Təhqirə layiq görülən Cümşüd Nuriyev - Nobelə layiq görülən Aleksiyeviç

Təhqirə layiq görülən Cümşüd Nuriyev - Nobelə layiq görülən Aleksiyeviç
28 noyabr 2019
# 12:20

Qadının mətbəxdə və soba kənarında qalması orta statistik Azərbaycan kişisinə inanılmaz rahatlıq gətirib. Əgər qadın evdədirsə, uşaq saxlayıb horra bişirirsə, deməli, onun əri, atası, qardaşı, hətta xalası və dayısı oğlanları sinələrini qabağa verə, adam arasına şəstlə çıxa, toyda-mağarda qürrələnə bilər. Elə ki, qadın mətbəxdən qonaq otağına, ordan dəhlizə, ordan küçəyə çıxdı, kişi narahatlığı başlayır.

Hərdən mənə maraqlı gəlir; bizdəki sayca heç də az olmayan yaradıcı qadınlar necə, hansı şəraitdə meydana çıxa biliblər? Onlara bu şəraiti hansı böyük kişilər yaradıb? Bu məsələni ona görə öz qadınlarımızın üzərinə gətirib çıxarıram ki, ötən gün vaxtilə deputat olmuş, milli məclisdə əyləşmiş qadın, uşaq, kişi, bir sözlə insan haqları barədə müzakirələrə qoşulmuş, təklif verib, rəy bildirmiş, üstəlik Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri olmuş Cümşüd Nuriyev “intresni” fikirlər səsləndirib və bütün ölkə də başlayıb onu söyüb-yamanlamağa.

Vaxtilə Qarabağda döyüşmüş bir qrup qadın, onun ağıl və düşüncəsinə görə, əxlaqız imiş!

İlahi, Xocalı söhbətindən xəbərdar olan, müharibə görmüş bir insan necə bu qədər səthi düşünə bilər?

İnsan nə qədər kasad olmalıdır ki, öz feodal düşüncəsini TV vasitəsi ilə açıqlasın, sonra da bu açıqlamanı bir az əlinə, bir az üzünə, bir az da daha nə bilim harasına bulaşdırsın.

2015-ci ildə “Müharibə qadın simalı deyil” romanına görə “Nobel” mükafatına layiq görülən belorus yazıçı Svetlana Aleksiyeviç müsahibələrində bildirir ki, müharibədə iştirak edən qadınları tapmaq, onları danışdırmaq üçün çox böyük əziyyət çəkib. Əslində, yazıçı bu sözləri deməsəydi belə biz romanı oxuyanda İkinci dünya müharibəsində rus qadınlarının hansı məşəqqətlərlə üz-üzə qalmalarının, amansız tale yaşamalarının şahidi oluruq. Təsəvvür edin, böyük bir region darmadağın olur, kişilər, uşaqlar, qocalar məhv edilir, yerdə qalanlar amansız aclıqla üz-üzə qalır. Bəs bu uşaqların anaları, qocaların qızları, kişilərin arvadları harda idi? Təbii ki, ölməyiblərsə, müharibədə! Bacarıqlıları səngərlərdə, top-tüfəng arxasında, bacarıqsızları, qana, ölümə tab gətirə bilməyənləri arxa cəbhədə...

Aleksiyeviçin qəhrəmanları deyirlər ki, onlar müharibəyə gedə bilməkdən ötrü on dörd yaşı on səkkiz yaş yazdırırdılar.

Bu qızcığazların böyüməyə vaxtları yox idi!

Evlərinə qayıdanda artıq həm zahirən, həm də mənən qocalmışdılar. Özləri də etiraf edirlər ki, sevdikləri kişilər onların qucağında can verib, sağ qalanlar müharibə bitəndən sonra öz ailələrinin yanına geri dönüblər. Vaxtilə dost, sevgili olan kişilər müharibə bitən kimi heç kimə çevriliblər. Deməli, müharibənin, bomba partlayışlarının içində həm də bir sevgi, bir sevgililik missiyası olub. İnsanları ayaqda saxlayan həm də bu hisslər deyildimi?

Belə bir bəşəri əzəmətin qarşısında kiminsə “pastel”ini güdmək və düşük namus-qeyrət söhbəti eləmək bir ziyalı üçün nə deməkdir, anlatmaq imkansızdır!

Qadın yaradılış etibarı ilə cəlbedici olduğundan şah, sultan saraylarında xüsusi güc hesab edilib. Afrikaya qədər gedib çıxmış Osmanlı imperiyasının parçalanmasında xristian qadınlarının inanılmaz rolu olub.

Yaxın Rusiyada, Avropada qadının müharibədəki roluna namus prinsipi ilə yanaşılmayıb. Əks tərəfə kəşfiyyata göndərilən qadınlar qələbə naminə düşmən generallarının, komandirlərinin yatağına girməyi belə özlərinə ar bilməyiblər. Bu barədə yüzlərcə film çəkilib, əsər yazılıb.

Mən demirəm bizdə də belə olub, yaxud olmalıdır. Mən deyirəm, hər şeyin öz yeri var. Ölüb-öldürülən yerdə onun-bunun ayaqlarının arasını güdmək heç bir əxlaqa sığmır. Bunu ictimai statusu olan bir ziyalı edirsə, sözün bitdiyi yerdəyik...

Təsəvvür edin, ziyalı dediyimiz bu adam səhər yuxusundan durub şirin çayını qaşıqlayarkən, qəfildən qərara gəlir ki, müharibədə iştirak edən qadınlarımız əxlaqsız olub, əsgərlərlə sevgi yaşayıb və buna etiraz etmək lazımdır!

Türklər demiş, sorun bumu yani?!

Svetlana Aleksiyeviç kimi möhtəşəm qələm adamı illərlə qapı-qapı düşüb müharibədə iştirak edən qadınları tapır, onların acılı-şirinli xatirələrini kədərlə, qüssəylə, göz yaşıyla qələmə alır, bizdə isə ağsaqqal bir kişi, tanınmış bir ziyalı bu cür nahamar, gərəksiz, əsassız fikirlər səsləndirir.

Demək, sabah müharibə başlansa, mən, Şahsənəm, Sayalı, hansımız kömək üçün getsək o saat əxlaqsız olacağıq. Allah ağıl versin.

Deyəsən, bu sayaq “namus-qeyrət dəllalları” çox olduğu üçün nə torpaq alanımız var, nə Nobel alanımız...

# 6806 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" mükafatlı aktrisa 10 nəfərlə öpüşməli olduğunu dedi

"Oskar" mükafatlı aktrisa 10 nəfərlə öpüşməli olduğunu dedi

12:30 25 aprel 2024
Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
# # #