necə də heyifsilənirəm! Dostoyevski mənim üçün əziz insan idi və ola bilsin, hətta bir çox məsələlər haqqında soruşa biləcəyim və çox şeylər haqqında suallara cavab verə biləcək yeganə şəxs idi.

Qrafinya içəri girdi. Xəbərdarlığını dərhal xatırladım, mürəxxəs olmaq üçün ayağa qalxdım, fəqət qraf məni əylədi və dedi:

– Yox, yox, lütf edin, bir az da qalın. Deyin, əriniz necə adam idi, ürəyinizdə və xatirinizdə necə qalmışdır?

Onun Fyodor Mixayloviç haqqında səmimiyyətlə danışması mənim ürəyimi riqqətə gətirdi.

– Mənim hörmətli ərim, − vəcdlə sözə başladım, − mükəmməl bir insan olub. İnsanın bəzəyi olan bütün ali əxlaqi və mənəvi keyfiyyətlər onda ən yüksək səviyyədə cəmləşmişdi. Mərhəmət dolu, alicənab, şəfqətli, adil, qərəzsiz, nəzakətli, başqasının halına acıyan biri idi. Beləsi tapılmazdı. Hələ safürəkliliyi, dəyanəti nə qədər düşmən qazandırmışdı ona. Elə bir adam olub ki, ərimin yanına gələ, ancaq məsləhət, təsəlli, kömək almamış gedə?! Doğrudur, naxoş vaxtında, ya da ciddi iş əsnasında tutardılarsa, onda sərt üz göstərərdi, lakin qarşısındakının yardıma möhtac olduğunu görən kimi bu sərtlik bir göz qırpımında mülayimliklə əvəz olunardı. Və kobudluğunu, ya da sərtliyini yumşaltmaq üçün nə qədər nəzakətli davranış nümayiş etdirərdi. Bilirsinizmi, Lev Nikolayeviç, insanın xarakteri heç yerdə gündəlik həyatda, ailəsində olduğu qədər aydın üzə çıxmır və deyim ki, onunla on dörd illik izdivacımız boyu münasib olmayan, yeri gəlsə, ailəmizə zərər verdiyini dərk etsəm belə, onun hərəkətlərindən yalnız yaxşı mənada təəccüblənə və mütəəssir ola bilərəm.

Elə mən də onun haqqında yalnız bu cür düşünmüşəm, − Lev Nikolayeviç dalğın və səmimi şəkildə dilləndi, − Dostoyevski mənim nəzərimdə əsl xristian hissləri ilə yaşayan biri olub.

Qrafinya yenə otağa daxil oldu və mən ayağa qalxdım. Sevimli yazıçımın mənə uzanan əllərini möhkəm-möhkəm sıxdım və çox nadir hallrda mənə müyəssər olan dolğun hisslərlə çıxdım. Bəli, bu adam insanların ürəyini fəth etməyi bacarırdı!

Anna Dostoyevskayanın gündəliyindən qeydlər

1876-ci il. Turgenevə olan borc

1876-cı il ərimin həyəcanına səbəb olan kiçik bir anlaşılmazlıqla yadımda qalıb. Özü də bundan iki, ya üç gün əvvəl onda epilepsiya tutmaları olmuşdu. Fyodor Mixayloviçin yanına Parisdə yaşayan və sonradan Puşkinin kitabları və ona aid sənədlərdən ibarət qiymətli kolleksiya yaradan Aleksandr Fyodoroviç Otto (Onegin) adlı bir cavan oğlan təşrif buyurmuşdu. Cənab Otto bəyan etdi ki, dostu İvan Sergeyeviç Turgenev ona Fyodor Mixayloviçə baş çəkməyi və ona olan borc pulu almasını həvalə edib. Ərim təəccübləndi və soruşdu ki, məgər Turgenev P.V.Annenkovdan həmin 50 taleri almayıb. Axı Fyodor Mixalyloviç ötən ilin iyulunda Rusiyaya gedən qatarda rastlaşdığı Annekova pulu verib, Turgenevə çatdırmasını xahiş etmişdi. Cənab Otto Annenkovdan pulu aldığını təsdiq etdi, ancaq dedi ki, Turgenev Fyodor Mixayloviçə Visbadendə 50 yox, 100 taler borc veribmiş və ona görə də indi əlavə 50 taler borcun qaldğını düşünür. Ərim lap narahat oldu, səhv etdiyini güman edərək məni dərhal yanına çağırdı:

− Anya, de görüm mənim Turgenevə nə qədər borcum vardı?, − qonağı mənimlə tanış edərək sual verdi.

− Əlli taler.

− Doğrudan? Dəqiq yadındadır? Səhv etmirsən ki?

− Əla xatırlayıram. Axı Turgenev özü məktubunda sənə nə qədər göndərdiyini qeyd edib.

− Məktubu göstər görüm, səndədir?, − ərim tələb etdi.

Əlbəttə, məktub əlimin altında deyildi, ancaq axtarıb tapacağıma söz verdim və bu cavan oğlandan iki gün sonra yenidən bizə təşrif buyurmasını xahiş etdik.

İvan Turgenev — Vikisitat

Fyodor Mixayleviç mənim səhv edə biləcəyim ehtimalından qorxurdu, hətta bu məsələ onu o qədər yerindən etdi ki, mən nə olursa-olsun, bütün gecəni axtarıb o məktubu tapmağı qərara aldım. Ərimin həyəcanı mənə də sirayət etmişdi və bu məsələ ilə bağlı hər hansı anlaşılmazlığın olub-olmamasını düşünməyə başladım. Tərslikdən ərimin əvvəlki illərə aid yazışmaları qarmaqarışıq halda idi və Turgenevə aid olan məktubu tapana qədər artıq ən azı 300-400 məktuba baxmışdım. Məktubu oxuyandan sonra yanılmadığımızdan əmin olan ərimin ürəyinə su səpildi. İki gün sonra cənab Otto bizə gələndə, Turgenevin məktubunu ona göstərdik. O, əməllicə karıxıb qaldı, qaytarmaq şərtilə bu məktubu Turgenevə göstərmək üçün ona verməyimizi xahiş etdi.

Üç həftə sonra cənab Otto yenidən bizdə idi. Məktub gətirmişdi. Ancaq ona verdiyimiz məktubu yox, Fyodor Mixayloviçin Visbadendən Turgenevə yazaraq ondan 50 taler borc istədiyini göstərən məktubu. Beləliklə, anlaşılmazlığa bizi tam qane edəcək şəkildə son qoyuldu. Bu işin əziyyəti A.F.Ottoya qaldı. O, uzun illər sonra (19 dekabr 1888-ci ildə) məktubunda özü barədə xatırlatma edərək yazırdı:

“Mənim Fyodor Mixayloviçlə qısa tanışlığım onun üçün elə də xoş olmayan və mənim də istəmədən iştirakçısı olduğum bir hadisəyə söykənir. Mən – çoxdan, lap qədim vaxtlarda, siz hələ Peskovda yaşayan vaxtlarda sizə təşrif buyurmuşdum. Maddi çətinlik içində olduğunuz, üstəlik də Fyodor Mixayloviçin ağırlaşmış xəstəliklə mübarizə apardığı bir vaxtda dostum İ.S.Turgenevin tapşırığı ilə Fyodor Mixayloviçin ona olan borcunu almaq üçün gəlmişdim. Onda mən çətin dəqiqələr keçirdim, çünki siz mənə etimad göstərərək ümumi vəziyyəti izah etdiniz, daha sonra Fyodor Mixayloviç təlaşla və qızğınlıqla İvan Sergeyeviçin tələbinin ədalətsiz olduğunu sübut etdi. Mənə xas kobudluqla İvan Sergeyeviçə kəskin məzmunlu bir məktub yazdım. Məsələ ayınlığa çıxdı: İvan Sergeyeviç yanıldığını etiraf etdi, lakin mən onunla, demək olar, bütün dostluq əlaqələrimi kəsdim. Adətən, iki ayrı adamın davasına qarışan üçüncü şəxslərdə olduğu kimi...”


Fyodor Mixayloviç ölüm döşəyində olarkən...

Gecəni yuxusuz, gündüzü də narahatlıq içində keçirdiyim üçün çox tez yuxuladım, gecə bir-iki dəfə yerimdən dikəlib, lampa işığında baxdım ki, əziz xəstəm mışıl-mışıl yatır. Səhər 7-yə yaxın ayıldım, gördüm, ərim mən tərəfə baxır.

− Hə, de görüm özünü necə hiss edirsən, əzizim? – ona tərəf əyilərək soruşdum.

− Bilirsən, Anya, − Fyodor Mixayloviç yarıpıçıltılı səslə dedi, − üç saatdır gözümə yuxu getmir, elə hey düşünürəm, ancaq indi tam aydınlığı ilə təsəvvür etdim ki, bu gün öləcəyəm...

− Əzizim, niyə belə şeylər fikirləşirsən? – üşənərək dedim, − axı indi daha yaxşısan, qanaxma kəsilib, görünür, Koşlakovun dediyi kimi “tıxac” yaranıb, qanı dayandırıb. Tanrı xatirinə, şübhələrlə özünə işgəncə vermə, bax görərsən, sən hələ yaşayacaqsan, inan mənə!

− Yox, bilirəm, mən bu gün öləcəyəm... Şamı yandır. İncili ver mənə.

Bu İncili Fyodor Mixayloviçə Tobolskda olanda (katorqaya gedəndə) dekabristlərin zövcələri vermişdi.

Fyodor Dostoyevski — Vikipediya

Katorqa işlərində olduğu dörd il ərzində Fyodor Mixayloviç bu İncildən ayrı qalmamışdı. Sonralar da onun yazı masasının gözdə olan yerində dururdu. Tez-tez olurdu, nəsə düşünəndə, ya da nədənsə şübhə edəndə İncili gözəyarı bir yerdən açar və ilk səhifədə yazılanı oxuyardı. İndi də Fyodor Mixayloviç şübhəsinin doğru çıxıb-çıxmayacağını İncillə yoxlamaq istədi. Özü müqəddəs kitabı açdı və orada yazılanı oxumağımı istədi.

“Məttanın İncili” açıldı: Yəhya onu saxladı və dedi: “Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?”. İsa ona cavab verdi: “Mənə mane olma, çünki bu yolla biz doğru olan hər şeyi yerinə yetirəcəyik.”

− Eşidirsən, − “Mənə mane olma” yazılıb, − deməli, mən öləcəyəm, − ərim dedi və kitabı örtdü.

Göz yaşlarıma hakim ola bilmədim. Fyodor Mixayloviç mənə təsəlli verməyə başladı, xoş sözlər söylədi, mənimlə keçirdiyi xoşbəxt həyata görə minnətdarlıq etdi. Uşaqları tapşırdı, dedi ki, mənə inanır və ümidvardır ki, həmişə onları sevəcəyəm və qoruyacağam. Sonra elə bir şey söylədi, tək-tük ər tapılardı, on dörd illik evlilik həyatından sonra arvadına bunu desin.

− Yadında saxla, Anya, mən həmişə səni dəlicəsinə sevmişəm və heç vaxt, hətta fikrimdə belə sənə xəyanət etməmişəm!

Onun bu səmimi sözlərindən ürəyim riqqətə gəldi, ancaq həm də yaman təşvişləndim; həyəcandan səhhətinə xətər dəyməsindən qorxdum. Yalvardım ki, ölümü yada salmasın, bizi öz şübhələri ilə qüssələndirməsin. Xahiş etdim ki, dincəlsin, yuxulasın. Ərim sözümə qulaq asdı, daha danışmadı, ancaq üzündən bilinirdi ki, ölüm fikri onu sakit buraxmır və o biri dünyaya keçid ona qorxulu deyil.
Bütün günü ərimin böyründən ayrılmadım. Əlimi əlinə alıb saxlamışdı və pıçıltıyla deyirdi: “Ah, yazıq, əzizim, səni heç nəsiz qoyub gedirəm... yazıq, sənin üçün yaşamaq necə də çətin olacaq...”

Mən onu sakitləşdirir, sağalmasına ümidləndirirdim, lakin gün kimi aydın idi: onun özündə bütün ümidlər ölmüşdü və ailəsinə bir qara qəpik qoymadan getməyi ona əzab verirdi. Axı “Русский вестник”in redaksiyasında yığılıb qalmış dörd-beş min bizim yeganə var olan pulumuz idi.

Bir neçə dəfə pıçıltıyla dedi: “Uşaqları çağır”. Çağırdım, ərim dodaqlarını irəli uzatdı, uşaqlar onu öpdülər və həkimin tövsiyəsinə uyğun olaraq, dərhal da otaqdan çıxdılar, Fyodor Mixayloviç isə kədərlə onların dalınca baxdı.

Axşam 9-a 22 dəqiqə qalmış Fyodor Mixayloviç əbədiyyətə qovuşdu.

Anna Dostoyevskaya — Vikipediya

Son gəlib çatdı və mən övladlarımla artıq bütünlüklə ümidsizliyə qapıldıq: ağlayır, hönkürür, nəsə sözlər deyirdik, bizə əziz olan mərhumun hələ soyumamış üzünü və əllərini öpürdük. Ətrafda hər şey mənə dumanlı görünürdü, ancaq bircə şeyi çox aydın dərk edirdim ki, həmin andan etibarən artıq mənim şəxsi, sərhədsiz xoşbəxt həyatım bitdi və mən qəlbən əbədi olaraq öksüz qaldım. Çılğıncasına, sədaqətlə ərini sevən, yüksək əxlaqi keyfiyyətləri olan bu adamın sevgisi, sirdaşlığı və hörməti ilə iftixar edən mənim kimi bir insan üçün bu itki heç nə ilə əvəz oluna bilməzdi. Həmin o həqiqətən də dəhşətli vidalaşma anlarında mənə elə gəldi ki, mən ərimin ölümündən sonra yaşaya bilməyəcəyəm, ürəyim indicə partlayacaq (elə bərk döyünürdü ki), ya da dəli olacağam...

Anna Qriqoryevna Dostoyevskaya: “Mənim ərim – Fyodor Dostoyevski. Dahinin kölgəsindəki ömür” kitabından

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

12:30 23 iyul 2026
"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

12:00 23 iyul 2026
Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

11:38 23 iyul 2026
Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

10:46 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər