Din insanı necə oğurlayır?

Din insanı necə oğurlayır?
18 fevral 2020
# 11:15

Kulis.az filosof Rahid Uluselin “İnsan necə oğurlanır” essesini təqdim edir.

İnsan, varlığın təkamülündə onun ən yeni fazası – “mənəvi hadisəsi” kimi meydana çıxdığından, bu hadisənin başlıca aktı olaraq materiyanın əsarətindən qurtulmağa çalışıb.

Mənəviyyatlaşma hadisəsinin mifogenezisə malik olan bir lifi – din isə özünün getdikcə hörümçəkləşən təsisatlanma prosesində həmin qurtuluşun baş kahini olaraq onu bütünlüklə mənimsəmək və insanın bu istiqamətdəki hərəkət trayektoriyalarını öz maqnitində saxlamaq cəhdlərində bulunub: beləcə, materiyanın əsarətindən qurtulmağa can atan insan, xeyli dərəcədə onun əks ifratının – özünün yaratdığı dinin əsarətinə düşüb.

İnsanın heç bir yana əyilib-səntirləməyən azad mənəviyyatı və zəkası iki ifrat – materializm və din arasında sıxıla-sıxıla, bəzən hər ikisi ilə kompromisə girə-girə, bəzən də hər ikisini gizli və ya açıq şəkildə inkar edə-edə, öz müstəqil yolunu qorumağa çalışıb: bəşər sivilizasiyasının dərin mənəvi əsaslara malik olan rasional inkişafı bu tendensiyanın möhkəmlənib strukturlaşması, həmin güclü təsirlərə müqavimət göstərərək monumentallaşması prosesində baş verib.

Din imperializminə qalib gələrək İnsan Suverenitetini qorumaq – bəşər övladına asan başa gəlməyib...

Özü kastalaşaraq, insanların və xalqların da böyük diskriminasiyasına siyasətlə birgə yol açan din hər bir İnsanın peyğəmbərləşmək, ilahiləşmək potensiyasını, yəni öz ilahi başlanğıcının insan qüdrətində təcəllası imkanını əlindən alır, peyğəmbərliyin yalnız seçilmişlərə aid olduğunu bəyan edir.

Sonra din – hətta peyğəmbərləri də öz doktrinasının qəliblərinə salır, onların vəhylərini bildiyi kimi şərh edir, özlərini isə yerüzündən qaldıraraq “müqəddəsləşdirir”, əslində, yox edir.

Çünki onların var olması dinə heç cür sərf eləmir. Dinə lazımdır ki, onun ətrafında və üstündə heç kim və heç nə olmasın. Nə varsa, ondan aşağıda olsun! Din – Kainatın özü kimi Yerin də gerçək ilahi məkan olduğunu danaraq, buradakı bütün həyat əlamətlərinə, eyni zamanda, İnsana “fanilik” damğası vurur ki, öz “əbədiyyətini” təsdiq etsin...

Halbuki öz mənəviyyatı ilə yaratdığı tarixin hərəkətini də təmin etməyə qadir olan İnsan – varlığın bir yarpağı tək, Allahın Balası tək – Kainatyaşlı ilahi sevgidən, Kainatyaşlı ilahi sevgi ilə doğulmuşdu.

Sonra isə qartımış cəmiyyət və onun xəfiyyəsi – Din tərəfindən “oğurlanmış” İnsan böyüdükcə, onun varlığına əxlaq adına daşlaşmış arxetipik ictimai etiketlər, dini ənənə və ehkamlar pərçimlənir.

İnsanın yaşadığı çevrələr böyüdükcə – beşikdən, evdən mədrəsələrə, universitetlərə, vağzallara, saraylara, cürbəcür qurumlaradək... – onun ilahi duyğuları sozalır, sozaldılır. Onun Allahla təbii bağlantısı kəsilir.

O, müəyyən, konkret bir ailə, ictimai mühit, din, təriqət, ideologiya çərçivəsindən qeyri-təbii əhliləşdirmə səmtində büsbütün dini konfiqurasiya almış “Allaha” yönəldilir.

Fridrix Nitsşenin “öldürdüyü” Allah – məhz dinin can verdiyi Allahdır.

Qəlb duyğusu ilə deyil, dini şüurlu cəmiyyətin irsi diktəsi ilə yaradılan Allaha İnam isə – formal dinçilikdir.

Buna görə də o iman daim şübhə və tərəddüdlərə bükülür, sapır, azır, möhkəmlənə bilmir və sarsılır...

İnsanla Allah arasında vasitəçilərsiz, işarələrsiz, dilmancsız birbaşa Yol isə – can, qəlb və ruh bağlantısında salınır, min-bir cığırı özündə birləşdirərək böyüyür, genişlənir...

Bu bağlantı bütün dini kitabların cızdığı çərçivələrdən, qəliblərdən, qatı göstərişlərdən, farisey-vaiz yozmalarından qat-qat möhkəm və sarsılmazdır!

# 4011 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #