Bakıya niyə nifrət etdim? - Tanınmış rejissor yazır...

Bakıya niyə nifrət etdim? - Tanınmış rejissor yazır...
24 iyun 2020
# 18:24

Kulis.az rejissor Cavid Təvəkkülün “Mingəçevirə gələndə” yazısını təqdim edir.

Mingəçevirdə çoxseriyalı bir filmin çəkilişlərinə start vermişdik və müxtəlif səbəblərdən komandamızın səksən faizinin nəinki kino istehsalatından, heç kinonun nə olduğunu belə bilmirdi, başı çıxmırdı. Həmən bu səksən faiz də yerli gənclərdən, yerli insanlardan ibarət idi. Onlar üçün kino televizor ekranından başqa bir şey deyildi. Kino anlayışları yox idi deyərkən, adamları nə təhqir etmək, nə də alçaltmaq fikrində deyiləm. Demək istəyirəm ki, bizim işimizdən xəbərsiz idilər. Qısa müddət ərzində bu insanlara kinonun nə olduğunu az-çox öyrətməyə çalışdıq, bu sənətin nə olduğunu izah etdik.

İşə başladıq, üç ay birgə çalışdıq.

Son çəkiliş günü idi. Sonuncu kadrı çəkdikdən sonra (səhər saat 05:45) tortlu çay süfrəsi və adəti üzrə təşəkkürlər, təbriklər mərasimi... İşlədiyim bütün filmlərdə olduğu kimi komanda üzvlərinin hamısına bir-bir yaxınlaşıb təşəkkürümü bildirməyə başladım...

Güllü filmdə kostyumer idi. Yanılmıramsa Güllünün iyirmi üç yaşı vardı və ixtisasca musiqi müəlliməsi idi. Əvvəl gündən canla-başla işə qoşuldu, zehni və çevikliyi ilk gündən gözə çarpırdı. Onu da qeyd edim ki, indi belə yaxşı işçilər çox azdı.

Yaradıcı heyətin bəzi üzvlərinə təşəkkür etdikdən sonra növbə Güllüyə çatdı. Yaxınlaşıb onu bağrıma basdım, xoş sözlər söylədim. Güllünün gözündən bir damla yaş süzüldü. Bu göz yaşının hansı hisslərdən doğduğunu da anladım, amma dilimi dinc qoymadım: “Güllü niyə ağlayırsan?”, - deyə, soruşdum. Güllü göz yaşını silib “Müəllim, yenə film çəkək. Darıxacam. Sevdim mən bu işi”,- dedi. Ona heç nə deyə bilmədim, susdum və bu balaca “sərçəni” bağrıma basdım.

Növbə Sərxana çatdı. Sərxan yerini, sözünü bilən gəncdi və çox hörmət etdiyim, dəyər verdiyim Mingəçevir Dövlət Dram Teatrının Xalq artisti Ella Yaqubovanın nəvəsidir. Diribaş və cəsarətlidi, yaşını dəqiq bilmirəm - iyirmi beş olar, ya olmaz. Filmdə işıqçı idi, o da mingəçevirlidi. İlk günlərdən özünü ciddi bir gənc kimi göstərmişdi, heç vaxt gileylənməz, nəyəsə narazılıq etməzdi. İşini bacardığı səviyyədə vicdanla görürdü. Yaxınlaşıb Sərxanın da əlini sıxıb təşəkkür etdim. Güllünün dedikləri məni ilhamlandırmışdı:

- Sərxan, film olsa işləyərsənmi?

- Əlbəttə, müəllim. Bakıya gedəcəm, danışmışam, orda “texnik” (kamera texniki) işləmək istəyirəm.

- Yəni kinoda işləmək xoşuna gəlib?!

- Çox.

***

Mənə elə gəlir ki, kino hər şeyə qadirdir – hər şeyi sənin əlindən ala da bilər, hər şey verə də bilər. Hətta keçmişi, gələcəyi belə... Aqneşka Hollandın haradansa oxuduğum bu fikri yadıma düşdü.

Çətindi...

Kimlərəsə asan gəlir...

Bir vaxt gəldi ki, Bakıdan qorxmağa başladım, içimdə on doqquz il sevərək yaşadığım şəhərə nifrət baş qaldırdı. Mənə elə gəlirdi ki, Bakı mənə sui-qəsd hazırlayıb və tez bir zamanda başımı üzəcək. Heç indinin özündə də bilmirəm bu nə hisslər idi, depresiyamı, təkəbbürlükmü, bilə bilmədim. Qorxu və ehtiyat içində 2019-cu ilin mayında Mingəçevirə - böyüyüb, boya-başa çatdığım şəhərə qayıtdım. Mingəçevirə özümə gəlmək üçün, hüzur tapmağa gəlmişdim. İşləməyə, nəsə yaratmağa nə istəyim var idi, nə də həvəsim, bir tək sakitləşmək və rahatlıq istəyirdim. Paytaxda gördüyüm xəyanətlərdən, dedi-qodulardan, yaltaqlıqlardan dincəlmək istəyirdim. Sakitləşmək, dinclik tapmaq idi niyyətim.

Özümə gəlməyim qırx gün çəkdi. Sufi dərvişləri kimi xəlvətə çəkilib keçdiyim yolun bəzi məqamlarına yenidən baxdım, kimin harada gizləndiyini, pəncərəmə düşən “günəş işığının” ara-sıra itməyinin səbəblərini araşdırdım bu qırx gündə. Bu qırx günün sonunda qərarımı verdim və qərar sərt oldu. Özümə qarşı sərt oldu, gücüm özümə çatır... Anladım ki, bütün günahların səbəbkarı elə mən özüməm, özüm özümə xəyanət etmişəm, özüm özümü aldatmışam...

Bir gün gecə Kür çayı sahilində gəzişərkən ağlıma bir fikir, ideya gəldi və bu fikirdən bərk yapışdım. Az sonra köhnə və yeni tanışların köməkliyi ilə həmin ideyanı həyata keçirdik. Unudulmaz və mənim üçün dərs olacaq altı ay yaşadım. Bu altı ayda itirdiklərimlə yanaşı qazandıqlarım da oldu. Etiraf edim ki, itirdiklərim çox olsa da, qazandıqlarım mənə daha ali, daha uca görünürdü. Bəli, ali məqsədlərin ali qazancları unudulmaz, dəyərli olur.

Mingəçevir tarixində ilk dəfə olaraq burada çoxseriyalı film istehsalına başlandı və televiziyada iki dəfə nümayiş olundu. Filmin necə alındığını deyə bilmərəm, pis ya yaxşı, amma Mingəçevirdə film istehsalı baş tutdu. Mingəçevirdə film istehsalı mənim ideyamın həyata keçən ilk mərhələsi idi. Film istehsalında iştirak edən səksən faizi yerli gənclərin həyatında yeni üfüqlər açdıq. Nəinki kino sənətinə, hətta deyərdim ki, incəsənətə olan baxış bucaqlarını dəyişdik. Bizimlə işləyən yerli gənclər paytaxtdan gələn sənətçilərlə ünsiyyət qurduqca, yavaş-yavaş öz komplekslərindən azad olmağa, daha qətiyyətli davranmağa başladılar. Onların rəftarının necə dəyişdiyini, zövqlərində, dünyaya baxışlarında yaxşı mənada fərqin yarandığını görməmək mümkün deyildi. Təhlil etmək, qərar vermək bacarıqları inkişaf edirdi. Onlar artıq incəsənətin, mədəniyyətin yalnız televiziyada gördüklərindən ibarət olmadığını dəqiq bilirdilər. Bu dəyişmənin, tərəqqinin səbəbkarı nə mən idim, nə də paytaxt əhli... Bir səbəbkarı vardı, o da Əlahəzrət KİNEMATOQRAFİYA idi.

***

Atam uzun illər Mingəçevir Dövlət Dram teatrında işləyib, elə o üzdən mən də tez-tez teatra, onun yanına gedərdim. Teatr həmişə məni cəlb edib, maqnit kimi özünə çəkib. Uşaqlığım demək olar ki, teatrda keçib, hələ ikinci sinifdə oxuyandan uşaq rollarıyla səhnəyə də çıxmışam və bu, yeniyetmə çağlarıma kimi davam edib.

Uşaqlıqdan zalda arxa sıralarda oturub məşqlərə, tamaşalara baxmağı sevərdim, böyüyəndə mən də aktyor olacam deyə, fikirləşirdim və ən böyük arzum aktyor olmaq idi. Teatrda rənglər və buradakı atmosfer içində xoşbəxt idim, elə bəlkə ona görə bu gün rənglər və atmosfer mənim üçün çox önəmlidir. Uşaqlığımdan alt şüuruma daxil olmuş bu iki məfhum indiyə kimi də məni müşaiyət edir və edəcək. İstər şəxsi həyatımda, istər yaradıcılığımda. Uşaqlıq illərimin teatrla bağlı xatirələrini, yaşadığım saf, ülvi hisslər barədə uzun-uzadı danışıb başınızı ağrıtmaq istəmirəm. Bu haqda çox yazıb, danışmışam.

İllər keçdi, yeniyetməlik yaşına çatdım və düşünülmüş şəkildə orta məktəbin səkkizinci sinfindən çıxıb (o zamanlar məktəblər onillik idi) Fəhlə-gənclər məktəbinə daxil oldum. Eyni zamanda Mingəçevir Dövlət Dram teatrında səhnə maşinisti kimi işləməyə başladım ki, təhsilimin sonunda teatr mənə İncəsənət üzrə ali məktəblərin birinə göndəriş versin (həmin dövrdə belə imtiyazlar verilirdi). Qısası, həmin vaxtlar Sovet ittifaqının dağıldığı illərə təsadüf etdi və arzularımızın üstündən xətt çəkildi. Gözlənilmədən geosiyasi vəziyyətin dəyişməsi gənclərin gələcək həyatını, xəyyalarını böyük sual altında qoydu və bu qeyri-müəyyənlik onları ədalətsiz qərarlar məngənəsində boğdu.

Mən aktyor ola bilmədim...

Aradan bir igid ömrü qədər zaman keçdi...

Təhsil aldım. Tale məni həmişə yaxşı insanlarla qarşılaşdırır. Həmən yaxşı insanlar mənə təhsil almağım üçün, rejissor olmağım üçün təmənnasız olaraq köməklik etdilər. Onların sayəsində mən bu gün varam və var etməyə çalışıram. Mən də öz növbəmdə onların inamlarını doğruldaraq vətənimə beynəlxalq kinofestivallardan bir neçə Qran Pri və ali mükafatlar gətirmişəm.

Günlərin bir günü paytaxtımız Bakının geniş, yaraşıqlı, səs-küylü küçələrinin birində yerləşən kafedə oturub kofe içərək, mənə təklif olunmuş ssenarini gözdən keçirirdim (qurluşçu rejissor kimi). Yaxın keçmişdən söhbət gedir, təxminən keçən – 2019-cu il idi. Ssenarini oxumurdum, doğrudan da gözdən keçirirdim. Fərli bir şeyə oxşamırdı və özümü çox zorlamadım, prodüserə zəng edib dedim ki, bu işin öhdəsindən gələ bilməyəcəm, bu ssenarini işləmək mənə çətin gəlir, qorxuram sizi məyus edərəm. Yalan danışırdım, ssenarini işləməyə istəyim yox idi. Ümumiyyətlə həmin ərəfələrdə özümə münasibətim qəribə bir mərhələdə idi. Gah fikirləşirdim tükənmişəm, yoxam, gah da özümü ustad hesab edirdim, hər işə qol qoymurdum. Təkliyi, tənhalığı seçmişdim, naməlum ovqatda idim. Nə baş verdiyini anlaya bilmirdim, ya da anlamaq istəmirdim...

***

Yuxarıda qeyd etdiyim kimi paytaxtdan əyalətə daşınmağa qərar verdim. Atam da bu qərarı dəstəklədi və biz ikimiz Mingəçevirə gəldik. Özümə gəldikdən sonra toparlanıb sənətə qayıtdınmı deyim, yaradıcılağa yenidən start verdimmi deyim bilmirəm. Əslində sənətdən heç uzaqlaşmamışdım da, sadəcə “taym aut” götürmüşdüm. İnsanlar bu yaşantılarıma başqa adlar qoymuşdular, eşidəndə həm gülməyim gəlirdi, həm də ağlamağım. Dahilərdən birinin fikri ilə özümə təsəlli verirdim - əfsanəvi insanlar haqqında həmişə danışıblar.

Yayda Mingəçevirdə on dörd seriyadan ibarət bədii televiziya filminin quruluşçu rejissoru oldum. Bu film yaxın dostların və şəxsən mənim gücüm sayəsində ərsəyə gəldi. Çox əzab əziyyət çəkdik, çox insanları tanıdım, çoxları da məni tanıdı, amma nəhayətdə film ekran üzü gördü. Nə sənətimə nə də dostlarıma xəyanət etdim.

Film istehsalı bitdikdən sonra Mingəçevir Dövlət Dram Teatrına gəldim və rəhbərlikdən tamaşa qoymaq üçün şans istədim. Teatrın direktoru Səxavət Məmmədovla həmin gün təxminən iki saat teatrdan, kinodan, dünya sənət aləmində baş verənlərdən danışdıq və bu söhbətlərdən, özümə qarşı isti münasibətdən sonra teatrda qalıb işləmək istəyi yarandı ürəyimdə. Səxavət müəllim modern rəhbər təsiri bağışladı mənə, sonralar yanılmadığıma əmin oldum. Əmin oldum ki, Mingəçevir teatrının bu gün ayaqda qalmasında bu insanın böyük əməyi var.

Yenə haradasa oxumuşdum - bütün arzular həyat keçir...

Hazırladığım tamaşanın daxili baxışından sonra bu fikri insanlar qarşısında dilimə gətirdim. Təssəvür edirsiniz, uşaqlığım keçən teatrda tamaşa qoydum. Teatrdakı debütüm uşaqlıqdan mənə nəhəng nağıllar dünyası kimi görünən o teatrda baş tutdu. Üstəlik atam da zalda idi, tamaşama da baxdı, müzakirələri də dinlədi.

Yaşamaq lazımdır bunları, sözlər bəzən hisslərin qarşısında acizdir.

Rəhbərlik tamaşanın uğurlu alınması üçün çox köməklik etdi və tamaşadan razı qalaraq tamaşanın premyerasını martın 10-una - Milli Teatr Gününə təyin etdi. Məmnun idim çünki bu imtahandan da keçdim. Ola bilər ki, sizə gülməli gəlsin, amma onu da bilin ki, əgər siz sənətlə məşğulsunuzsa sizin yaratdığınız hər bir iş sizin imtahanınızdır. Siz hər yeni əsərinizlə özünüzü yenidən sübut etməlisiniz. Sevincimin həddi-hüdudu yox idi, amma sən saydığını say, gör fələk nə sayır. Bu dəfə fələyin əvəzinə “koronavirus” saydı və karantin elan olundu. Tək bizim məmləkət deyil, bütün planet karantinə çıxdı. Təəssüf ki, tamaşanın premyerası baş tutmadı. Mən bunu bəxtimə yazmadım, giley-güzar etmədim. Fikirləşdim ki, indi dünyanın müxtəllif yerlərində, şəhərlərində milyonlarla Cavidlər var, onların da debüt premyeraları baş tutmayıb. Kədərlənsək də gələcəyə inanaraq məyusluqdan vaz keçirik.

***

Mingəçevirə gələndə yayı qalıb, payızda Bakıya qayıdacağımı düşünürdüm.

Gecələr Kür sahilində gəzməyi sevirəm. Bir gecə yenə Kür çayı sahilində gəzişərkən ağlıma bir fikir, ideya gəldi və ondan bərk yapışdım. Bu fikir Mingəçevirə olan sevgimdən doğdu və bu ideyanı gözəl uşaqlıq, yeniyetməlik illərimin əvəzi kimi, bir təşəkkür kimi qaytarmaq istədim doğma şəhərimə. Düşündüm, bu şəhərə mənim də töhfəm olmalıdır. Mütləq olmalıdır. Axı, mən burda Kürün suyunda çimmişəm, bu şəhərdə ilk yeniyetməlik sevgimi yaşamışam, ilk dəfə bu şəhərdə döyülüb, döymüşəm, ilk dostlarım bu şəhərdəndi... Bu şəhər mənə çox şeylər öyrədib. Mənsə xain deyiləm - öyrəndiyim, oxuduğum, gördüyüm az-çox nə varsa bu şəhərin gənclərinə öyrətməliyəm.

İdeyam, fikrimsə burada yaradıcı bir mühit yaratmaq, gəncləri başıma yığıb yaradıcılıqla məşğul olmaq istəyi idi. Düzdür bu uzun bir prosessdir, amma mən gözləməyə hazıram. İdeyamın həyata keçən birinci mərhələsi Mingəçevirdə film istehsalı idi və bu da oldu. Niyə məhs Mingəçevirdə?

Cavabım: Axı Mingəçevirdən nə qədər adlı sanlı alimlər, həkimlər, müəllimlər, sənət adamları, şəxsiyyətlər çıxıb. Axı Mingəçevir yarandığı gündən mədəni şəhər adıyla tanınıb. Axı Mingəçevir təhsili, elmi və mədəniyyəti həmişə öndə olub, bəli, indi də bunların hamısı var sadəcə mingəçevirlilər bunları yetərincə işıqlandırmırlar, təvazökardılar.

Məqsədim Mingəçevir adını yenidən təbliğ etmək idi, film, TV layihələri istehsalçılarına burada əlverişli mühitin, çəkilişlər üçün artıq “bişmiş” bir komandanın olmasını göstərmək idi. Bura investorların cəlbi idi məqsəd. Şəhərimizə gələcək insanlara Mingəçevir və mingəçevirliləri tanıtmaq idi məqsəd. Bu işlər davam edir və yaxın gələcəkdə yeni layihələrin həyata keçəcəyinə də az qalıb. Həyata keçəcək hər bir layihə şəhərimizin adı və uğurudur.

***

Paytaxtda oturub rahat şəkildə kimdənsə maliyyə alıb iş görmək çox asandır. Paran varsa yanında peşəkarlar da olacaq, heç işi bilməsəndə olar. Amma məncə sənətkar o adama deyirlər ki, heç nədən nə isə yaratsın, olmayan yerdən var etsin. Qarşıma bu məqsədi qoyub hərəkətə keçdim. Nə başqalarının yaradıcılığına kölgə saldım, nə də cəmiyyətə özümü bir qəhrəman, yaradıcılığına dəyər verilməyən sənətkar kimi sırımağa çalışdım. Sosial mediadan gürultulu çıxışlar etmədim, yalan, böhtanla kimlərinsə şəxsiyyətinə zərbə vurmadım. Boş otura bilmədim işlədim, sənət və ideya naminə çalışıb boş oturmağı özümə qadağan elədim.

Mingəçevirə qayıtdığım və burda keçirdiyim bir günə görə belə təəssüf hissi keçirməmişəm. Çox rahatam, hətta xoşbəxtəm. Haqqımda danışılanlardan da xəbərdaram. Türklər demiş, umrumda belə deyil, inanın.

Hələ ki, Mingəçevirdəyəm. Neçə gəncə yol göstərmək, istedadlarını kəşf etməyə kömək olacam çünki bu mənim yeni ideyamın bir hissəsidir çünki mən artıq yaradıcılığımın bu etapına qədəm qoymuşam. Ümumiyyətlə istər kino istər teatr mənim baxışlarımda köklü şəkildə dəyişib və bundan sonra yaradıcılığımın yeni mərhələsinə qədəm qoyduğumu dərk edirəm, anlayıram. Yeni mərhələ nədir və nədən ibarət olduğunu qismət olsa başqa bir yazıda ərz edərəm.

Bu yazını tamamlayıb boya-başa çatdığım sevimli şəhərimdə doğma teatrımdakı otağımdan çıxıb məni gözləyən Cəlal adlı istedadlı gənclə görüşəcəm. Cəlal bu il incəsənt universitetinə daxil olmaq istəyir və mən ona əlimdən gələn köməyi göstərəcəm. Artıq millətimə, doğma şəhərimə, doğma teatrıma, doğmalaşdığım bu insanlara xidmət etməliyəm. Bax budur ideyam, budur mənim fikrim. İnsanlara əsl sənəti aşılamaq, sənət olan yerdə savad və mədəniyyət var deyə dayanmadan çalışmaq, işləmək. Mən paytaxta dönə bilərdim, amma on iki apostoldan biri kimi əyalətdə qalıb insanlara sənət adlı dini yaymaq niyyətindəyəm və düşünürəm ki, teatr, kino olan yerdə insanlıq, mərhəmət, xeyirxahlıq və vicdan da var. İdeyamın həyata keçən birinci mərhələsi uğurlu oldu və bu uğurdan ilhamlanıb ideyamın ikinci etapının həyata keçməsi üçün çalışırıq. Artıq mən tək deyiləm, sevinirəm. Bu gün yanımda olub mənə inanan insanlara boş vədlər vermirəm, amma bir tək onu deyirəm ki, sənətlə məşqul olsaq, doğurdan da sənətimizi sevib ona vicdanla yanaşsaq tarix bizim hər birimizi mükafatlandıracaq.

***

Bir il qabaq Mingəçevirə gəlmişdim və bu bir illə bağlı hesabatını da bu gün, doğum günümdə verdim sizə.

Mingəçevirə başqa niyyətlə gəlmişdim, amma vicdan və yaratmaq eşqi məni yenidən ilhamlandırdı. Əbədi olaraq hər birinizə yaratmaq eşqi arzulayıram. Bu sevdaya düçar olanlar xariqələr yaratmağa qadirdilər.

Dildə sevirəm demək asandır, əməldə necə?..

# 4479 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #