Oğlum da qohumların kimi nəşə çəkən olacaqdı - Bircənin romanı

Oğlum da qohumların kimi nəşə çəkən olacaqdı - Bircənin romanı
24 iyul 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İşlərim yaxşı gedirdi, artıq hesabıma xeyli pul yığılmışdı. Yaz girəndən Elgün bir kiçik qardaş, övlad qayğıkeşliyiylə tez-tez mənə qarşıma qoyduğum əsas vəzifəni xatırladırdı:

- Bircə xanım, istədiyiniz vaxt evinizi istədiyiniz qiymətə istədiyiniz kimi təmir eləyə bilərik.

- Hələ tələsmirəm, - deyirdim, - təmirə Cavidi əsgərliyə yola salandan sonra başlayacam...

Qanımı soran o gənə olmasaydı o ili ömrümün ən gözəl çağı sayardım – işim rahat, canım salamat, dolanışığım babat, əzizlərim şad-firavan, könlüm evi abad, üstəlik, oğlum tezliklə diplomunu alıb evə qayıdacaqdı. Bundan artıq mənə nə gərək idi? Di gəl, süfrəmdə bunca naz-nemət varkən qaşığıma milçək ölüsü çıxıb iştahımı küsdürmüşdü.

Adam təkcə mənə pis, özgələrə adam olsaydı yenə ona hörmət eləməyə bir bəhanə tapardım. Tanıdığı bir narkomanı yuxarı mərtəbədən bunun balkonuna kağız qırığı atmış qonşusunun yeniyetmə qızının üstünə saldırdı. Qulağım eşidə-eşidə gədəyə telefonla təlimat verdi:

- Gördün bloka girir tez özünü çatdır, liftdə döşünü-başını əzişdir, ancaq başqa şey eləmə.

Canından qəpik çıxmayan adam buna görə narkomana suç haqqı da ödədi.

Bu müdhiş mənzərənin şahidi olandan sonra gecələr məni yenə qara basmağa başladı. Dönə-dönə dəstəyi götürüb polisə xəbər vermək istədim, amma cəsarətim çatmadı, məsələnin böyüyüb mənim çəpərimi aşacağından qorxdum.

Uşaqlıq yoldaşının ailəsini dağıtdı – nədi-nədi, alçaq hərəkətlərinə görə gəlin bunun üzünə söymüşdü. Dostunu içirdib öz diktəsiylə ona ərizə yazdırdı, ərinin dilindən arvadına böhtan yaxdı, vəkilin pulunu da özü verdi, bir cüt məktəbli uşağı atasız qoydu.

Birdimi, beşdimi, hansını deyim?..

Bütün bunları gördükcə mən adama südlə-iliklə ötürülmüş kinin-nifrətin kökünü, mənbəyini tapmağa çalışırdım. Hərdən ona gənc ikən eldən-obadan çıxıb şəhərə gəlmiş atasıyla, kəndçi kimi doğulub kəndçi kimi də ölmüş babasıyla, ata-babasının sənətiylə, anasıyla, nənəsiylə, qohum-əqrəbasıyla bağlı suallar verirdim, onun travmalarının izinə düşmək istəyirdim; ancaq o, hər dəfə tülkü instinktiylə mənim niyyətimi duyub gizli seansdan yayınırdı. Onun cavabının yerini doldurmaq üçün belə məqamlarda mən öz uşaqlığımı, öz kəndimizi xatırlayırdım...

Hər il sentyabrın əvvəli məktəbimizdə cəmi üç gün dərs keçilərdi. Sonra dördüncü sinifdən yuxarı şagirdləri böyüklərə qoşub kolxoz işinə göndərərdilər. O günlər obada qu desəydin qulaq tutulardı. Biz balacalar qalardıq qoca-qoltuğun umuduna. Ayağı yer tutan ahıllar çəliyə söykənib üstünə su ələnmiş kəndi bulğanardılar. Qonşumuz Xanım nənə evlərdə ələnmiş un görsə xamır yoğurub mal ayağına örüşdən gələn gəlinlərin ürəyinə qut olardı. Acıtmalı xamırı kündələyib təndiri odlayardı, işdən qayıdan külfətin şam süfrəsi təzə çörəyin ətrinə bələnərdi.

Məhər baba kəndin dəli inəklərini adbaad tanıyardı, qapı-qapı gəzib o heyvanları suvarmasaydı (uşaq-böyük qorxudan dəli inəyə yaxın düşə bilmirdi) mal böyürtüsü obanı başına alardı. Heç yadımdan çıxmaz, bir günorta kənd uşaqları artezianın başına cəm olmuşdular, Keçəl Əlinin körpəcə qızı yuxudan durub lüt əndam özündən böyük bacısının arxasınca suyun üstünə gəlmişdi. Bu vaxt rayon mərkəzindən göndərilmiş təhkimçilər, necə deyərlər, təsərrüfat çuğulları evləri gəzib hökumət işindən yayınanları axtarırdılar. Məhər baba çılpaq qızı dizinin üstünə aldı, buxara papağını başından götürüb uşağın ayıb yerinə basdı, sonra su içmək bəhanəsiylə yaxınlaşıb ondan söz almağa çalışan gəlmələrə açıqlandı:

- Ay bala, görmürsüz uşaq yiyəsiz qalıb, - dedi, - kənd bir sürü əlsiz-ayaqsızla, əcvəllə doludu, baxın yarayıramsa məni aparın. Odey, ala darvazanın dalında Güləndam can verir, uşağa yalvarıb ona bir içim su göndərmişəm. Gedin, bala, aralaşın buralardan.

Mən dostluğu-yoldaşlığı, elliyi-çöllüyü, qonumluğu-qonşuluğu belə görmüşdüm, Dostum, bu adamların ayağı dəyən torpağa Doneşi əksən də bitməzdi. Onun tumunu-toxumunu məhz buna görə analiz eləmək istəyirdim, bitdiyi bağ-bostanla yalnız bu səbəbdən maraqlanırdım ki, görüm buna bu xasiyyət genləmi ötürülüb, yoxsa adam cəhənnəm gözətçisi vəzifəsini öz xidmətləri sayəsində qazanıb. Axı mən özüm başının üstünü fəlakət alanda qızını-gəlinini qan düşməninə tapşırıb ölüm-dirim savaşına gedən kişilərin yurdunda bitmişdim!

Yeri gəlib, birini də deyim. Rayondaydım, xəbər gəldi ki, ermənilər kəndimizdə qurulmuş toy mağarını gülləbaran eləyiblər, xeyli adam yaralanıb. Daha qardaşımgildə bənd alammadım, Səməndər halımı görüb məni bir taksiylə kəndə yola saldı. Sürücü çöllərə səpələnmiş əsgərləri, yolu tıxamış döyüş texnikasını, silah-sursatı görəndə məni kəndimizə xeyli qala düşürüb qayıtdı. Payi-piyada özümü vurdum yola, qarşıma çıxan canlı-cansız nə vardısa hamısını yara-yara ayağımın altına baxmadan başı qarlı dağları özümə bələdçi tutub irəli şığıdım.

Birdən hiss elədim ki, yanımca asta-asta bir maşın gedir. Dönüb baxanda gördüm bir zaman Laləni qaçıran qonşumuzdu.

- Bilirəm, maşınıma minməyəcəksən, - dedi, - amma səni burda yiyəsiz qoyub gedə bilmərəm, bu yollarda indi hər cür adam var. Qabağa düşüb yavaş-yavaş sürəcəm, maşını gözdən qoyma, arxayın gəl.

Dostum, sənə demişdim, o hadisə baş verəndə atam onun anasını, bacılarını ta bacımın yeri bilinənə qədər girov saxlamışdı, bu səbəbdən sonralar el-obada o evin qızlarının adını tutan olmamışdı, dörd qızın dördü də ocaq qırağında qalmışdı.

Oğlanı qara tutmaqla bir ordunun içindən salamat keçib evimizə çatdım. Yolda başıma gələni atamla Kamilə danışdım.

Ertəsi gün Kamil həmin oğlanı kəndin ortalığında tutub alnından öpmüşdü:

- Adamın düşməni də gərək kişi olsun, - deyib onun elədiyini hamıya danışmışdı.

Nazimin atası öləndə bizdən o yas yerinə tək Kamil getdi, oğluyla yanaşı durub ölənin tabutuna çiyin verdi. Günü bu gün də biz tərəfdən onları yalnız Kamil dindirir...

***

Az keçmiş Taylan evimizə türkcə bir kitab gətirdi. Kitabın adı beləydi: “Ünlü rus yazarı Tolstoyun islam peygamberi ilə ilgili kayıp risalesi”. Tapdığım məni qarşısında şagird kimi oturdub kitabı oxumağa başladı. Kitabda məndən ötrü təzə olan maraqlı məlumatlar vardı. Oxuduğunu bitirəndən sonra Taylan mənim dilimdən istədiyini almaq üçün, özü demiş, dizlərimə qapandı:

- Ya annəm, sən bir dünyaca bilgili xanımsan, sənə yaraşarmı kilsəyə getmək?

- Elə dünyaca bilgili olmaq üçün getməyim lazımdı.

Söz ağzımdan çıxmamış Taylan ağlamağa başladı:

- Heç olmasa məni aldat, annəm, - dedi, - mən burda olduğum sürəcə getmə.

Onu qucaqlayıb:

- Yaxşı, getmərəm, - dedim. - Gərək səni o polisin əlindən almayaydım.

- Elə demə, annəm, bu dünyada görüşmək bizim qismətimizdə varmış. O metro olmasaydı da başqa bir yerdə Allah bizi buluşduracaqdı...

Kilsə söhbətlərimizdən birinə təsadüfən Həmid də qulaq müsafiri oldu:

- Axtarsam bu işin içindən hələ çox şey çıxacaq, - dedi. - Axır ki, yeqovalı arvadlar başını yeyib səni kilsəyə dadandırdılar.

Məsələni qaranlıq cığırlarla aparıb ağlagəlməz yerlərə caladı, söhbəti fırlayıb Cavidin oxuduğu türk məktəbinin üstünə gətirdi:

- O məktəb o boyda xərc çəkib sənin oğlunu xaricə göndərəndə, ondan əvvəl abiləri arxasınca gəzəndə şübhələnmişdim. Sizi tələyə salıblar, təhlükəli bir çetenin içindəsiz.

- Oğlum belə qorxulu adamdısa niyə qızını ona sırımaq üçün dəridən-qabıqdan çıxırsan? Cavid xaricdə təhsili zəhmətiylə qazanıb. Qaldı abilərə, o lağ elədiyin abilər olmasaydı mənim də oğlum sənin qohumların kimi tində duran, araq içən, nəşə çəkən olacaqdı.

- Kişi araq içər də.

- Əlbəttə, başı qarışar əyyaşlığa, evindən, ailəsindən xəbəri olmaz.

Söz onun sinəsindən girib kürəyindən çıxdı.

- Nə demək istəyirsən?

- Nə demək lazımsa dedim. Məni çeteyə, bandaya, gizli təriqətə bağlayanlara deyiləsi hələ çox sözüm var.

Doneşin dalağı sancılıydı, son vaxtlar mənim yanımda arvadını durulayıb təmiz bez üstünə qoya bilmirdi.

- Sənin öhdəndən gəlmək mümkün deyil, - deyib sözü dəyişdi. - Dostun Vüqara zəng elə, anası gəlib qarajı götürsün.

- Vüqar dostum deyil, oğlumdu.

- Bütün Bakı sənin oğlun imiş ki.

- Bəli, qəhrəman anayam, bir çətən övladım var. Gözü götürməyənin gözü tökülsün. Vüqarın anası özünə çoxdan təndir də tapıb, çörəyini də satır. Qadın sənə iki ay yalvardı, onda niyə vermədin?

- Onda pula ehtiyacım yoxuydu, indi var.

- O da sənin kasıblayacağın günü gözləyə bilmədi, gedib özünə çörək yeri tapdı.

- Qoy düzünü mən deyim də – Vüqarın anası mənim qarajımda təndir qurub çörək satsaydı sənin fırıldağının üstü açılacaqdı.

- Hansı fırıldağımın?

- Uşaqbazlığının, pedofilliyinin.

- Kül başına, sənin hələ kimin pedofil olduğundan xəbərin yoxdu, gözünü aç ətrafına yaxşı bax.

- Bəs səni nə məcbur eləyir bir sürü cavan oğlanın zibilini yuyursan, yeməyini bişirirsən?

- Harda görmüsən o sürünü?

- Bax elə biri bu, - köynəyinin qolundan tutub Taylanı silkələdi, - biri həmən o Vüqar, biri Minənin qardaşı. Bəsdi, yoxsa yenə deyim?

- Onların hamısının mənə ehtiyacı var. Bir də sənə belə şeyləri qandırmaq olmaz. Sən doğmaca balanı da qarnına qurban verərsən.

Çox deyişdik, çox dartışdıq. Qalxıb vasil olanda yenə qapının ağzına zəhərini qusub getdi:

- İt balası kimi dalınca süründüyüm qadın məni evindən qovur, məndən iyrənir, amma küçədən tapdığı pinti türkü gözünün üstündə saxlayır.

Him-cimlə Taylana “boş ver getsin, vecinə alma” dedim. Qapını örtmək istəyəndə ətlik cöngə başı boyda kəlləsini bir də içəri uzatdı:

- Axır ki, sənin ilk məhəbbətinlə çörək kəsdim, dostlaşdım, söhbətləşdim. Onun üzünün yanığına baxdıqca ödüm ağzıma gəlirdi. Sən o sifətdə adamı necə sevə bilmisən? Bəlkə hələ də sevirsən.

Bayaq dediyimin qisasını almaq üçün neştərini qəsdən çibanımın üstündən vurmuşdu. Arvadı haqda gerçəyi bilmək ona heç cür sərf eləmirdi, Şəfayla sözsüz müqaviləsinin faş olunacağından it kimi qorxurdu; çünki hamının yanında sudan quru çıxmağa, hər şeyi peysərə verməyə fərasəti çatırdısa da bacılarının əlindən yaxa qurtara bilməyəcəyini yaxşı qanırdı.

- Bəli, mən o adamın dərdindən dəliydim, - dedim, - amma o məni bəyənib almadı.

- Sənin kimisini kim alardı ki?

- Bəs onda niyə qapımda sülənirsən, artığımı yeyirsən, mənə hamballıq eləyirsən, - deyib onu pilləkənə itələdim.

***

Ayaq üstə qurumuş Taylanın üzünə baxammırdım. Hamama girib elə paltarlıca özümü soyuq duşun altına verdim. Hərəkətimdən hövüllənən Taylan özünü yetirib suyu bağladı, başımı, üzümü dəsmalla quruladı, qolumdan tutub aparıb məni divana çökürtdü:

- Ya annəm, hökumət kimi qadınsan, niyə bundan qurtula bilmirsən? Nədən qorxursan? Aç dərdini mənə de, bir yerdə polisə gedək, ifadə verək. Arxanda sonuna qədər duraram, annəm, yapma böylə. Adam rəsmən səni bitirir, sənsə təpki göstərmirsən.

Uşaq danışır, mən ona baxıb dinməzcə ağlayırdım.

- Sən adammı öldürdün, hansı suçu yapdın ki, ondan bu qədər qorxursan? Onun arvadının mənim telefonumdan yazdığı mesajlar bir eli batırar. Annə, bəlkə dayılarıma xəbər verək? Sən deyə bilmirsən mən deyim, Rüfət dayım bir gecədə onun həyatını cəhənnəmə döndərsin.

- Yox, qadan alım, heç kimə heç nə demək gərək deyil. Özüm bitirəcəm bu işi.

- Annə, bitirə bilmirsən axı, sən onu daşladıqca adam bir az da irəli gəlir. Dayılarıma nədən söyləmək istəmirsən?

- Onlara bu adamın kimliyini, nəliyini, evimizə hansı yolla girdiyini necə anladım?

- Annə, axı sən heç kimə zərər verməmisən, heç kimin evini dağıtmamısan.

- Əvəzində öz evimi murdarlamışam.

- Lap tutalım qardaşların səndən şübhələndilər. Subay qadınsan, sənin kimisə sevməyə, kimləsə bərabər olmağa heçmi haqqın yoxdu?

- Yox, oğlum, mənim onlardan gizli cığır açmağa haqqım çatmır. Belə bir adama isə heç Allahın xeyir-duasıyla da salam vermək doğru deyil.

- Annə, səndən nə gizlədim, adam məni də bezdirib.

- Yenə, yenə?! İndi nə istəyir? Bəs niyə mənə demirsən, onun nəyindən qorxursan?

Taylan təbdən çıxdığımı görüb məni sakitləşdirməyə çalışdı:

- Mən ondan qorxmuram, annə, neyləsə cavabını verirəm. Süfrədə mənə gözünü bərəldir, yemək yeyəndə sanki tikə yerinə onun şərəfsiz başını çeynəyirəm. Sən olmayanda yeməyi qarşımdan götürür.

- Bəs niyə mənə demirsən?!

- Qıymıram sənə. Annə, Türkiyəyə dönər-dönməz məni əsgər aparacaqlar. Birdən buralara əlim çatmaz, ya şəhid olaram – sən onun qızını Cavidə almayasan, yaxşımı?

- Elə danışma, oğlum, sən həmişə yanımızda olacaqsan. O sarıdan da nigaran qalma, daha bu qədər də ağılsızlıq eləmərəm.

- Cəhənnəmə, qoy dikbaş Nuriyyəni alsın, amma onun gözüdağınıq qızından uzaq dursun. İfritəliyi olsa da Nuriyyə Cavidi çox sevir.

- Sənə söz verirəm, arxayın ol.

***

Aprelin axırlarında Şəfa qır-saqqız olub yapışdı yaxama:

- Mayda üç gün evdəyik, yığışıb rayona gedəcəyik, - dedi. - gəl sən də qoşul bizə.

- Şəfa, qadan alım, nolar yaxamı burax, - dedim, - işim başımdan aşır, Cavidin gəlişinə hazırlıq görməliyəm.

- Ay qız, ona hələ iyirmi gün var eee.

Şəfa neylədisə, nə dil tökdüsə razılaşmadım. Mən onlarla bütün bağları qırmağa fürsət gəzirdim, bu da gedib-gəlib qıçını qıçıma çidarlayırdı.

Məni yola gətirə bilmədiklərini görəndə Həmid bacılarını üstümə saldı. İnsafən bacıları xətrimi çox istəyirdilər, mənə gəlinlərindən min qat artıq hörmət qoyurdular.

Böyük bacı ərinməyib düz evimizə gəldi:

- Bircə, bu yaşa çatmışam, hələ mənim sözümdən çıxan olmayıb. Bu tətil günlərində evdə oturub neyləyəcəksən? İki günlüyə gedirik, etirazsız-filansız, səni də özümüzlə aparacağıq.

- Vallah mən qıraq yerdə yata bilmirəm, - deyib canımı qurtarmağa çalışdım, - yol yeməyi, çöl yeməyi yeyə bilmirəm.

- Özümüzlə xırda-para nəsə götürəcəyik. Bir gecəni heç yatmarıq, səhərəcən yeyib-içib əylənərik, dincələrik. Yazın bu gözəl çağında nə var şəhərdə? Səndən gör neçə bayram böyüyəm, sözümü yerə salma.

Bacı-qardaşımla məsləhətləşdim – Səməndərlə Lalə də Ofeliya deyəni dedilər. Onların sözündən həvəslənib getməyə qərar verdim.

Qərarımı bilən kimi Həmidin sifəti dəyişdi, bayaqdan yalvaran adam başladı məni bezdirməyə, səfeh-səfeh göstərişlər verməyə:

- Birdən dolma bükərsən, dovğa bişirərsən ha.

- Artıq bükmüşəm.

- Vay-vay, götürmə sən Allah, bacılarım sənə gülərlər.

- Burda gülməli nə var?

- Mama qəbri, kəndçi deyərlər sənə.

- Nədi, yoxsa biz çöl-bayır görməmişik? Evdən çıxanda həmişə hər ehtiyatımızı götürüb çıxmışıq.

- Burda olmaz, nə alsaq qaldığımız yerdən alacağıq.

- Mənə lap xoş, paltarımı götürüb əlim-ayağım təmiz çıxaram evdən.

Yer danışıldı, paytaxta yaxın səfalı rayonlardan birinə gedəsi olduq. Səfərdən əvvəlki günün gecəsi Həmid məni o həddə çatdırdı ki, telefonlarımı söndürüb aradan çıxmaq istədim.

- Hazır dolman var?

- Həəə.

- Bax ancaq onu götür, başqa heç nə.

Bir az keçmiş yenə:

- Dovğan varsa dovğa da götür.

- Yaxşııı.

Gecənin yarısı təzədən yığdı:

- Dolmanı yox, dovğanı götürərsən.

- Yaxşıııı.

- Təkcə dovğanı ha.

- Olduuuu.

Səhər evdən çıxanda bir də zəng vurdu:

- Heç nə götürmə, məsləhət olmadı, bacılar deyir lazım deyil.

- Yaxşı.

Telefonla sağollaşanda Lalə mənə bir ağıllı məsləhət verdi:

- Sən yeməklərini xırda qazanlara yığ, pal-paltarın altında gizlə. Orda kababdan başqa dişə vurulası düz-əməlli bir şey tapmayacaqsız. Özünə mələfə, dəsmal da götür.

Bacım dediyi kimi elədim – yeməkləri qabğarıb altdan düzdüm, üstünə də paltarlarımı yığıb aşağı düşdüm. Həmid bacıları eşidə-eşidə bir də soruşdu:

- Heç nə götürmədin ki?

- Yox ey, yox, - deyib bacısıgilin maşınına oturdum.

- Ora niyə?

- Çünki mən Ofagilin xahişiylə gedirəm...

# 10954 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #