news-inner
clock18:27 calendar-gray 31 Mart 2020 view-gray2334 dəfə oxunub
view-gray2334 dəfə oxunub

Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi

Amerikadan ara-sıra gələn zəng bu dəfə günorta gəlmişdi. Güllü ekrandakı ada baxıb gülümsündü, telefonu açdı. Zənnlə bir-birinə baxdılar. Biri küçədə, gecənin qaranlığında, o biri evdə, gündüzün işıqlığında.

Baxışıb gülüşdülər....

Tənhalıqda, küçə fanarlarının altı ilə yürüyən kişi birinci səsləndi:

- Xoş gördük...

- Xoş gördük...

- Yaxşısan?

- Yaxşıyam.

- Qız, nə iş görürsən?

- Heç... yenicə qəlyanaltı etdim, indi qəhvə içirəm, xəbərlərə baxıram...

- Qız, sizdə gün günortanı keçmiş olar... sən indi qəhvəaltı edibsən?

- Hə... başım qarışdı... yubandım...

- Qız, başın nəyə qarışdı?

- Heç... bir az təmizlik işləri...

Qadın səhər açılandan nəm təmizlik etdiyini, evdə gözünə görünən nə varsa yaş əski ilə sildiyini, isti duş aldığını, əyin-başını dəyişdiyini və koronavirus söhbəti çıxandan bəri düz on gündü bütün bunları hər gün və hər gün etdiyini, artıq bezdiyini, lakin geri durmadığını, havadan virus yağdığına əmin olduğunu demədi.

- Havaya çıxırsan?

- Ancaq ərzaq almağa və yürüməyə, ikisini bir yerdə edirəm, yürüyərək gedib ərzaq alıram, qaydıram... bir saat çəkir, olur yürüyüş...

- Gözəl... – saatına baxdı - Bizdə gecəyarıdan 40 dəqiqə keçib. Bilirsən nə düşünürəm?

- Nə?

- Görəsən dünyada necə nəfər mənim kimi 69 yaşlı adam olar ki... gecənin yarısı... soyuqda... – paltosunun yaxalığının çənəsinə kimi çəkdi – üşüdüm ha... hə, de görüm, bu dünyada necə nəfər olar ki... bu saatda iki kəlmə söhbət üçün özünü küçəyə, gecənin xəlvətinə atsın?

Qadın şirin-şirin uğunurdu... kişi də bu gülüş üzlüdən şirə çəkib məst olmuş kimi idi...

Qadın suala cavab vermədi, işarət barmağını göstərdi.

Kişinin gözləri parladı:

- Bir tək?

- Bir tək! O da sən!

- Ayy yaşşa... bir tək mən! Demək, bir tək mən! Əla! Bax, dinlə! Bu gün sənə çox önəmli bir söz deyəcəm.

Kişinin üzü ciddiləşdi, bu ciddilikdə kədər sezildi.

- Mən bir qərar verdim. Yollar açılan kimi İstanbula gələcəm. Bir dəfəlik. Mənə bir söz de: sən də gələrsənmi?

- Yayda gələcəm.

- O başqa şeydi. Yaya kimi gözləyə bilmərəm... yollar açılan gün, elə ilk uçuşla gələcəm. Mənə kömək elə... ya Türkiyədə, ya Azərbaycanda həyəti, həyətdə bağçası, hini, toyuq cücəsi olan bir ev alım...

Qadın necə kömək edəcəyini düşündü. Bilmədiyi iş idi. Amma bilmədiyini demədi.

- Əlbəttə. Yayda gəlin, bir yerdə baxaq evlərə, İstanbul civarında, məsələn, Şilə... oranı çox sevdim... Nazim Hikmətin şeiri də var: “Şilə bezi son ceketim yırtıldı düşdü sırtımdan...”. İki kiçik çayın Qara dənizə töküldüyü yer... cənnət kimi... Frida bəyənər, əminəm...

Frida bu kişinin ikinci, alman arvadı idi.

- Frida bilmir... ilk sənə deyirəm... ona deməyəcəm. Bilirsənmi... mən 20 il əvvəl bağışlanmaz bir səhv etdim... o tilsimdən hələ də çıxa bilmirəm... o işin dalında bərk durmalıydım...

Qadın “o işi” düşündü... çiynini çəkib nazlı-nazlı gülümsündü...

- Yanıldım, yandım... o vaxt ağlıma gəlməzdi axırı belə olacaq. Bax, sənə bir etiraf edim, həyatımda cəmi bir neçə dəfə aşiq olmuşam. Az, bu uzun illərdə çox az dəfə, onun biri sənsən. Fridanı da sevmişəm, boynumdan atmaram, amma ona aşiq olmamışam. Bax, diqqətlə dinlə! Çox düşünürəm... bundan sonra mənim on il ömrüm qala bilər... yəni özümün özümü idarə edəcəyim, taksiyə minib aeroporta gedəcəyim on il... qalanını bilmirəm necə olacaq... bu koronavirus xətasından qurtulsaq, o son on ili vətəndə keçirmək istəyirəm... və səninlə... qız, üzün niyə tutuldu...

- Yox, yox... hər şey yaxşıdı... həyəcanlandım...

Qadın yenə güldü... yenə üzü gülləndi... kişi qadının üzündəki ötəri çöküşü həmin andaca unutdu...

- Mən bundan sonra bir də bu yolların bağlanmasına təhəmmül edə bilmərəm...

Bu sözləri canı boğazına yığılmış kimi dedi. Səsi tutuldu, öskürdü...

İndi 69 yaşı olan Dəmir 20 il öncə ilk dəfə Bakıya gəlmiş, bir qonaqlıqda Güllünü görmüş, quşu qonmuş, evlənmək istəmişdi. Güllü də Dəmiri bəyənmiş, amma qərar verməkdən çəkinmişdi, çünkü Dəmir Amerikadakı arvadından ayrılsa da, sənəd üzərində evli idi. Bu səbəbdən iş uzanmış, Güllü bu tərəddüdü dilinə gətirməmiş, “boşan, sonra” deyə bilməmişdi.

Dəmir Güllünün qərarını gözləmək üçün əvvəlcə Təbrizə, sonra Amerikaya qayıtmış, sonra yenə Bakıya gəlmiş, yenə Amerikaya dönmüş... vaxt keçmiş, dəmir soyumuş, “dəmiri isti-isti döyərlər” sözü boşuna deyil ki... beləcə, iş uzanmış, sonra ara kəsilmiş və... bu sevda qara sevdaya dönmüşdü...

İllər keçdikdən sonra Güllü Dəmirə qoşulub nigahsız-filansız ABŞ-a getmədiyinə peşman oldu. Bir vaxtlar çox mühüm bildiyi dəyərlər – nigah və daha bu kimi şeylər gözündən düşdü. Ömür yollarında hər cür “qara quş”a rastladı, sarsıldı, həyat dərsləri ağır oldu. O ağır illərdən sonra bir gün qərara gəldi ki, Dəmiri axtarıb tapacaq və onunla evlənəcək. Çünkü Dəmir bəyəndiyi biri idi, dünyadan xəbərdar adam idi, lətif sözlü həmsöhbət idi.

Güllü bir müddət Dəmiri axtardı da... amma tapmadı. O vaxtlar belə bağlar, telefon, feysbuk, filan da yox idi. Bəlkə bir il, iki il, üç il... gözü yollarda qaldı. Gələcək deyə düşündü. Lakin Dəmir o gedən qardaş oldu. Və bir gün... Güllü xəbər tutdu ki, gözü yollardan çəkilib... unudub. Ötən bu illərdə böyür-başından neçə Aşiq Dəmir keçib...

Bir gün... unudulmuş Dəmir yeni dünyada – feysbukda - Güllünün qarşısına çıxdı. Dostluq göndərmişdi. Güllü heyrət və sevinc içində həmən bu dostluğu qəbul etdi. Bir daha fürsəti əldən verməyəcəyini, Dəmirə qoşulub buralardan birdəfəlik gedəcəyini, Amerikaya köçəcəyini düşündü.

...Dəmirin feysbuk divarı ikinci dəfə evləndiyi qadının fotoları ilə bəzəkli idi. Yaşına baxmayaraq nazik tənli, uzun boylu, sarı saçlı, soyuq üzlü alman qadın... yekəxana gülüşlər... bahalı gəzilər... iddialı pozlar...

Dəmirin yenə evli olacağı Güllünün ağlına gəlməmişdi.

Dəmir elə ilk söhbətdə bu yay xanımı ilə Bakıya gələcəklərini və “müsait olarsansa” görüşmək istədiklərini söylədi...

Həmin gün Güllü Dəmirə “gülər üz” göndərmiş və yazmışdı: Əlbəttə! Məmnun olaram...

O vaxtdan bu vaxta Dəmir iki-üç dəfə Bakıya gəlmiş, Güllünü yerini tutmuş xanımla tanış etmişdi. Üçlükdə gəzib dolaşmışdılar... Frida azca rusca bilirdi... dədə-babası Qazaxstan almanlarından idi, Almaatada doğulmuş, 10 yaşında Almaniyaya, 15 yaşında Amerikaya köçmüşdü.

Son on il də belə keçdi, arada-sırada hal-əhval tutmalar, yazışmalar, danışmalar, bayramlaşmalar... Bakıya gəl-getlər, restoranlar, Frida tualetə gedəndə iki kəlməlik eşqnamələr, “qız, səni unuda bilmədim” kimi könül oxşayan laflar...

Güllü gülürdü... olsun, boş ver... qəribdi...

Gecənin qaranlığından baxan Dəmirin üzü çox məmnun, çox mutlu idi. Həm də qayğılı. Ciddi bir qərar vermiş, həm yüngülləmiş, həm... yeni yükə çiyin vermiş...

- Sən mənim istədiyim qadınsan... ömrüm boyu belə qadın arzuladım... bütün ömrüm boyu... indi ömrümün bu son on ilinin fürsətini itirmək istəmirəm... bir dəfə o səhvi etdim... öz abdallığımla həyatımı bərbad etdim...

- Yolların bağlanması səni tıncıxdırıb... darıxma... toxtaq ol...

- Düzdü... bu son hədd oldu... amma daha qala bilmirəm buralarda... niyə qalmalıyam axı... otuz il yaşadım, işlədim, buralı olmadım... indi geri dönmək istəyirəm... həvəsdi bəsdi... İrana dönəcək deyiləm, orda havam çatmır. Bakıda nəfəsim geniyir, İstanbulda da mutlu oluram. Türkiyə demokratik ölkədi, həm Bakıya, həm Təbrizə yaxındı... sən mənə bir söz de... Bakıya gəlsəm yaxşıdı, yoxsa İstanbula?

- Dinməz oturarsansa, Bakı da pis deyil. Amma böyük yerdən himayən olmazsa, biznes qura bilməzsən, qazana bilməzsən...

Kişi fikirə getdi...

- Düz deyirsən. İstanbul daha əmin görünür...

Qadın “bunu koronavirus danışdırır” deyə düşündü. Və həmən öz insafsızlığını qınadı, canı boğazında olan bu adamın halına acıdı. Dövlətlərin və insanların bir-birinə qapı bağladığı bu vaxtda vətəndə-evdə olmamaqdan ağır nə ola bilər. Özünü onun yerinə qoydu, “yox, yox” deyə bu barədə düşünmək belə istəmədi...

- Sən ki bilirdin, çoxdan bu fikirdə idim. Qayıtmaq istədiyimi sənə demişdim.

- Demişdin... amma...

- Ammasını bilirəm. Qayıdacağıq demişdim. Frida ilə qayıdacaqdım. Frida zəif yerimdi, ona yox deyə bilmirəm. O da bunu bilir, məni barmağına dolayır, istədiyini alır. Onun Amerikada işi çoxdu, fikri qızlarındadı. Amma mənim ömrüm bitir. Könlüm səndə qalıb. Sən vətən kimisən... doğma... əziz... unudulmaz... uşaqlığım, cavanlığım qalan yerlər kimisən... vətən kimisən... vətənə istəyirəm...

Kişinin gözləri dolmuş, qadını da kövrəltmişdi... lakin bir anda sıyrıldı, boğazını artılayıb sözünə davam etdi:

- Bu yandan da... Frida məscid odununa dönüb...

- O nə deməkdi?

- Məscid odunu... məscid ağacını kəsməzlər, odununu doğramazlar, yandırmazlar... heç nəyə yaramaz... qalar, qalaqlanar, artıq yük olar...

- Hə bildim... eşitmişəm... ziyarətgahdan odun aparmazlar. Qalaqlanıb qaldığını da görmüşəm. Amma o sözü eşitməmişdim... məscid odunu... xoşuma gəldi...

Qadının üzündəki təbəssüm yenə böyüdü... bütün ekranı bürüdü... kişi bu gülüşlü üzü gözləri ilə yeyirdi. Zənnlə baxır, baxdıqca ürəyi açılırdı. Mutlu idi... gözlərindən həsrət boylanırdı... bu həsrət onu canlandırmışdı, xeyli cavanlamışdı... iyirmi il əvvəlki... 49 yaşlı Dəmirə bənzətmişdi...

Budur, iyirmi il sonra Dəmir ikinci dəfə gəlirdi. Birinci dəfə olduğu kimi... bu dəfə də məscid odunu ilə...

- Sən mənə bir söz de... mənimlə İstanbula gələrsənmi?

- Öncə yollar açılsın...

Qadın iyirmi il əvvəl olduğu kimi yenə “axı evlisən” deyə bilmədi. Dünyanın düz vaxtı deyə bilmədiyi söz indiki halda çox amansız göründü ona. İndiki halda... sərhədlər bağlı... sanki dəmir pərdəli dönəmlər geri dönmüş... gediş-gəliş yasaq... 69 yaşlılar “bilinməz düşmənin” təhdidi altında... yox... yeri deyildi... yaşlıların payız yarpağı kimi töküldüyü bu ilk baharda... bu sözün yeri deyildi...

- Hə, düzdü, yollar açılsın... amma yollar onsuz da açılacaq... belə qala bilməz... yaxın vaxtda dünya hərəkətə gələcək... Həmin gün çıxacam buradan! Həmin gün! Bir an gözləmədən!

Havası çatmırmış kimi yaxasını açdı, elə həmin an yenidən yaxalığını çənəsinə kimi çəkdi.

- Boğazım qovuşur, neçə gündü öskürürəm... yox... elə əvvəldən mənim boğazım himə bənd olub da... nənəm deyərdi, gədə, sənin boğazının salamat gününü görəcəm mən?

Dəmir öskürməmək üçün nəfəsini tutdu, səsi xırıldamağa başladı:

- Yaman üşüdüm. Evə gedim. Sağ ol.

- Get. Sağ ol.

Bu dar macalda həyatını dəyişmək istəyən 69 yaşlı adam bir anda telefonu qapatdı.

Demək, son on ili ömrü ərzində aşiq olduğu az saylılardan biri ilə, vətən kimi sevdiyi qadınla keçirmək istəyir. Mutluluq dadmaq, son kamını almaq və ya könlü qalmamaq üçün... gəlir.

Olmazmı? Haqsızmı? Əlbəttə, olar və haqlı! – deyə düşündü Güllü.

Bu qadın bu kişinin yolunu çox gözləmişdi. İyirmi il öncəki qərarsızlığına görə çox peşmançılıq çəkmişdi. Özünü gah qınamış, gah danlamış, gah da haq qazandırmışdı. Haldan hala, təbdən təbə düşmüşdü. Gah unutmuş, gah anmış, gah silib atmışdı.

Başqa bir günün birində, bu qaçaq yenidən peyda olanda görmüşdü ki, bu adam hələ də köhnə cəzbindədi, ürəyinin bir köşəsində dirəşib durub. Və dəyişməyib, 69 yaşında, amma yenə aşiqdi.

Güllü də dəyişməyib. Bir vaxtlar önəmli , sonra önəmsiz bildiyi nigah-filan kimi şeylər yenə önəmli olaraq qalmaqdaymış qafasının hansısa küncündə.

Hər şey 20 il öncəsi kimi oldu...

Budu, gəlir. Bu dəfə vətən kimi sevib, vətən deyib gəlir. Və yenə məscid odunu ilə…

news-inner-user

17115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020