Qismət məşhur aparıcını sərt tənqid etdi: "Cuşa gələn öküz kimi..."

Qismət məşhur aparıcını sərt tənqid etdi: "Cuşa gələn öküz kimi..."
27 dekabr 2019
# 14:34

"“Nobel” verilişində tanınmış rus ədəbiyyatşünası Bıkovun türk yazıçısı Orxan Pamuk haqqında söhbətinə baxdım və özüm üçün bir məsələni dəqiqləşdirdim: bilmədiyi şeylər haqqında danışanlar, yazanlar hər yerdə eyni cürdür".

Bu sözləri tanınmış şair-esseist Qismət Rüstəmov Kulis.az-a açıqlamasında məşhur rus ədəbiyyatşünas, yaçıçı, aparıcı Dmitri Bıkovun "Nobel" verilişində türk yazıçı Orxan Pamuk haqqında fikirlərinə münasibət bildirərkən söyləyib. O daha sonra əlavə edib:

"Bıkov deyir ki, Pamuk dissidentdir. Mən hələ öz romanına muzey tikdirib bilet satan dissident görməmişəm. Pamuka müxalif demək olar, dövlətin siyasətiylə tərs düşən şeylər deyib, dövlət sənətçisi adından imtina edib, bu barədə məşhur yazısı var, amma dissident deyil. Sonra Bıkov Pamukun yaradıcılığını təhlil etməyə girişir və işlər burda qarışır. Əvvəla tanınmış ədəbiyyatşünasın Pamuk haqqında dediklərinin əksəriyyəti yazıçının kitablarında qabartdığı yarımbaşlıqlardan o yana keçmir. Məsələn, kitab adı belədir: “İstanbul: xatirələr və şəhər.” Bıkov deyir ki, Pamukdan danışanda şəhərdən, hüzndən danışmaq olar. Elə bil, astroloq qış ayı üçün ulduz falı yazanda deyir ki, ehtiyatlı olun, xəstələnə bilərsiz. Nə böyük tapıntı!

Sonra Bıkov tüstüsü təpəsindən çıxan soyadını qırmızı görən kimi cuşa gələn öküz birbaşalığı ilə “Mənim adım qırmızı” əsərinə cumur, elə onun yanındaca başqa bir qırmızını – “Qızılgülün adı”nı yad edir. Bu müqayisə də klişeləşib artıq. Əlbəttə, Pamukda Ekodan da nəsə var, amma “Mənim adım qırmızı”nın struktur-kompozisiya planında elə ən çox Bıkovun da görməli olduğu “Karamazov qardaşları” var axı. Birində üç qardaş və atanın qətli, o birində ata yerindəki ustadın qətli və üç rəssam. Mətnin qəlbinə yol tapmaq üçün öküz gözü yox, matador qıvraqlığı lazımdır.

Bıkov Pamuku Murakamiyə bənzədir və “caz ritmi” ifadəsini işlədir. Bilmirəm, Pamuk rus dilinə necə tərcümə olunub, əgər “caz ritmi”ndə çevrilibsə, onda bizimkilərə şükür. Belə əttökən müqayisə çoxdandır eşitməmişdim: ikisinin də qəhrəmanları hüznlüdür. Birincisi, Pamuk üslubçudur, Murakami yox. Pamuk kompozisiya ustasıdır, Murakami qaçaraq “fast-food” dövrünün yazıçısıdır. Pamuk bütün əsərlərində Türkiyənin ədəbi-fəlsəfi, ictimai-siyasi, tarixi reallığıyla bağ qurur, Murakami qıyıqgöz “amerikalı”dır. Bıkov tez-tez “Qar” romanını misal çəkir. Əlimə fürsət düşmüşkən, gəlin bu romanın indiyə qədər bizdə də gözdən qaçan bir qatından danışım. “Qar” romanının çoxqatlı strukturunda çox adamın üstündən keçdiyi mifoloji bir arxetip var. Şair Ka Almaniyadan – qürbətdən vətənə dönəndə həm sevgilisini tapır, həm də yenidən şeir yazmağa başlayır. Bu, yunan mifologiyasındakı məşhur Qaya və Anteylə bağlı əhvalatdır. Qaya - torpaq anadır, Antey isə onun oğlu. Antey gücünü anasından alır, ayağı ana torpaqdan kəsilən kimi zəifləyir, ölümlü olur. Bu mif milli kimlik haqqında nəzəriyyələrin də çoxunun çıxış nöqtəsidir. Sonra da deyirlər Pamuk vətən xainidir.

Bıkovun söhbətində bircə İstanbulun palimpsest şəhər olmağıyla söhbət maraqlıydı, qalanlarını bizim heç kitabı üzü açmamış yazıçılarımız da bilir".

# 4429 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər