news-inner
clock09:00 calendar-gray 10 May 2020 view-gray1013 dəfə oxunub
view-gray1013 dəfə oxunub

Söz adamlarının böyük dostu

Bu gün Ulu öndər Heydər Əliyevin doğum günüdür. Kulis.az bu münasibətlə tanınmış jurnalist Müsəllim Həsənovun “Söz adamlarının böyük dostu” yazısını təqdim edir.

“...Uzun bir koridor, bu ona təhvil verdi, o buna təhvil verdi, binanın dəniz tərəfdə bir otağına çatdıq. Gördüm, içəridə yaraşıqlı bir adam oturub, hərbi formada. Rütbəsini də anlaya bilmədim”.

Bu sətirlər vaxtilə rəhmətlik şair-publisist Tofiq Abdinlə hazırladığım bir müsahibədəndir.

1966-cı ildə tələbə vaxtı, anti-sovet təşkilatın üzvü kimi onu “KQB”-yə gətirirlər. Təsvir etdiyi bina isə indiki Sərhəd Qoşunlarının binasıdır. O vaxt Dövlət Təhlükəsizliyi Komitəsi həmin binada yerləşirmiş.

Tofiq Abdin davam edir:

Məni içəri, hərbi formalı bir adamın otağına apardılar.

Başımı saldım aşağı.

Kağızları qoydular onun qabağına...

Bir azdan başını qaldırıb, - bugünkü kimi xatırlayıram,- dedi:

- Siz nə istəyirsiniz?

Yavaşca dedim ki, vallah, heç nə istəmirik.

Bir də qayıtdı ki, axı siz nə istəyirsiniz?

Mən bu dəfə başımı bir az da aşağı sallayıb susdum...

Dediyi bugünkü kimi yadımdadır:

- 37-ci il olsaydı, sizin hamınızı güllələyərdilər. Ata-ananızın da sizi tələb etməyə haqqı olmazdı.

Gallery

Kağızları bir də vərəqləyib dedi:

- Bala, get başını sal aşağı, dərslərini oxu... Aparın.

Vəssalam.

Bu adam kim idi? Məni niyə buraxdı, anlamadım.

Bu danışıqlardan sonra Tofiq Abdin özünəməxsus koloritlə əlavə etmişdi:

“Allaha and olsun, aradan neçə illər keçəndən sonra televizorda görəndə anladım ki, həmin adam Heydər Əliyev imiş. Bilmirəm, onda idarə rəisi olub, müavin olub... Onda bizi tuta bilərmişlər. Ən azından institutdan çıxara bilərmişlər. Bunları mən sonradan anlamışam. Bizi onda Heydər Əliyev xilas edib. Ona görə mənə dedi ki, bala, get dərsini oxu. Bilirsən, baxıblar ki, bunlar uşaq-muşaqdır... Bunlardan hökumət dağıdan olmaz... Sadəcə, bizi bədbəxt də eləməyiblər, söhbət bundan gedir”.

Bəli, söhbət ondan gedir ki, Heydər Əliyev həmişə ədəbiyyat və incəsənət adamlarına hörmət-izzətlə yanaşıb, onları qorumağa çalışıb. 60-cı illərin ortalarında “Vahid Azərbaycan yaratmaq” iddiasına düşən Tofiq Abdini də həmçinin...

Gəlin etiraf edək ki, sovet hökumətinin kəshakəs vaxtında, 1982-ci ildə Hüseyn Cavidin cəsədinin uzaq Sibirdən Azərbaycana gətirilməsi sadəcə bir cəsarət məsələsi deyildi. Bu işi təşkil edən adam hətta bir respublikanın birinci katibi olsa belə...

Bütün bunlar indi mümkün və asandır. Axı onda hələ SSRİ var idi, güclü “KQB” var idi, ən azı Sov.İKP MK-nın təbliğat-təşviqat şöbəsi kimi tükü-tükdən seçən qurum var idi...

Gallery

Elə həmin 70-ci illərdə Sosialist Əməyi Qəhrəmanı adını alan yazıçılarımızın hamısımı, heç olmasa, SSRİ miqyasında tanınmışdı?

Əlbəttə, yox. Amma onlara bu adı verdirən, onları şöhrətləndirən məhz Heydər Əliyev olmuşdu...

Təsadüfi deyil ki, Heydər Əliyev 1973-cü ildə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin dünya səviyyəsində qeyd olunması üçün tədbirlər görməyə başlayanda, ilk addım kimi Xəzər Dəniz Gəmiçiliyi İdarəsi üçün tikilməkdə olan teploxoda “Şair Nəsimi” adının verilməsi barədə qərar qəbul etmişdi. Və sonrakı illərdə Heydər Əliyevin xeyir-duası ilə artıq Xəzərdə “Şair Sabir”, “Nizami”, “Füzuli”, “Vaqif” və s. adlı gəmilər üzməyə başlayacaqdı. Bu, o vaxtlar idi ki, gəmilərə əsasən başqa millətlərdən olan insanların adı verilirdi...

Bunun ardınca Heydər Əliyev Mərkəzi Komitə bürosunun növbəti bir qərarını imzalayacaqdı. Həmin qərarda belə bir bənd də var idi: “...Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə tapşırılsın ki, görkəmli dövlət xadimlərinin, Azərbaycan ədəbiyyatı klassiklərinin adını daşıyan Xəzər teploxodlarında muzey guşələrinin yaradılması məqsədilə materiallar hazırlayaraq xarici ölkələrə üzən gəmilərə versin”.

Bu isə o demək idi ki, Heydər Əliyev, məsələn, xarici ölkə limanlarına üzən “Şair Nəsimi” gəmisində İmadəddin Nəsiminin kimliyini sübut edən sənəd və materiallardan ibarət muzey guşəsinin yaradılmasını istəyir və tələb edirdi. Ona görə ki, xarici ölkə vətəndaşları da Azərbaycanın belə görkəmli şair və filosoflarının olduğundan xəbər tutsun...

Heydər Əliyev sonralar Moskvada Siyasi Büronun üzvü olanda da qələm adamlarına diqqət və qayğısını əsirgəmir.

...1986-cı il avqustun 31-də, axşam saat 22.10-da Novorossiysk yaxınlığında “Admiral Naximov” sərnişin teploxodu quru yük daşıyan “Pyotr Vasev” gəmisi ilə toqquşur. Gəmidə olan 1234 nəfərdən 398 nəfəri həlak olur...

Bəd xəbər barədə Moskvaya gecə məlumat verilir.

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov Heydər Əliyevə elə gecə də zəng vurur:

- Heydər Əlirza oğlu, siz faciənin səbəblərini araşdıran dövlət komissiyasının sədri təyin edilirsiniz. Adamları özünüz seçin...

Gallery

Heydər Əliyev komissiyada çalışacaq adamları müəyyən edir, elə həmin gecə Vnukovo-2 aeroportundan Novorossiysk şəhərinə uçur və on dörd gün (!) faciə rayonunda qalır...

Bu iki həftədə əzizləri həlak olan insanlarla təmasda olmaq, onların çətin və kədərli suallarına cavab vermək...

Doğrudan da, ağır və məsuliyyətli iş idi.

Sonradan istintaq bu nəticəyə gələcəkdi ki, hər iki gəminin kapitanları cinayətkarcasına səhlənkarlığa yol veriblər.

Dövlət Komissiyası gündə iki dəfə - səhər saat 10.00-da və axşam 17.30-da toplaşıb iclas keçirir, görüləcək işləri planlaşdırır. Hər axşam saat 19.00-da isə komissiyanın sədri Heydər Əliyev həlak olanların və zərər çəkənlərin qohumları ilə görüşür, gün ərzində görülən işlər barədə onlara məlumat verir.

Bəzən hətta sərt tədbirlər də görməli olur. Verilən tapşırığın yerinə yetirilməsini gecikdirdiyinə görə dəniz donanması nazirinin müavinini elə oradaca vəzifədən azad edir. Digər məmurlara dərs olsun deyə...

İllər keçəcək, SSRİ adlı imperiya dağılacaq və bu faciə barədə, onun səbəbləri və günahkarları haqqında çox yazılacaqdı. Amma həmin günlərdə Novorossiyskdə SİTA-nın fotomüxbiri kimi fəaliyyət göstərmiş Vladimir Svartseviçin yazdığı xatirələr xüsusi əhəmiyyət kəsb edəcəkdi:

“Novorossiysk limanındakı 15-ci körpünü hələ də “dəfn körpüsü” adlandırırlar. Həlak olanların cəsədləri yüklənən 5 vaqon-refrijerator məhz bu körpünün yanında dayanmışdı. Bu, yüzlərlə sovet ailəsinin faciəsi idi. Boğulub ölənlərin cəsədləri 15-ci körpüyə çatdırılmazdan əvvəl fotoşəkilləri çəkilirdi”.

Cəsədlərin fotosunu çəkmək məhz Vladimir Svartseviçə həvalə edilir. Həmin fotoşəkillər xüsusi albomlara yığılıb onların qohumlarına göstərilir, tanınma prosesi aparılır. Belə bir şəraitdə hətta bəzən həlak olanların qohumları əsəb sarsıntısına davam gətirmir, tappıltı ilə yerə yıxılırlar.

Bu dəhşətli mənzərəni, az qala, hər gün dövlət komissiyasının sədri də müşahidə edir.

Vladimir Svartseviç: “Mən ilk dəfə idi ki, bu cür şəkillər çəkməli olurdum. Bu, çox çətin idi – göz yaşlarım aramsız axırdı. Birdən zala balaca boylu, gözlərinə yekə eynək taxmış bir nəfər daxil oldu. Pencək geyinmiş insanların əhatə etdiyi bu adam partiya komitəsinin katibini xatırladırdı. O, mənim əlimdəki fotoaparatı görüb, ağzı köpüklənə-köpüklənə bərkdən qışqıraraq dedi: “Sən kimsən? Jurnalistsən? Burada insanlar dərd içindədir, sən də öz kameranı onların üzünə zilləyirsən. Rədd ol buradan!”.

Gallery

Fotoqraf əsəbi vəziyyətdə olduğundan, dişinin dibindən çıxanı həmin adama deyir və... iki milis işçisinin “köməyi ilə” otaqdan çölə atılır. Ona yalnız küçədə başa salırlar ki, söydüyün adam Sov. İKP MK-nın üzvü, Krasnodar vilayət partiya komitəsinin birinci katibi İvan Polozkovdur!

V.Svartseviç anlayır ki, artıq bu partiya xadimi Moskvaya teleqram vurub fotoqrafın ciddi cəzalandırılmasına nail olacaq, sorğusuz-sualsız...

Hətta partiya bileti də əlindən alına bilər...

Novorossiysk şəhər partiya komitəsinin əməkdaşları fotoqraf üçün dərhal Moskvaya gedən təyyarəyə bilet də alırlar. “Təhlükəli jurnalist” şəhəri tərk etməlidir. Vilayətin partiya lideri belə tapşırıb...

Lakin o Moskvaya uçmağa tələsmir. Axşam yola düşməzdən əvvəl Dənizçilərin Mədəniyyət Sarayına gedir.

V.Svartseviç: “Xüsusi hökumət komissiyasının rəhbəri – o vaxt Sov.İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev “Admiral Naximov” teploxodunda həlak olanların qohumları ilə orada görüşürdü. Polozkov məni zalda görən kimi, barmağı ilə göstərərək Əliyevə şikayət etməyə başladı. Onda Əliyev dedi: “İvan Kuzmiç, mən hesab edirəm ki, müxbirlər səhlənkarlığın hansı müsibət bahasına başa gəlməsini sovet xalqına söyləməyə borcludurlar!”

Bundan sonra H.Əliyev üzünü zala tutub dedi:

- Mən jurnalistlərə nə ilə kömək edə bilərəm?

Fotoqrafın sözlərinə görə, bundan sonra Polozkov sözün əsl mənasında yumağa dönür.

Fotoqraf isə cəsarətlənib yerindən qışqırır: “Yoldaş Siyasi Büro üzvü, fəlakət yerinə getmək üçün helikopter, kater, maşın lazımdır. Dalğıcların necə işlədiyini göstərmək lazımdır. Ən başlıcası, senzura məsələsini həll etmək lazımdır! Əks halda onlar bizim materialların hamısını kəsib doğrayacaqlar!”.

Gallery

Heydər Əliyev başını tərpədərək öz köməkçilərinə müraciətlə uca səslə deyir:

- Jurnalistlərə kömək edin! Mənim adımdan! Senzura məsələsini də həll edin.

Bununla da fotoqrafın başı üstündəki qara buludlar dağılır. Onu Moskvaya deportasiya etməyə hazırlaşan məmurlar indi ona kömək üçün növbəyə dayanır, çantasını götürürlər.

Məhz Heydər Əliyevin sözündən sonra.

Onda hələ sovet hökuməti gur-gur guruldayırdı.

Onda hələ mətbuat üzərində sərt senzura var idi...

Onda Mixail Qorbaçov bəh-bəhlə “aşkarlıq və demokratiya” kimi təqdim olunan xətti hələ elan eləməmişdi...

news-inner-user

15781 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020