news-inner
clock16:39 calendar-gray 13 İyul 2020 view-gray573 dəfə oxunub
view-gray573 dəfə oxunub

On beş ilin salamı – Kənan Hacı yazır

Kulis.az Kənan Hacının “On beş ilin salamı” yazısını təqdim edir.

Bu yazının birinci cümləsi düşüb...

...Bu yazının birinci cümləsini ha fikirləşdim, tapa biilmədim. İkinci cümlədən başladım. Bilmədin niyə belə oldu... Birinci cümlənin yazılmasına “həsrətin yolları” mane oldu. Şuşadan, Laçından başlayıb ömrümüzü qısalda-qısalda uzanan, bitmək-tükənmək bilməyən həsrətin yolları... O yollarda itkin düşən ömürlərin ağrısını-acısını, məmləkətin dörd bucağına səpələnmiş qərib məzarlarının Şuşaya, Laçına tərəf boylanan başdaşılarının ovunmaz nisgilini ifadə etməyə sözün gücü çatmır.

Uzun illər bundan öncə oxuduğum və hələ də yaddaşımda oyaq qalan misralar onu mənə şair kimi sevdirib:

keçdi, bir ömrü addadı,

aşdı həsrətin yolları;

göz yaşı leysan kimidi,

yaşdı həsrətin yolları.

Gallery

Dost məclislərində arada bu şeiri söylədiyim vaxtlar olub. Xatırlayıram, ucqar dağ kəndlərindən birində qonaq idim, sazlı-sözlü bir məclis idi. Orda bu şeiri dedim, ortalıqda cövlan edən aşıq gəlib böyrümdə oturdu və dedi:

- Oğul, bu şeirdən Laçın dağlarının ətri gəlir.

- Nazim Əhmədlinin şeiridir, - dedim. Məlum oldu ki, aşıq özü də Laçından imiş. Çox təəssüf ki, onun adını unutmuşam. Məndən xahiş etdi ki, bu şeiri onun üçün kağıza yazım. Yazıb verdim, kağızı büküb döş cibinə qoydu. O şairi görsən, məndən salam deyərsən, dedi və yarım saata qədər bizim masanın başında sazı sinəsinə basıb o yan-bu yana gəşt elədi. O aşıq bəlkə də dünyadan köçünü yığıb gedib, bəlkə hələ də saz sinəsində körüklənir... Aradan təxminən on beş il keçib. Mən o aşığın salamını Nazim Əhmədliyə çatdırmağa fütsət tapa bilmədim. Çox nadir hallarda görüşsək də, qəribədir, hər dəfə aşığın salamını unuduram. Yaddaş zəifliyi çox yerdə fikrimi daşlığa salıb. Düşündüm ki, onun haqqında yazdığım yazıda bu fürsəti qaçırmayım. Çox güman ki, həmin aşıq o şeiri əzbərləyib və dolaşdığı məclislərdə oxuyub. Bilmirəm.

O naməlum aşığın sözüylə desək, Nazim Əhmədlinin şeirlərindən Laçın dağlarının ətri, qoxusu gəlir. Bu şeirlərdə Azərbaycan təbiətinin iqlim tipini müəyyənləşdirmək çətin deyil.

dünya bağlı qalaça,

gedib harda qalacam;

bir cür qanad alacam,

yeri tutmur ayağım;

O, şeirlərində bulud köçünə qoşulmaq, qanad açıb doğulduğu yerlərə pərvazlanmaq istəyir. Onun poetik leksikonunda “yol”, “həsrət”, “dağ”, “duman” sözləri çoxluq təşkil edir ki, bu da onun ruh halının təbii stixiyasıyla bağlıdır. Qan yaddaşı onu üzünü qiblə sandığı Laçına tərəf tutmağa sövq edir.

Zaman keçdikcə şeir yazmaq çətinləşir, sanki bütün sözlər deyilib qurtarıb. Yeni forma və məzmun yeniliklərilə, eksperimentlərlə elə bil sözə süni nəfəs verməyə çalışırlar. Bu gün şeirdə təzə söz demək şairdən fövqəladə istedad tələb edir. Nəsrin imkanları sonsuzdur, amma şeirin ifadə imkanları sanki getdikcə daralır. Nazim Əhmədlinin gəraylıları modern düşüncənin məhsuludur. Qoşma, qəzəl, gəraylı onun qələmində təzə libasda qarşımıza çıxır.

yurd yeri qazılı qalıb,

qayalar yazılı qalıb;

göy üzü asılı qalıb,

çiynimin yağır yerindən;

Dünyanın yükünü daşımaqdan şairin çiyni yağır olub, göy üzünün çiyindən asılmağı isə büsbütün yeni ifadə tərzidir. Nazim Əhmədli Azərbaycan şeirinin qaynağı olan folkloru dərindən bilir və o sistemi ustalıqla yeni düşüncə müstəvisinə daşımağı bacarır. Onun şeirlərində canlı danışıq dilinin bölgülərlə ritmləşməsi prosesi gedir.

Bir bu qoşmanın estetikasına diqqət yetirin:

baxıram gündüzün qürub çağına,

Günəş aşırımda yarıcan qalıb;

qırmızıya çalır sarı buludlar,

yarı ilik qalıb, yarı qan qalıb;

Sözün ilahi möcüzəsi budur; gözümüzün önündə qürub çağının ecazkar mənzərəsi canlanır. Sadəcə, heyrət edirsən. Ənənəvi şeir ölçülərində bu cür heyrətamiz və orijinal gəzişmələr etmək hər şairə müyəssər olmur. Bu şeirdə bədii cəhətdən yüksək səviyyədə işlənmiş mükəmməl təşbehlər var. Bu təşbehlər poetik mətnin məzmun və mənasını tamamlayır. Onun şeirinin kökü keçmişdə, dərindədir, budaqları isə bu günün havasıyla, günəşiylə qidalanır. Məhz buna görə təzədir.

Gallery

Növbəti tədbirlərdən birində Nazim müəllim mənə “Qanun” nəşriyyatı tərəfindən çap olunan “Mən bir günah elçisiyəm”, “Unutduğum göy üzü” şeirlər və “Qız təbəssümü” adlı hekayələrdən ibarət yeni kitablarını hədiyyə etdi. O kitablardan biri ayrıca diqqətimi çəkdi. “Qız təbəssümü” hekayələr kitabı. Sən demə, uzun illərdən bəri şair kimi tanıdığım Nazim Əhmədli həm də yazıçı imiş. Bu yazını yazmağa başlayanda həmin kitabdan bir neçə hekayə oxudum. Bu qənaətə gəldim ki, o, hekayələrini də şeir kimi yazır. Bu hekayələrin təhkiyəsi ritmikdir, harmonikdir, obrazlar sanki öz taleyini avazla nəql edir. “Bürkü” və “Gəl, bu sudan iç”, “Heç sənə çatmaq olmur” hekayələrində qəhrəman dünyaya, öz dünəninə, keçdiyi yollara öz pəncərəsindən baxır. “Dəli” hekayəsinin qəhrəmanı sahildə dayanmış ağ gəmiyə minməyə tələsir, o gəmi onu arzularına qovuşduracaq. Var qüvvəsiylə qaçır, gecikəcəyindən qorxur. Həyatının yeganə şansı onu arzularına qovuşduracaq bu gəmidir. Sən demə, bu gəmi muzey imiş, illərdir burada məskən salıb və heç yerə getmir, getməyəcək...

Bu miniatür hekayələrdə situasiyanın bədii həlli ustalıqla tapılıb. Nazim Əhmədli nəsrə şeir havası gətirən şairdir, öz şairliyindən hekayələrinə də pay düşüb.

O, ədəbi mühitin “qaynar xətt”ində görünməyi xoşlamır. Lap çoxdan şeirləri, kitablarıyla görünməyi tərcih edib. Bir kənara çəkilib ilmə-ilmə söz toxumaqla məşğuldur. Bu da bir taledir. Özü demiş:

mənim ruhum burda deyil,

göy üzündən o yanadı.

Yazdıqları da ruhunun pıçıltılarıdır. Göy üzündən o tərəfdə Tanrı dayanır.

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020