news-inner
clock12:01 calendar-gray 03 Fevral 2020 view-gray1400 dəfə oxunub
view-gray1400 dəfə oxunub

Danışaram, dilin, ağzın quruyar - Orxan Bahadırsoydan yeni şeirlər

Kulis.az Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Tanrının çantası

Hara gedir yaşananlar?
Harda yığılır bu keçmiş?
Ötən günün, ayın, ilin
kim verəcək hesabını?
Tanrı, sənin çantan varmı?
Göstər, baxım, görüm, bilim,
ora necə sığdırmısan
milyard ilin əzabını?

Hələ qarşıda ömür var,
hələ qarşıda ölüm var...
Tanrı, ikimiz də varıq,
yox deyirlər adımıza.
Çantanı ver qoltuğuna,
keçmişdən bir adam göndər.
Göndər, olub keçənləri
gəlib salsın yadımıza.

Ha səbr etdik, ha gözlədik,
meydan oldu qansızların.
Tanrı, səni unutdular,
hardasa səhv etdin, nəsə...
Daha səbrimiz tükənir,
daha meydan da daralır.
Tanrı, özüm gələcəyəm,
səndən səs-səmir gəlməsə...

Tanrı, sənin atan yoxdur,
anan yoxdur, bacın yoxdur,
Sən bizi başa düşməzsən,
anlamazsan halımızı.
Dostun, qardaşın, sevgilin,
elin yoxdur, oban yoxdur.
Əcəb bizi icad edib,
ələ saldın hamımızı!

Tanrı, mən hələ dözürəm!
Səfil, sərgərdan gəzirəm!
Daha səndən də bezirəm,
yoxdur nişanın, izin də.
İblis sənə kələk gəlir,
götür o çantanı da, gəl.
Ya qalib ol, ya da daha
aç ağ bayraq göy üzündə!

Milçək Öpüşü

Əllərimdə işarar tül kağızlı sarıqlar,
qonar bir qara milçək saçlarımı daraqlar
və müstəntiq hislərim yaddaşımı varaqlar.
Ruha həyəcanlıdır bu dedektiv maraqlar.
Çoxdur səninlə bağlı boz bulanıq uzaqlar,
çıxışı bilinməyən, ömür boyda yarıqlar,
girişində qoyulmuş köhnə, yırtıq çarıqlar
başın qaldırıb göyə sahibini soraqlar.
Çoxdur səninlə bağlı bozluqlar, qaralıqlar,
yersizdir, yiyəsizdir boşluqlar, aralıqlar.
Burdan başlayır bütün mənasız ayrılıqlar!
Mən yoxam öz başımda, budur məndən qalıqlar -
əlində təsbeh tutan bütün avaralıqlar.
Yaddaşı yoxdur, demək, nə xoşbəxtdir balıqlar!
Görən bizim Xəzərdə neçə xoşbəxt balıq var?
Xəzərdən tanrılara yol da gedir - buruqlar!
Fikrin təlatümündə qəfil sönür işıqlar!
Ölümcül sükutumu şillələyir sazaqlar,
gözlər qəfil bərəlir, yanır, yanır qulaqlar!
Bir mənəm indi burda, bir də bomboş otaqlar.
Çöldə maşın səsidir və sarsaq qışqırıqlar!
Əlimdəki tül kağız daha küldür, uşaqlar!
Gedişlərdə əzilib könlümdəki qırıqlar.
Milçəyin öpüşüdür saçımdakı suluqlar!
Bu halıma bədənim ətin töküb arıqlar
və utanar hislərim, yazıqlar, ay yazıqlar!


Kimdir o susan?

Gizlənmədim, utanmadım, varamsa,
bir məqsədim olmadı ki, qaramsar.
Bu uçulmuş əvvəlindən haramsa,
- nəyə düşmüşük?
Saxtadır bu püşk!

Kim saxlayıb sona bizi, bilirsən?
Pozublar, e, növbəmizi, bilirsən?
Əhdimizi, tövbəmizi bilirsən?
- Əlini qaldır!
Bilək nə haldır!

Sümüyümə işlədi ki, bu sancı!
Boğazımdan aşağıdır bir damcı.
Tələsirəm, harda qaldı bu qancıq
ölüm də yoxdur!
Önümdə yoxdur!

Lap əvvələ hardan dönüm, bilmirəm.
Bu da mənim ömrüm, günüm, bilmirəm.
Bilmirəm, ay ömrüm-günüm, bilmirəm,
- bizə nə qaldı?
Sizə nə qaldı?

Axşam olur, gözüm gəzir ülkəri...
Hanı görən kainatın dülgəri!?
Bu taxtalar çürükdü ki, həmşərim!
- Niyə yonmusan?
Kimdir o susan?


Sevgidən sonra...

Tel tökülür balıncıma başımdan,
xəzəl, ay xəzəl!
Görən ürkür kirpiyimdən, qaşımdan,
gözəl, ay gözəl!
Nə sevdadır bu sərsəri könüldə?
Uzaq ol, uzaq!
Pıçıldayır ömür qəribə dildə,
uşaq, ay uşaq!

Mən qorxuram bu həvəsin sonundan,
etmə, eləmə!
Tanıyıram bu sevgini tonundan,
bəmə düş, bəmə!

Danışaram, dilin, ağzın quruyar,
susub gəzərsən!
Sanırsan ki, hicran təkcə səndə var?
Sərsəm, ay sərsəm!

Çox daşıdım yoxluğunu yük kimi,
bu nə ömürdü?
Öldürürdüm sənə olan sevgimi,
amma ölmürdü!

Gözləyirdim mən hamıdan getməyi...
Sən niyə? Bilsəm...
Bu gedişdən nəyi öyrəndim, nəyi?!
Bir deyə bilsəm...

Mən unutdum... hə, unutdum, unutdum!
Bilmirəm necə?
İndi də bu hicran sənə üz tutdu?
Keçər e, keçər!

Sən də durub gəlmisən ki, sevgi bəs?
Sevgi? Nə sevgi?!
Sənə aid xatirəmdə yoxsa səs,
o qədər sev ki!

Sən üzülmə, ömrüm-günüm, olur da,
bəzən görürsən,
tanrını da bəndə kimi hüzurda
gəzən görürsən.

səmaya bax, ömrüm-günüm, dur burda,
nəsən, görürsən?

Həqiqətə gedən yol

Fəsil qış, hava soyuq, küçə sərsəm, yol süstdü.
Üşüyür başım biraz, yanır sinəmin üstü.
Taksi ümidim qalıb sərxoş sürücülərə!
Tanrı bizə görünməz, ölüm görücülərə!
Bu uca göydələnlər xatırladır divləri.
Burda kimsəsiz qalıb ipoteka evləri.
Sonuncu taksi getdi, əl açdım, dayanmadı.
Sürən min ildir yatıb, sükan da oyanmadı.
Mənimsə ağrılarım ərşə çıxır bu yerdən,
xışıltılar yüksəlir qulaqlarımda hərdən.
Zülmətdə və uzaqda, tənhada qaldım dara.
Ruhların zəngi çatmır təcili yardımlara.
Bu qaranlıq qorxusu, bu tənhalıq ürküsü,
unudulmuş yerlərin naləsayaq türküsü...
Daha yarasalar da gecələri yatırlar,
dərdləşməyə yaramır mobil operatorlar.
Qaranlıq küçələrə, dalanlara uyuram,
gecəyə nəğmə deyən səsləri də duyuram:
Öz əliylə sevişən tənhaların səsini...
Təşəkkürə tutublar porno sənayesini.
Yaşı ötmüş kişinin öskürək ahəngini...
Kürəyində gəzdirir ağciyər xərçəngini.
Kommunist evlərində ittifaq şüarları...
Komsomol arzulayır sovet bəxtiyarları!
Digər evdə səs də yox, yatmış min ildir yatan...
Onun vecinə deyil qırılan, ölən, batan!
Bir ev də var işığı hamısından gur yanır,
dünyanın xilasında anarxizmə inanır.
Qarşıdakı evdən də duyuram o fəryadı...
xeyli çığırıb susur, halsızca susur qadın!
Daha sonra sevinir, gülür qadının səsi
və öz doğuluşuna nalə çəkir körpəsi.
Uşağı ağlayanda ananın sevindiyi
bu məqamda, İlahi, nəyi gizlədin, nəyi?
Bu hikmətdən qorxuram, qaçıram var gücümlə.
Dünyanın boğazına xəyanət ülgücüylə,
hədə-qorxu yağdıran xainləri söyürəm.
Doğula bilməyənlər nə anlayar, deyirəm.
Və qəfil yıxılıram daş səkiyə üz üstə.
Qarşımda da bir adam dirçəlməzmi diz üstə!?
Bu nə işdir, İlahi, gerçəkdir yoxsa kabus?
Yol üstə niyə yatıb, səfildir ya dələduz?
Soruşur:
- Nə qaçırsan? Kimdən qaçırsan belə?
- Bağışlayın! - deyirəm, - qaçmalıyam mən hələ.
Zorla qalxıb səkidən, toz çırpıb üzərimdən,
qəfil kişiyə baxıb, donuram öz yerimdə.
Üz-gözü tük içində, çatlamış dodaqları,
kirdən kömürə çalır buz kəsmiş ayaqları.
Yırtıq şalvar-köynəyi yapışıb bədəninə,
palçıq tutmuş jaketi darısqaldır əyninə.
- Qaç, eləcə qaç! - deyir, gözümə baxa-baxa.
- Özündən də qaç! - deyir, - bacardıqca uzağa.
Dərindən nəfəs alıb azacıq iməkləyir,
bir divara söykənib gözümə baxır, deyir:
- Mən də qaçdım hamıdan, mən hər şeydən də qaçdım.
Bax, bu yerdən də qaçdım, bax, o göydən də qaçdım
Mən bütün suallara cavab gəzdim, bir cavab,
amma tapa bilmədim, dözülməzdir bu əzab.
Qısıldım künc-bucağa qaranlıq tənhalarda,
düşündüm uzun-uzun, axı bu cavab harda?
Sonra bir gün anladım nədir bizim səhvimiz
O sualı tapmadan, cavab axtarırıq biz.
Əvvəlcə, hər şey üçün bir doğru sual gərək,
sonra mən əminəm ki, cavab özü gələcək.
- Bağışlayın, işim var, tə...tələsirəm... - dedim.
Əvvəlcə yavaş-yavaş, sonra yeyin yeridim.
Yox, bu, olmamalıydı, buna hazır deyildim.
Mən həqiqət yolunu həmin cavabda bildim.
Yol olmadan mənzilə getmək də mümkün olar,
bunun fərqi nədir ki, mənzil yoxdur ya da var?
Bəs bu adam haqlısa...? Nədir ki, doğru sual?
Biz onu tapa bilsək, cavab gələrmi dərhal?
Əlbəttə, gələr, gələr... hər şey belədir biraz...
İnsan özün tapmasa, yaradan da tapılmaz!

Image result for orxan bahadırsoy"

news-inner-user

15345 məqalə

Oxşar xəbərlər