news-inner
clock14:04 calendar-gray 06 Yanvar 2020 view-gray482 dəfə oxunub
view-gray482 dəfə oxunub

Əllərinin səsi çiçək kimi tökülürdü pəncərədən... - Allahşükür Ağadan Yeni Şeirlər

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.


İsmin 7-ci halı

Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində bir parça torpaq deyilmi?
Güllələrin özü də,
Lap qırma düyməciklər Başlarında torpaq yaddaşı daşıyırlar.
Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə özünü hər yerə çırpır,
Hər yerə dəyir.
Bəlkə də insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.
Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
indi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7-ci halına.

Vergül

Quşlar ayaqlarını çəkdilər göyə,
Yollar ayaqların kölgəsinə aldanıb
Yaşayırlar hələ də.
Sonra darıxdığından
Toz şəklində
Özlərini dartırlar
Quşların ayağı olan yerə...
Ayaqlar quşları yerə çəkir,
Qanadlar göyə,
Göylə-Yer arasında quşlar
Xırda bir vergül kimi
Yaşayır.
Yaxşı ki, nöqtə deyillər,
Vergüldülər,
Mən vergülü çox sevirəm,
O zaman ki, məktəb yollarında
atamın ləpirinin yanında
Çəliyin izi vergül kimi qoyulurdu,
Ardınca mənim ləpirlərim sıralanırdı...


Nəğmə

Quzu otaranın,
Dərsə gedənin,
Gedən qatarın,
Şeiri çap olunmayan şairin,
Dodağında bir göyərmiş nəğmə var...
Adamı o nəğmə yaman yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.

İllah ki, şair kənd şairi ola,
İllah da biləsən bu quzuları qəssablar sevir,
Qatarlar səni ayırır,
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...

Tüstülərdə göz yaşı

Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.
Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?

Çiçəklər, əllər

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə...


Gəl belə danışaq, kədərli dostum

Gəl belə danışaq, kədərli dostum,
Yadındadı, kəndin ortasında
Köhnə bir meydançada
Top oynamağımız?
Top üçün havada yellənən
Əlimiz və ayağımız?
Mən vurduğum qolları
Pəncərədən bizə baxan
O qıza həsr eləyirdim,
Sən bunu bilmirdin amma,
Əl çalırdı pəncərədə.
Əllərinin səsi
Çiçək kimi tökülürdü
pəncərədən.
Bir dəfə də oynayanda
Vurduğum top
Onu gəlin aparan
Maşının
Ön şüşəsinə dəydi.
Gəlin bir az qalxdı ayağa,
Topa elə baxdı,
Elə baxdı ki,
Deyəsən, gözündən top kimi
Yaşlar düşdü.
Fikrimcə, o düşünürdü
Qapıya topu düz vura bilmirəm daha,
Ya da topu onun yollarına
Vurmuşam
Belə.


Ayaqlarımın qandalıdı araba

Atların ayaqları yolları
Oxuyar,
Ayrı düşən yolları
Bir-birinə toxuyar.
Atların ayaqlarında
Qanadların hirsi var deyə
Hərdən özünü qanadlara bənzətmək istər ayaqlar.
Deyək ki, tövlənin bir deşiyindən baxan
İnsan gözlərindən yanan qanadlar
indi atın çiynində deyil
Altındadı,
Çıxa da bilər nə vaxtsa çiyinlərə...
Bax, kəndimizdə arabaya qoşulan bir at
Dünən
Ayaqlarını göstərirdi mənə,
Demək istəyirdi ki, qanadlarımı
Aldınız, yaxşı elədiniz
indi də ayaqlarımı istəyirsiniz.
Ayaqlarımın qandalıdı
Araba.

Çayda balıq nağılı

Çayların səsi
İçindəki balıqların səsidir,
Balıq tuturam, deməyin,
Səs tuturam çaydan, deyin...
Get-gedə səslər azalır çaydan
Qarmaqlarda səslər atılır göyə,
Çaylar qarmaqla çıxır
Öz yatağından.
Sizin səsinizi boğazınızdan
Qarmaqla çıxartsalar,
Neylərdiniz, ay adam uşağı?
Niyə bir dəfə bilmədiniz ki,
Balıq suyu yaradır,
Su balığı,
Niyə yuxarı çırmalanıb
Şalvarınızın balağı.
Bax, bu çay da qurudu,
Tutuldu balıq səsi,
Bir az da qısaldı
Təbiətin nəfəsi.

Məsələn

Məsələn deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik
Bir-birimizi nədən tanıyarıq?
Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.
Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn hələ yatma,
Hələ oyanma.

Üzündən, gözündən öpdüyüm sular

Üzündən, gözündən öpdüyüm sular,
Üzündən, gözündən öpdüyüm balıq,
Məni unutdularmı görən?
Göldən-gölməçədən, o göy dənizdən,
Qalxan buludlar,
Dodaq daşıdılar göyün üzünə,
Sonra da göylərdən yağdı dodaqlar,
Çöldə dodaqları ilanlar öpdü.
Həyatda sevgisiz qalanlar öpdü,
Amma bilmədilər dodaq mənimdi.
Üzündən gözündən öpdüyüm sular,
İçində çiçəyi varıydı deyə,
İçində ürəyi varıydı deyə,
İçində şəlalə varıydı deyə,
İçində buğdası varıydı deyə,
İçində Sarası varıydı deyə,
Harda su gördümsə alnından öpdüm.
Ona görə də ağappaq yağışlar yağır
Ağ alınlara...

Ağac haqqında nağıl

Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...

Top kimi

Hələ yanımızda
Uşaqlar ölürsə,
Biz ancaq dəfn etməyi bacarırıqsa,
Sonra heç nə olmamış kimi
Hələ mahnı oxuyuruqsa
Demək sevmək yalanmış…
Anaların döşündə ağlayır
Və ağrıyır süd.
itir, diyirlənir evin içində
Süd şüşələri,
Dərindən fikir versən
Südün uşaq üsyanı
Daha ciddidir,
Bizim
Mənasız şeirlərimizdən.
Balaca körpələr, əgər bilsəydilər,
Müharibə nədir,
Vuruşan ölkələrin adı nədir?
Məni bu qədər yandırmazdı,
Bəlkə.
Onlar elə bilirlər ki, bu, bir oyundu,
Bir-birinə top atmaq yəni.
Sonra da o topu qaytarmaq yəni.

Image result for Allahşükür Ağa"

news-inner-user

13979 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəli rejissor Nuri Bilge Ceylanın yeni filminin adı açıqlandı
22:30 21 Yanvar 2020
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
21:00 21 Yanvar 2020
"Eşq və Ölüm” baleti nümayiş olunacaq
18:49 21 Yanvar 2020
Həmid Piriyevdən yeni hekayə: Yer üzündə axırıncı gecə - Xüsusi təqdimatla
18:15 21 Yanvar 2020
Məşhur aktyor vəfat etdi
17:36 21 Yanvar 2020
Xalq şairinin adına kitab sərgisi açıldı
16:59 21 Yanvar 2020
Kino Evində növbəti ustad dərsləri
16:22 21 Yanvar 2020
Nilufər “donuz qripi”nə yoluxdu
15:45 21 Yanvar 2020
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
15:12 21 Yanvar 2020
Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"
14:35 21 Yanvar 2020
Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək
14:01 21 Yanvar 2020
Kino Evində sənədli filmin təqdimatı keçiriləcək
13:24 21 Yanvar 2020
Qismətin şeir gecəsi olacaq
12:44 21 Yanvar 2020
"Bu şəhərdə"nin növbəti rəzaləti – Sərdar Amin yazır...
12:10 21 Yanvar 2020
“Xocalı - bu olub” tamaşası təqdim edilib
11:34 21 Yanvar 2020
Rəşad Məcidin yersiz statusları - Ayxan Ayvaz yazır...
10:59 21 Yanvar 2020
Aktrisa ad gününün sabahı dünyasını dəyişdi
10:17 21 Yanvar 2020
“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək
09:44 21 Yanvar 2020
Yaşasın demokratiya - İsi Məlikzadənin hekayəsi
09:00 21 Yanvar 2020
Məşhur rejissorun vəziyyəti pisləşdi
18:00 20 Yanvar 2020