news-inner
clock08:00 calendar-gray 11 Dekabr 2012 view-gray5399 dəfə oxunub
view-gray5399 dəfə oxunub

“Qızı korlayıb mənim boynuma yıxdılar”

84 yaşlı şair Həvəskarı görmək üçün heykəllər olan parkın ətrafındakı çayxanalara baxmağa gəldik. Bəxtiyar şairin çayxanadakı tay-tuşlarından Həvəskarı soruşurdu, onlar da, şair bu gün gözə dəyməyib, deyirdilər. Bəxtiyar dedi, yəqin bu gün rayona çıxmayıb, evinə getməliyik. Sonra da əlavə elədi ki, qoca kişidi, tənha yaşayır, yemək bişirəni yoxdu, özümüzlə kolbasa-çörək aparaq. Biz kolbasa-çörək, araq götürüb maşına mindik.

Həvəskar Qazaxın Ağköynək kəndində yaşayır. Bəxtiyar dedi, kanalın yanı ilə gedək, təxminən bilirəm yerini. Düz kanalın böyründə yaşayır.

Bizim maşın nəhəng, enli, çirkli bir kanalın yanı ilə irəliləyirdi. Kanalın ətrafında düzülmüş evlərin hər birisinə məxsus xortumlu su nasosu gözə çarpırdı. Bəxtiyar bu kanal haqda bildiklərini danışdı: “Kanal Qazax gölündən Kür çayına qədər uzanır. Bunun proyektini 1969-cu ildə qazaxlı həmyerlimiz, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Məcid Şərifzadə işləyib. Camaat bu suyun vasitəsilə bütün kanal boyu əkin əkib, yaşıllıq saldı. Məcid Şərifzadə sonralar qocalar evində dünyasını dəyişib.”

Nəhayət, şeirləri dillərdən düşməyən şair Həvəskarın məskunlaşdığı yeri tapdıq. Ucaboylu, ağbəniz, Hollivud filmlərinin qocaman ulduzlarına bənzəyən şair, Bəxtiyarı tanıyıb, gəlişimizə sevindi. Bizimlə də görüşdükdən sonra Bəxtiyar məni göstərib dedi ki, şair dostumdu, Bakıdan sənin haqqında yazmağa gəlib. “Mənim nəyimdən yazacaqsınız, görün, nə gündə yaşayıram?” deyib, əli ilə yaşadığı yeri göstərdi.

Onun yaşadığı “ev”, çəpərsiz-zadsız yerdə, təxminən iki metr eni, üç metr uzunu olan bir budka idi. Budka müxtəlif taxta və köhnə maşın dəmirlərindən yamanmışdı. O: “Gəlin, içəriyə də baxın!” – deyib, bizi budkaya dəvət elədi. Mən qapının ağzından ürək ağrısı ilə onun yuvasının içərisinə boylandım. Sağda divara bitişik miskin yataq taxtı, qarşı tərəfdə isə balaca yemək stolu vardı. Qəzet sərilmiş stolun üstündə səliqəsiz qab-qacaq və xırda bankalar gördüm.

Üç nəfərin içəriyə yerləşməyi mümkün deyildi. Yaxşı ki, hava bir az günəşli idi, biz stolu çölə qoyub, kolbasanı, çörəyi doğradıq, arağı açdıq. Mənzərənin miskinliyinə baxmayaraq, qocaman şairin bütün hərəkətləri pozitiv idi. O, deyib-gülür, söyüş söyür, dünyanı vecinə almırdı.

Mən Həvəskarla üzbəüz, Bəxtiyar isə yanaşı oturmuşdu. Ona araq süzmək istəyəndə gülüb, “mən çoxdandı içmerəm”, dedi. Qulağı bir az ağır eşitdiyindən hərdən mənim suallarımı Bəxtiyar ona ucadan təkrar eləyirdi. Bu qədər gözəl şeirlər yazan adamın təxəllüsü nədən Həvəskar olsun? Sual elədim:

- Həvəskar təxəllüsü hardandı?

-Bir şair vardı, Şeyda Əziz, Nüsrət Kəsəmənlinin də əmisi idi. Cavan vaxtlarımda ona dedim, Əziz müəllim, istəyirəm bir həvəskar şair kimi şeirlərimdən sizə oxuyam. O da dedi, buyur. Oxudum, çox xoşuna gəldi, sonra da dedi, qoy elə, təxəllüsün Həvəskar olsun. Odu-budu Həvəskar təxəllüsündə yazıram.

Bu dəfə Bəxtiyar dilləndi:

- Yaxşı, nə üstündə tutulmuşdun, söylə Murad da bilsin.

- Nəyin üstündə olajax? Şər-böhtan! “Yekələr” bir qızı korlamışdı, məhkəmə-şikayət olanda mənim üstümə yıxdılar, qız da üzümə durdu. Özü də bic uşaq doğulandan bir ay sonra məhkəmə oldu. Mənə düz 10 il iş verdilər. Onda mənim bir oğlum, bir qızım vardı. Türməyə 1967-də girdim, 1977-ci ildə azadlığa çıxdım.

Bu dəfə mən soruşdum:

-Hansı türmədə yatmısan?

-Azərbaycanda 1-ci, 2-ci kolonlarda. Rusiyanın da türməsində oldum. Sibirdə Krasnoyarsk vilayətinin Tumixa stansiyasında. Əlimizdə “Drujba”, meşə qırırdıq. Orda bir qəbristanlıq vardı, mənə dedilər, burda sənin “zemlyak”ların uyuyur. Getdim ziyarət eləməyə. Qəbirlərin üstündəki dəmir lövhələrə “kraska” ilə ad-soyadları yazılmışdı.

-Ancaq türmədə dinc durmurdum, günahsız tutulduğum haqqında Kosıginə, Brejnevə, akademik Kellişə, Leninin üstünə - Kremlin komendantına şikayətlər yazırdım.

-Bəs məktubları necə yola salırdın?

-Azərbaycandakı kolonda, üzümlüklər üçün beton dirəklər hazırlayırdıq. Həm də burada işləyib, ailəmə pul göndərirdim. Məktublarımı dirəklərin arxasınca gələnlərdən xahiş eləyib, evimizə göndərirdim, evdəkilər də poçtla yola salırdılar. Yazdıqlarımın bir nəticəsi olmadıqca, təhqirə keçirdim. Yazırdım ki, siz faşistdən betərsiniz. Ərizələrimdən xəbər tutan kimi məni türmədə karserə salırdılar. Ermənilər hər yanı tutmuşdu. 2-ci kolonun rəisi Akopyan, rejim naçalniki Melukimyan, “operçast” Artunyan, Respublikanın zonal prokuroru Melyan idi. Mənə deyirdilər ki, səni siçovullara yedirdəcəyik.

Biz bala-bala araqdan vurur, hərdən də kolbasa dilimlərindən ətrafımızda quyruq bulayan itlərə atırdıq.

-Şairlərdən kimlərlə dostluq eləmisən? – mən soruşuram.

-Daşqın Məzahirlə, Azaflı Mikayılla, Miskinli şair Vəli ilə çox yaxın olmuşuq. Məzahir çox mərd oğlan idi. O vaxtlar Səməd Vurğun Fadayevlə Daşqının cəza çəkdiyi kolona gedib. Sonra onu Azərbaycana gətirtdirib, Mingəçevir Su Elektrik Stansiyası tikintisində işə düzəltmişdi. Daşqın Səmədin bu yaxşılığını ölənəcən unutmadı. Səməd Vurğunu mən özüm üç dəfə görmüşəm. O vaxtlar Kənd Təsərrüfatı Naziri olmuş Mövsüm Poladov, şair Osman Sarıvəlli, bir də Səməd bizim kəndə xəngəl yeməyə gələrdilər. Kənd soveti sədrinin Haqverdinin anası Mulğuza arvad çox dadlı xəngəl bişirərdi. Eşidənlər yığılıb, Səmədə baxmağa gəlirdilər, 10-12 yaşım olardı, birinci dəfə orda gördüm. İkinci dəfə, mən əsgərliyə gedəndə, Səməd Salyan kazarmasında əsgərlər qarşısında çıxış elədi, onda görmüşdüm. Üçüncü dəfə, 50-ci ildə, Stalin adına Respublika Stadionunda “Neftyannik” “Lokomotiv Moskva” ilə oynayırdı, onda gördüm. İndiyə qədər yadımdadı, bizimkilər uddu: 2:0.

-Şair, xəbərin varmı, şeirlərin onun-bunun adına çap olunur, aşıqlar ayrı adamın adına oxuyur? – dedim.

-Bilirəm! Yiyəsiz adamam daa! (Gülür).

-Bu şeirim Qəmkeş adlı şairin adına oxunur:

Mənim yaradannan bir diləyim var

Baxtım ola, taxım-tacım olmaya
Həmişə əlimdən yaxşılıq gələ
Pislik üçün heç əlacım olmaya

Min nemət yetişə yaz yağışımda

Məni sarsıtmaya qarlı qışım da

Deyirəm heç kimə bir baxışımda

Nə kədərim, nə də acım olmaya.

Süfrəm çəmən ola, yerim dağ ola

Dövranlar ötüşə, canım sağ ola

Həvəskaram, saç-saqqalım ağ ola

Heç loğmana ehtiyacım olmaya.

Sonra Budkaya girib təzə yazdığı şeirlərin əlyazması ilə yanımıza qayıdır. Elə ayaqüstəcə üç şeir oxuyur.

Bəxtiyar araq süzə-süzə qocaman şairi yenə söylətmək istəyir:

-Ayı ovundan danışsan bir az!

Şairin üzü gülür:

-Həə, ovçuluğum da vardı. Sovet vaxtı Əskiparada meşə ayıları kolxozun mal-qarasına dadanmışdı. Gecələr hücum eləyib mal-qoyunu aparırdı. Bir tüfəngim vardı, “İJ-58”, ayı ovuna gedirdim. Vurduğum ayının ətini bazarda satırdım. Qoyun ətinin kilosu 2 manat olanda, ayı ətini 5 manata verirdim. Dərisini əsas gürcülər alırdı. Elə vaxtlar olub, dərisini bahalı bir xalçaya dəyişmişəm. Bir gün iri bir ana ayını öldürüb soydum. Baxdım ki, bu eynən qadın bədənidi, döşləri də sallanır. Həmin gündən ayı ovuna son qoydum.

Bəxtiyar onu yenə qurdalayır:

-Türmədə yazdığın dramın adı nə idi?

Şair ucadan gülüb:

-Adı “Ədalətsiz 10 il cəza”dı. Şeirlə yazmışam, mənzum dramdı. Səhnəyə qoysan, düz 2 saat davam eləyər.

-Gətir, çap eləyək, dana! – yenə Bəxtiyar dillənir.

-Yox, əşi, istəmirəm (gülür). “Qul Mahmud” nağılını da mən yazmışam, ancaq guya başqa adamdan eşidib çap eləyiblər.

-İtlərinin adı nədi? – mən soruşuram.

-Bu Barsdı, o biri Layka.

Həvəskar öz butkasına gedib, köhnə bir şəkil albomu gətirir. Albomda onun cavan vaxtları, ovçu günləri, pəhləvan cüssəsi donub qalmışdı.

Şəkillərdən birini göstərib:

-Bunları görürsənmi? O vaxtın lotularıdı, mənim yaxın dostlarım idilər. Bu, məşhur Kor İskəndərdi, bu Nəryətdi, bu da İliç.

... Şairlə görüşüb ayrılanda dedi ki, görəsən, sənin yazdığını Qazaxın icra başçısı oxuyacaqmı? Mən də ona dedim, yəqin oxuyar!

Biz maşına oturanda baxdım ki, Layka stolun üstündə qalmış iri kolbasa parçasını götürüb qaçdı...

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020