news-inner
clock10:01 calendar-gray 20 Fevral 2020 view-gray1973 dəfə oxunub
view-gray1973 dəfə oxunub

Azər Paşa Nemətov böyüklüyün nümunəsidir – Cavid Zeynallı yazır...

Kulis.az Samirə Əşrəfin “Azər Paşa Nemətovun çökdürdüyü milli teatrımız” məqaləsinə cavab olaraq Akademik Milli Daram Teatrının mətbuat katibi Cavid Zeynallının yazdığı yazını təqdim edir.

Həmkarımız Samirə Əşrəf Kulis.az -da Akademik Milli Dram Teatrı haqqında qəzəbli əhvalın, bixəbər tövrün gətirdiyi yazıya müəlliflik edib. Adətən, belə yazılara cavab vermirəm. Daha doğrusu, ciddi məsələdirsə, mətbuat katibi kimi teatrın rəsmi mövqeyini, etiraz haqqını ictimaiyyətə açıqlayıram və bununla da iş bitir. Səbəb nədir?

Əvvəla, ədəbiyyat və jurnalistika mühitini pis tanımıram və kimin hara qədər nə zat olduğunu yaxşı bilirəm. İstedaddan kəm, qələmdən korşal, ciddiyyətdən iraq olan adamların ümumən sənət, xüsusən teatr haqqında boşboğazlığı adamın ürəyini bulandırır. Və düşünürsən ki, ay dadi-bidad, bu qeyri-ciddi qövmə cavab verib niyə qanqaraçılıq salasan? Bir sevdiyim məsəl yerinə düşür: “Toyuğun uçmağı zibilliyə qədər olar”.

Amma bu dəfə məsələ bir az fərqlidir və əlbəttə, yuxarıda yazılanların Samirə Əşrəfə dəxli yoxdur. Çün, onun qələminə sayğım var. (Bir qəzet səhifəsi həcminə yaxın cavab yazmağımın da səbəbi budur). Onun ladında mən də bir az emosiyaya və acılığa qapılsam, yalnız bunu yaza bilərəm: Akademik Milli Dram Teatrı haqqında bixəbərlikdən doğan xarab xəyallara düşüb. İstədim, zövqsüzlükdən doğan xarab xəyallara düşüb yazam, amma xatırladım ki, əzizi-mən Samirə Tarkovskinin vurğunudur və qorxdum, “İvanın uşaqlığı” filmindəki dəniz qırağında alma yeyən atın ağzı məni bağışlamaz!

Hə, bir məsələni də deyim, keçək mətləbə. Teatr olaraq hər zaman o mövqedə olmuşuq ki, əgər əzəmətlisənsə, hamı səninlə hesablaşırsa, adamların mənəvi təmənnası səndən daha çoxdursa, deməli, çox şeyə gülüb keçməyi bacarmalısan! Ciddiyə almayıb həqiqət bildiyin yoluna davam edəcəksən! Akademik Milli Dram Teatrı da, Azər Paşa Nemətov da şəxsən mənim nəzərimdə o əzəmətin, o böyüklüyün nümunəsidir və mənə görə hər keçən karvana əl sallamaq sərgərdan yolçuların işidir. O mənada, ümumən teatr rəhbərliyi qeyri-ciddi məsələlərə münasibət bildirməkdə fayda görmür.

Və nəhayət... Xanım müəllif yazır: “Məsələ burasındadır ki, hansı tamaşa olduğunu unutsam da, sonuncu dəfə özümə dram teatrına getməyi qəti şəkildə qadağan etmişdim. Bilmirəm necə oldu, nə baş verdi...”

Xatırlayırsınızsa, ötənlərdə yazıçı Pol Oster Türkiyəyə səfər etməkdən imtina edəndə Ərdoğanın istehzalı cavabı gecikməmişdi: “Hah biz sana çok muhtaçtık. Niye gelmedin? Aman gel, ne olur gel. Gelsen ne olur, gelmesen ne olur”.

Bu, belə...

Sitat: “Ölkənin ən qabaqcıl teatrının rəhbəri Azər Paşa Nemətov çoxdan, lap çoxdan akademik, dram, teatr sözlərini yadırğayıb. Səsi qulaqlarımızdan getməyən böyük sənətkarlarımızın sovet dövrünün ən çətin vaxtlarında qurub yaratdıqları, qoruduqları teatr indi əhəmiyyətini itirmiş, yalnız bayağı tamaşaların sayını artıran məkana çevrilib”.

Əgər yazı müəllifi və onun kimi düşünən “böyük mədəniyyət təəssübkeşləri” dünyanın ən müxtəlif ölkələrində tamaşalar hazırlayan, ömrünü bu ölkənin teatr mədəniyyətinə həsr edən Azər Paşa Nemətova idarəçiliyi, teatrı, rejissorluğu, truppa formalaşdırmağın qayda və üsullarını öyrətməyə çalışırsa, “Heyrət, ey büt...” Başqa heç nə.

Yazının növbəti abzası pafoslu, ritorik suallara zəngindir, ona görə də cavab yazmağı lazım bilmirəm. Yalnız onu demək olar ki, mən şahid: Azər Paşa Nemətova növbətçi sədaqəti ilə müti olmağa hazır olan nə çox insan... Təki o teatrın ştatına düşsünlər, təki o teatrın qapısından içəri girsinlər. Girə bilmirlər ona görə ki, Azər Paşa Nemətov onların istedadına inanmır. Və hər cür hədyanı, dedi-qodunu yayanlar da müti olmağa o müntəzir və amadə olan istedadsız adamlardır.

Sitat: “Axı Azər müəllim kifayət qədər teatr savadı, intellekti olan, bu mühitdə böyüyən insandır. O, teatrın nə demək olduğunu çoxumuzdan yaxşı bilir”.

Bu iki cümləni hissə qapılmış müəllifin yazısının gözmuncuğu bilək!

Samirə xanım daha sonra yazır: “Teatrın döşəmələrinə neçə illərdir cavan və istedadlı rejissor ayağı dəymir. Hanı Mehriban Ələkbərzadə, Mikayıl Mikayılov, Ərşad Ələkbərov, Kamran Şahmərdan kimi rejissorlar? Niyə dram teatrının qapılarından içəri keçə bilmirlər?”

Həə… Əl-əlbət, akademik teatrda tamaşa qurmaq hər bir rejissorun arzusudur. Mehriban Ələkbərzadənin, Mikayıl Mikayılovun, Ərşad Ələkbərovun, Kamran Şahmərdanın da bu arzusuna hörmətlə yanaşmaq ana teatr olaraq borcumuzdur. Amma Samirə Əşrəf haradan bilir ki, bu teatrda Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Firudin Məhərrəmov, Nicat Kazımov, Anar Sadıqov, Əlif Cahangirli, Emil Əskərov, Mehman Fətullayev tamaşa qurursa, yaxud qurubsa, adını sadaladığı rejissorlar bundan sonra da tamaşa hazırlamağa davam etməyəcəklər? Bu təng-nəfəslik, tələskənlik haradandır? Dostumuzun bu tədirginliyinə yalnız “sabir ol, qılma fəğan” deməkdən başqa yol qalmır.

Sitat: “Repertuara nəzər salanda görürük ki, tamaşaların böyük əksəriyyətinin rejissoru Anar Sadıqovdur. Artıq xeyli müddətdir Azər Paşa müəllimlə çiyin-çiyinə çalışan Anar Sadıqovun imzasını qoyduğu tamaşalar olduqca uğursuz, orta statistik tamaşaçı düşüncəsindən də aşağı səviyyəlidir”.

Deyir, adam bilmədiyinin düşmənidir. Hər türlü şayiə və mövhumat belə bixəbərlikdən yayılır. Anar Sadıqov artıq xeyli müddətdir Azər Paşa müəllimlə çiyin-çiyinə çalışmır və yaradıcı karyerasını Dövlət Akademik Musiqili Teatrında davam etdirir.

“Teatrda bir müddət fəaliyyət göstərən gənc rejissor Əlif Cahangirlinin də adını çəkmək olardı. Onun quruluşunda bir neçə maraqlı tamaşa izləsəm də, təəssüf ki, qısa zaman ərzində teatrdan uzaqlaşdı. Azər Paşa müəllimin teatrın səhnəsində yox, administrativ idarəçiliyində qurduğu oyunlara dözə bilməyən Əlif Cahangirli başını götürüb lap uzaqlara qaçdı”.

Vay-vay… Yenə bixəbərlik! Əlif Cahangirli ailə vəziyyəti ilə bağlı lap uzaqlar olan İsveçə köçüb. Və məlumunuz olsun ki, Əlif Cahangirli İsveçdə Azər Paşa Nemətovun atası, görkəmli teatr rejissoru Zəfər Nemətovun adını daşıyan “Zəfər” teatrı yaradıb. Hətta bu teatrda təkcə tamaşa qurulmayacaq, eyni zamanda Azərbaycan mənəviyyatının təməli olan insanlar İsveçdəki azərbaycanlı uşaqlara tanıdılacaq, təbliğ ediləcək. Deməli, “Azər Paşa Nemətovun administrativ idarəçiliyində qurduğu oyunlara dözə bilməyən” gənc rejissorun əzabları İsveçdə çiçək bitirir? Sadəcə, təbəssüm!

Xanım Samirə Əşrəf daha sonra uzun-uzadı bir abzas yazır və deyir ki, “Almaz” və “Ölülər” tamaşaları peşəkar təhlilə gəlmir. Məncə, peşəkar teatr təhlilindən danışmaq əziz dostumuzun boyundan bircə qarış böyükdür. Teatr prosesini izləmək, müsahibə götürmək, teatrətrafı intriqaları eşitmək bir başqa, peşəkar teatr tənqidinin elminə vaqif olmaq bir ayrı zolaq, bir başqa yoldur. Xanım müəllifin xətrinə dəyib qanının bərk qaraltmamaq üçün çox dərinə getmirəm.

O ki qaldı Nurəddin Mehdixanlı, Ramiz Novruz və Bəsti Cəfərovaya görə narahatlığa, onların yerinə danışmaq məndən ötrü artıq olar. Yalnız onu deyə bilərəm ki, Nurəddin Mehdixanlının əhvalı gözəldir. Bu yaxınlarda möhtəşəm bir əsərlə bizi sevindirəcəyinin intizarındayıq ki, tezliklə onun da şahidi olacağıq. Ramiz Novruz və Bəsti Cəfərova isə Nicat Kazımovun quruluşunda Eduardo de Filipponun “Filumena Marturano” əsərinin məşqindədirlər. Gəlin, belə ucuz yazılarla onlara mane olmayaq və hər iki sənətkara yeni tamaşada uğurlar arzu edək.

Sitat: “Əgər istedadlı tələbə universitetin aktyorluq fakültəsini bitirib hardasa fəhləlik edib, çörək satacaq, daş yonacaqsa, onda niyə bu gənclər ömürlərinin ən gözəl illərini hədər yerə sərf edirlər?”

Növbəti yalana qısa cavab: son illərdə Akademik Milli Dram Teatrına bir neçə istedadlı gənc işə qəbul olunub ki, onlardan biri də Gənclər günündə Prezident mükafatına layiq görülən Ziya Ağadır.

Və yenə nəhayət…

Tamaşalar və aktyorlar haqqında həvəskar münasibətinə cavab yazmağa ehtiyac hiss etmirəm. Çox çəkər. Ən doğrusunu tamaşaçı alqışı deyir. Alqış səsləri isə bizim teatrın aktyorları və tamaşaçıları üçün həmişə gur səslənir. Alqış təkcə səs deyil, həm də bir ürəyin, bir gözün işığı deməkdir. Deyəsən, gur işıq çox adamların gözünü qamaşdırıb narahat edir. İşıqdan qorxmamaq lazımdır. İşığı sevmək lazımdır…

Alma yeyən o atın ağzı haqqı!

news-inner-user

16533 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır...
10:40 25 Sentyabr 2020
Fəxrəddin Manafov xəstəxanaya aparılıb
10:00 25 Sentyabr 2020
Hər yanımdan məftillər sallanırdı - Bircənin romanı
09:00 25 Sentyabr 2020
“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020