news-inner
clock14:01 calendar-gray 19 May 2020 view-gray697 dəfə oxunub
view-gray697 dəfə oxunub

Sözün möcüzəvi sehri – Simran Qədim yazır

Kulis.az Simran Qədimin “Sözün sehri” essesini təqdim edir.

Sözün sehri, möcüzəsi deyəndə ilk ağla gələn şey bədii ifadə vasitəsi, məcaz olur. Axı hər hansısa bir kəlmənin, yalnız səslərdən, müəyyən ritmlərdən ibarət “söz” adlandırdığımız şeyin necə sehri, əsrarəngizliyi, yaxud da möcüzəsi ola bilər? Təbii ki, mövzuya məcazi anlamdan yanaşmaq daha məqsədəuyğundur, bu, ən düzgün, ən doğru variant kimi dərhal qabağımıza çıxıb, düz beynimizin mərkəzindəcə özünə yer tapır. Ancaq işlədilən məcaz heç də ilk baxışdan göründüyü qədər şişirdilmiş, içinə pafos qatılmış ifadə deyil. Əksinə, az qala tam həqiqət, reallıqdır. Sadəcə möcüzənin baş verməsinə cüzi bir məsafə, bircə saniyə yetməyib, son andaca nəsə olub, sözün gücü, enerjisi tükənib. Qısası, “söz” dediyimiz şeyi inanılmaz xəyalların, arzuların qapısına açar kimi qəbul etsək, əsla yanılmarıq, qətiyyən gerçəklikdən uzaqlaşmış, kobud, bayağı şəkildə mübaliğəyə yol vermiş olmarıq.

Əgər hər hansısa bir söz, ya da sözlərdən nəfis bir xalça kimi toxunmuş fikirlər zehinlərə yol tapa bilirsə, şüurlara təsir göstərib bəlli təsəvvürlər, ideyalar yaradırsa, onun fövqəladə gücünə niyə inanmamalıyıq? Sözlərin motivasiyaedici, hərəkətverici qüvvəsiylə hamımız bir çox addımlar atır, bilərəkdən, ya bilməyərəkdən həyatımızda nələrisə dəyişirik. Beynimizə ötürülən sözlər heç gözlənilmədən əhvalımızı alt-üst edə, səhhətimizi korlayıb bizi xəstələndirə də bilər, parlaqlığıyla göz qamaşdıran gur işığa çevrilib içimizi aydınlada - sağalda da. Elmə, savadlanmağa, doğru-düzgün həyat tərzinə də yönəldər, avaraçılığa, sərgərdanlığa, hətta cinayətə də.

Hər kəsin əlində sözdən sehrli bir çubuq kimi istifadə etmək, arzu-xəyallarını gerçəkləşdirmək fürsəti olsa da, çox az adam bu gücün dəyərini anlayır. Əlbəttə, sözün qüdrətindən yararlanmaqdan ötrü əvvəlcə ondan istifadə etməyi öyrənmək lazımdır. Gərək bir sıra bilik və bacarıqlara yiyələnib, heyrətamiz sirk artistləri - jonqlyorlar kimi məharət göstərəsən. Yerli-yerində, məqamında işlədilən sözlər həmişə inanılmaz təsir gücünə malik olur, kimsənin gözləmədiyi sarsıdıcı effektlər doğurur. Bir də görürsən ki, heç özünün də xəbərin olmadan əvvəlki statusundan, mövqeyindən aralanıb tamam başqa adama çevrilmisən, həmin o möcüzə baş tutub.

Hər kəs gördüyü işlərdən, əməllərdən əlavə, özünü həm də ortaya qoyduğu dünyagörüşüylə - düşüncələri, danışığı, dolayısıyla sözlərlə ifadə edir. Hətta inzivaya çəkilibmiş kimi, bir guşəyə qapanıb özümüzlə təkbətək qalanda, səssiz-səmirsiz nəsə düşünəndə də sözlərdən istifadə edirik. Hər yerdə və hər anımızda sözlər var: kitab, qəzet, jurnal oxuyanda, filmə baxanda, musiqi dinləyəndə...

Adı tarixdə yüz ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil olunan avstriyalı filosof Lüdviq Vitgenşteynə görə, dil insanın düşüncə sərhədlərini müəyyənləşdirir. Dilin zənginliyi hesabına təfəkkürümüz qeyri-ixtiyari inkişaf edər, həyata baxışımız, fikirlərimiz, qərarlarımız daha dolğun olar. Bəs bu hər şeyi qabağına qatıb aparan söz fırtınasından necə baş çıxarmalı? Fırtınanı istədiyimiz səmtlərə yönəldib öz bildiyimiz kimi idarə edə bilərikmi?

Bütün hisslərin, hal-həyəcanların arxasında çox zaman ciddiyə almadığımız sözlər, onların ehtiva etdiyi çoxbucaqlı, çoxqatlı anlamlar dayanır. Sözlərin sonsuz enerjisi, mahiyyəti beynimizdə gedən bir çox kimyəvi proseslərə təsir göstərir, ovqatımızı dəyişir. Sevinmək, ya kədərlənmək, əsəbiləşmək, ya sakitləşmək, vahimələnmək, qorxmaq, ya da arxayınlaşmaq, rahatlanmaq...

Sözlər təkcə gündəlik informasiya alış-verişini təmin edən ünsiyyət vasitəsi deyil. Ədəbiyyatçıların, jurnalistlərin, siyasətçilərin, ictimai və dini xadimlərin, bir sözlə, “sözlərlə” işləyən bütün söz sərraflarının əsas gücü, gizli silahıdır. Sözlərlə nəinki tək bir insanı, hətta bütün insanlığı idarə etmək, tarixin gedişini dəyişmək olar. İstər yaxşılığa, istərsə də pisliyə doğru...

İndiki dövrdə beyinlərə hücum çəkən informasiya selində boğulmamaq üçün gərək nələri oxuyub, kimlərə, hansı mənbələrə qulaq asmağımıza diqqət edək. Axı ağzımızdan çıxardığımız hər bir kəlmə beynimizə yeridilən sözlərin içindən seçilir, zehnimizdəki söz xəzinəsindən, savadımızdan xəbər verir. Antik çağların dahisi, klassik yunan filosofu Sokratın da dediyi kimi: “İnsan, danış, mən səni görüm”. Sokrat insanların qiymətini ağızlarını açıb işlətdikləri ilk kəlməsindən verirdi, bilirdi ki, hər kəs öz dilinin altında gizlənib.

“Söz sərvətimiz” nə qədər azdırsa, bir o qədər qurduğumuz cümlələrdə sözlərin mənasını, düzümünü yerinə qoya, fikirlərimizi doğru-dürüst çatdıra bilmirik. Necə deyərlər, arzuolunmaz qısaqapanmalar, tutulmalar baş verir, xətalar qaçılmaz olur. Hər şeyə eyni anda diqqət yetirmək isə çox müşkül məsələdir. Fikirləri gözəl ifadə etmək bacarığı, natiqlik qabiliyyəti mütləq avtomatlaşmalıdır ki, kəlmələr neyronlardan şifahi, ya da yazılı şəklə çevrilmə yolunda ilişib büdrəməsin, yarıyoldaca yıxılıb qalmasın.

Digər yandan, sözlər hər adamda sonsuz müxtəlifliklərdə assosiasiyalar doğurur, hərə öz təfəkküründəkinə, zehnindəkinə uyğun anlamlar çıxarıb, eşidib-oxuduqlarını bir cür qavrayır. Hələ dili yaxşı bilmədikdə, sözlərin mənalarını bir-birinə qarışdırdıqda lap xoşagəlməz, bəzənsə faciəvi durum yaranır. Əksər hallarda aramızdakı anlaşılmazlıqların, münaqişələrin, dava-şavaların da səbəbi bundan qaynaqlanır.

Qədim dövrlərdə insanlar miflərin, əfsanələrin təsiriylə sözlərə çox böyük önəm verir, az qala onu gerçək, qanlı-canlı bir varlıq kimi görürdülər. Müsbət və mənfi tərəflərindən yararlanıb həyatlarının gedişində dəyişikliklər etməyə çalışırdılar. İnanca görə, hər hansısa bir formada deyildikdə, sözlərin adamda fiziki yara açmaq, müəyyən sehrləri gerçəkləşdirmək imkanı vardı. Kəlmələrin gücü, qüdrəti zamanla mahiyyətini dəyişsə də, əslində, zənn etdiyimizdən çox-çox böyük təsirlərə malikdir. Məsələn, informasiya müharibələri, cürbəcür təbliğat vasitələri, gündəlik reklamlar...

Sözdən istifadə edənin həmişə öz maraqları olur, hansı kəlmənin kimin ağzından, niyə və nə zaman çıxdığına fikir verilməlidir. Söz özünü rəzil, şərəfsiz aparıb yalanın, ikiüzlülüyün, riyakarlığın da təmsilçisi ola bilər, ədalətli, vicdanlı, ləyaqətli göstərib xeyrin, yaxşılığın da. Sözün reallığa çevrilməsi həmişə mümkündür, tarixə nəzər salanda görürük ki, ən ağlasığmaz ideyalar, kəşflər də əvvəlcə təxəyyüldə söz kimi yaranıb.

Həyatımızın hər sahəsində olduğu kimi, zehindəki qatmaqarışıq, dolaşıq sözləri də səliqə-sahmana salmağa, fikirlərimizi nizamlı şəkildə ifadə etməyə çalışmalıyıq. Ağıl senzurasından keçib, istifadəyə yararlılığı təsdiqlənən fikirlər həmişə sağlam düşüncəni təmsil edir. Söz nəhayətsizliyindən söz seçib yaxşı cümlə qurmağın asan olduğunu düşünənlər isə hələ sözün qiymətini anlamayan kəslərdir. Sözün qiymətini təbii ki, yalnız mütaliəylə məşğul olmaq, savadlanmaqla anlamaq mümkündür.

Kitab oxumayanlar kosmik sürətə malik internet əsrində vaxtın azlığından şikayətlənirlər. Məqalə oxumayanlar mövzunun məğzinə bir abzasdaca varmaq istəyirlər. Sosial şəbəkələrdə status oxuyanlar ya qəlizlikdən, ya da primitivlikdən narazıdırlar. Qırıq-qırıq, fraqmentlər şəklində nələrisə eşidib-oxumaq mürəkkəb bir pazlın parçalarını beyində birləşdirməyə bənzəyir, ortaya bulanıq bir rəsm çıxır. Təbii ki, yanılmalardan, təhriflərdən qaça bilmirsən. Koronaviruslu bugünlərdə həm özümüzü təkmilləşdirmək, həm də sözün sehrini, möcüzəsini duymaqdan ötrü bəhanələrdən uzaq, kitablara, mütaliəyə yaxın olaq.

#evdəqal

#evdəkitaboxu

Simran QƏDİM ADSIZ ADAM hekayə... - "ULDUZ"AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ ...

news-inner-user

16481 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020