Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...

Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
22 oktyabr 2020
# 10:36

Kulis.az Günel Mehrinin "Füzulimə" adlı yazısını təqdim edir.

Salam, dogma torpaq. Xoş gördük. Necəsən, görüşməyəli? Görüşməyəli deyəndə 27 il keçib üstündən son görüşün. Bir igidin ömrü. Son görüşümüzdə məktəbliydim. Başı bantlı məktəbli. Elə bil dünən olmuşdu. Yadındamı, hər il yay tətillərində uça-uça görüşünə gəlməyim? İndi qızım məktəblidir. Və səni tanımır… Adını eşidib, üzünü görməyib və hər dəfə səndən söz düşəndə deyir ki, nə vaxt gedəcəyik? Bilirsən, əvvəllər mən bu sualı cavabsız qoyurdum. Doluxsunurdum. Amma ilk dəfə indi, hə, elə bu günlərdə dedim ki, yaxında, lap az qalıb. Yenə də doluxsundum. Bu səfər sevincdən….

Səninlə görüşmək üçün burnumun ucu göynəyir. Ətrini duymaq, lalələrini dərmək, qanqalını dadmaq, suyundan içmək, yağışında islanmaq, qarına bulaşmaq, yumşaq torpağın üstündə eləcə yalın ayaqla gəzmək istəyirəm. Sonra Quru çayı, Köndələni görmək, gözü yolda qalan doğmaların qəbirlərinə baş çəkmək, keçi kimi sıldırım qayalarına dırmaşmaq, lap o uşaqlıq günlərindəki kimi…

İmkan olsa elə indicə qaça-qaça gələrəm. Azca qalıb. Bir az səbr etmək lazımdır. Nə yalan deyim. Qorxularım da var. O gün səni göstərdilər televizorda. Və… və mən səni tanımadım. O qədər dəyişmisən, yadlaşmısan ki. Hanı o evlər, məhəllələr, küçələr, üzümlüklər, parklar, dükanlar, bazarlar? Elə bil gözəgörünməz bir əl gəlib dəyişib səni. Sırf mən tanımayım deyə. Uçuq-sökük qəbirlər də, toz-torpaqlı küçələr də, tanımadığım yad kişilərin yol boyu cərgələnmiş posterləri də, hərbi bazalar, istehkamlar da - hər şey, hər yer mənə yad gəlir.

İndi başa düşürəm ki, biz görüşəndə sən məni o məktəbli qızın xatirələrindəki uşaqlıq şəhəri kimi qarşılamayacaqsan. Artıq mən də uşaq deyiləm. Sən də yaşa dolmusan. Amma olsun. Mən bu ahılı qucaqlayıb, əzizləməyə, ona gənclik illəri haqda bəzən qorxulu, bəzən sehrli nağıllar danışmağa varam. Məsələn, sənə xiffətinlə bu dünyanı tərk edən nənəmdən, babalarımdan, xalamdan, dayımdan danışmaq istəyirəm. Sonra kilidini gözləyən paslı bir açardan. Açığı, heç bilmirəm, indi o açarın düşə biləcəyi bir kilid qalıbmı... Bu 27 ildə o açar bizim ümidimiz idi. Bir gün sənə qovuşacağımıza olan ümidimizin açarı, sənə gətirən yolların açarı…

Bilirsən, hərdən mənə elə gəlir ki, uşaqlığımı səndə qoyub gəlmişəm. Sənin küçələrində azdırmışam. Onun üçün illərdir, böyüyə bilmirəm. Mən uşaqlığımı isti yay günlərində rayonsuzluğun xiffətiylə qarşılaşanda itirmişdim. Hamı tətildə həvəslə rayonuna yol alanda mən həsrətlə dostlarımın ardınca baxardım… Mən uşaqlığımı nənəmgilə “qaçqın” deyiləndə unutmuşdum. Onların doğma evlərindən min əzabla köç etməyi bu soyuq, şillə kimi təsirli sözlə necə uyuşa bilərdi axı? Mən uşaqlığımdan vətəndə ola-ola vətənsizliyi yaşayarkən uzaqlaşmışdım. Səninlə qonşu rayona gedib bir addımlığında dayananda, eyni səmaya boylananda, eyni havanı udanda, amma əlim çatmayanda, ünüm yetməyəndə anlamışdım çarəsizliyi…

Mən uşaqlığımı 93-ün yayında bibimin toyunu öz həyətimizdə yox, qonşu kənddə edəndə yadırğamışdım. Yadında, necə hazırlaşırdıq o toya… Ən çox da mən içi noğullu-nabatlı, başı lentli toy şirnisi gözləyirdim. Sonra qonşu uşaqlarla həyətimizdəki mağarda təzə donumu geyinib doyunca rəqs etmək istəyirdim. Hamısı gözümdə qaldı. Nə toy şirnisi oldu, nə də qonşu uşaqlarla toy. Evimiz top-tüfəng səsiylə silkələnəndə çıxdıq rayondan. Elə o çıxan da, çıxdıq. Yadımda, çıxanda həyətdən bir karlik qızılgül dərib ovcumda sıxmışdım. Doyunca baxmışdım güllü-çiçəkli həyətə. O gündən hafizəmdə elə də qaldın: güllü-çiçəkli…

Səndən yadigar qalsın deyə, həmin gülü “Min bir gecə” kitabının arasında qurutmuşdum. Sonra bir gün o gül toz olub yerə tökülmüşdü və mən o tozun yerinə baxıb ağlamışdım. Sonra da özümə söz vermişdim ki, bir də heç vaxt sənə görə ağlamayacam. Ona görə yox ki, sənə dönük çıxmışdım, daha sevmirdim, gözləmirdim. Ona görə ki, daha ağrımı içimdə çəkmək istəyirdim. Təmkinlə oturub bu günlərə dua edirdim. Bir gün qovuşacağımıza, başın üstündə üçrəngli bayrağımın dalğalanacağına adım kimi əmin idim.

Bu illərdə çox mətləbə baxışım dəyişdi. Bildim ki, təkcə adamlar yox, torpaqlar da əsarətdə qalarmış. Azad olacağı günü lal-dinməz, amma həsrətlə gözləyərmiş. Sənin azadlığını gözləyə-gözləyə neçə nəsil əvəzləndi, deyim, biləsən. Çox sular axdı, çox qanlar töküldü, çox igidlər peyda oldu. Siman kimi adını da dəyişdilər. Dilimə almaq istəmədiyim eybəcər bir ad qoydular sənə. Elə bildilər, onda unudacaqsan özünü, unudacağıq səni. Daha bilmədilər ki, adın, siman dəyişsə də, sən mənim, bizim, minlərin könlündə çarpan ürəksən. Bizim gözümüzdə o baxımsız küçələrin də, o qərib mənzərən də vətəndir! Və biz o vətəni yenidən axar-baxarlı, güllü-çiçəkli edəcəyik.

İndi sabahları daha gözəl oyanıram. Düz ayın 17-sindən bu yana ürəklə, şükürlə hər səhər öz-özümə deyirəm:

“Azadlığın mübarək, əzizim!” Xəbərini alar-almaz bizimkilərin yanına gözaydınlığına qaçdım. Qəbiristanlığa. Bir-bir hamısını ziyarət eləyib qulaqlarına pıçıldadım:

“O, artıq bizimdir. Rahat uyuyun!” Sonra söz verdim onlara. Səninlə görüşən kimi şəhid qanıyla paklanmış torpağından bir torba yığıb üstlərinə səpəcəyəm. Qoy nakam qalmasınlar… Kaş həmin anda ruhlar dünyasına transfer ola biləydim. Görəsən, ruhlar da sevinəndə yallı gedirlər?

Amma bağışla məni! Sənin mübarək xəbərini alanda nə rəqs elədim, nə də güldüm. Yolunu illərlə gözləsək də, qovuşduğumuza doyunca sevinə bilmədik, canım torpağım. Bir bilsən, sənin azadlığın nə qanlar, nə canlar bahasına başa gəldi? Nə körpələr itirdik, nə faciələr yaşadıq, bir bilsən? Sən qan ağlayan qəlbimizə məlhəm oldun. Minlərlə insana kədəri və sevinci eyni rəngdə yaşatdın. Bir gözümüz ağlayanda o biri gözümüzü güldürdün. İndi torpağının hər qarışı müqəddəsdir. Çün şəhid qanıyla yoğrulub. İndi qədrini daha çox biləcəyik. Çünki uğrunda canlar gedib.

İndi fəxrlə deyirik: Qarabağ candır! Qarabağ Azərbaycandır!

Doğuluşun mübarək, ata yurdum! Gözlə məni. Görüşəcəyik!

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #