news-inner
clock08:58 calendar-gray 04 Mart 2020 view-gray47299 dəfə oxunub
view-gray47299 dəfə oxunub

Mübariz Tağıyev: “Rəşid Behbudov çox qəddar adam idi” – Müsahibə

Kulis.az-ın “Ulduzlu çərşənbəsi”nin qonağı Xalq artisti Mübariz Tağıyevdir.

- Bu gün demək olar ki, bir balaca səsi olan hamı əlinə mikrofon alıb oxumağa başlayır. Hətta uzun illər hansısa musiqi alətində ifa edən musiqiçi də nədənsə birdən-birə oxumaq eşqinə düşür. Sizcə, bu, yaxşı haldır, yoxsa pis?

- Pis deməzdim. Bu daxildən gələn bir istəkdir. Bəzi insanlar daxili aləmində baş verənləri oxumaqla çatdıracağına inanır. Unudur ki, vokal oxumaq adi iş deyil. İfaçılıq sənətinə bu qədər başdansovdu yanaşmaq olmaz. Musiqi alətində ifa zamanı haradasa səhv etmək olar. Sonra öyrənib düz ifa etmək mümkündür. Amma səs elə bir şeydir ki, bu, ya var, ya da yoxdur. Burda ilahi vergi faktoru var. Ona görə də oxuyanların hamısına müğənni demək olmaz.

Gallery

- Deyəsən, müğənniliyə olan tələbat daha çox pul qazanmaq istəyindən yaranır.

- Bu fakt da var bəli. Tarzən görür ki, tar ona istədiyi gəliri gətirmir, mikrofon götürüb keçir müğənniliyə.

- Ən çox zərbə də milli estradaya dəyir.

- Niyə ancaq estrada? Xanəndələrimiz daha çox toya gedir.

- Muğam oxumağa hər adam risk etmir, amma estradanı müasir səs effektləri ilə yola vermək olur.

- Yola verməyə qalanda hər sahədə olur. Amma bayaq doğru qeyd elədin ki, bu sənətə çoxu gəlir yeri kimi baxır.

Bir dəfə yanıma bir gənc gəldi ki, mənə dərs ver, müğənni olmaq istəyirəm. İfasını dinlədim. Yaşını soruşdum. Dedi, 28. Dedim, ay oğul, sən indiyə qədər oxumalı idin. Gecikmisən. Dedi, bəs nə edim, işsizlikdir axı?! Elə bil, məni götürüb divara vurdular. Dedim, sən məni təhqir elədin. Yəni bu sənət o qədər yüngüldür ki, hər iş tapmayan nicatı müğənni olmaqda görür?

- Bu gün əksər sənətçiləri gələcəkdə yadda qalıb-qalmamaq yox, toylar maraqlandırır.

- Sənətçilərin toya getməsinin əleyhinə deyiləm. Oxumaq istəyirlər, qoy oxusunlar. Bu gün Filip Kirkorov, Alla Puqaçova da toya gedir. Toya getmək qəbahət deyil. Amma bunu səviyyəli şəkildə etmək lazımdır. İlin 30 günü toy oxuyan müğənninin peşəkar sənətlə məşğul olmağa vaxtı qalmır. Enerjisi tükənir. Mən başa düşürəm, bu gün gəlir toydandır. Sənətçi özünə mütləq bir limit qoymalıdır. Mənim o ifaçılardan yalnız bir istəyim var. İstedadlı, peşəkar sənətçilərin illərlə əsl sənət yaratdığı səhnəni murdarlamasınlar. Hay-küylə, qalmaqalla sənət olmur. Bu yolla sənətə gəlmək, məşhurlaşmaq hələ peşəkar olmaq demək deyil. Düzdür, gənclər biz böyüklərin sözünü çox vaxt aqressiv qarşılayırlar, mən bir ata kimi deyirəm: tutduğunuz bu yol sizi uçuruma aparır! Peşəkar olmaq istəyirsinizsə, mütləq məktəb keçməlisiniz.

- Deyəsən, yeni nəsil sənətçilərdən çox narazısınız?

- Hamısından yox. Əksəriyyətinin sənətlə əlaqəsi yoxdur. Anlamaq istəmirlər ki, yaşlarının müəyyən bir həddində işsiz qalacaqlar. Nə toy məclisləri, nə restoranlar onları qəbul edəcək.

- Peşəkar səhnəyə restorandan gələn məşhur fransız şansonu Fransua Klod bir gün dostuna sual verir ki, qəfil hər şey alt-üst olsa və mən yenidən oraya qayıtsam halım necə olar? Niyə qərb musiqiçisi restoranda oxumağı faciə hesab edir, amma bizim sənətçilər sənətin uğurunu toylarda görür?

- Edit Piaf da Fransua ilə eyni fikirdə olub. Həmişə deyib ki, mən o səhnəyə yenidən qayıtmaq istəmirəm. Bu gün bizim sənətçilər buna məcburdur. Konsertdən, albomdan pul qazanmayan Azərbaycan müğənnisi üçün toy əsas gəlir mənbəyidir. Bəli, bu gün, təəssüf ki, müğənnilərimiz sənətin zirvəsinə toylardan aldıqları qonorarlar vasitəsi ilə ucalırlar. Və bu problem təkcə Azərbaycanda deyil. Keçmiş SSRİ məkanında hansı müğənnini dindirsən, eyni sözü deyəcək .

Gallery

- Bu gün bayağı müğənnilər mahnılar daha populyardır. Yəqin yenə deyəcəksiniz ki, günün tələbidir.

- Yox elə deməyəcəm. Bu dəfə fərqli fikir bildirəcəm (gülür). Bugünkü bayağı müğənnilərdən, mahnılardan bizim dövrümüzdə də çox olub. Hərənin bir zövqü var. Simfonik musiqini sevməyən bir adamı aparıb klassik konsertdə oturtmaq faciədir. On dəqiqədən sonra meyiti çıxacaq (gülür). Çoxu musiqi duyumu olmayan insanların əhatəsində şöhrət qazanıb. Əfsuslar olsun ki, bu gün tamaşaçımızın musiqi zövqü yoxdur. O dinləyici kütləsi üçün Rəşidlə, dünən ritm üzərində mahnı oxuyan ifaçının heç bir fərqi yoxdur.

- 50 il bundan əvvəl ciddi sənət adamlarına toya getməyə icazə vermirdilər.

- 90-cı illərə qədər belə idi. O dövrdə toya gedənləri televiziyaya qoymurdular, filarmoniyanın qapısından içəri buraxmırdılar. Keçid dövründə filarmoniyanın qapısını hamının üzünə açdılar. O gün, bu gündür ki, ciddi sənətçi ilə bayağı sənətçi arasındakı fərq itib. Toyun sənətlə haradasa əlaqəsi olsa da, bir çox sənətçi bu iki səhnəni qarışdırır.

- Sizin dövrünüzdə toya getməyən sənətçilər dolanışığını necə təmin edirdilər?

- Konsertlərdən qazanırdıq. Məsələn, mənim bir konsertdə çıxışım 25 rubl idi. Eyni zamanda 250 rubl maaş alırdım. Qonorarı da üstünə gələndə aylıq gəlirim ən az 500 rubl olurdu. Bundan başqa, qastrol səfərlərinə gedəndə getdiyimiz ölkələrdən Azərbaycanda olmayan geyimlər gətirirdim sifarişlə.

- Satırdınız?

- Satmaq bir az yaxşı səslənmir (gülür). Mən artıq qastrol səfərinə hazırlaşanda dost-tanış başıma yığılışırdı. Hərə əlimə bir siyahı verirdi ki, bunu mənə gətir.

- Ən çox nə sifariş verirdilər?

- O vaxt dublyonka çox dəbdə idi. Demək olar, hamı məndən dublyonka istəyirdi. Mən də gətirirdim, üstünə çox cüzi pul qoyub verirdim sahiblərinə. Bəziləri gizlədirdi, amma o dövrdə qastrol səfərinə gedən bütün sənətçilər bunu edirdi. Sizə bir əhvalat danışacam. Bir dəfə Qahirədə qastrol səfərində olanda bazara çıxdıq. Qahirə bazarı da ucu-bucağı olmayan bir bazardır. Kremplinin dəbdə olan vaxtları idi. Əl-əl gəzirdilər. Satıcıya dedim, bundan 3 metrə kəs. Üzümə qəribə baxdı. Bizi gəzdirən tərcüməçidən soruşdum ki, niyə belə reaksiya verdi? Dedi, ay uşaqlar, kremplinin bir topu 3 dollar edir. Ona görə, qəribə gəlir onlara 3 metr sifariş verməyiniz. Dedik, bir top alıb neyləyəcəyik? Sonra fikirləşdim ki, bu parça dəbdədir. Hərəmiz iki top aldıq, gəldik Azərbaycana. Həmin il Bakının yarısı bizim gətirdiyimiz kremplindən kostyum geyinirdi.

- Heç vaxt toy məclislərində iştirak etməmisiniz?

- Nə toya getmişəm, nə restoranda oxumuşam. O vaxt Rəşid Behbudov mənim qarşıma şərt qoymuşdu. Demişdi, ya toy, ya səhnə, ikisindən birini seç. Heç sevmirdi toy aləmini. O həyatda olduğu müddətdə toy məclislərinə ayağım dəyməyib. Dünyasını dəyişəndən sonra vəziyyət ağırlaşmışdı. Rafiq Babayev dedi ki, mötəbər bir adamın toyu var. Gələrsən, bir-iki mahnı oxuyarsan, pulunu alarsan. Çox götür-qoy etdim. Getməyə qərar verdim. Səhnəyə çıxdım, mikrofonu əlimə aldım. Zala bir nəzər yetirdim. Gördüm, hərə bir vəziyyətdə oturub. Bəziləri artıq həddindən artıq sərxoşdur. Bu mənzərə mənim üçün qeyri-adi idi. Görmədiyim bir mühit idi. Sakitcə mikrofonu əlimdən yerə qoydum, dedim, mən bacarmayacam. Qonaqlardan biri qabağımı kəsdi ki, hörmətsizlik edirsən, bu qədər camaat səni gözləyir. Mənim də cavan vaxtlarım idi. Əlimlə adamı itələdim ki, yeri get işinlə məşğul ol. Nə qədər elədilər, oxumadım.

- Siz sənətə rok ifaçısı kimi başlamısınız. Necə oldu ki, janrınızı dəyişdiniz?

- Rok qrupların yarandığı vaxtda mən də bu üslubu mənimsəmişdim. Bilirsən ki, rok musiqisində bir sərtlik var. Bir az da siyasətlə bağlıdır. Bu, mənim ruhuma yaxın idi. Mən və bir neçə rok qrupu tez-tez konsertlər verirdik. Konsertlərin birində rok ifaçılarından biri zədələndi. Bu hadisə rok qruplarının əleyhinə olan şəxslər üçün bəhanə oldu. Qərar verildi ki, bütün rok qrupları dağıdılsın. O zaman məni göndərdilər Ermənistan dövlət estrada orkestrinə. Qısa zamanda orda özümü təsdiq etdim. Amma bu mənə baha başa gəldi.

- Bildiyimə görə, təzyiqlərə məruz qalmısınız həmin dövrdə. Sizi Bakıya üz tutmağa vadar edən səbəblərdən biri də bu idi?

- Təzyiqlər var idi. Mən səhnəyə çıxanda zaldan səslər gəlirdi ki, kim buraxıb bu türkü bura. Və mənə qəribə gəlirdi bu reaksiyalar. Çünki SSRİ vaxtı idi. Başa düşə bilmirdim ki, niyə belə edirlər. Əslində, İrəvandan qaçmaq istəyirdim. Düzdü çalışdığım kollektivdə mənə hörmət var idi. Bədii rəhbər Bakıda doğulub böyümüşdü. Təbiətində şovinistlik yox idi. Amma ümumilikdə hər yerdə erməni tələsini hiss edirdim. Konsertlər zamanı qəribə “təsadüflər” baş verirdi. Məsələn, konsertlərin birində qəfildən projektor qopub yanıma düşdü. Bütün konsertlərim, demək olar ki, baş ağrısı ilə bitirdi. Hər dəfə konsertdən evə dilxor qayıdırdım. Heç yadımdan çıxmaz, Abovyan şəhərində konsert verirdik.

Mən səhnədə Azərbaycan xalq mahnısını oxudum. Ermənilər qəbul edə bilmirdi. Heç cür qəbul edə bilmirdi. Mənim üçün artıq çətin idi orda yaşamaq. Oxumaq istəyirdim, amma qarşımda keçilməsi çətin olan maneələr var idi. Bir faktı də qeyd edim; Ermənistan dövlət orkestrinin tarixində cəmi iki azərbaycanlı üzv olub - biri rəhmətlik Rəşid Behbudov, biri də mən. Rəşid Behbudov məni Bakıya, Mahnı Teatrına dəvət edəndə, təsəvvür edə bilməzsiniz, necə sevinirdim. Onun dəvəti mənim üçün ilahi çağırış idi.

Gallery

- Azərbaycanda həmin vaxtlar bir neçə rok qrupu yaranmışdı, amma nədənsə heç birinin ömrü uzun olmadı.

- Düz deyirsən. Bakıya gələndə gördüm ki, rok musiqisi Bakıda çox dəbdədir. Demək olar, bütün universitetlərin rok qrupu var. 80-ci illərə qədər Azərbaycanda 3-4 populyar rok qrupu var idi. Sonra “Karvan” yarandı, amma onu da saxlaya bilmədik. Qarabağ hadisələri başlayanda rok qrupları öz fəaliyyətini dayandırdı. Həmin illərdə yeni kollektiv yaratmaq çətinləşmişdi. Biz səhərdən axşama kimi hərbiçilərimizin yanında olurduq. Həm də öz milli rokumuzu yarada bilmirdik. Həmin dövrdə Türkiyədə məşhur rok qrupları vardı. Onlar öz milli roklarını yaratmışdılar. Amma bizdə bu alınmırdı. Bizim yaratdığımız qruplar ya ingilis, ya almansayağı alınırdı. Rok musiqisini ilk dəfə milliləşdirən Eldar Mansurov oldu. Xatırlayırsansa, “Bəxt üzüyü” filminin sonunda ifa etdiyim mahnı məhz Azərbaycanın ilk milli rok üslubunda yazılmışdı. Ondan sonra bir neçə o səpkili mahnılar yarandı. Davam etdirmək fikrimiz var idi, müharibə dövründə mümkün olmadı.

- Mübariz müəllim, bu gün həddindən artıq çox mahnı yazılsa da, insanlar yenə ötən əsrin nəğmələri üçün darıxır. İndiki mahnılar niyə uzunömürlü olmur?

- Bu saat bu problem bütün dünyada var. Melodiya itib. İndi mahnıları melodiya üzərində yox, ritm üzərində yazırlar. Təbii ki, bu, doğru deyil. Amma zamanın tələbidir. Dəyişmək mümkün deyil. Artıq elə bir zamandayıq ki, hansı bəstəkar köhnə üslubda mahnı yazır, deyirlər, naftalin iyi verir. Zövqlər tamamilə korlanıb. Bəstəkar olmayan insanlar mahnı yazır bu gün. Bir-birinin təkrarı mahnılar necə uzunömürlü ola bilər?

- Sizi həm də vətənpərvər mahnıların ifaçısı kimi tanımışıq. Bu gün vətənpərvərlik mövzusunda yazılan mahnılar sizi qane edir?

- Qane etmir. Əgər vətənpərvərlik mövzusunda yazılan bir mahnının melodiyası, mətni, aranjimanı, ifası bütövlükdə bir harmoniya yaratmırsa, o mahnı heç vaxt dinləyici tərəfindən qəbul olunmayacaq. Hərbi mövzuda yazılan mahnıların əksəriyyətinin içində mütləq çağırış olmalıdır. Çünki hələ biz müharibə şəraitində yaşayırıq.

- Bu gün ölkəmizi xarici ölkələrdə ancaq muğam və opera janrının ifaçıları təmsil edir. Dövlət səviyyəsində təşkil olunan qastrol səfərlərində milli estradamıza niyə yer verilmir?

- Çünki muğam ifaçıları trio ilə qastrol səfərinə çıxa bilirlər. Opera ifaçısı bir royalın müşayiəti ilə oxuya bilir. Amma estrada janrının qastrol səfərinə getməsi böyük xərc tələb edir. Heyət böyükdür. Gedib dünyanın o başında fonoqrama oxumaq olmaz axı. Ansamblın tərkibindən bir musiqi alətinin çıxarılması ilə boşluq hiss olunur. Ona görə, estrada aləminin qastrol səfərinə çıxması problemə çevrilib.

- Milli estradamızın səviyyəsi sizi qane edirmi?

- Qismən. Bu gün istedadlı gənclərimiz var. Amma yaxşı ilə pis bir- birinə qarışdığı üçün seçmək çətin olur.

- Estrada səhnəsində hansı qanunlar var ki, əməl olunmalıdır, amma olunmur?

- Səhnə mədəniyyəti estrada səhnəsinin ən birinci qanunudur. Amma bu gün o qanun pozulur. Konsert səhnəsini toy səhnəsi səviyyəsinə endiriblər. Bir də görürsən səhnədə mənasız yerə hoppanıb-düşürlər, şit-şit hərəkətlər edirlər. Təkcə müğənnilər yox, bəzən zalda əyləşən tamaşaçılar da mədəni qaydaları pozur. Bir də görürsən, konsert gedir, zalda iki-üç nəfər mbərkdən söhbət edir. Səhnədən zala baxanda dəhşətə gəlirsən ki, axı mənim burda nə işim var? Adam özündən şübhələnir ki, bəlkə, ifamı çatdıra bilmirəm, düzgün oxumuram mahnını?

- Rəşid Behbudovun tələbəsi olmusunuz. Necə müəllim idi?

- Dərs vaxtı Rəşid Behbudov çox qəddar adam idi. Hətta elə gün olurdu bizi təhqir edirdi, amma bir neçə dəqiqədən sonra əlini boynumuza salıb könlümüzü alırdı. Deyirdi, bunları sizin üçün deyirəm. İstəyirsiniz, etməyin. Mahnının mətnindən bir hərfi, vurğunu düzgün deməsən qanın gedirdi.

Rəşid müəllimin bir xasiyyəti vardı; konsert olanda özü bizi çəkirdi. Sonra çağırırdı ki, gəlin özünüzə baxın. Başlayırdı, bir-bir qüsurlarımızı deyib danlamağa. Bir dəfə konsert vaxtı səhnədə o başa, bu başa getmişdim. Məni çağırdı yanına, dedi, səhnənin ortasını əlindən buraxıb niyə sağ tərəfində veyllənirsən? Onun zəhləsi gedirdi müğənninin səhnədə, efirdə tamaşaçıya ağıl öyrətməsindən. Konsertlərin birində mikrofonu əlimə alan kimi, özümdən asılı olmadan “Mənim əziz xalqım” ifadəsini işlətdim. Bir saat məni danladı. Dedi, sən əziz xalqım söhbətini Xalq artisti adını alandan sonra edərsən. Sən indi səhnədə sənətini göstər. Səhnədə camaata dərs keçmə.

- O vaxtlar Niyaməddin Musayev, Vaqif Mustafazadə kimi sənətçilər imiclərinə görə dövlət televiziyası ilə problem yaşayıb. Sizin də imiciniz fərqli idi. Belə problem yaranırdı?

- O vaxt dövlət televiziyasının tələbləri çox ağır idi. Müğənni, aparıcı efirə ancaq kostyum-qalstukla çıxmalı idi. İndi geyindiyimə baxma, gənclik illərimdə çox nadir hallarda məni kostyumda görmək olardı. Heç sevmirdim rəsmi geyimləri. Qalstuk bağlamaq mənim üçün işgəncə idi. Dövlət televiziyasında aparıcısı olduğum “Estrada meridianları” verilişində bu qaydaları sındırdım. Verilişin dekorasiyaları çox müasir üslubda hazırlanmışdı. Hər şey hazır olandan sonra pencəkdə gəldim oturdum. Özümə güzgüdə baxdım. Gördüm, bu dekorasiya ilə geyim qəti şəkildə uyğun gəlmir. Ərinmədim, durdum getdim evə, dəri gödəkcəmi geyinib gəldim studiyaya. Heç kim dinmir. Çəkiliş gedir. Bitəndən sonra dedilər, bunu efirə getməyə qoymayacaqlar. “Həyasızlığıma” saldım, düşdüm sədrin yanına. Otağın qapısında qarşılaşdıq. Dedim, istəyirəm gödəkcədə çəkilim verilişə. Sərt şəkildə etiraz etdi. Dedim, xahiş edirəm, bir baxın, sonra qərar verərsiniz. Girdi içəri. Yarım saat sonra köməkçisi çölə çıxdı, dedi, gedin, çəkin. Mən onlara başa saldım ki, bütün ölkələrdə dövlət televiziyalarında estrada haqqında çəkilən verilişlərə aparıcı da, qonaqlar da cins şalvarda, sərbəst geyimlərdə çıxırlar. Bizdə niyə olmasın? Bununla da dövlət televiziyasına yenilik gətirdim.

news-inner-user
Günel Musa

45 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020