news-inner
clock14:25 calendar-gray 24 Fevral 2020 view-gray9201 dəfə oxunub
view-gray9201 dəfə oxunub

Damla: “İndiki ağlım olsa, ailəm dağılmazdı” – Müsahibə

Müğənni Damlanın Kulis.az -a müsahibəsi.

- Uzun müddətdir sizin qəbulunuza düşə bilmirdim. Ulduz xəstəliyi sizi də tutub, yoxsa jurnalistlərə qarşı küskünlük yaranıb sizdə?

- Heç biri deyil. Düzdü zaman-zaman verdiyim yazılı müsahibələrdə dilimdən çıxan sözləri öz düşüncələrinə uyğun bəzəyib-düzəyib verirlər, qalmaqallı başlıqlar seçirlər. Ona görə də açığı yazılı müsahibələrdən qaçıram. Çünki insanlar yazının başlığına baxıb fikir yürüdürlər. Açıb içini oxumağa ərinirlər sanki.

Gallery

- Səmimi görüntünüz sevimli olmaq üçün seçdiyiniz strategiyadır, yoxsa həqiqətən də səmimisiniz?

- 7 il strategiya olar? Nə vaxta qədər maskalanmaq olar? İnsan bu qədər zamanı necə obrazda ola bilər. Bu maska heç cırılmadımı? Mən aktrisa deyiləm axı o qədər peşəkar olmağım mümkün deyil. Səmimi olmağa çalışıram.


- Sənətdə öz sözünü deyən sənətçilərin əksəriyyəti sizi qəbul etmir. Çoxu da deyir təhsil alsa, yaxşı olar. Damla musiqi təhsili alıbmı?

- Mən uşaqlıqda xor dərnəyinə getmişəm. 5 il Fikrət Əmirov adına musiqi məktəbində oxumuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Uşaqlıqdan oxuya-oxuya gəlirəm. Bəziləri mənim ümumiyyətlə heç bir təhsilimin olmadığını düşünür.

- Bu sizi depressiyaya salır?

- Düzdü həssas insanam. Amma həyatda məni özümdən başqa heç kim depressiyaya sala bilməz. Əslində sənətkarların məni qəbul etməsi üçün cəhd etmirəm. Onlar məni qəbul etsinlər deyə addım atmıram. Nə də şou-biznes məni bilsin, görsün deyə planlar qurmuram. Hərənin öz dinləyici kütləsi var. Şükür Allaha mənim dinləyici kütləm kifayət qədərdir. Qalmaqal ilə, kimlərsə söz atmaqla gündəmdə olmaq istəmirəm. Vallah, inanın ki, qaçıram belə söhbətlərdən həmişə.

Gallery

- Amma planlaşdırmasanız da, siz artıq şou-biznesin içərisindəsiniz.

- Bu artıq plansız baş verir (gülür). Kimsə məni sevmirsə, dinləmirsə, bəyənmirsə mənim o insanla dava-dalaş etməyə, sorğuya çəkməyə haqqım yoxdur. Bu adam mənim sənət camiəsində varlığımı qəbul etmir. Mən ona nə edə bilərəm?

- Sizcə səbəb nədir?

- Bunun iki səbəbi var. Ya mən o adamların zövqündə olan müğənni deyiləm, ya da bəyənirlər, amma həzm edə bilmirlər. Zorla gözəllik olmur. Mən özümü onlara sevdirmək üçün niyə cəhd edim?

- Onların 20-30 ilə qazandığı uğuru siz qısa müddətdə əldə etdiniz. Sizi qəbul etməmələrinin səbəblərindən biri də bu ola bilərmi?

- Bəhs etdiyiniz sənətçilərin dilindən düşməyən “bizim dövrümüzdə, bizim zamanımızda” sözləri artıq öz təsirini itirib. O vaxt kasetlər, disklər vardı. Kasetləri ən yüksək tirajla satılan sənətçilərə deyirdilər, “filankəsin kasetləri görün nə qədər satıldı”. İndi də “Youtube” var. Onların vaxtında diskdən kasetdən əldə etdiyi gəliri, topladığı dinləyici kütləsini mən indi “Youtube” vasitəsi ilə əldə edirəm. Bacarırlar, onlar da həmin tamaşaçını bu gün “Youtube”da yığsınlar. Hər zamanın öz tələbi var. Zamanında klassik musiqilərə üstünlük verilirdisə, indi pop musiqilər dinləyirlər.

Gallery

- Yəqin ki, siz də mütaliə edən sənətçilərdənsiniz.

- Ədəbiyyatı çox sevirəm. Düzdü, bu aralar çox kitab oxuduğumu desəm, yalan olar. Normalda əlimə kitab alanda onu bitirmədən ayrıla bilmirəm. İndi çox səbirsiz olmuşam. Bilmirəm bu yaşla əlaqəlidir, yoxsa işlərimin çoxluğundandır. Amma bacardığım qədər çalışıram ki, az da olsa mütaliəyə zaman ayırım. İnternet vasitəsi ilə də olsa bir şeylər oxumağa çalışıram.

- İlk oxuduğunuz iri həcmli kitabı xatırlayırsınız?

- Viktor Hüqonun “Səfillər” romanını oxumuşam.

- “Səfillər"in bütün qəhrəmanları daim özləri ilə hesablaşır. Sizin necə özünüzlə hesablaşdığınız anlar olurmu?

Gallery

- Mənim həyatım demək olar ki, özümə hesab verməklə keçir. “Səfillər”in mənim düşüncə tərzimə bu mənada böyük təsiri olub. Ümumiyyətlə özümə qarşı qoyduğum qadağalar həddindən artıq çoxdur. Bəlkə də sevilməyimin əsas səbəblərindən biri də özümə qoyduğum həmin qadağalardır.

- Sizcə Damla hansı əsərin qəhrəmanının həyatını yaşayır?

- Mənə elə gəlir ki, mən elə öz həyatımı yaşayıram. Nağıllar aləmində yaşamağı, oxuduğum kitabdakı, baxdığım filmdəki qəhrəmanın yerinə özümü qoymağı sevmirəm. Həmişə müşahidəçi olmağı seçirəm. Oxuduğum kitablardakı qəhrəmanları, da gündəlik təmasda olduğum insanları, da həmişə müşahidə edirəm. Onlarda gördüyüm ən yaxşı tərəfləri götürürəm.

- Sizi ən çox hansı janr cəlb edir?

- Bədii ədəbiyyata çox meylliyəm. Xüsusilə də poeziya aşiqiyəm. Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Mikayıl Müşfiq şeirlərinin aşiqiyəm. Bəxtiyar Vahabzadənin mənim dünyamda yeri bir başqadır. Onun “Payız düşüncələri” kitabını 3 dəfə oxumuşam.

- Şeir yazmırsınız?

- Zamanında yazmışam. Amma yəqin duyğularımı itirdiyim üçün indi şeir yaza bilmirəm.

- Bir ara özünüzü aktrisa kimi də sınadınız. Amma deyəsən alınmadı. Hətta buna görə tənqid də olundunuz.

- Axı mən peşəkar aktrisa deyiləm. Sizin də dediyiniz kimi bu bir sınaq idi. Bu kitabı bağlayıb bir kənara qoymuşam.

- İnsanlar sənət adamlarının gündəlik həyat tərzinin onlardan çox fərqli olduğunu düşünür. Damla evdə də ulduz həyatı yaşayır?

- Mən heç səhnədə ulduz kimi davranmıram, o ki qaldı evdə. Bütün qadınlar kimi evdar xanımam. Mətbəxə keçirəm. Mən də hamı kimi ev təmizliyi edirəm, qabları yuyuram. Paltarları yuyub, asıram. Bazara gedirəm...

- Yəni bütün işlərin öhdəsindən özünüz gəlirsiniz?

- Hamısının deməzdim. Nə yalan deyim, çatdıra bilmərəm. Amma bacardığım qədər övladımla evimlə bağlı məsələləri özüm həll etməyə çalışıram.

Gallery

- Damla ana olanda nəyi anladı?

- Mən çox erkən, 18 yaşımda ana olmuşam. Demək olar ki, oğlumla birlikdə böyümüşəm. Arada elə bilirəm biz ana-bala deyilik, o mənim kiçik qardaşımdır. O bəzən mənə ana deyəndə qəribə gəlir.

- Ailə həyatınızın uğursuz olmasında tələsməyinizin rolu varmı?

- Yox. Bəlkə indiki düşüncədə olsaydım, ailəm dağılmazdı. Bilmirəm bəlkə də taleyim idi, belə də olmalı idi. Keçmişlə bağlı danışmağı sevmirəm. Olan olub, keçən keçib.

- Hansı qadın ağıllı qadındır?

- Düşünürəm ki, işi olan, aylıq maddi gəlirini əldə edə bilən, övladının, evinin tələbatını ödəyə bilən qadın ağıllı, eyni zamanda da şanslı qadındır. Tənbəl olan insan üçün həyatda hər şey çətindir.

- Müsahibələrinizin birində demisiniz ki, normal ailə həyatım olsaydı, bu sənətin qapısından içəri girməzdim. Belə çıxır ki, sizi bu sənəti seçməyə sevgi yox, məcburiyyət vadar edib.

- Bəli ailəm uğurlu olsaydı, mən bu sənətdə olmazdım. Çünki mən sənətimi, işimi atıb ailəmi seçmişdim. Əgər ailəm də dağılmasaydı, uğurlu olsaydı, Damla bu gün buralarda olmazdı. Amma Allahın da bildiyi bir şey var.


- Bu günlərdə Azərbaycanda qadına şiddət mövzusu aktual mövzulardandır. Amma bəzi həmkarlarınız ictimaiyyətə yanlış mesajlar ötürür. Məsələn bu günlərdə Manaf Ağayevin efirdən səsləndirdiyi şiddət tərkibli ifadələr kimi.

Gallery

- Qadına qarşı edilən zorakılığa birmənalı şəkildə qarşıyam. Mən inanmıram ki, Manaf bəy o sözü həqiqi mənada işlədib. Məcazi mənada deyib. Manaf Ağayevin qadın başı kəsəcək qədər qəddar olduğunun düşünmürəm. Amma son dərəcədə diqqətli olmaq lazımdır.

- Siz də klipinizdə bu mövzuya toxunmusunuz.

- Bəli “Yara” adlı klipimdə də bu mövzuya toxunmuşam. Vurmaqla, döyməklə ailə olmaz. Qadın milliyyətindən irqindən asılı olmayaraq qadındır. Yuvanı quran, qoruyandır. Klipdə şiddətə məruz qalan qadın övladlarını götürüb evi tərk edir, həyat yoldaşına dərs verir. Axırda onu bağışlayır.

- Amma məsəl var: “Qozbeli qəbir düzəldər”.

- Hər kəs həyatda ikinci şansı haqq edir.

- Siz özünüz şiddətə məruz qalmısınız?

- Xeyr. Nə keçmiş həyat yoldaşımdan, nə atamdan şiddət görməmişəm. Mən döyülə-döyülə böyüyən uşaqlardan olmamışam.

- Hər şeyin öhdəsindən təkbaşına gəlməyi bacaran qadınlara hamının verdiyi bir stimul var; “sən güclü qadınsan”. Amma bəzən insan çiyinlərindəki yükdən xilas olmaq istəyir. Güclü olmaqdan yorulduğunuz anlar olur?

- Qadın, nə qədər pul qazansa da, ayaqları üzərində dayansa da, kişi xarakterli olsa da, nəticə etibarilə yenə də qadındır. Qadın heç vaxt kişi ola bilməz. Mən heç vaxt bu müstəvidə güclü olmağı arzulamamışam. Amma qədər belə gətirib nə etmək olar. Mən bütün qadınlara səslənirəm ki, ailə qadını olsunlar, cəmiyyətə faydalı övlad yetişdirsinlər. Demirəm qadın işləməsin. İşləsin. Amma bizim işimiz çox ağır, çox məsuliyyətli və insanın bütün enerjisini alan bir sənətdir. Qadağalar, tanımayan insanlar tərəfindən edilən mühakimələr...

Gallery

- Haqqınızda yayılan şayiələr... İncidir bunlar sizi?

- İnciyirəm, amma əhəmiyyət verməməyə səy göstərirəm.

- Janrınızda nə zamansa dəyişiklik etməyi düşünürsünüzmü. Məsələn Damlanı nə vaxtsa muğam ifa edən görə bilərikmi?

- Ara-sıra dəyişikliklər olacaq. Mən İncəsənət Universitetində muğam sinfini bitirmişəm. Nə vaxtsa konsertimdə hökmən muğam oxuyacam.

- Tənqidə qarşı dözümlüsünüz?

- Çox dözümlüyəm. Ağıllı iradı həzm edə bilən, örnək alan, bir insanam.

- Özünüzü qınadığınız zamanlar olur?

- Bəzən çox şeyə qarşı susduğum üçün özümü qınayıram. Bəzən susqunluğuma görə əsəb keçirirəm.

- Sevgi söhbətlərindən həmişə qaçırsınız. Sizi bu mövzudan qaçaq salan səbəb nədir?

- Sevginin özündən də qaçıram. İnsan uğursuzluğu bir dəfə yaşayır. Mən özümə bu aralar ikinci şans vermək istəmirəm. Sevgi özü gəlib məni taparsa, olar, amma mən heç vaxt sevgi dalınca qaçmayacam.

Gallery

- Sevdiyiniz insana nəyi qurban verərsiniz?

- Nə övladımı, nə sənətimi heç bir adama qurban vermərəm.

- Zövqsüz geyinən müğənni adlandırırdılar sizi. İndi xeyli irəliləyiş var imicinizdə. Kiminlə işləyirsiniz?

- Yeddi ildir bütün müğənnilər məni zövqsüzlükdə və bayağılıqda günahlandırır. Hələ də danışırlar, yəqin ki, bundan sonra da danışacaqlar. Nə zaman yoxa çıxsam, o zaman hamı susacaq. Mən heç vaxt səhnədə açıq-saçıq geyimlər geyinməyi sevməmişəm. Hamının istədiyi kimi olmaq olmaz. Açıq geyimlər məni həmişə narahat edib. Hazırda heç kimlə işləmirəm. Bütün geyimlərimi özüm seçirəm.

- İstedadlı gənc şairlərimiz var. Heç mahnı mətni üçün müraciət edirsinizmi?

- Vallah bir mahnıya söz axtarırdım, on nəfərə müraciət etdim, heç kim ürəyimcə yaza bilmədi. O şairlərin əksəriyyəti şeirlə mahnı mətnini qarışdırırlar.

- Niyə tanınmış bəstəkarlarla işləmirsiniz?

- Müraciət edirəm, amma qonorar bir az yüksək olduğu üçün yaxın dura bilmirəm.

- Heydər Əliyev adına Sarayda konsertə hazırlaşırsınız. Bu konsertdən nə gözləyirsiniz?

- Səhnəyə addımımı atdığım ilk gündən bəri ən böyük arzum Heydər Əliyev Sarayında konsert vermək olub. Bu gün bu arzumu həyata keçir. Konsertdən gəlir gözləmirəm açığı. Tamaşaçı məmnunluğu gözləyirəm. İlin bütün ayları məclislərdən tədbirlərdən qazanıram. Qoy bu konsertdən də gəlir götürməyim.

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Foto: İlkin Nəbiyev

news-inner-user
Günel Musa

116 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021