Dərdimi danışmasam, yaşaya bilməzdim - Bircənin romanı

Dərdimi danışmasam, yaşaya bilməzdim - Bircənin romanı
1 may 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Avqustun axırlarında Həmid qarşıma bir kağız atıb təşər-təşər kürsüyə çökdü. Nənəm deyərdi qarayla gödəyə gündə üç dəfə allahlıq gəlir – dediyi əlamətin ikisi də bunda vardı. Adam mənə üstdən-aşağı baxa-baxa yekə ağzının üstündəki kvadrat şəkilli ütük bığının altından qımışırdı. Kağıza məhəl qoymadığımı görəndə dilləndi:

- Niyə baxmırsan?

- Nəyə baxasıyam ki?

- Bir bax da, bax gör nədi, - deyib dörd qatlanmış kağızı açıb qucağıma qoydu.

Taylanın, Xədicənin evdən dənləyib mənə verdikləri xırda vərəqlərə düzülmüş hərflərlə kağıza nəsə yazılmışdı. Xeyli baxdım, heç nə anışdırmadım, qatlayıb mən də kağızı onun üstünə atdım.

- Bildin nədi bu? – soruşdu.

- Yox.

- Kəbin kağızıdı, məsciddə kəsdirmişəm.

- Nə kəbin, kimə kəsdirmisən?

- Mən sənə öz ailəm kimi baxıram, istəyirəm hər şey halallıqla olsun. Ona görə də gedib kəbin kəsdirdim.

Kağızı qapıb dörd böldüm, əzikləyib qırıqlarını onun üstünə səpdim:

- Götür zibilini də sürüş burdan! Nə kəbin, sənlə mənim nə işim?

- Özünü adam kimi apar, bilirsən ki, sənin dərdindən ölürəm.

- Get arvadının dərdindən öl, bir də ayağın bu evə dəyməsin! Düş yaxamdan, əl çək məndən.

- Özünü uşaq kimi aparma. Sən yaxşı xanımsan, elə birinin əlinə keçərsən, başına oyun açar.

- Səndən betərinə çətin rast gələm. Ayrı vaxt kəndçi deyib ələ salırsan, sonra da kəbin kağızıyla üstümə gəlirsən?

- Ay dəli, onlar hamısı zarafatdı. Ağlını başına yığ, mən deyənlə otur-dur, mən də sənin qulun olum.

- Yaxşı bilirsən ki, səndən zəhləm gedir, elə eləmə əlindən polisə gedim.

Birdən onun üzü döndü, bayaqkı mehribanlığından əsər-əlamət qalmadı:

- Sən polisə gedərsən, mən də səni oğlunun, qohumlarının, iş yoldaşlarının yanında biyabır eləyərəm.

- Nə deyib biyabır eləyəcəksən, deyəcəksən əvvəlcə maşınla vurdum, sonra da çiyninə çıxdım?

- Özüm bilirəm nə deyəcəm. Qapının ağzında duran polisi tanıyıram, ona elə bir söz deyərəm, işdən çıxmağa məcbur olarsan.

- Allahdan istəyirəm elə bir iş tutasan, görəsən başına nə oyun açıram.

- Mən elə düz bilmişəm, sənin işdə görüşdüyün kimsə var, ona görə ordakılardan qorxursan.

- Tutalım var, bundan sənə nə?

- Ay bala, mən Leninəm ey, mənim bilmədiyimə qurd düşər! Adamı olmayan kəndçini elə işə kim götürərdi?

- Bəli, var adamım, işə də məni o götürüb. Mənə yüksək maaş verir, məni saxlayır.

- Eybi yox, mən tezliklə o adamın kimliyini öyrənərəm, özüm onunla necə lazımdı danışaram, - deyib yelli-yelli qapıdan çıxdı.

***

Səhəri işdən icazə alıb evdən tapdığımız üstü yazılı xırdaca kağızları, üstəlik dörd bölüb Həmidin üstünə atdığım vərəqi götürüb Göy məscidə yollandım.

Lalənin neçə uşağı tələf olandan sonra qaynanası hardasa Quran açdırmışdı. Arvada demişdilər gəlininin yanına həmzatlı adam gəlib, bütün ağırlığını töküb onun üstünə; həmzat kəsilməlidi, yoxsa uşağı doğulsa da yaşamayacaq. Bizim belə şeylərə inamımız olmasa da qardaşlarım bir ətək pul verib məni bacımın qaynanasıyla birgə məscidə göndərmişdilər. Şişpapaq mollalardan biri xeyli pulumuzu alandan sonra bizə bir düjün dua yazıb vermişdi. O duaların birini öz əcəliylə çoxdan ölmüş bir adamın qəbrinə gömdük, birini dovşan dərisinə büküb üzü günbatana basdırdıq, üçünü gün çırtmamış dənizə atdıq... Xülasə, mollanın yazdığı duaların hamısını təyinatı üzrə bacımı qomarmış qara qüvvələrin ayağı altına mina kimi yerləşdirəndən sonra həkimlərlə əlbir olduq, nəticədə bizim sevimli Anarımızın dünyaya gəlməsinə cığır açdıq.

Bu məscidi o vaxtdan tanıyırdım. Qapının ağzındakı çarşablı xanımların birindən məni savadlı bir mollanın üstünə göndərməyi xahiş elədim. Qadın içəridə xeyli ləngiyəndən sonra məni döşəməsinə xalça döşənmiş zala apardı, yerdə bardaş qurub qarşısındakı kitabların arasında qurdalanan qarasaqqal mollanı tuşudub özü geri qayıtdı. Kişi üzümə baxmadan əliylə qənşərindəki döşəkçəni göstərdi, dodağının altında ərəbcə bir xeyli zikr eləyəndən sonra kitabı örtüb zənlə üzümə baxdı. Onun ətinə yapışıq qapqara saqqalı, yuvasında oynayan iri bəbəkləri, tüklü əlləri məni bir balaca eyməndirdi. Mollanın dəli dana gözünə oxşayan gözlərinə azacıq təbəssüm gələndə Telli mamayla birgə xoruz alıb getdiyimiz ocağın yiyəsi yadıma düşdü.

- Bəh-bəh, nə qəşəng ətir iyi gəlir səndən, - deyə-deyə baxışlarını boyun-boğazımda gəzdirib sinəmdə saxladı.

Ətim çimçəşdi, elə bildim kimsə bulaşıq əllərini canıma sürtdü.

- Hə, de görüm nəyə gəlmisən, - soruşdu, - olmaya sənin də ərin sən kimi ceyranı qoyub başqa bağları gəzir.

Sellofan torbaya yığdığım kağız qırıqlarını çıxarıb mollanın qabağına tökdüm:

- Bunları evimdən tapmışam, oxuyun görüm nə yazılıb.

Kişi fısıldaya-fısıldaya kağızları açıb qənşərinə düzdü. Dörd böldüyüm iri vərəqin parçalarını calaşdırıb dodağının altında mızıldandı:

- Adın nədi?

- Adımı neylirsiz?

- Bu, molla kəbinidi, adını de görüm səninmi adına kəsilib.

Qorxa-qorxa böyür-başıma nəzər salıb öləngi səslə:

- Adım Bircədi, - dedim.

- Həə, bu kəbin elə sənin adına kəsilib.

- Onu bildim, bu xırdaları da oxuyun görüm bunlar nədi.

- Onun xərci ağırdı.

- Nə qədər verməliyəm?

Molla məni iştahla süzüb bic-bic güldü:

- Sənin kimi xanımdan adam pul ala bilər?

Kişinin sürtük baxışı, arsız-arsız hırıldamağı məndə mafar qoymamışdı, ancaq o istidə işdən çətinliklə qopub xeyli yol gəlməyim, üstəlik, dünyaya yeddi arşın quyunun dibindən baxmağım məni səbirli olmağa səsləyirdi.

- Xahiş eləyirəm o xırda kağızları da oxuyun görüm ora nə yazılıb.

- Ay gözəl, bunlar hamısı mehr dualarıdı. Bax bu üstü ləkəli bir az qorxulu gəlir mənə.

- Necə yəni qorxulu?

- Bunu açmağa qorxuram, bax gör, bunun üstündəki qurd yağıdı, - deyib dörd qatlanmış kağızı mənə tərəf itələdi.

Kağıza diqqətlə baxdım: bunu mən dolma bükəndə Taylan mənim otağımdan tapıb gətirmişdi, mən də əllərim yağlı-yağlı kağızı açıb baxmışdım. Yağ ləkəsinin mənim əlimdən düşdüyünü dəqiq bilirdim, bununla belə qəsdən mollanı danışdırmağa başladım:

- Mən kağızı açmışam, siz aralıdan da olsa oxuyun, bilim görüm nə yazılıb.

- Oxuya bilmərəm, bu, xalis qurd yağıdı. Kimdisə səni istəməyən adamın işidi, sənin ölümünə əməl elətdirib.

- İndi belə çıxır mən bu gün-sabah öləsiyəm?

- Dur get evini körpə qız sidiyiylə murdarla, hansı qonşundan şübhələnirsənsə bu kağızı didiklə tök onun qapısına. İki gündən sonra hazırlıqlı gəl, atın çənə sümüyünə dua yazacam, aparıb qoyarsan evinə.

- Necə hazırlıqlı gəlim?

- İlin-günün bu vaxtı at çənəsi tapmaq asan gəlməsin sənə, mən də onu kimdənsə almalıyam.

Mollanın gözünün içinə diqqətlə baxdım, yenə gic gülüşüm üzümdən asıldı. Kişi deyəsən gülməyimi ayrı yana yozdu. Özümü ələ alıb birtəhər yığışdırdım:

- Yaxşı, dediyiniz gün burda olacam.

Onu başımdan eləyib dinməzcə aradan sivişmək istəyirdim. Sağ əlimi özümə dayaq verib dikələndə elə bildim köksümə neştər soxuldu. Nəydisə sinəmdən yapışıb məni durmağa qoymurdu. Mollanın saralmış həvə dişləri gözümün önündə oynaşanda, ayrıq ağzı qarşımda quyu kimi açılanda başıma vuran ağrının səbəbini anladım – mən qalxmaq istəyəndə kişi sinəmdən yapışıb döşlərimi xıncalamışdı.

Çantamı qoluma keçirib birtəhər dikəldim, lombasıyla onun üzünə tüpürdüm. Ayaq üstə durub özümü tarazlayandan sonra onun şiş papaqlı başına var gücümlə bir yumruq saldım. Kişini göz açmağa qoymayıb qolumdakı çantayla harasına gəldi döşəməyə başladım. Zərbə mütrüfün təpəsinə dəydikcə çantamdan qəribə danqıltı qopurdu – mollaya vurduğum zərbələrdən çox çantadan çıxan o səslərdən qorxurdum. Kişinin bardaşını çoxdan pozmuşdum, yıxılısına da beş-altı təpik vurub yerə döşəli xalçaların üstüylə qapıya doğru qaçdım. Mollanın arxamca yağdırdığı söyüşlər kürəklərimə dəyib Allah evinin divarlarına çırpılırdı:

- Qəhbə, yüzünə paylamış lotu! Səni içinə tüpürdüyün kitaba tapşırıram!

Qapının ağzındakı arvadlar üzümə mat-mat baxdılar. Onlara bənd olmadım, özümü üstünə od yağan şəhərin ayaqlarına atdım. İki daşın arasında fikrim qalmışdı çantamda – mollanın başına vurduqca içində danqıldayanın nə olduğunu bilmək istəyirdim. Az getmiş çantamı açıb çuqun yemək qazançamı görəndə yenə səy-səy gülməyə başladım.

***

Gün günortadan əyilmişdi. Üzü dənizə gedən yolla enişaşağı sallanmışdım. Yanımdan ötən adamları, şütüyən maşınları görmürdüm. Ağabəy həkimi yadıma salıb ağlayırdım. İlk dəfə onun öldüyünə sevinirdim – sağ olsaydı bu halımı dilinə dolayıb uzun zaman mənə gülərdi, bəlkə də üzümə tüpürərdi. Hərçənd onun yerinə özümə nə deyilməliydisə artıqlamasıyla deyirdim, necə lazımsa özümə gülürdüm, üzümü danlayırdım, özümü yamanlayırdım, başımı divarlara döyürdüm... sonra da həkimin işıqlı surətini gözümün önünə gətirib onun dilindən özümə ağıl verirdim:

“Bircəcik, ayağına dolaşıb səni yıxan daşı o dəqiqə qamarlayıb özündən uzağa atma. Daşı qoy yerində qalsın, ayağa qalx, yaranı təmizlə, onun ağrılarını yaşa. Yıxıldığın yerdən bir də keç, səni yıxanın nə olduğunu öyrənməyə çalış. Bəlkə ayaqqabın köhnəlib? Bəlkə ayaqlarında problem yaranıb? Bəlkə başın ayağını idarə eləmir? Bəlkə o daşa çatanda səni kimsə itələyib? Yıxılmağının səbəbini tapmamış daşı günahlandırma”.

Axı mən bura niyə gəlirdim ki, hansısa alçaq da sinəmə əl ataydı?

İsti beynimi əritdikcə yaddaşımın dibi qaynayıb üzə çıxırdı, illərdən bəri heysiyyətimi gəmirən bir hadisəni xatırlayırdım...

On üç yaşım olardı, anam bacısından ötrü bağladığı zənbili nənəmdən gizli mənə verdi ki, kəndimizə az qala bitişik qonşu kəndə xalamgilə aparım, özü də yalvardı ki, bu barədə nənəmə heç nə deməyim. Nənəm ölü yerinə getmişdi, o, evə gələnəcən mən zənbili mənzilinə çatdırıb qayıtmalıydım.

Payı xalama verib elə doqqazın ağzındanca geri döndüm. İki kəndin arasında açıq bir sahə vardı, o sahəni keçəndən sonra qəbiristanlığın yanından ötməliydin; ondan o yana bizim kəndin ərazisi başlanırdı. Nənəmin qorxusundan açıq sahəni qaçaraq keçdiyim vaxt xalamın mənlə yaşıd oğlu qabağımı kəsdi:

- Hara gedirsən?

- Evimizə.

- Gəl gedək ağaclıqda oturaq söhbət eləyək.

Üzünü ancaq məktəbdə gördüyüm xalam oğlunu yolumun üstündən geri itələdim:

- Çəkil, - dedim, - sənlə nə söhbət eləyəcəm, həmişə iki alırsan, yaxşı oxuyanlar üzünə tüpürürlər.

Söz ağzımdan çıxan kimi üz-gözündən zımrıq yağan gözləri pıçalaqlı sıpaboyun əl atıb döşümü ovcuna yığdı. Gözümün qabağında xırda halqalar oynaşdı, sinirlərim dişlərimin dibinəcən zoqquldadı. Onun əlindən çıxıb yerdə gözümə dəyən daşı-kəsəyi, əlimə nə keçdisə hamısını təpəsinə yağdırdım. İri bir qəmbər başını tutanda xaloğlu yerə çökdü. Mən sapanddan çıxan daş kimi qəbiristanlığın yanından ötüb özümü evə yetirdim. Anam məni təntik görüb soruşdu:

- Nolub, ay qız, elə bil dalınca atlı gəlirmiş? De görüm zənbili kimə verdin, içindəkiləri dağıtmadın ki?

- Görüm o zənbildəkiləri yeyənlərin biri də sabaha çıxmasın, - dedim. - Bir də məni o xarabaya göndərsən belə-belə əməllərinin hamısını açıb nənəmə deyəcəm.

- Ağzını yum, həyasız, - anam acıqlandı, - Tellinin evinə göndərsəm oynaya-oynaya gedərsən.

Səhəri məktəbdə sıpaboyun gədənin altı kömür kimi qaralıb dombalmış gözünü görəndə sağ əlimi öpüb sinəmə basmışdım. Xalamgilə qonşu olan sinif yoldaşım qızların xalam oğlundan niyə qorxduqlarını indi anlayıb bu sirri içimdə qıfıllamışdım. Ancaq o hadisə yaddaşıma çox ağır zədə vurdu, o səhnəni illərlə unuda bilmədim.

Ay ötdü, il dolandı, fələk o xalam oğlunu toyu tutulu övladıyla sınağa çəkdi. Mən bu işə sevindim, başsağlığı verməyə də gec – hadisənin üstündən dörd ay ötmüş gedə bildim. O cür müsibətdən sonra deyə-gülə araq içən atanın – böyüyüb eşşək olmuş o sıpanın bu illərdə heç dəyişmədiyini, kefli baxışlarını yenə sinəmə tuşladığını görəndə nakam bir cavanın ölümünə, ürəyi dağlı bir ananın dərdinə sevindiyimə görə özümü dönə-dönə qınadım. Anladım ki, mənim xalam oğlu kimi arsızdan heç fələk də qisas ala bilməz...

***

Göy məsciddən çox da aralanmamışdım, bir tanış səs adımı çağırdı. Ayağım yerə mıxlandı, öz-özümə dedim: “Aman Allah, bu kimiydi məni məsciddən çıxan gördü!”

Adımı bir də eşidəndə geri qanrıldım. İsti, həyəcan, pərtlik çağıranın kimliyini tanımağa imkan vermirdi. Adam mənə çathaçatda üzündəki bəlli yanıq ləkəsindən Əlini tanıdım. Bərk sevincək olduğu yerişindən görünürdü, gələ-gələ ara vermədən üyüdürdü:

- Nə var, nə yox? necəsən? hardan gəlirsən? xeyirdimi buralarda?

Soruşmağından bildim ki, məsciddən çıxdığımı görməyib.

- Yaxşıyam, - dedim. - Heç, bu tərəflərdə işim vardı.

- Oğlun necədi? harda işləyirsən? necə dolanırsan?

- Oğlum oxuyur. Özüm də, gördüyün kimi, lap yaxşıyam.

- Dörd oğul da mənim var. Arada yoldaşım bərk xəstələnmişdi, sonra bildik ki, ona vergi verilib.

Ürəyimdə dedim: “Lənət sənə, şeytan, budamı indicə yumruqladığım danaqarın ağıldadı?”

- Vergi verilib deyəndə neyləyir ki?

- Evimizə iki tərəfdən də çox adam gəlirdi, onlar gedən kimi dava-dalaş düşürdü. Kimsə bizə qurd yağı sürtmüşdü.

Qulaqlarım uğuldamağa başladı, tam əmin oldum ki, bu, hardasa buralarda gizlənib məni pusurmuş. Özümü toplayıb dilləndim:

- Hə, bəs sonra necoldu?

- Yoldaşıma vergi veriləndən sonra hər şeyi bildi, o adamları evimizə qoymadı.

- Xeyli irəli düşmüsən.

- Zülüm içindəydik, indi-indi rahatlığa çıxmışıq.

- Allah işinizi avand eləsin, - dedim, söhbəti uzadıb dərinləşdirməmək üçün çox sual verməyib ustufca aradan çıxmaq istəyirdim.

Bir zamanlar dərdindən öldüyüm adamı dinlədikcə məni ondan ayıran fələyə alqış eləyirdim. Bu adammı mənim könül yoldaşım, başımın ağası, canımın yelkəni olacaqdı, bu liliput ruhlu məxluqmu mənim doyumsuz ruhuma Sən olacaqdı, Tanrım? Ötən illər uzunu aldığı bir orta, iki ali təhsil, oxuduğu kitablar, tutduğu vəzifələr, topladığı təcrübə onu bu kamilliyə, bu həqiqətəmi gətirib çıxarmışdı? Qurd yağı! İndi onun düşüncəsi bu yağla, bu yanacaqla çalışırdı.

Əlinin mənim iki addımlığıma öz ayağıyla gəlib çıxmış miskinliyinə tamaşa elədikcə arada beynimin mərhəmət hüceyrələri tərpənişirdi, istəyirdim ona yazığım gəlsin. Di gəl, onun uzaq isti yay gecəsində evimizi töküb dağıtmağı, balası ölmüş Zöhrə xalanı başının dəstəsiylə gecə səhərə kimi zülüm-zülüm ağlatmağı, biçarə arvadın yanaqlarında göz yaşının qana qarışmağı yadıma düşdükcə beynimdə hüceyrələr, sinəmdə ürək, damarımda qan quruyub daşa dönürdü.

Yox, söz yeri qalmamışdı, tarix, zaman, tale mənim onunla şərikli heç nəyimi qoruyub saxlamamışdı; arxivləri su basmışdı, saxlanclara od düşmüşdü, tək bir ortaq sözümüz, xatirəmiz salamat ələ gəlməmişdi.

Sakitcə dönüb yoluma davam elədim. Əli son umudla yenə qarşımı kəsdi:

- Gəl bir yerdə oturaq söhbət eləyək, sonra səni hara istəsən aparram.

- Vergili arvadın bilib dərinə saman təpər, - dedim. - Sağlıqla qal, mənim sənlə elənəsi sözüm-söhbətim qalmayıb.

Son gülləni darağa yeritdi:

- Qadan alım, bircə gecə, nolar tək bircə gecə mənim qonağım ol. Nəyə deyirsən and içim, sənə yaxın durmayacam, barmağımı da vurmayacam, eləcə qıraqda durub səhərəcən üzünə baxacam. Nəyə deyirsən and içim. Ömür getdi, mən sənə həsrət qaldım.

Dönüb onun gözlərinin içinə baxdım. Ona deyiləsi sözü axtardım, amma tapmadım. Yox, söz qalmamışdı, dedim axı söz qurtarmışdı. Söz tükənmişdi, söz bitmişdi, söz ərimişdi, söz soğulmuşdu, söz heydən-gücdən düşmüşdü, söz kəsərini itirmişdi. Söz qalmamışdı! Hərçənd gözlərim nə deyilməliydisə hamısını dedi ona. Özü də bağıra-bağıra, çığıra-çığıra, yana-yana, yandıra-yandıra dedi.

Əlini yolun ortasında qoyub yoluma düzəldim. Arxadan yenə məni harayladı, ancaq bu dəfə başqa səslə:

- Bircə, mən o gecə sənin o evdə yaşadığını bilmirdim. Sonra bildim, gec bildim.

Ona elə gedə-gedə cavab verdim:

- Səni o gecə bizim evə göndərən Allaha qurban olum!

Çox güman, mənim nə dediyimi anlamadı. Ağlının qurd yağı sürtülmüş dəzgahı yəqin indi daha qiymətli fikirlər kəsib tökürdü:

- Amma kalan qızılınız vardı ha!

Qəddar fələyin kinayəsi, amansız taleyin istehzasıyla bizim paslı dəmir lövhəyə həkk olunmuş sevgi tarixçəmizin son abzasının son cümləsinə beləcə bir qızıl onluqla nöqtə qoyuldu. Özündən xəbərsiz öldüyü o gecədən onun yadında mənim – keçmiş sevgilisinin, nişanlısının, qaynanamın – bir il içində evinin iki azman kişisini itirmiş çarəsiz qadının sarsıntıları yox, bizim qızıllarımız qalmışdı...

***

Şəhərdə bir az aşağı-yuxarı veyillənib fikrimdə məni çatladan sözləri bölüşməyə adam axtarırdım. Qardaşım Hakimin tapşırmasını çoxdan qulaqlarımda sırğa kimi gəzdirirdim – məni tanıyan kimsəyə dərdimi deyə bilməzdim. Bəs hara, kimin üstünə gedəydim? O dəm dərdimi bir dərdbilənə danışmasaydım yaşaya bilməzdim, gerçəkdən partlayardım.

Kimdənsə bir məsləhət almaqdan, dərdimi bölüşməkdən çox tutduğum əmələ görə özümə bəraət verdirməyə, kiminsə mərhəmətiylə bağışlanmağa ehtiyacım vardı. Ha düşündüm belə bir insan övladı ağlıma gəlmədi.

Yolu burulub metroya sarı ayaqlandım. Səhrada ehram tikintisindən qayıdan qultək yorulmuşdum, şəhərin küçələrini ayaqlarımda kündə kimi daşıyırdım. Əslində bir iş görməmişdim, sadəcə sinirlərim çox yüklənmişdi.

Doneşdən telefonuma səkkiz zəng, iki də ismarış gəlmişdi. Açıb ismarışları oxudum: “Sən işdə də deyilsən, hardasansa təcili cavab ver”. Telefonu söndürüb çantama atdım.

Fikrən evə getməkdəykən yorğun, cəfakeş ayaqlarım köməkləşib məni yenə kilsəyə apardılar. Kilsədə qadın-kişi, uşaq-böyük qaynaşırdı. Sonralar öyrəndim ki, hər beşinci gün bu məbəddə xüsusi ayin keçirilirmiş.

Yenə burnuma həmin qəribə tüstünün qoxusu doldu. Çəlimsiz bir xanım xordan ayrılıb gülə-gülə məni qarşıladı, nə məqsədlə gəldiyimi soruşdu. Niyyətimi biləndə yenə məni əvvəllər oturduğum yerdə oturtdu, incə bir nəzakətlə azacıq gözləməyimi xahiş elədi. Kilsənin ab-havası – İsa Məsihin divardan baxan heykəlləri, qaranlıq künc-bucaqda ölgün-ölgün şölələnən şamlar, orqanın hüznlü səsi yorğun canımı yüngülləşdirib ayağımı yerdən üzürdü.

Bilmədim nə müddət keçdi, bir-birinə dolaşıb qaynaşan səslərin arasından aydın bir səs eşitdim:

- Salam, xoş gəlmisiz. Sizi dinləyirəm.

Onun salamını alıb susdum. Nə deyəcəyimi, niyə gəldiyimi bilmirdim.

- Ordasızmı?

Qorxaq səslə cavab verdim:

- Burdayam.

- Mən sizi eşidirəm.

Onun şəfqətli səsi məni ürəkləndirdi:

- Padre, nəyə gəldiyimi, sizlə nədən danışmaq istədiyimi özüm də bilmirəm.

- Ayaqların səni bura gətiribsə, deməli, danışılası dərdin də var.

- Bilmirəm buna dərd demək olarmı?

- Dərdin yoxsa səni sevindirən, güldürən şeylərdən danış.

- Padre, kömək istəmək üçün məscidə getmişdim, orda bir din adamı sinəmə əl atdı.

Deyəsən nə dediyimi başa düşmədi, özünə yardımçı çağırdı. Üzündən kədər yağan sarışın bir qadın gəlib yanımda durdu, dediklərimi aydın dillə ona çatdırdı. Mən bərkdən danışırdım, qadın – sakit, arxayın; yəqin utandığından mənə irad tutmurdu. Onun sakit danışdığını görüb mən də səsimdən aldım. Xeyli susqunluqdan sonra padrenin səsi gəldi:

- Bir az səbirli olun, mənim əziz qonağım, sizi haranızdan incidibsə, incidənin əzabı da orasından başlanacaq. Bir axmağa görə Allahın evindən üz döndərmək olmaz.

- Bəs niyə o da mənlə sizin kimi davranmadı?

- Bizim hər birimizi Allah yaradıb, tərbiyəmizi isə cəmiyyətimiz verib.

- Padre, mən böyük günah işləmişəm, məni sevən hər kəsə arxa çevirmişəm.

- Əgər can almamısansa, qan tökməmisənsə, insanlara fəlakət gətirməmisənsə, zəiflərə işgəncə verməmisənsə günahını təmizləmək asan olacaq.

Orqanın səsi qəfil kəsiləndə kilsənin mistik dumanı bir az ayazıdı.

- Padre, heç kimi incitməmişəm, ancaq incidənə yoldaş olmuşam, evimə pisliyin ayaq açmasına yol vermişəm.

- Çox keçməz, uca Tanrı günahlarından arınmaqda sənə yardım göstərər.

Dostum, əslində başıma gələnləri xaçpərəst ruhaniyə anlatmaqla qarşıma bir qurumsaq molla cildində çıxmış dinimdən, məscidimdən qisas almaq istəyirdim. Mən hər dəfə oranı pisləyib bura üstünlük verdikcə üzünü görmədiyim padre arakəsmənin o tayından deyirdi:

- Pislik, pislər hər yerdə var. Dinimiz, təriqətimiz, ayinlərimiz fərqli olsa da Allahımız birdi. Tanrı öz evinin qapısını hamının üzünə açar, sən pissən deyib kimisə eşikdə qoymaz.

Dostum, qeybdən padrenin sədası gəldikcə nənəm gözümdə canlanırdı. Sağ olsaydı kilsəyə getdiyimə görə yeddi dəfə salavat verəndən sonra məni yaxınına buraxardı, xaçpərəst məbədində tövbə elədiyimə görə bəlkə də məndən üz döndərərdi. Hərçənd bunu bilirsən – mən kilsəyə ilk dəfə nənəmin əlindən tutub getmişəm. Onda məscid deyilən bir məbədin varlığından hələ xəbərim yoxuydu. Necə xəstələndiyim də yadımda deyil. Evimizdə ustalıq eləyən erməninin təkidiylə nənəm məni qonşu kəndin kilsəsinə aparmışdı. Keşiş nənəmi inandırmışdı ki, mən ən azı yeddi gün kilsəyə baş vurmasam sağalmağıma güman yoxdu.

O yeddi gündə gördüyüm, eşitdiyim nə vardısa hamısı yaddaşıma mismarla həkk olunmuşdu. Ola bilsin, indi kilsədən nicat ummağım da uşaqlıq xatirəmə sığınmağımın, bu qapıya üz tutmağım beynimdə hələ o zaman açılmış bir cığıra düşməyimin nəticəsiydi...

# 12792 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #