news-inner
clock08:30 calendar-gray 19 Dekabr 2012 view-gray2502 dəfə oxunub
view-gray2502 dəfə oxunub

“Murad Köhnəqala, səndən heç çoban da olmayacaq”

Eşidəndə ki, şairlər haqda yazı hazırlamağa gəlmişəm, Tovuz rayon Kommunikasiya xidmətləri rəisi, söz sənətinə hörmət bəsləyən köhnə dostum Yaşar öz xidməti maşınını bir günlük mənə ayırdı. Qazax səfərindən sonra Alakollu şair İdrislə görüşməyi planlaşdırmışdım. Qazaxda şair Həvəskarla görüşüb söhbətləşdikdən sonra Tovuza qayıtdıq. Rayonda çoxdan görmədiyim dostlara rast gəldim, çayxanada oturub çay içəsi olduq. Səfərimin məqsədini dostlara danışırdım, şair İdrisin adını çəkən kimi Çingiz dedi, odu bax, İdris dayı gedir. Dönüb baxdım ki, buxara papaqlı şair İdris bir dəstə aşıqla harasa yollanır. Cəld qalxıb ona çatdım, görüşdük, axşam söhbətləşmək arzumu çatdırdım. “Baş üstə, axşam evdə gözləyəcəm!” – dedi.

Çay söhbətində Çingiz izah elədi ki, rayonda tezliklə Hüseyn Bozalqanlının yubileyi keçiriləcək, yəqin aşıqlar hazırlığa yığışıblar.

... Axşam üstü Köhnəqalanın qonşuluğunda olan Alakol kəndinə gəldik. Mən yoldaşlıq üçün saza-sözə marağı olan dostum Zahidi də özümlə aparası oldum. Maşınını bizim sərəncamımıza verən Yaşar müəllim də, sürücü Surxay da şair İdrisin kəndçiləridi. Ona görə Surxay maşını birbaşa şairin evinin qarşısında saxlayıb düşdü və çöl qapısını taqqıldadıb həyətə girdi. Bir azdan Surxayla bərabər şairin həyat yoldaşı da küçəyə çıxdı. Xoşsifətli ağbirçək bizə dedi ki, İdris hələ rayondan gəlməyib. Şairin telefonu da söndürülmüşdü.

Biz maşına doluşub geri Köhnəqalaya qayıdası olduq. Yolda belə məsləhət oldu ki, Surxay tez-tez əlaqə saxlayacaq, şair rayondan gələn kimi bizi görüşdürəcək...

Qayıdıb bizə gəldik. Zahid dedi, məndə əla bir tut arağı var, gətirim, əlli-əlli vuraq. Biz yenicə hərəyə “əlli vurmuşduq”, Surxay zəng eləyib dedi, şair evdədi, hazırlaşın, arxanızca gəlirəm. Mən tərəddüd etmədən arağı da çantama qoydum ki, məclisdə lazım olar. (Bu arağın yazıya xeyli dəxli olacaq, ona görə təfsilatı ilə yazıram.)

Şair bizi həyətdə qarşıladı və evə dəvət elədi. Əvvəlcə evə gec qayıtmağının səbəbini izah elədi: “Hüseyn Bozalqanlının yubileyinə hazırlıq gedir. Tədbirin ortasında işıqlar sönmüşdü, sonra düzəltdilər, ona görə bir az yubanası olduq. Telefonlarımızı da söndürmüşdük, bax belə...”

... Uşaq vaxtı cəmi bircə dəfə aşıq İdrisin keçirdiyi toy məclisində olmuşam. O, ucaboylu, kürəkli bir adam idi. 77 yaşına baxmayaraq şair indi də xeyli cüssəli görünürdü. Ancaq hiss elədim ki, gözünün birinin nuru azalıb. İdris dayının həyat yoldaşı inanılmaz bir zövqlə süfrə açmışdı. Şair danışdıqca biz heyran-heyran qulaq asırdıq. Mən onun icazəsi ilə tut arağını çantadan çıxarıb stola qoydum. Şair gülüb: “Çox gözəl, sizinlə bir “əlli” də mən içəcəm” – dedi.

Söz sözü çəkir. Mən belə yazıları diktofonla işləyə bilmirəm, ona görə aşıq danışdıqca qarşımdakı dəftərə qeydlər eləyirdim.

Soruşuram:

- Ustad, antisovet şeirləri haçandan yazmısınız?

- Açığını deyim, mən lap cavanlıq vaxtlarımda sovet quruluşuna qarşı qətiyyən kinim-ədavətim olmayıb. O vaxtlar insanların bərabər yaşadığına inanırdıq. Sizə bir söz deyim, sovet qurulanda atam 12 komsomoldan biri, gənc vaxtlarında kolxoz sədri olub. Di gəl ki, Böyük Vətən müharibəsinə əsgər gedib, ancaq geri qayıtmayıb. Biz ailəmizdəki bu fəlakəti həmişə Hitler faşizminin ayağına yazmışıq. Dörd bacı-qardaş anamızın himayəsində yetim böyümüşük. Ancaq sonralar ağlım kəsdikcə görürdüm ki, bərabərlik yalnız kasıblar arasındadı, yəni kasıbın hamısı eyni qaydada kasıbdı. Bir tərəfdən isə varlılar peyda olur. Kolxoz sədri briqadirlərindən, briqadirlər manqa başçılarından varlıdı, manqa başçıları isə səhərdən-axşamacan torpaqda eşələnən fəhlədən yaxşı yaşayır. Varlılar yavaş-yavaş kasıblarla durub-oturmağı, qohum olmağı özlərinə sığışdırmadılar. Beləcə, getdikcə ayrı-seçkilik əmələ gəldi. Şəhərlərimizdə məmurlar bürokratiya aparatı qurub rüşvət üçün zəmin yaradaraq camaatın qanını sorurdular. Bu şeyləri dərk edəndən sonra antisovet şeirləri yazmağa başladım.

Şairi təzədən söylətməyə başlayıram:

-Ustad, ilk dəfə nə vaxt tutulmusunuz?

- Cavan vaxtlarım idi, Azərbaycanda fəhləyə maaş vermirdilər. Gürcüstanın Rustavi şəhərində Metallar Zavodunun boru-prokat sexində fəhlə işləyirdim. Şeir yazdığımı orda hamı bilirdi. Günlərin bir günü məzuniyyətə çıxmış briqadirin yerinə məni qoydular və bir neçə vaxtdan sonra vaqonlarla yola salınan mallara görə briqadirin yerinə qol çəkdim. Aradan xeyli keçdi, briqadir geri qayıtdı, mənə dedilər, bəs, qol çəkdiyin malların pulu gəlib çıxmayıb. Beləcə istintaq eləyib məni içəri atdılar. Bu işdə suçlu bilinən bütün gürcüləri buraxdılar, təkcə mən türmədə qalası oldum...

Söhbətin gərginliyini aradan qaldırmaq üçün araqdan əlli-əlli süzüb ustadın sağlığına qaldırıram, o da Zahidlə mənim sağlığıma içir. Badəni yerə qoyub: “Çox sərt araqdı” – deyir.

Rahat nəfəs alandan sonra soruşuram:

-Bəs, türmədən sonra neylədiniz?

- Türmədən çıxdıqdan sonra öz kəndimizə qayıtdım. Mənə düşən torpaq sahəsini alıb özümə bir koma tikmək istəyirdim. Ancaq adım demaqoq kimi çıxdığına görə raykomun, rayispolkomun tapşırığı ilə məni başlarından əkib torpaq vermək istəmirdilər. Kənddə başqasının adına olan torpaq sahəsini göstərib məni kimlərləsə üz-üzə qoymaq, tutdurmaq istəyirdilər.

Aşıq bu yerdə “nə isə!” deyib bir ah çəkdi və sazı köynəyindən çıxarıb özünün bir təcnisini oxudu. Sonra da dedi, siz mənə baxmayın, ikiniz vurun. Mən Zahidlə özümə araq süzdüm və içdik. Aşıq bir dənə də qoşmasından oxudu. Bu yerdə nədənsə aşıq Veysəli xatırladım.

-Ustad, bəlkə antisovet şeirlərdən birini deyəsiniz, yazım?

- Niyə demirəm? O vaxtlar ən çox yayılan “Əl çalırıq” şeri idi, istəyirsən onu deyim.

Ürəyimdə min bir dərd var

Bilə-bilə əl çalırıq

Bir-birimizə hər kələyi
Gələ-gələ əl çalırıq

Bir duyan yox ağrımızı

Minən basır yağrımızı

Yalan sözlər bağrımızı

Dələ-dələ əl çalırıq

Tullamışıq namus-arı

Görən kimdi günahkarı

Özgələrə dövlət-varı

Bölə-bölə əl çalırıq.

Kiminkidi gedən naxır

Kimlər yeyir, kimlər baxır

Ağzımızdan nəfəs çıxır

Ölə-ölə əl çalırıq

Araz axır aramızdan

Qanlar sızır yaramızdan

Dahiləri sıramızdan

Silə-silə əl çalırıq

Var yoxları xaşdamışıq

Gönümüzü aşdamışıq

Kişiliyi boşdamışıq

Elə-belə əl çalırıq

Şillə dəyir üzümüzə

Barmaq girir gözümüzə

Urra deyib özümüzə

Gülə-gülə əl çalırıq

İdris deyər elimizdə

“Davay-davay” dilimizdə

Şər matahı belimizdə
Şələ-şələ əl çalırıq

... Bu gün sadə səslənən bu şeirin 60-70-ci illərdə müəllifi olmağın nə qədər qorxulu olduğunu gözlərim önünə gətirirəm. Özü də aşıq İdrisə apardığı toy məclislərində həmişə belə antisovet şeirlərindən söyləməyi sifariş eləyərmişlər. Ona görə günlərin bir günü onu toyda oxuduğu yerdə qandallayıb aparmışdılar.

Sazı sinəsinə basıb toy məclislərində oxuyurmuş:

Çiynimizdə zorba çomaq

Başımızda yapma papaq

Ağ şalvarda qara yamaq

Kommunizmə gedirik biz...

-İdris dayı, aşıqlıq sənətində ustadınız kim olub?

- Mən Azaflı Mikayılın yanında şagirdlik eləmişəm. Bir vaxtlar Azaflını da şərləyib tutmuşdular. Ona bir şeir yazıb türməyə göndərdim. Aradan bir az keçmiş Azaflıdan şeirlə cavab aldım. Sonralar çox yazışdıq, heyf, o məktublar it-bata düşdü. Türmədən çıxandan sonra görüşdük, dedi, gəl mənimlə məclislərə gedək, mən də razılaşdım.

- Bəs Azaflını nə üstə tutmuşdular?

- O vaxtlar beli polisə bağlı olan bir dəstə ev oğrusu peyda olmuşdu. Varlı adamların evinə girib qiymətli əşya, mal-qara oğurlayırdılar. O zaman xarici paltar əldə eləmək çox çətin olurdu. Azaflı da yaxşı geyinməyi sevən adam idi. Həmin oğrular hansısa zənginin evindən apardıqları təzə xarici paltonu Azaflı Mikayıla satmışdılar. O vaxtlar KQB el içində nüfuzu olan adamları gözdən salmaq üçün belə şeylər eləyirdi. Azaflıya məhkəmə qurub oğrularla əlbir olduğunu xalq içində yaymaq istəyirdilər. Beləcə, illərlə üstümüzə ev oğrusu, dana oğrusu yarlığı vurmağa çalışıblar. Biz də məclislərdə məmurların və məhkəmələrin nə qədər ədalətsiz olduqlarını dastan kimi danışır, şeirlərimizlə deyirdik. Həmin vaxtlar ən çox yayılan “Dəhşətdi, dəhşət” şeirim idi.

Alakollu İdris, bax bu zamanda

Mərdlər pünhandadı, namərd meydanda

Oğrular xırmanda, doğru zindanda

Gəzir həqiqəti, dəhşətdi, dəhşət!..

Söhbətin bu yerində oturduğumuz otağın qapısını səhv salıb pəncərəni döyə-döyə sərxoş bir kişi hay-küylə içəri daxil oldu. Cumub əvvəlcə şairin alnından öpdü, sonra şairin üstünə dirənib soruşdu ki, bunlar kimdi, sənin evində nə gəzirlər? Aşıq bizə təbəssümlü bir işarə eləyib (yəni, fikir verməyin, dəmdi) ona dedi ki, mənim qonaqlarımdı, haqqımda yazmağa gəliblər. Sərxoş nəzərləri ilə bizi süzən göygöz, sarıbəniz kişi stolun üstündəki arağı görən kimi üzünə xoş bir ifadə gəldi:

-Xoş gəlib, səfa gətiriblər. Maşını küçədə gördüm, dedim, görüm, aşığın yanına gələnlər kimdi. Mən aşığı dünyada hamıdan çox istəyirəm, onun ağrısın alım, o bizim elimizin, obamızın...

Mən də hal əhliyəm, fikirləşdim, ona bir “əlli” süzüm, içək, bəlkə söhbəti davam eləməyə imkan verdi. Götürüb ona da süzdüm. Çağırılmamış qonaq uzun, zəhlətökən, anlaşıqsız bir sağlıq dedi. Baxdım ki, indən belə söhbətimiz alınmayacaq. İcazə alıb qalxmaq istəyəndə aşıq yarısına qədər araq olan şüşəyə işarə eləyib mənə sakitcə dedi ki, bunu da aparın, yoxsa içib səhərə qədər məni yatmağa qoymayacaq. Mən arağı götürüb çantama qoydum. Bu “dəhşətli” jestim sərxoşun gözündən yayınmadı. Ayaq üstə yellənə-yellənə barmağını mən tərəfə uzadıb:

- Səndən nəinki jurnalist, heç çoban da olmayacaq! – dedi...

Oxşar xəbərlər

Xəbər lenti

Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020