Kamran Ağabalayev: “Özümə hörmət etdiyim üçün bizim seriallara çəkilmirəm” - Müsahibə

Kamran Ağabalayev: “Özümə hörmət etdiyim üçün bizim seriallara çəkilmirəm” - Müsahibə
16 sentyabr 2020
# 08:59

Kulis.az-ın “Ulduzlu çərşənbə” rubrikasının qonağı dövlət televiziyasında yayımlanan “Ağ-Qara” verlişinin aparıcısı, aktyor Kamran Ağabalayevdir

- Söhbətimizə yaxşı bir xəbərlə başlayaq. Sizin də çəkildiyiniz “Biləsuvar” filmi beynəlxalq festivalın əsas müsabiqə proqramına daxil edilib. Azərbaycan kinosunun dünyaya çıxmasını hansı hisslərlə qarşılayırsınız?

- Busan çox nüfuzlu festivallardan biridir. Hətta Asiyanın Kannı hesab olunur. Təbii ki, sevindirici haldır. Bu, hələ ən böyük uğurumuz deyil, daha böyük uğurlar olacağına inanıram. Mən bunun üçün işləmişəm deyə, filmimizin beynəlxalq festivala çıxışı məndə bir o qədər də təəccüb doğurmadı. Elvin Adıgözəl ilə işləmək möhtəşəm bir hissidir. Hiss edirsən ki, rejissorla işləyirsən.

- Sizi qırmızı xalıda görəcəyikmi?

- Festivala getməli idim, sadəcə olaraq Busanda 14 gün oteldə, tanımadığım adamlarla dörd divar arasında karantində qalmaq istəmədiyim üçün getmədim. Ona görə də məni Busan Festivalının qırmızı xalısında görməyəcəksiniz.

- Bu cür nüfuzlu festivallarda iştirak etmək üçün çəkilən filmlərdə dövlət dəstəyi nə dərəcədə vacibdir?

- Mənə elə gəlir, vacib deyil. Ümumiyyətlə, biz niyə hər şeydə dövlətdən dəstək gözləməliyik. Bu gün nüfuzlu festivallarda iştirak edən filmlərin rejissorları bu uğuru öz hesablarına əldə ediblər.

- Müsahibələrinizin birində demisiniz ki, vəkil olmağım anamın arzusu idi. Ananızın arzusunu yarımçıq qoymaq sizə vicdan əzabı vermədi ki?

- Xeyr, heç bir vicdan əzabı yaşamadım. 23 il anamın istədiyi kimi yaşamışam və bunu məcburiyyətdən deyil, istəyərək etmişəm. Çünki bu, onun arzuları olub. Hər bir övlad kimi mən də anamın arzularını yerinə yetirməyə çalışmışam. Bunun üçün də heç bir peşmançılıq hissim yoxdur. Amma mən özümü heç cür o sahədə görə bilmədim. Bizdə vəkilin yükü əcnəbi filmlərdə gördüyümüz vəkillərin yükü qədər deyil. Mən işlədiyim vaxtlarda vəkilin missiyası formal idi. Bu işin formal olduğunu görəndən sonra başa düşdüm ki, bu sahədə illərimi itirə bilmərəm. Əslinə baxsanız, vəkil də aktyordur. Hətta ən yaxşı vəkillər ən möhtəşəm aktyorlarla bir sırada dayana bilərlər.

- Məşhur olmağın hansı avantajları var?

- Özümü məşhur hesab etmirəm. Məşhurluğun arxasınca qaçmamışam. Sadəcə olaraq, sevdiyim işlə məşğulam. Bu iş mənə daxili və maliyyə rahatlığı gətirir. Məşhurluq mənim üçün avantaj deyil. Tanınmış olmağım şəxsi həyatıma xüsusi heç nə qatmayıb. Məsələn, mənim çevrəmdəki insanlar 35 ildir tanıdığım insanlardan ibarətdir. Bu mühitdə heç bir dostum yoxdur.

- Niyə bütün sənət adamları öz sahələrində səmimi dostluğun olmadığını deyir. Rəqib olduğunuz üçünmü?

- Əksinə. Bu gün bizim sahədə ən böyük problemlərdən biri də sağlam rəqabətin olmamasıdır. Dostluq beş-on günün işi deyil. Bu, illərə söykənən bir imtahandır.

- Bayaq dediniz ki, aktyorluq həm də mənə maliyyə rahatlığı gətirir. Amma bu gün əksər aktyorlarımız kinonun, teatrın, ümumiyyətlə sənətin gəlir gətirmədiyindən şikayət edirlər.

- Durub özlərinə sual versinlər ki, niyə mən bu sənətdən gəlir götürə bilmirəm? Müəyyən müddət sən ad üçün işləyirsən, sonra ad sənin üçün işləyir. Mən yaxşı qazanıram. Bu gün bu sənətdən əldə etdiyim gəlir məni qane edir. Gərək elə çalışasan ki, sənə həmişə tələbat olsun. Mən arı kimi işləyirəm. Məsələn, karantin bitdikdən sonra Rusiyada iki serial çəkilişim var. Onlardan biri Netflix-in çəkdiyi serialdır. İki filmim Türkiyədə var. Bu yaxınlarda ölkə hüdudlarından kənarda 4 ölkədə 30-a yaxın şəhərdə çəkilişləri baş tutan “Rus qul” filmində baş rollardan birini - İldırım Bəyazidi oyanmışam. Film montaj prosesindədir. Heç kim onlardan xahiş etməmişdi ki, Kamran Ağabalayevi dəvət edin. Mən heç vaxt özümü güclü aktyor saymamışam. Sadəcə olaraq, bəxti gətirən aktyoram. Ona da inanıram ki, şans heç vaxt tənbəl insanlara verilmir. Təsadüflər təsadüf deyil. Bizim Xalq artistləri hərəkət etmədən oturub qapılarının döyülməsini gözləyirlər. Gözləyirlər ki, kimsə onlara deyəcək Mel Gibsonla Culya Robertsə tərəf-müqabili axtarırıq, sizi seçmişik, buyurun. Bu, heç vaxt olmayacaq. Məşhur olmağın, pul qazanmağın asan yolu yoxdur.

- Artıq on ildir ki, Azərbaycanda serial bazarında bir canlanma müşahidə olunur. Kənardan baxanda necə görünür? Bizdə bu bazar formalaşa bilibmi?

- Heç kimin xətrinə dəyməsin, bu gün Azərbaycanda çəkilən seriallar bərbaddır. Aktyorların çoxunun bərbad işlərinə haqq qazandırmaq üçün bir arqumentləri var: “Verilən qonorarın müqabilində ortaya çıxartdığım iş budur.”

- Sizə yerli seriallarda çəkilmək üçün təklif gəlirmi?

- Mənə çox təkliflər gəlir, amma özümə, sənətimə hörmət etdiyim üçün heç bir təklifi qəbul etməmişəm. Niyə çəkilməliyəm mən bu seriallara?

- Yaxşı bəs niyə özünüz çəkmirsiniz? Mən bildiyim qədəriylə sizin həm də rejissorluq təcrübəniz var?

- Eyni şərtlərlə aktyorları dəvət edib serial, film çəkəcəmsə mənim onlardan nə fərqim olur? Mən aktyoruma rahatlıq verə bilməyəcəyəmsə, niyə o yükün altına girim? Aktyorun fikri dağınıq olmamalıdır. Bunun üçün aktyora normal qonorar ödənilməlidir. Mən o bərbad seriallara ayda 30 min manat versələr, çəkilərəm. Çox bərbad olsun, eybi yoxdur, amma ən azından başımı yastığa qoyanda bilim ki, o bərbad serialda niyə çəkilmişəm.

- Axı bayaq aktyorun sənətinə, özünə hörmətdən danışdıq. Bu da bir növ aktyorun özünə sənətinə xəyanət deyilmi? Belə hallarda diqqətlər daha çox peşəkar hesab edilən aktyora tuşlanır. Məsələn “Nuh. Böyük tufan” filmindən Rassel Krou çox yaxşı qonorar almışdı, amma belə bərbad filmə çəkildiyi üçün uzun müddət tənqid atəşinə tutuldu.

- Bunun digər tərəfi də var. Məsələn, bir qəpik almadan çəkildiyim filmlər də var. Çünki rejissora inanmışam. İnanmışam ki, bu film sənət əsəridir və uzaqlara gedəcək. Bu baxımdan yüksək qonorar müqabilində bərbad filmdə çəkilməyi heç bir halda xəyanət hesab etmirəm. Mən bilirəm axı, 30 minə çıxıb bacardığımın ən yaxşısını etməyə qadirəm. Aktyorlar var, deyirlər, bizə qəpik quruş verirlər, gör bir az artıq pul versələr necə olardım? Bax bu, artıq xəyanətdir və mən o aktyorları heç vaxt başa düşməyəcəm. Düşünürəm ki, səmimi olmaq lazımdır. Mən ən azından bu zibildə niyə görə çəkildiyimi bilməliyəm.

- “Kəklikotu” kimi keyfiyyətsiz filmdə çəkilmənizə də belə haqq qazandırırsınız yəqin?

- Yox, o filmə dostlarıma yox deyə bilmədiyim üçün çəkilmişəm. Beş dostum eyni anda məndən xahiş etdiyi üçün imtina edə bilmədim. Mənim o filmdə yarım günlük rolum var idi. Sadəcə, yarım günlük olduğu üçün razılaşdım. Sual versəniz ki, peşmanam? Bəli, peşmanam. Film kommersiya baxımından çox uğurlu film idi, amma sizinlə razıyam, sənət deyildi. Mənim guya çəkildiyim filmlərin hamısı sənətdir? Türkiyədə çəkildiyim “Kardeşim benim” filminə necə durub sənət deyə bilərəm? Sənətin “s” yoxdur orda.

- Daha çox xarici ölkələrdə filmlərə çəkilirsiniz. Bizimkilərlə müqayisədə o ölkələrdə rejissorların aktyora yanaşması necədir?

- Çox fərqlidir. Biz ancaq özümüzü düşünürük. Məsələn, mən xaricdə gecənin istənilən saatında rejissorun qapısını döyüb ssenaridə mənə qaranlıq qalan məqamları deyə, müzakirə edə bilərəm. Amma Azərbaycanda çəkildiyim film olub ki, gecə rejissora zəng vurub demişəm, bu yerdə bəlkə dəyişiklik edək, məni açmadı, rejissor mənə deyib, olmaz bunu səhər müzakirə edək? Avropada buna görə rejissor aktyora təşəkkür edir ki, çox sağ ol, gecə saat 4-də mənim filmimi düşünürsən.

- Aktyor oynadığı obrazı yaşamalıdırmı?

- Yox. Bu şizofreniyadır. Sən axı kiminsə həyatını necə yaşaya bilərsən? Mənim üçün rolu yaşamaq deyə bir şey yoxdur.

- “Üçüncü günün adamı” filmində erməni obrazını canlandırmısınız. Ermənini oynamaq çətin olmadı?

- Mən həmin an heç bir xüsusi hiss keçirməmişəm. O an mən erməni idim və azərbaycanlıları qırmağa gəlmişdim.

- Bayaq rolu yaşamaq deyilən bir şey yoxdur dediniz.

- Mən obrazımın haqqını verirəm. Pafossuz. Ermənini əcaib bir məxluq kimi göstərmək istəyəndə pafos yaranır. Baxmayaraq ki, mənim qardaşım 1992-ci ildə Qarabağ müharibəsində, Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

- Karantin dövründə nə etdiniz?

- Mən dayanmadım. Adi günlərdən daha çox oldu işim. Öz üzərimdə işləyirəm, məşqlərimi edirəm. Aktyor hər zaman formada olmalıdır. Hal-hazırda yerli rejissorlardan birinin filminə çəkilməyə hazırlaşıram. Sadəcə olaraq o rejissor adının çəkilməsini istəmir. Hardasa, 20 kiloqram çəki atmalıyam. İdman edirəm, kitab oxuyuram, filmə baxıram. Mənim bir günüm digərinə oxşayanda o günü itirilmiş hesab edirəm. Ümumiyyətlə, karantin dövrü hamıya güzgü tutdu ki, sən kimsən və nəyə qadirsən.

- İstər imicinizdə, istərsə də həyat tərzinizdə sərbəst insansınız. AzTV sizin sərbəstliyinizə nə kimi məhdudiyyətlər qoyur?

- Düzdü, mən heç vaxt heç yerə bağlı olmaq istəməmişəm. Hazırda heç bir məhdudiyyət yoxdur.

- Verilişə gəlmək istəməyən sənətçilər olurmu?

- Olur. Hətta onların arasında Xalq artistlər də var.

- Onları sizinlə qarşılaşmaqdan çəkindirən nədir?

- Rahat deyillər. Mən bilmədiyim bir şeyə çox rahatlıqla, “bilmirəm” deyə bilirəm. Bizim Xalq artistlərimizin ən böyük problemlərindən biri odur ki, onlar hər şeyi bildiklərini düşünürlər. Bir dəfə əcnəbi dostumla danışırdım. Kulikova döyüşündən söhbət düşdü. O adam bu döyüşlər haqqında heç nə bilmirdi. Mən bir az təəccübləndim ki, siz məktəbdə buz döyüşlərini keçməmisiniz? Adam mənə dedi ki, Avropada tanıdığın məşhur cərrahlar arasında ilk beşlikdə varam? Dedim, ilk üçlükdə varsan. Dedi, mən niyə Kulikova döyüşlərini bilməliyəm? Belə bir məcburiyyətim var? Sən aktyorsan, Kulikova döyüşünü bilmək sənin nəyinə lazımdır? Dedim, bizim təhsil sistemimiz belədir. Hər şeyi bilməliyik. Dedi, ona görə də siz hər şeydə bir az varsınız. Amma mən tamam. Biz “bilmirəm” sözünü deməyi bacarmırıq, bu sözdən sanki qorxuruq.

- Əsas arqumentləri nə olur?

- Eləsi olur suallarla əvvəlcədən tanış olmaq istəyir. Bu, qəti şəkildə mümkün deyil. Çünki bilirəm onlar suallar ətrafında hazırlaşıb gələcəklər. Dünya şöhrətli rejissorları, filosofları əzbərləyib keçəcəklər kamera qarşısına. Kimə nəyi sübut etməyə çalışırlar, bilmirsən. Axı səni tanıyırıq kimsən, nəyə qadirsən. Sən özün başını yastığa qoyanda bilirsən ki, sənin İQ səviyyən 50-dir. Bu o qədər də pis deyil. Bununla rahat yaşa də. Niyə kiməsə sübut etməyə çalışırsan ki, sən alim səviyyəsində hər şeyi bilirsən. Bu sənə nə verir?

- Əcnəbi filmlərdə aktyorlar öz obrazlarını çox təbii təqdim edə bilirlər. Bilmirəm bəlkə də mən yanılıram. Biz filmlərdə o təbiiliyi niyə alındıra bilmirik?

- Ötən əsrlərdə çəkilən Azərbaycan filmlərində pafos var idi, amma onda bu qəbul olunurdu. İndi tamamilə başqa, çoxbilmiş bir nəsil yetişir. İndinin tamaşaçısını gördüyünə inandırmaq çətindir. Filmlərimizin əsas problemi dediyiniz məqamdır. Bizdə bu ona görə mümkün olmur ki, aktyorlar həyatda da roldadırlar. Həyatda səmimi olmadıqları üçün eyni şeyi səhnəyə, filmə də daşıyırlar.

- Fəxri adlara münasibətiniz necədir. İlin-günün bu vaxtında hər kəsin bu adı almaq üçün can atmasında bir məntiq görürsünüzmü?

- Bu adların verdiyi bəzi imtiyazlardır fəxri adları əhəmiyyətli edən. Quru Xalq artisti üçün heç kim bu qədər canfəşanlıq etməz. Xalq artisti var heç onu xalq tanımır. Demirəm, versələr almaram. Mənə də versələr alaram. Dövlət bu adı verməklə bildirir ki, mən sənin kino üçün gördüyün işləri gördüm. Mən buna inanmaq istəyirəm. Amma gəlin baxaq görək, bu gün ad alanların arasından neçəsini çıxarıb Avropada rahat şəkildə, bu bizim Əməkdar, Xalq artistlərimizdir deyə bilərik? Çox azdılar. Hamısı da yekə-yekə danışır ki, mən böyük aktyoram, məndən istifadə edən yoxdur.

- Haqqınızda ən çox deyilən söz hansıdır?

- İndiyə qədər eşidirəm ki, deyirlər “əşşi o nə oynayır ey”. Amma vecimə deyil.

- Bu şəhərdə sizi ən çox sıxan nədir?

- Bu gün bu şəhərdə məni ən çox sıxan qaragüruhdur. Mən ümumiyyətlə son iki ildə şəhərdə gülümsəyən insana çox az rast gəlirəm. Ola bilər, bəziləri üçün bu banallıq hesab olunsun, amma mənim üçün çox vacibdir. Ən çox sevdiyim şəhər Tiflisdir. Çünki orda hamının üzü gülür. Bu, çox əhəmiyyətlidir. İnsanlar gülümsəyərək enerji ötürür. O enerji bu gün bu şəhərdə yoxdur.

- Sizin uşaqlığınızda necə idi bu şəhər?

- Mənim uşaqlığımda Bakı çox fərqli idi. Mən “Sovetski” küçəsində doğulub böyümüşəm. Evimizdən uzaqda oynayanda istədiyim zaman tanımadığım insanın qapısını döyüb su, “butelbrod” ala bilirdim. Onu da bilirəm ki, bu gün insanların gülməməsinin bir çox səbəbləri var.

- Bu şəhərdə üz-üzə gəlmək istəmədiyiniz adam var?

- Bu barədə heç düşünməmişəm. Həyatda elə yaşamağa çalışmışam ki, hamının üzü şax baxa bilim. Ümumiyyətlə, vecimə deyil məni bu şəhərdə kim görmək istəyir, kim görmək istəmir. Çünki başqa bir şəhərimiz yoxdur (gülür). Mənim görmək istədiklərim yanımdadır.

- Yaddaşınızın daş evinə hördüyünüz xatirə varmı?

- Yaddaşımın daş evində çox xatirə var, amma bu xatirələri heç kimlə bölüşmək istəmirəm. Bu, yalnız mənə məxsusdur. Onlar yalnız mənimdir.

- Sizin “Ağ və Qara”nız nədir?

- Mənim ağ və qaram bütün hallarda özüməm. Hər gözəlliyi, pisliyi ilə ağ- qara mənəm.

# 7609 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #