Pamuka Nobeli kim aldırdı? - Mənim adım qırmızı kart

Pamuka Nobeli kim aldırdı? - Mənim adım qırmızı kart
17 mart 2020
# 17:01

Kulis.az Aydın Cavadın "Ultrabənövşəyi fərdiliklər" yazısını təqdim edir.

Bir sənətçinin "olmazsa-olmazları" duyum, mütaliə (+dünya görüşü) və intellektdən yalnız biri öz iradəsinə bağlıdır: mütaliə. Klassik ədəbiyyatımızın bulaq bənzətmələrinə istinadən, mütaliəni də bulağa bənzətsəm, ondan stəkanla (və ya başqa qablarla) rahat vəziyyətdə su içmək daha ləzzətli olar, nəinki əyilərək çətinliklə. Digər keyfiyyətlər isə Platon və Aristoteldən başlayaraq, müxtəlif dövrlərdə, müxtəlif müstəvilərdə kifayət qədər müzakirə olunub (istənilən görüşün yuxarıdakı formulu dəyişdirməyəcəyini düşünürəm).

Enis Batur keyfiyyətli mətn və keyfiyyətli oxucu haqqında verilən sualın, keyfiyyətli mətn haqqında olan hissəsinə, təxminən, “indinin məhsulu olmalıdır, köhnəlmiş üslublarda yazılan əsərlər keyfiyyətli olmur” cavabını vermişdi. Qısası anaxronik olmamalıdır. Digər saydıqlarını xatırlamamağımın bəlkə də birinci səbəbi, ilk hücumdan qapıda qol görməyimizdir, bilmirəm. İstisnaları nəzərə almasaq, ədəbiyyatımızda anaxronizm qasırğasının səngimə ehtimalı ümumiyyətlə gündəmdə deyil. Bir tərəfdən də ədəbiyyatın əmin əllərdə olub-olmamasının kifayət qədər şübhə yaratdığını nəzərə alsaq, “həm qırmızı kart, həm də penalti” deyimi tam yerinə düşər.

Çempionlar liqasında, ikili oyunlar zamanı mərhələni keçə bilməyən komandanın hansısa oyunçusunun, son dəqiqələrdə digər komandanın oyunçularından birinə qəsdən xəsarət yetirdiyinin tez-tez şahidi oluruq.
“Mən oynaya bilməyəcəm, sən də oynama”, deyərcəsinə...

Cənab Baturun sözlərindən yola çıxaraq, yuxarıdakı qara hərflərlə yazılan deyimin, çağdaş ədəbiyyatımızla sintezinin nə nəticə verəcəyini birlikdə müşahidə edək:

1. Mənim adım qırmızı kart (şərhçinin hakimə reaksiyası)

Oktavio Pas fransız ədəbiyyatının bütün dövrlərə uyğun şəkildə inkişaf etdiyini yazmışdı. Və bununla da (Oktavionun özü də daxil olmaqla) bütün dünyanı öz təsirləri altına almağı bacarmışdılar. Həmçinin Tomas S. Eliot və Ezra Pound da modern-avanqard poeziyaya xüsusi təkan verərək, ədəbiyyatın sərhədlərini maksimum genişləndirmişdilər. Yenilik işlərinin ilk növbədə poeziyada baş verməsinə diqqətinizi çəkmək istəyirəm. Eyni zamanda onlardan təsirlənənlərin də öz ədəbiyyatlarında yenilik cəhdləri poeziya ilə start götürmüşdü. Və bunun o dövrdən günümüzə qədər nə dərəcədə effektiv olmasına hər birimiz bələdik. Məsələn, Orhan Velinin “Garip”inin nəticələrindən sadəcə biridir Orhan Pamukun nobeli.

2. Mənə penalti deyərlər (ağ nöqtədən dünyaya)

Demək ki, yeni nəsrə gedən yol, yeni poeziyadan keçir. İşin təməli poeziyadan başladığına görə, ədəbiyyatımızda ənənəvi poeziyanın (mətn, forma və s. xüsusiyyətlərə görə) daim ön planda olması və avanqarddan özümüzəməxsus cığır aça bilməməyimiz, sonrakıların yenilik cəhdlərində təbii olaraq boşluqlar yaratmağa başladı. Dünya ədəbiyyatından müxtəlif müəlliflərin cürbəcür təhkiyə formalarıyla tanış olan oxucuların ədəbiyyatımızdan uzaqlaşmağının səbəbini bunda görənlər də az deyil. Əlbəttə, boşluğu doldurmaq üçün edilən cəhdləri görməzdən gəlmək ədalətli olmaz. Amma bugünkü gedişata baxdıqda, həmin cəhdlər sadəcə “istisna” kimi görünür.

3. Planlaşdırılmamış əvəzetmə (suqabının hücumçu tərəfindən deformasiyaya uğraması)

Tamam, razılaşdıq, bizdə belə bir boşluq yaranıb zamanında və ədəbiyyatımızın irəliləməsinə maneə törədib. Bəs nə edək, ilin günün bu vaxtı, poeziya gündəmdə olmayan bir dövrdə sistemli şəkildə avanqardın ilkin mərhələlərinəmi qayıdaq?
Bir məsələ yüzdə yüzdür ki, qayıtmaq istəyənlər bunu yenə də tam, sistemli şəkildə edə bilməyəcək (qara paltarlı deyim). Həm də noutbuku dizinin üstünə qoyub, dünyada (ədəbiyyatda) nələrin baş verdiyini rahat izlədiyimiz bir dövrdə buna gərək də yoxdur. Sadəcə dünəndən bu günə dünya poeziyasının keçdiyi yolu izləmək, yeniliklərdən agah olmaq kifayətdir.

4. "Goal-line" texnologiyası (top qapı xəttini keçir)

Ədəbiyyatçıların poeziya haqqında təsəvvürləri bəzən həddən artıq məyusedici olur. Bu nəsrlə məşğul olanlarda daha qabarıq hiss olunur. Bu gün ədəbiyyatımıza şairlər daha çox təkan verə bilər. İstənilən halda, inkişafın metodu heç vaxt dəyişmir. Ya kəsə yolla, ya da əsas..

Bu gün gəclərin, oyunu vaxtından əvvəl xərəkdə tərk etməyini istəyənlər, tezliklə onların daha ideal formada meydana qayıdacaqlarına əmin ola bilərlər.

# 1993 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #