Kulis.az “Cəhənnəmdən keçmiş mələk” romanının müəllifi Bircə xanımla müsahibəni təqdim edir.
- Romanınızda dialekt sözlər, tanış olmayan ifadələr var. Bu, oxucuların da diqqətini çəkib. O sözlərə maraq hardandır? Düşünmürsünüz ki, bu, vaxtı keçmiş dil-üslubdur?
- Bildiyiniz kimi, mən öz həyat hekayəmi nənəmin xatirəsinə bağışlamışam. Kitabı da nənəmin danışdığı dildə yazmağa çalışmışam. Gözümü açıb hansı üzləri görmüşəmsə, hansı səsləri eşitmişəmsə, o üzləri, o səsləri, o danışıqları yadımda qaldığı kimi bu günə gətirmək istəmişəm. Məsələn, mənim nənəm “nəhəng”, “kiçik”, “dairə”, “çevrə” kimi çoxlu söz sadalaya bilərəm ki, onları dilinə gətirmirdi, bilmirdi. O, həmişə balacaya – xırda, ondan bir az böyüyə – gimrik, dərin çalaya – quluzum, qıyıqgöz adama – cuqqugöz, ləpirə – çəhlim, kələkbaza – hüllükbaz deyərdi. Bu dil kiməsə köhnə görünə bilər, ancaq mənə bu dildə yazmaq asandır. İşlək ədəbi sözlər, ifadələrlə dolu bir kitab yazsaydım, çətin bu qədər oxucusu olardı. Mənim kəndimdə adamlar indi də bu dildə danışırlar, gəlinlər uşaqlarına romanda yeri gəldikcə misal gətirdiyim oxşamalarla layla çalırlar, ölülərinə kitabdan tanıdığınız Minə bibinin, Bəhlul babanın söylədiyi ağılarla dil deyib ağlayırlar. Hərdən kəndə yasa gedəndə fikir verirəm – illər öncə nənəmin, onun yaşıdlarının çağırdığı bayatıları indi onların qız-gəlinləri, nəvələri məclislərdə oxuyurlar. O bayatıların bir qisminə mən kitablarda rast gəlməmişəm:
Burdan Təbrizə kimi,
Gül qalxıb dizə kimi.
Oğul, sənə deyirəm,
Qalx gedək bizə kimi.
Çağırdım çağlar oldu,
Didəm qan ağlar oldu.
Balam, sənin üzündən
Məskənim dağlar oldu.
Dağlar başı yasəmən,
Endim gəldim səsə mən.
Fələk bir tələ qurdu,
Yenə batdım yasa mən...
Köhnəlik budursa, belə köhnəliyə mən qurban olum. Bu köhnəlikdən su içməyən hansısa yenilik bizim torpaqda bitib kök atmaz...
Kəndimizlə bağlı apardığım balaca bir araşdırmanın nəticələriylə sizi də tanış eləmək istərdim. Son əlli ildə bizim kənddə bircə nəfər türməyə düşüb, vur-tut üç boşanma hadisəsi olub, bunlar da o səbəbdən ki, boşanan gəlinlərin hər üçü kəndimizə qıraqdan gəlib. Camaatımız uzun illər ağır şərtlər altında yaşayıb, xain düşmənin ucbatından çöl işlərinin çoxunu gecə görməyə məcbur olub, toy-düyününü ertədən başlayıb axşam düşməmiş bitirib. Bu zillətlə yaşayan evlərin heç birindən hələ bir gəlin də qaçmayıb, heç kim pis yola düşdü deyə qızını, gəlinini baltalamayıb. Bizdən beş addım aralıda yerləşən qonşu kəndin cavanlarının çoxu qumar, tənbəllik, oğurluq, dibçəkdə “can dərmanı” yetişdirmək kimi pis vərdişlərə mübtəla olub. Bizim cavanlar bunları görsələr də, onlarla xeyir-şər yoldaşı olub bir masada otursalar da, o mərəzlərə yoluxmurlar, hamısı saf, sadə, zəhmətkeş, cəfakeş, dözümlü gənclərdir. Qara sudan qaymaq tutan yığımcıl qadınlarımız, böyük-kiçik yeri bilən, qisməti davada ölmüş, ya da eləcə bəxti açılmadan qarımış baldızını burunlamayan, ərinə arxa duran, əlindən kitab düşməyən yaxşı gəlinlərimiz var. Mənə elə gəlir bunlara səbəb dediyiniz o köhnəliyə, köklərə bağlılıqdır. Bəlkə el-obaya çox bağlıyam deyə yazılarım da o gübrəylə qidalanıb böyüdü, qol-budaq atdı.
- Bircə qəfil gəlib iri bir romanla çıxış elədi. Təbii ki, əsərin uğurlu alınmasında avtobioqrafik olmasının da rolu az deyil. Həyatda baş vermiş hadisələr oxucuda daha böyük maraq doğurur. Amma yenə də soruşmaq istərdik: “Cəhənnəmdən keçmiş mələk” romanında hər şeymi olduğu kimi yazıldı, yoxsa uydurmalar da var?
- Gəncliyimdə böyük rus yazıçısı Buninin Baninə (yerlimiz Ümmülbanuya) yazdığı məktubları oxuyandan sonra içimdə xoş bir qibtə hissi yaranmışdı, mən də hansısa bir məşhurla yazışmaq istəmişdim. Hələ yeniyetməliyimdən mücərrəd ünvanlı məktublar yazırdım – Aya, Günəşə, bar ağacına, axar sulara...
Dahilərin yazışmalarını oxuyandan sonra dünyadan köçmüş məşhurlara məktublar yazmağa başladım. İndi özümə gülməli gəlsə də, bu silsilədən ilk məktubumu Napoleona yazmışdım, oradakı bir cümlə bu gün də yadımdadır: “Sizə xəyanət edən bir qadını necə sevə bilirsiniz?” Vaxt tapanda böyük sərkərdə mənə cavab da “yazırdı”. Sonra Cavidin nakam balası Ərtoğrula sevgi naməsi yazmışdım, Ərtoğrulun “cavab məktubu” mənə onun ölümündən sonra “yetişmişdi”. Uşaqlıq, yeniyetməlik çağlarımda böyük qardaşlarımın elmi-ədəbi-tarixi söhbətlərinə həvəslə qulaq verərdim. Bir gün Səməndər yana-yana Kamilə belə dedi: “Çaldıran döyüşündən sonra Şah İsmayılın üzü bir dəfə də gülməyib”. Bu cümlə mənim varlığımı alt-üst eləmişdi, bir məktub da Xətainin ünvanına yazmışdım. Uşaq vaxtı elə bilirdim gəlmiş-getmiş bütün böyük adamlar hamısı bir yaşda olub, bir dövrdə, bir mühitdə yaşayıblar. Bunları deməkdə məqsədim odur ki, ədəbi uydurma, fantaziya potensialından məhrum olmadığıma inanasınız.
Gələk romana. Yazdıqlarım uydurma deyil. Hətta o qədər həqiqətdir ki, son üç ildə bəlkə üç yüz dəfə əlimi kitabdan çəkmək istəmişəm, yazdığıma peşman olmuşam. Hərdən düşünürəm ki, tələsdim, belə bir kitab yazacaq qədər böyüməmişdim, kaş bir az da gözləyəydim. Həyatımla bağlı yazmadıqlarım yazdıqlarımdan çoxdur. Elə şeylər var, onları yazmağa cəsarətim çatmayıb, həm də o ağrıları yenidən yaşamaqdan çəkinmişəm. Oxuyanlar bilirlər, özümdən başqa bir xeyli insanın taleyindən bəhs eləmişəm, onlar da yalan deyil. Mən bu kitabı özümdən utana-utana, özümdən qorxa-qorxa yazmışam. Dərzi könülsüz tikdiyi paltarı müştərisinin üstünə atıb pərdə dalında gizləndiyi kimi mən də bəzən yazdığımı qayıdıb oxumamışam, bir fəsli bitirəndə qaçıb özümdən gizlənmişəm, yazını redaktora eləcə səhvlərlə dolu göndərmişəm. Buna görə üzüm danlansa da, səbəbini izah eləyə bilməmişəm, yazdığımı bic övlad kimi danmağa çalışmışam, ona yiyə çıxmaq istəməmişəm. Ancaq yazı ürəyimcə alınanda özümü sevdiyim anlar da olub.
- Qadın romanı yazdığınıza görə sizi daha çox xanımlar oxuyur, xüsusən də yaşlı qadınlar. Artıq bir oxucu kütləniz var – həftə boyu Bircənin romanını gözləyən evdar qadınlar kütləsi. Sizcə, yazdıqlarınız gənc xanımlara və kişilərə nə qədər təsir göstərə bilir?
- Oxucularımı qruplara bölmək istəməzdim. Onların hamısı – evdarı da, işgüzarı da, kişisi də, qadını da, cavanı da, yaşlısı da mənə əzizdir. Sualın qoyuluşuyla razı deyiləm, həm də reallığa, faktlara əsaslanmadığına görə. Bəli, ola bilər ki, mənim oxucularımın yarıdan çoxu qadınlardır. Ancaq indiyədək romanım haqqında yazılmış iki məqalənin ikisini də kişilər yazıb – birini tanınmış jurnalist İmran Bədirxanlı, o birini tanınmış publisist Vahid Qazi. Yeri gəlmişkən, Vahid bəyin məqaləsi dərc olunanda ruhdan düşmüş, bitib-tükənmiş bir haldaydım, o yazı məni yenidən həvəslə işə girişməyə vadar elədi.
Daha sonra dəyərli elm adamı, publisist Alov İnanna ilə qiyabi dostluğum yarandı. Xaricdə yaşayan Alov xanım kitabım haqqında elə fikirlər söylədi ki, o fikirlər mənə dirilik suyu kimi təsir göstərdi. Onun qulağıma dediklərini özünün icazəsiylə sizinlə də bölüşmək istərdim: “Əzizim Bircə, sən çağdaş Azərbaycanda qadın həyatının ensiklopediyasını yaratmısan, sən dövrümüzün qadın ədəbiyyatının qaranquşusan”.
Kişi oxucularım arasında virtual qardaşım Fazil Yusif qədər diqqətlisi, şəfqətlisi, eyni zamanda radikalı, mühafizəkarı az-az tapılar. Fazil bəy mənim avtobioqrafik qəhrəmanıma, onun acılarına, yanlışlarına son dərəcə anlayışla yanaşsa da, bəzən onu sərt tənqid eləməkdən, kişi həmrəyliyi mövqeyində durmaqdan da çəkinmir. Bunlar da mənə xoş gəlir, onun qınaqlarını qardaş danlağı kimi qəbul eləyirəm, həm də tez-tez xatırladıram ki, mən bu əsəri özümü öymək, başqalarını pisləmək məqsədilə qələmə almamışam, olanları olduğu kimi yazmağa çalışmışam, yoxsa yazdığım oxucuda heç bir maraq doğurmazdı.
İngiltərədə yaşayan son dərəcədə diqqətli bir kişi oxucum da var. Çox adlar-ünvanlar göstərə bilərəm, ancaq bir-ikisini də deməklə kifayətlənirəm. Cavidə liseydə dərs demiş, romanda da adı keçən Fuad müəllim tez-tez mənlə qiyabi müzakirə açır. Bir dəfə də belə yazmışdı: “Bu kitabdan sonra özümə nifrət elədim. Üç bacının tək qardaşı olmuşam. İndi baxıram ki, sizin qardaşlarınızla müqayisədə qardaş nədir, heç qonşu da olmamışam onlara. Amma gələcəkdə Mahmud əmi kimi qaynata olmağı özümə söz vermişəm... İkinci bölümü oxuyandan sonra anamın, bacılarımın, əmimin, bibimin görüşünə getdim, onlarla sizin qardaşlarınız kimi davranmaq istədim. Bacılarıma qayğı göstərdim, xeyli təəccübləndilər... Mən “Cəhənnəmdən keçmiş mələk” romanını qızıma cehiz verəcəm, yalnız bu kitabı oxuyandan sonra onu gəlin köçürəcəm. Mən bu əsəri mütaliə eləyəndən bəri ailə dəyərləri haqda daha dərindən düşünməyə başlamışam...”
Bunlar bir el müəllimi olan gənc atanın fikirləridir. Bildiyim qədər əsəri izləyənlər arasında sizin də yaxından-uzaqdan tanıdığınız deputatlar, alimlər, filoloqlar, şairlər, yazıçılar, jurnalistlər, feministlər, gənc naşirlər, hər nəslə mənsub fəallar var. Qəribədir ki, kitabımın bu qəbildən olan oxucularının çoxu kişilərdir (hər halda, əsəri oxuduğunu büruzə verən adamlardan söhbət gedir). Onlardan birini – bənzərsiz yazıçı, yüksək mənəvi-intellektual keyfiyyətləriylə həm orta, həm də gənc nəslin nümayəndələri arasında böyük rəğbət qazanmış Ataqamı feysbuk dostlarım yaxşı tanıyırlar. Bütün bu insanlarla birbaşa ünsiyyətdə ola bilməsəm də, redaktorum onların fikirlərini mənə çatdırır. Verdiyiniz bu fürsətdən yararlanıb kitabımı oxuyanların hamısına təşəkkürümü bildirirəm.
O ki qaldı sualınızda işarə vurduğunuz xanımlara, dediyiniz o yaşlı qadınlar bu yazıda özünü, öz taleyini tapanlardır – aşağı-yuxarı mənlə yaşıd olan, bir zamanlar könülsüz ərə verilən, qaynana dustaqlığında yaşayan, zülüm-zillətlə övlad böyüdən, özü qaynana olandan sonra da “müasir” fikirli gəlinlərdən sayğısızlıq görən binəva xanımlar, dünənin gəlinləri, bugünün nənələri. İndinin gəlini bətnindəki rüşeymin, hələ altı aydan sonra doğulası dölün şəklini qaynatasına göstərib muştuluq alır. Amma biz qaynata-qaynana yanında balamızı qucağımıza almağa, uşağımızın üzündən öpməyə həsrət idik. Qaynana baxa-baxa ərimizlə üz-üzə oturub deyə-gülə yemək yeyə bilməzdik, qaynana acanda acmalıydıq, əli əsə-əsə boşqabımıza nə qoyardısa onu da yeməliydik. Qənd qabındakı sanılı konfetin birini gizlicə ağzımıza atanda ailə məhkəməsinə çıxarılan, tamahkar, suyuq, oğru adıyla damğalanan gəlinlər olmuşuq biz. Qaynanamızın yataq otağımıza rahatca girməsinə baxışlarımızla etiraz eləyəndə ər təpiyində çilənən gəlinlər olmuşuq. Bax dediyiniz o yaşlı qadınların çoxu o qaynanaların şinelindən çıxıb deyə yazdıqlarım onlara maraqlı gəlir. Mən günü bu gün də atamın, qardaşlarımın yanında Cavidi qucaqlayıb öpə bilmirəm. Əlbəttə, indiki qızlar, gəlinlər bunları çətin başa düşərlər, bu baxımdan sizlə razıyam.
İndiyəcən yüzlərlə qadından minlərlə məktub almışam, yazanların çoxu gənc qızlar, cavan gəlinlərdir. Bəzisi kitabla bağlı fikirlərini bölüşür, bəzisi bu əsəri oxuyandan sonra doğmalarına münasibətinin dəyişdiyini deyir, bəzisi də məndən məsləhət istəyir. Qadın məsələləri üzrə ekspert olmasam da, hərdən təcrübədən çıxış eləyib gənclərə faydalı məsləhət verməyə çalışıram. Bir neçə ay əvvəl boşanmaq üzrə olan bir gəlin mənə yazırdı. Toyundan üç il ötsə də, hələ bakirə olan bu gəlini qaynanası doğmadığına görə divara dirəyib boşadırdı. Xanımla iki ay yazışandan sonra onu dərdini açıb baldızına deməyə razı sala bildim. Xırda bir müalicəylə hər şey qaydasına düşdü. Oxucum olan iki gəlini qayın təcavüzündən, birini qaynata murdarlığından xilas eləyə bilmişəm, buna görə Allahdan çox razıyam. O xanımlar bu gün də mənə duaçıdırlar, doğma analarına aça bilmədikləri könül sirlərini mənlə bölüşürlər.
Hərdən ailəsi dağılmaqda olan bəziləri məndən ərlərini işə düzəltməyi də xahiş eləyirlər. Bax onda Qəribi ağlamaq tutur...
- Hamı Bircənin uğurunda müəllifin gizli qalmasının da böyük rolu olduğunu söyləyir. Bunu qəsdənmi elədiniz? Şəkliniz görünsəydi, adınız-ünvanınız bilinsəydi, roman populyar olmazdımı, sizcə?
- Özümü tanıyandan nəsə yazmışam, amma sırf özüm üçün, necə deyərlər, özümdən özümə. Əvvəllər kiçik bacım Lalənin də yazmaq həvəsi vardı. Təzə evlənən vaxtlarında bazar torbasının üstünə, ərinin gətirdiyi qəzetlərin ağ yerlərinə nəsə yazırmış. Əri bunu görüb elə bir şəbih çıxarmışdı ki, xəbəri gedib qardaşlarıma çatmışdı. Kamil qısqanc ərin havasını almaq üçün demişdi: “Kaş mənim də arvadım kitabımın quncuna, dəftərimin qırağına bircə misra şeir yazaydı”. Mənim dərdləşməyə bacılığım, rəfiqəm olmamışdı deyə sirrimi yazılarıma verirdim, yazdıqlarımın çoxunu dönə-dönə oxuyandan sonra cırıb atırdım, çünki bir-iki dəfə çaşıb sirrimi-sözümü verdiyim adamlar dönük çıxmışdılar, taleyimə böyük zərbə vurmuşdular. O vaxtdan sözümü-sirrimi gizləməyə, pərdələnməyə vərdişkar olmuşam.
İnsanın beynindən gün ərzində on minlərlə fikir-xəyal keçir. Bunların heç də hamısı xoş xəyallar, müsbət fikirlər olmur. Məsələn, mən xəyalən kiməsə xəyanət eləyirdim, sonra bu xəyalımı yazıya çevirməklə xoşbəxt olurdum (görünür, ədəbi fantaziya, şairlik-yazıçılıq elə bu cür “məşqlər” sayəsində formalaşır), uydurmalarımı insan övladına danışanda isə çarmıxa çəkilirdim. Yazı mənə həmişə dərman kimi, məni gerçəkliyin dustaqlığından azad eləyən həb kimi gəlib. Mənim iki yolum vardı: ya özümü tam isnad verib həyat hekayəmi başqalarının qəziyyəsi kimi qələmə almalıydım, ya da pərdə arxasına çəkilib olanları olduğu kimi danışmalıydım. Redaktorumun məsləhətiylə mən ikinci yolu seçdim. İndiyə qədər keçilən yol, verilən reaksiyalar göstərir ki, şükür, yanılmamışıq.
- Dünyada ikinci roman sindromu var. Görkəmli yazıçıların bəziləri, məsələn, Selincer bu sindromdan əziyyət çəkib. Harper Li məşhur “Bülbülü öldürmək” kitabından sonra ikinci roman yazmağa ürək eləməyib ki, birdən ilk romanın kölgəsində qalar. Sizdə də bu cür qorxu varmı? Yazdığınız ilk roman böyük uğur qazandı, hamının gözü sizdədir...
- Yazılası, yazmağa dəyər xeyli mövzu var. Onlardan biri lap bişmiş, yetişmiş haldadır, əminəm ki, yaza bilsəm, bundan da populyar olar. Qaldı qorxu məsələsinə, mənim ədəbiyyata elə böyük iddiam olmayıb deyə, ədəbi müstəviyə planlı şəkildə, hansısa bir strategiya ilə ayaq basmamışam deyə elə bir qorxum da yoxdur. Həm də bildiyim qədər böyük yazıçıların bir qismi ən yaxşı əsərini yaradıcılığının erkən çağında, bir qismi də yetkin çağında yazıb. Bunu xatırlatmaqla özümü, əstəğfürullah, böyük sənətkarlara tay tutmuram; demək istəyirəm ki, örnək saydığımız yazıçılar heç də bənzər yaradıcılıq yolu keçməyiblər. Özümə gəlincə, inşallah, bu kitabı salamat başa vura bilsəm, mənə bu da yetər, başqa kitablar haqda danışmaq indi çox tezdir.
- Sizi şəxsən tanıyan olmadığı üçün bəzi oxucular elə düşünürlər ki, romanı əsərin redaktoru Fəxri Uğurlu yazır, bu imzayla çap etdirir. Bu haqda nə deyə bilərsiz?
- Bu sualı mənə çox veriblər. Əgər mənim yazım Fəxri Uğurlunun qələminə layiq görülürsə, əslində, mən buna sevinməliyəm, bunu bir kompliment kimi qəbul eləməliyəm. Ancaq mənə bu sualı ünvanlayanlar özlərinə də sual versinlər görək, tanınmış bir qələm adamı ayrı ad altında niyə gizlənsin axı, onun buna nə ehtiyacı var? Başqa məsələ ki, bu kitabın yazılmasında da, oxuculara çatdırılmasında da onun danılmaz əməyi var. Onun məsləhəti, dəstəyi, ürək-dirək verməsi olmadan mən bu ağır yükün altına girə bilməzdim. Kitabın uğurunu gördükcə o, məndən artıq sevinir, mənim özümə, sözün düzü, bütün bunlar hələ də yuxu kimi gəlir. Məni bu işə təhrik eləməkdə Fəxri bəyin bircə məqsədi vardı: Azərbaycan ədəbiyyatına sırf qadın romanı, daha doğrusu, qadınlıq romanı ənənəsini gətirmək. O, əvvəldən bu fikirdəydi ki, bu kitab yeni dövr ədəbiyyatımızda, balaca da olsa, yeni bir cığır açacaq. Təvazökarlıqdan uzaq olmasın, sonrakı illərdə bunun bəzi əlamətlərini gördük ki, bu da bizi çox sevindirir.
- Oxucular bilmək istəyirlər, üçüncü bölüm bitəndən sonra əsərin dərci niyə dayandırıldı? Yaradıcı iş gedir, yoxsa hansısa problem var?
- Dördüncü bölümün böyük hissəsi hazırdır. Bu bölüm mənim Bakı həyatımın ilk mərhələsindən bəhs eləyir. O illərim də çətin, ağlı-qaralı, həm də maraqlı keçdi. Ona qədər atamın, qardaşlarımın qazancını yeyirdim, oğlumun, özümün ehtiyaclarını onların verdiyi pulla ödəyirdim. İndi böyük şəhərdə öz başımı özüm dolandırmalıydım, üstəlik, tələbə oğlumu da saxlamalıydım, onu şər təmayüllərdən qoruyub, elinə, yurduna bağlı vicdanlı, savadlı vətəndaş kimi yetişməsinə dəstək verməliydim. Bakıda azadlıq tapdım, iş tapdım, ancaq içimdə oturub mənə seçim anlarında daim doğru yol göstərən, məni çox qada-bəladan qoruyan o müdrik, o həlim, o şəfqətli qadını böyük şəhərin tünlüyündə azdırıb itirdim. Özümdən azıb itdim, yenə hər tikəm bir dərəyə dağıldı, o tikələri bir yerə toplayıb calamaq neçə qızıl kimi ilimi apardı...
- Kitab şəklində çap olunmamış hissələri nəşr etdirmək fikriniz varmı?
- Birinci, ikinci bölümlər kitaba çevrilib. Üçüncü bölümü də, inşallah, yəqin yaza doğru kitab halına gətirərik.
- Maraqlıdır, internetdə geniş oxucu kütləsi qazanmış roman kitab şəklində necə satıldı? İnternetdə yayılmasının kitabın satışına təsiri oldumu?
- Əlbəttə, bu romanı izləyənlərin əksəriyyəti əsəri internet saytlarından oxuyur. Kitab şəklində böyük olmayan tirajla nəşrini mən özüm arzulamışdım, o kitablara mən oyuncağım kimi baxırdım – yeniyetmə qız boynundan-qulağından muncuq-sırğa asıb güzgü qabağından çəkilmədiyi kimi, mən də ilk zamanlar o kitablarla bir xeyli oynadım. Burda neçə faizi satılıb, indi dəqiq deyə bilmərəm, ancaq hər iki kitab bəyənən oxucuların vasitəsilə Ukraynaya, İsveçə, Almaniyaya, İspaniyaya, Amerikaya, Kanadaya qədər gedib çıxdı. Dünənəcən özümdən savayı heç kəsə bəlli olmayan ömür dastanım indi nəinki vətənimizin bölgələrini, kəndlərini, hətta ölkələri, qitələri gəzir. Nə gözəl! Zatən mən nəinki bundan artığını, heç bu qədərini də arzulamamışdım.
- Bilirik ki, romandan əlavə hekayələriniz də var. Onları toplu halında nə zaman oxuya biləcəyik?
- Xeyli natamam hekayəm var. Yazmağa çox tənbələm. Bəzən həftələrlə yazı masama yaxın gedə bilmirəm, gedəndə də yazmamaq üçün min bir bəhanə axtarıb tapıram. Roman başa çatmamış hekayələrlə uğraşmağa yəqin macalım olmayacaq, ondan sonra, sağlıq olsa, baxarıq.
- Bircənin günlük həyat, iş qrafiki necədir? Sizi nə yorur, nə qorxudur? Nələr xoşbəxt eləyir?
- Qadın yaşam kodunu düzgün oxumaqla öz həyatını arzuladığı istiqamətə yönəldə bilər. Qadının beynində, ürəyində elə bölgələr, elə adalar var, oranı ancaq özü tanıyır. Həyat elə bir iş qurar ki, qadın o bölgəyə ayaq basmadan ölüb gedər. Gəncliyində həyatı daha rəngbərəng olar deyə o bölgəni toxunulmaz saxlayar. Elə ki bir az yaşlandı, başının hay-küyü dağıldı, özünü götürüb o ayaq dəyməmiş adalarına çəkilər. Qadın o adada qanqal da yetişdirə bilər, İrəm bağındakı güllərdən də becərə bilər. Ən gözəli bilirsizmi nədir? Öz gücünlə yara-yara gedib çıxdığın o çiçəkli təpədə səni hamının görə bilməsi!
Mən də bir çox qadınlar kimi səhərlər işə tələsirəm. Yaşam tələblərimi ödəmək üçün ruhuma yad kollektivlə, arzulamadığım bir işdə çalışıram. Saat dördə qədər işimi görüb bitirirəm, qalan iki saatı gözləmək mənə işgəncə verir. O iki saat özümün olsa, ora çox şey sığışdıraram.
Məni hər şeyə burnunu soxan, gözü onun-bunun həyatında qalan, başqalarını təftiş eləməkdən usanmayan, sən saçına bir durna teli sancdınsa, tez qaçıb birəli toyuqdan bir lələk çəkib başına taxan adamlar yorur.
Qorxularıma gəlincə, əvvəllər əzizlərimi itirmək qorxusu bir an canımdan çıxmırdı. Gecələr bu qorxu tabut kimi sinəmə çökürdü. Bir neçə il qabaq bu dərdimi yanına az qala qaça-qaça getdiyim məşhur psixiatra (əziz Ağabəy Sultanov onda artıq bu dünyadan köçmüşdü) danışdım. Həkimin cavabı qəlbimə məlhəm səpdi, sinirlərimi gəmirən xofdan, vahimədən bir müddət azad oldum. Qısa desəm, psixiatr mənə bunları söylədi: “Mənə gələn hər zəngdən diksinirəm. Gözümün ağı-qarası bir oğlum var, qapım döyüləndə elə bilirəm kimsə onun ölüm xəbərini gətirəcək. Bir qara köynəyim olanda onu ehtiyat saxlayıram, ürəyimdə deyirəm ki, oğlumun başına bir iş gələrsə geyinməyə qara paltarım olsun. Ata-anamın qəbrini ziyarətə gedəndə ağlıma dəhşətli fikirlər sızır, valideynlərimin arasındakı boş yerə baxıb düşünürəm ki, oğlumu burda dəfn eləyərəm. Ağlıma gələnlərdən qorxub arxama baxmadan qəbiristanlıqdan qaçıram. Yol boyu özümü söyürəm, ağlıma belə alçaq şeylər gətirdiyimə görə özümə lənət oxuyuram. Oğlumu görəndə ona sarılıb sakitcə ağlayıram, ona son dəfə baxırmış kimi baxıram... Hər insanın vücudunda dəhşətli qorxular cövlan eləyir. Ona görə də adam var gücünü toplamalı, ona diş qıcayan şeytana məğlub olmamalıdır”.
Günlük rejimim elə də maraqlı deyil, necə deyərlər, səhər naxıra, axşam axura. Dost bildiyim xanımların sayı bir əlin barmaqlarından da az olar, onlarla da seyrək-seyrək görüşürəm. Qohumlarımı ancaq xeyirdə-şərdə görürəm. Laləni ayda azı iki dəfə görməsəm, elə bilirəm qəribliyə düşmüşəm. Qardaşlarımla, demək olar, hər gün telefonla danışıram. Bununla belə, həmişə təklik, sakitlik arzulamışam.
Xoşbəxt olmağı da bacarıram. Keçən qış bərk xəstələnmişdim. Hörmətli diktorumuz Sevda xanım Ağazadə mənə yazdı ki, ünvanı verin gəlim sizə baş çəkim, dərman, isti şorba gətirim, ya da heç olmasa adam göndərim. Bəlkə də Sevda xanım bilmədi onun bu təklifi məni necə xoşbəxt elədi, tez sağalmağıma vəsilə oldu. Çoxdan axtardığım köhnə kitabı bukinistdən tapıb alanda, udduğum dərman ağrılarımı tez kəsəndə, uşaqlıq yoldaşlarımla rastlaşanda, gəlib məni evdə tapmayan oğlumun qapımın dəstəyindən asdığı çiçəyi, yazıb masamın üstünə qoyduğu kağızı görəndə məndən xoşbəxt varlıq olmur dünyada.
- Etikadan kənar da olsa, belə bir sualımız da var: ananız vəfat etsə, kədərlənərsinizmi? Nədənsə onun obrazı bizə bağlı qutu kimi görünür.
- Mənim anam öz yaşıdlarına, eltilərinə, bacısına baxanda çox xoşbəxt, yarımış bir qadındır (Doğrudur, bir neçə il qabaq fələk onun da aşına zəhər qatdı, anamın ciyərinə dağ çəkdi, ancaq bu barədə indi danışmaq istəmirəm, inşallah romanın qarşıdakı bölümündə bu hadisələr əksini tapacaq). Atam, qardaşlarım ona hər zaman ehtiram göstərib, qulluğunda durublar. Anam bəlkə də nənəm kimi əzazil bir qaynanaya dözməyinin mükafatını alır. Mənim hesabımla onun obrazı kitabda bir xeyli açılmış olmalıdır. Anam ümumən çox təzadlı qadındır, qohuma-yada həmişə səxavətli olub, ac qarınlar doyurub, üryan canlar geyindirib. Onun məni sevməyini bir zaman çox arzulayırdım, ondan mehir görməyəndə özümlə ana-bala oyunu oynayırdım – anamdan umduğum qayğını özüm özümə göstərir, sonra da özümü inandırırdım ki, bunları anam elədi mənə. Bir müddət sonra bundan da yoruldum, özümü aldada bilmədim. İndi elə yaşdayam ki, daha o sevgiyə ehtiyac duymuram. Hərdən yanımda kimsə “Kaş anam sağ olaydı, başımı dizinə qoyub yataydım”, yaxud da “Xəstələnmişəm, anam gəlsəydi sağalardım” deyəndə mənim bir əzam da tərpənmir. Dadını bilmədiyi, ömründə yemədiyi bir təamı adam arzulamaz. Ağrısını ölənəcən unutmayacağım yaralar aldım, ölümcül əməliyyatlardan keçdim, çəkimdən ağır yük qaldırdım, ovcuma qoyulan dərdimi səhərə qədər üfürüb ağladım, bircə dəfə “ay ana, gəl” demədim. Qısası, mənim varlığımın o tərəfi ömürlük iflic olub.
Bir deyim var ey, cənnət anaların ayaqları altındadır, ona heç vaxt inanmamışam. Əgər cənnət deyilən bir yer varsa, o yer Üzeyir bəyin, Cavidin, Cavadın, Müşfiqin ayaqları altındadır. Bilirəm, bu fikirlərimə görə məni qınayacaqlar, ancaq unutmayın ki, mən özüm də anayam. Təbiət doğmağı, böyütməyi, sevməyi, bəsləməyi, fədakar olmağı bir instinkt kimi hər növdən, hər sinifdən olan anaların fitrətinə yeridib. Mən anayam deyə xəncərimi sıyırıb övladımın çiynində oturmamalıyam, doxsan doqquz il yaşayıb övladımın ömrünü cəhənnəmə çevirməməliyəm, ölümümlə onu sevindirməməliyəm.
- Əsərinizdəki qəhrəmanların hamısı bizə doğmalaşıb. Səməndərin, Kamilin, Hakimin, Telli mamanın, Maralın, Bəhruzun... şəkillərini görmək, onların indiki həyatına şahidlik eləmək istərdik.
- Qismət olsa, ömrümdən qızıl xətlə keçən bu insanların şəkilləriylə, həyatlarının kitabda görünməyən tərəfləriylə hər birinizi tanış eləmək mənim də müqəddəs arzumdur. Həm də borcumdur. Bəlkə, bir zaman gələr, bu kitabı personajların foto-illüstrasiyaları ilə bəzəyib çap edərik. Doğmalarımın sizin də doğmanıza çevrilməsi isə mənim ən böyük mükafatımdır. Bu kitabın mənə verə biləcəyi ən böyük xoşbəxtlik məhz budur.
- Çatmadığınız, arzu kimi qalan istəkləriniz olubmu?
- Arzularımın çoxuna qovuşmuşam. İndi Tanrıdan ən böyük diləyim “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanını sağ-salamat başa çatdırmaqdır. Bir də iri bir kitabxanamın olmasını arzulayıram.
Xoşbəxtlikdən mənim yoluma yaxşı adamlar çox çıxıb. Cəfakeş doğmalarım, gözəl müəllimlərim, yaxşı qonşularım, qayğıkeş həkimlərim, halımı duyan dostlarım olub. Belə dostlarımdan biri də kulis.az saytı, onun yaradıcı kollektividir. Bu sayt mənə ata ocağı, qardaş evi kimi qucaq açdı, son üç ildə məni həmişə diqqətdə saxladı, qolumdan tutub məni xalqa isnad verdi, dərdimi-sevincimi oxucularla bölüşməyimə şərait yaratdı, mən pərdə arxasına çəkiləndə narahat oldu. Məni evinin yuxarı başında əyləşdirib bəzəkli süfrəsinə qonaq elədiyinə görə saytınızın yaradıcılarına, kollektivinə, əziyyətimi çəkmiş hər kəsə dünya durduqca minnətdaram. Allah əməyinizi itirməsin!
- Biz də sizə təşəkkür edirik.