Dağlarda quzu mələr - İsi Məlikzadənin hekayəsi

Dağlarda quzu mələr - İsi Məlikzadənin hekayəsi
10 mart 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Dağlarda quzu mələr”dir.

Dünəndən bəri dağları bürüyən qatı duman, nəhayət karvanını çəkdi, selləmə yağışı da özü ilə apardı. “Fərməş” təpənin arxasından boylanan günəş qızıl zərlərini şehli çiçəklərin, otların üstünə səpələdi. Səma tərtəmiz idi. Lap uzaqda elə bil göyün bir ətəyi qayanın başından aşağı sallanıb dərə ilə birləşmişdi. Yamacda haçalanan əyri, qara cığır açıq-aydın görünürdü. Bu yolun nə vaxt salındığını heç kim bilmirdi. Payızdan yaza qədər insan ayağı dəyməyən bu cığırla atlı da gedirdi, piyada da; arandan gəlirdilər, arana qayıdırdılar. Cığırın bir qolu dəvə belini xatırladan təpəni aşıb qoyun fermasına çıxırdı. O biri tərəfdə mal ferması köç salmışdı. Mələk də burada olurdu. Fermada cəmi on dörd alaçıq vardı. Burada hamı bir-birini yaxşı tanıyırdı. Hamı bilirdi ki, Mələyin atası yoxdur. Anası da, özü də sağıcıdır, böyük qardaşı isə çobandır. Dünən o çiskinli gündə hamı bir şeydən danışırdı: “Qoyun fermasının müdiri Zalışın oğlu Şahmar Mələyə elçi göndərib. Qız oğlanı istəmir”.

Alaçıqdan qapı əvəzinə asılmış kilimin ucu yuxarı atıldı. Mələk başını əyib içəri girdi. Küncə yığılmış yunun iyi təmiz havadan gəlmiş qızın burnunu qıcıqlandırdı. O, bu qoxudan həzz alırmış kimi dərindən nəfəs aldı. Sərnicdə gətirdiyi südü təknəyə tökdü. Bayıra çıxmağa tələsmirdi. Adamların gözünə görünməyə utanırdı. Elə bilirdi hamının nəzəri ona dikilib, hamı onun sözünü danışır. Qızın fikri özündə deyildi. O, dünənki əhvalatı yadına salıb, Şahmar haqqında düşünürdü. “Niyə o məndən əl çəkmir? Başa düşmür ki, mən onu istəmirəm?... Dilimnən özünə deyəndən sonra yenə elçi göndərib. Gədə də üzə bax...”

Döşəkçənin üstündə oturub un ələyən Səlbi arvad qızın fikrindən keçənləri duyubmuş kimi dilləndi:

- Bilmirəm sənin ağlını kim oğurlayıb?.. Allah üzünə qapı açdı, öz əlinlə vurub bağladın. - Arvad ələyi kənara qoyub üst-başının ununu təmizlədi.

- Dədən rəhmətlik sağ olaydı, sən də belə fironluq eləyəydin?.. - Vallah, səni saçlarından asardı.

- Dədəm sağ olsaydı, mənə güldən ağır söz deməzdi. Məni istəmədiyim adama ərə verməzdi.

Arvad səsini bir az da ucaltdı:

- Niyə istəmirsən, a bala? Atası ferma müdiri, Şahmar özü də mal həkimləri məktəbində oxuyur. Evlərini heç top da dağıtmaz. Deyirlər, gədə bir az gözüdağınıqdı, neynək, canın sağ olsun. Cavanlıqdı, bir-ikisinin dalına düşüb, almayıb. Ürəyi istəməyib. İndi könlü səni tutub. Gedərsən, o da ayağını çöl-bayırdan yığıb fas-farağat oturar yerində. Xoşun gəlir ki, götürə qaça, biabır olaq?

- Bircə onu görməz!

- Niyə görmür? El-obanın yarısı qoşulub qaçmayıb? Elə biri mən özüm...

- Ay ana, ağlın o vaxtlara getməsin. O vaxtlar ayrı, indi ayrı. Sən dədəmi istəmisən, o da səni. Evdəkilər verməyiblər, məcbur olub götürüb qaçıb.

- Qaçırdandan sonra əlin hara çatacaq?

- Dünya dərəbəylik deyil ki! Qaçırdar, payını alar. İndi belə şeylərin üstündə adamın gözlərinə ağ salarlar. Qızı da oğurlayarlarmı?

- Qaçırtmaq oğurlamaqdı?

- Oğurluqdu, özü də lap böyüyündən.

- Boş-boş danışma. Şahmarın dədəsində qatı açılmamış pullar var, verib oğlunu qurtaracaq. Sənin nəyin var? Elə qışqırmağın özünə qalacaq, üstəlik də biabır olacaqsan.

- Xeyr. Qoy Şahmar qulaqlarını açıb eşitsin. İndi zor-filan yoxdur. Bir də, axı məni nə sıxma-boğmaya salmısan? İstəmirəm, vəssalam.

- Qudurma, bala, qudurma! Dədəsi dədəndən əskik kişidi? Yoxsa Şahmarın ağzı, gözü əyridi?.. Şadlığına niyə şıllaq atırsan? Səlimin əsgər gədəsini gözləyirsən?... Ayağında yekə patava, başında da qırçını papaq tullana-tullana gələcək. Onun belinin yekə kəmərinə bənd olmusan, yoxsa sarı şinelinə?!. Allah sənin başına ağıl qoysun, ta məndə can qalmadı, üzümün abırı tökülüb. Yüz yerdən istəyirlər, hərəsinə bir qulp qoyursan.

- İstəmirəm, ay ana, istəmirəm? Sən dədəmin goru, məni çərlətmə, bəsdi! – Mələk qəhərləndi. Nazik alt dodağını dişləri arasında sıxıb qara uzun kirpiklərini tez-tez çaldı. Qızın çiyinləri atılıb-düşəndə arvad da özünü saxlaya bilməyib kövrəldi.

Qız qaçıb alaçıqdan çıxdı. Bir az aralıda çuxura tökülmüş ayranı yalayan iri köpək Mələyi görüb quyruğunu buladı. Dal ayağının biri daşa dəyib yaralandığı üçün örüşə buraxılmayan, ala çatı ilə mıxçaya bağlanmış təpəl inək isə fınxırıb qulaqlarını tərpətdi. Boğazına qırmızı lent bağlanmış qumral quzu haradansa çıxıb qızın qarşısında atılıb-düşməyə başladı. Mələk heç nəyə əhəmiyyət vermədi. İsti göz yaşları onun uzun kirpiklərində muncuqlandı.

O, asta addımlarla obadan uzaqlaşdı. “Fərməş” təpənin lap üstündə dayanmış günəşin elə bil yeri qızdırmağa gücü çatmırdı. Hava ayaz idi. Hələ o başdan örüşə çıxmış mallar dağın döşünə səpələnib otlayırdılar. Çomağını qoltuğuna dayaq verib duran çoban hərdən bir “hey, he” qışqıraraq, uzaq gedən heyvanları geri qaytarırdı. İri, boz daşların arası ilə irəliləyən Mələk nə çobanın, nə də öz arxasınca mələyə-mələyə gələn quzunun səsini eşidirdi. Həmişə dəstə bağladığı rəngarəng çiçəkləri indi tapdalayıb keçirdi. Acı ağır fikirlər düyünlənib qəlbindən daş kimi asılmışdı. O, bugünkü qədər həyəcanlı, bugünkü qədər kövrək olmamışdı. “Adam istəmədiyi bir kəslə necə yaşaya bilər? – deyə hey düşünürdü. – Şahmar niyə məndən əl çəkmir, bilmir ki, mən Ceyhunun yolunu gözləyirəm?. İndi də dava-qırğın yoxdu ki, Ceyhun əsgərlikdən qayıtmasın, vur-tut bir neçə ayı qalıb”.

Mələk yanağına süzülən yaşı əlinin dalı ilə silib geriyə baxdı. Boğazına qırmızı lent bağlanmış quzu atlana-atlana gəlib ona çatdı. Üzünü qızın çəhrayı, uzun donunun ətəyinə sürtüb mələdi. Mələk dizi üstə çöküb quzunun başını sinəsinə sıxdı, O, mehrini bu quzuya salmışdı: onu yuyur, təmizləyir, uşaq kimi əzizləyirdi. Heyvan da ona adət eləmişdi. Mələk ayağa qalxıb sağ tərəfdəki iri daşa yaxınlaşdı, ona söykəndi. Yanları mamırlı hamar daş elə bil torpağa kök atmışdı. Daşın çökək yerində yığılıb qalmış, dünənki yağışın dupduru suyunda qız öz əksini gördü. Xeyli baxdı. Sonra əlini buz kimi suyun içinə salıb çalxaladı. Şəkli titrəyib yox oldu. O, başını yuxarı qaldıranda yamacda bir atlı gördü. Tanıdı. Qorxudanmı, həyəcandanmı ürəyi əsdi. Sehrlənmiş kimi gözlərini ondan çəkə bilmədi. Elçisi boş qayıtmış bu qürurlu, dəliqanlı oğlanın məhəbbətdən daha çox intiqam hissi ilə alışıb-yandığını Mələk bilirdi. “Anam demişkən, birdən bu gədə sarsaqlayar” – deyə təlaş içində düşündü. Quzunu səsləyib obaya doğru yollandı. O, qaçmaq istəmirdi, oğlanın gəlib çatmağını da arzulamırdı. Addımlarını nə qədər yeyinlətsə də atlı onu haqladı. Şahmar qabağa keçib yüyəni dartdı. Mələyin dayanmaqdan başqa əlacı qalmadı.

- Məni niyə biabır elədin? – Şahmar hədələyici bir tərzdə soruşdu.

Qız dinmədi.

- Mənim atam dağın, daşın üstünə getsəydi, onlar da parçalanıb dağılardı. Bəyənmirsən məni?!

Mələk başını qaldırıb Şahmarın üzünə dik baxdı.

Şahmar da qızı başdan-ayağa süzdü. Mələyin şabalıdı saçları qıyqacın altından çıxıb kürəyinə səpələnmişdi. Nazik qara qaşları çatılmışdı. Qızın həyəcandan azacıq ağarmış girdə sifəti, dolu, mütənasib bədəni, çit donunun altından dikəlmiş döşləri, açıq, yoğun baldırı Şahmarın ürəyini təlatümə gətirdi. O, mum kimi yumşaldı. Uzaqdan, quyunun dibindən gələn bir səslə dedi:

- Məni niyə istəmirsən, Mələk? Yəni mən o qədər kifirəm? Niyə dinmirsən?... Mən kifirəm?!..

Qız başını buladı. Şahmar yenidən qəlbində qopan tufanı yatırmağa çalışdı:

- Bəs niyə məni vərəmlədirsən?.. İstəyirsən ayaqlarının altına yıxılım, yalvarım, özümü daşa, qayaya çırpım. Mənə yazığın gəlsin, Mələk, gecə-gündüzüm yoxdu.

Oğlan atılıb atdan düşdü. Qız bir addım geri çəkildi, ürkək nəzərlərlə obaya tərəf baxdı. Şahmar dizləri üstə yerə çökdü.

- Qoy hamı görsün ki, mən sənin qarşında alçalıram. Qoy mənə gülsünlər!

Qız içini çəkdi.

- Ayağa dur, ayıbdı.

Mələk bu günə qədər nifrət elədiyi adama indi mərhəmətlə baxdı. Şahmarın arıq sifətinə bir sarılıq çökmüşdü. Yuxusuzluqdan əzab çəkmiş adamlar kimi gözləri qıpqırmızı idi. Üstündən enli qayış bağladığı qoşa cibli təzə qəhvəyi köynəyinin yaxası açılmışdı. Ayağındakı xrom çəkmə palçığa bulaşmışdı. Qısa günlük qara kepkası əzik-əzik idi, elə bil onu başının altına qoyub yatmışdı. Əvvəlki bərli-bəzəkli, qürurlu Şahmardan əsər-əlamət qalmamışdı. Onun əlləri titrəyirdi, göyümtül dodaqları səyriyirdi. Mələk oğlanın halına acıdı. O, indi Şahmardan qorxmurdu. Qarşısında diz çökmüş, hələ də qalxmağa taqəti olmayan bu adamın dəli, odlu-alovlu bir ehtirasla alışıb-yandığını görürdü. Ancaq nə etmək olar? Ürəyin qapısı onun üzünə bağlı idi. Bu ürək başqa bir məhəbbətlə, şirin bir həsrətlə çırpınırdı. Bunu Şahmar da bilirdi. Ürəyə əmr etmək mümkündürmü? Şahmar bunu anlamırdı. O, ayağa qalxdı.

- Mənim adım pisə çıxıb. Yəqin sənə deyiblər ki, mən pozğunam. İnanma. Mən səni gözlərimin üstündə saxlayaram. Sən bircə “hə” de. Arana qayıdan kimi toyumuzu eləyək. Özün bilirsən, atam o boyda fermanın müdiridi, mən də gələn ildən baytar həkimi işləyəcəyəm. Heç nədən korluq çəkməyəcəksən, heç nədən.

- Amma sən korluq çəkəcəksən.

- Nədən?

- Məhəbbətdən! Onu məndən görməyəcəksən.

Şahmar gözlərin qıydı. Dişlərini bir-birinə sıxıb güclə dedi:

- Ceyhunu sevirsən?

- Mən dediyimi demişəm, Şahmar, niyə özünə əziyyət verirsən?

- Bura bax, mən o gədə qədər də olmadım?!

Mələk söhbəti uzatmaq istəmədi. Bu, sözlərdən təngə gəldiyini bildirən bir ahənglə:

- Sən Allah, Şahmar, məni incitmə, – deyib uzaqlaşdı. Quzu da onun ardınca götürüldü.

Şahmar gözlərini qızın kürəyinə tökülmüş şabalıdı saçlarından zorla çəkib qışqırdı:

- Baxarıq, Mələk! Ceyhunun anasını ağlar qoymasam, mən Şahmar deyiləm!

Mələk ata vurulan şallağın şartıltısını və çınqıl daşlara dəyən nalların cingiltisini açıq-aydın eşitdi...

***

Mələk o gecə uzun müddət yata bilmədi. Şahmarın son sözlərini xatırladı. Ürəyinə qorxu düşdü. “Birdən Ceyhun qayıdandan sonra Şahmar onun başına iş gətirər... İnsan paxıllıqdan nə desən edər... Görəsən, bu əhvalatı Ceyhuna yazsam necə olar?.. Yox, yox yazıq qəriblikdə lap üzülər. Gələndən sonra hamısını danışaram. Yox, heç nə deməyəcəm. Bunun nə mənası var? Görəydim indi Ceyhun neyləyir? Yatıb, yoxsa oturub fikirləşir. Yəqin məni yadına salır. Axı, özü yazmışdı ki, heç bir dəqiqə də fikrimdən çıxmırsan...”

Mələk o biri böyrü üstə çevrildi. Elçilər gələn günü anasının dediyi sözləri də xatırladı: “Eşq adama birdən gəlmir ki, bala. Gedərsən, halına, xasiyyətinə bələd olarsan, ondan sonra ürəyin tutar”... Qız nə qədər götür-qoy edirdisə də anasının dedikləri ağlına batmırdı. “Buna ancaq axmaqlar inanarlar. Mən heç bilmirəm Ceyhunu nə vaxtdan sevirəm. Deyəsən, çoxdan sevirəm, lap çoxdan. O da məni... Mənim Ceyhunum bircə dənədi. Adımın qəzetə düşdüyünü Ceyhuna yazacağam. Qoy sevinsin. Yazacağam ki, məni yaxşı sağıcı kimi hər yerdə tərif edirlər, hələ mükafat da veriblər...”

Mələyin qardaşı yerində qurcalanıb öskürdü. Özündən böyük olsa da qızın ona yazığı gəlirdi. “Dünyada belə fağır adam görməmişəm, – deyə o, indi qardaşı haqda düşündü. – Dili yox, ağzı yox. Haqqını əlindən alsalar onu istəməyə gücü çatmaz. Mən ona necə deyim ki, məni qoru? Bacarmaz. Amma Ceyhun ona oxşamır. Ceyhun heç kimə oxşamır, heç kimə. Qayıdar, yenə çobanlığını edər, baş-başa verib dolanarıq...”

Mələk dikəlib qapıya tərəf baxdı. Torpaq döşəmənin üstünə sərilmiş quzu üzünü yana döndərib mürgüləyirdi. Qız ayağa qalxdı. Çətənin yanındakı yeddilik lampanı üfürüb söndürdü. Gəlib yerinə uzandı. Qoyunların hərdən öskürməsinə, itlərin hürməsinə qulaq asa-asa yuxuya getdi.

***

Otların üstündəki şeh Mələyi topuğuna qədər islatmış, baldırlarına da çilənmişdi. Sevimli quzusu yenə onun ardınca yüyürürdü. İndi Mələyin əhvalı yaxşı idi. Şahmar daha onun yolunu kəsmir, obada görünmürdü. Evlərindəki söz-söhbətə də son qoyulmuşdu. Qız özünü yüngül hiss edirdi. Göydəki topa ağ buludlar, ətirli güllər, çiçəklər, nəhəng boz daşlar, nəzərə çarpan canlı, cansız, irili-xırdalı hər şey onun aləmində öz əvvəlki mənasını kəsb etmişdi. Mələk hərdən aşağı əyilib pardaxlanmış çobanyastıqlarını üzür, sevdiyi mahnını zümzümə ilə oxuyurdu:

“Ay dağlar, sizdə gözüm var...”

Səhər hava açıq idi. İndi isə duman dağın döşünə yayılırdı. Obadakı alaçıqlar yavaş-yavaş görünməz olurdu. Qız əlindəki çiçək dəstəsini burnuna yaxınlaşdırıb iylədi, əyilib quzunun lentindən yapışdı.

- Gedək, körpəcə, hava tutulur, sonra azarıq.

Quzu itaətlə onun ardınca düşdü. Mələk bir neçə addım atmamış yerində donub qaldı. Qatı dumanın içindən çıxan Şahmar heykəl kimi onun qarşısında dayanmışdı. Oğlanın gözlərindən od tökülürdü.

- Xoşaxoşluqla getmədin, indi zorla aparacağam!..

Mələyin canına titrətmə düşdü. Yan-yörəsinə boylandı. Duman hər yerə ağ pərdə çəkmişdi. Oğlan irəli yeridi. Mələk özünü quzuya tərəf verdi. Sanki o dilsiz-ağızsız bu balaca, aciz heyvana pənahlanmaq istəyirdi.

- Səni and verirəm öz canına, Şahmar, məni rüsvay eləmə. Mən səni sevmirəm. Zorla aparmağın nə mənası var?

Şahmar onun sözlərini deyəsən heç eşitmirdi. Cəld yaxınlaşıb qızın qolundan yapışdı. Təzə çiçək dəstəsi göy otların üstünə səpələndi. Mələyin qışqırtısı qayaya düşüb əks-səda verdi.

Şahmar kiməsə qışqırdı:

- Kömək elə, Təhməz, nə durub gözləyirsən?!

Yaxınlıqdakı daşın dalından bir nəfər çıxdı. Əlləri ilə qızın ağzını yumdu. Həyəcandan az qalırdı Mələyin ürəyi sinəsindən çıxsın. Nə qədər əlləşirdisə oğlanın qolları arasında xilas ola bilmirdi. O, əsəblərinin sim kimi dartılmış bu vaxtında anasını xatırladı. “Anam doğru deyirmiş. Arvad nahaqdan qorxmurdu ki?.. Hələ Ceyhun! Mən ona nə cavab verəcəyəm? Allah məni öldürsün”. Onun ürəyinin başı od tutub yandı. Çapalayıb gücdən düşdü.

Artıq o, atın üstündə – Şahmarın qucağında idi. Atlar ceyran kimi sıçrayıb irəli cumdular...

Qayanın qırağındakı əyri cığır həm dar, həm də qorxulu idi. Atlar sürətlərini azaltmalı oldular. Mələk tək qalmış quzunun get-gedə əriməkdə olan səsini eşitdi. Dünya gözlərində qaraldı...

1963

# 4066 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #