writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock15:31 calendar-gray 09 Sentyabr 2020 view-gray813 dəfə oxunub
view-gray813 dəfə oxunub

Eqosunu təmin etmək istəyənlər və dost tələsi

Kulis.az Etimad Başkeçidin “Dost”, “dost” deyə-deyə... və ya illüziyalardan uzaq olun, gözəl insanlar" başlıqlı yazısını təqdim edir.

Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir “sədaqətli dost” ifadəsi də əlavə eləməyi unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdanyuxarı sicilləmələrdə. Bəs filankəs “çox sədaqətli dost idi” deyə.

Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlar sayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.

Sözüm onda deyil, mən “sədaqətli dost” haqqında danışmaq istəyirəm.

Bugünlərdə oturduğum bir məclisdə məni dönə-dönə “vəfalı, sədaqətli dost” kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir…

Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, sözümün ardını gözləmədən:

- Sən oturub, çörək kəsdiyin adamları təhqir eləyirsən? – deyə bozaracaq. Mən isə “çörək kəsmək”lə bağlı da nələrsə deyəcəyəm, məsələ bir az da qəlizləşəcək. Odu ki, səsimi içimə salıb, səbirlə məclsin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.

Ondan başlayım ki, əskilərdə qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Yəni sədaqətlilik, iyerarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürlərindən idi. Ol zamanlarda taxta çıxan padşahlar and içmirdi, əksinə, təbəələr ona sədaqət andı içirdilər. Bu, bir növ ictimai müqavilə idi, bu andı pozmaq cinayət törətməyə bərabər tutulurdu.

Bəlli məsələdir, insan eqosunun özəllikləri belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür.

Bunu qədim insanlar bizdən yaxşı bilirdi.

Nəticədə, insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə “sədaqət kəməri” taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan “sədaqət kəməri” haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün alt hissəsini “blokirovka” edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə “göz oxşayır”.

Bu sırada Oskar Uayldın “Dorian Qreyin portreti” əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, “həyatında bircə dəfə sevənləri mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu, sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır”.
Uayldın “Sədaqətli dost” adlı bir hekayəsi də var – burada bir-birinə “dost” deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda məlumdur, biri o birisinin anasını ağlar qoyur.

“Sədaqətli dost” ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil məncə. Bu, “şirin şərbət” kimi səslənir. “Dost” sözündə sədaqət, vəfa və s. kimi, bu semantik sıradan olan qavramlar ehtiva olunmur məgər?
Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın), yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.

***

“Dost”, “dost” deyə-deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır.

***

Gunçıxandan günbatana yürüdüm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu...

Sufi şairlərinin “dost” deyərkən, yalnız Allahı nəzərdə tutmaları təsadüfi deyil.
Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün “sədaqət”, “vəfa”, “dost” kimi ibarələrdən çox ustalıqla nə qədər adam istifadə edir?

Bunun yalnız bir adı var – özündə olmayanlardan danışmaq!

Bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020
Qarabağa həsr olunan klip çəkildi - Video
15:50 28 Sentyabr 2020
Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar
14:57 28 Sentyabr 2020
"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı
14:04 28 Sentyabr 2020
Cəbrayıla gedən yol
13:03 28 Sentyabr 2020
Fred Asifin Ala Yaquba hirslənməsi, bomba səsindən ürəyi partlayan 3 yaşlı İlkin... - Ağdamda bir gün
12:06 28 Sentyabr 2020
Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
11:21 28 Sentyabr 2020
Görürəm ki, qəhrəmansan – Günün şeiri
10:40 28 Sentyabr 2020
Xalq yazıçısı: “Yazıçılar Birliyindən çıxmaq lazımdır” – Müsahibə
08:58 28 Sentyabr 2020
Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020