Dostoyevskinin "Timsah" hekayəsinin davamı – İlk dəfə

Dostoyevskinin "Timsah" hekayəsinin davamı – İlk dəfə
21 noyabr 2019
# 12:08

Kulis.az Etimad Başkeçidin tərcüməsində dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin "Timsah" hekayəsinin davamını təqdim edir.

əvvəli burada...

- Yaşayıram, özü də sağ-salamatam, - İvan Matveiç cavab verdi,

- Tanrının köməyi ilə heç xəsarət almadan udulmuşam. Məni yalnız bir şey narahat edir: rəhbərlik bu epizoda necə baxacaq? Axı xaricə getmək üçün bilet götürdüyüm halda gəlib timsahın qarnına düşmüşəm, bu elə də ağıllı iş sayılmaz…

- Dostum, ağıl-fərasət barədə düşünməyin yeri deyil; hər şeydən öncə səni burdan eşələyib çıxartmaq lazımdır, - Yelena İvanovna onun sözünü kəsdi.

- Eşələmək! – Sahib çığırdı, - mən qoymaz eşələmək timsahı. İndi camaat çox-çox gəlmək, mən də fuftsiq qəpik almaq, Karlxen də çox tıxmamaq.

- Qot zey dank! – Sahibə onun səsinə səs verdi.

- Onlar haqlıdırlar, - İvan Matveiç sakitcə dilləndi, - iqtisadi prinsip hər şeydən əvvəl gəlir.

- Dostum, - mən qışqıraraq dedim, - bu dəqiqə rəhbərliyin üstünə qaçıb şikayətlənəcəyəm, çünki hiss edirəm ki, bu işi təkbaşına görə bilməyəcəyik.

- Mən də elə düşünürəm, - İvan Matveiç dedi, - ancaq indiki ticari böhran dövründə iqtisadi maraq olmadan timsahın qarnını yarmaq çətin məsələdir, bu mənada qaçılmaz sualla üzləşirik: sahib öz timsahı üçün nə qədər pul istəyəcək? Burdan da başqa sual çıxır: bu pulu kim ödəyəcək? Sən axı bilirsən, əlim aşağıdır…

- Ümid qalır maaşa, - çəkinə-çəkinə dedim, ancaq sahib o dəqiqə sözümü yarıda kəsdi:

- Mən timsahı satmamaq, mən üç min satmaq timsahı, mən dörd min satmaq timsahı! Artıq çox adam gəlmək! Mən beş min satmaq timsahı!

Bir sözlə, o əməlli-başlı həyasızlıq edirdi; tamahkarlıq və pul-para hərisliyi onun gözlərində sevinc qığılcımları kimi sayrışırdı.

- Mən getdim! – Mən qeyzlə qışqırdım.

- Mən də! Mən də gedirəm! Andrey Osipıçın özünün yanına gedəcəyəm, onu göz yaşlarımla rəhmə gətirəcəyəm, - Yelena İvanovna zarıdı.

- Bunu eləmə, dostum, - İvan Matveiç tələsik onun sözünü kəsdi, çünki çoxdandı arvadını İvan Osipiçə qısqanırdı və bilirdi ki, arvadı gedib təhsilli adamın qarşısında həvəslə ağlayacaq, ona görə ki, ağlamaq ona çox yaraşırdı. – Elə sənə də məsləhət görmürəm, dostum, - o, mənə müraciət etdi, - götür-qoy eləmək lazımdır: nə olar, nə olmaz. Yaxşısı budur bu gün, elə-belə, şəxsi ziyarət kimi, Timofey Semyonıçın yanına gedəsən. O, köhnə dəbli və dayaz adamdır, amma ağır taxtalıdır, başlıcası isə sözü üzə deyəndir. Ona mənim əvəzimdən baş endir və işin təfərrüatlarını danış. Sonuncu kart oyununda ona yeddi manat borcum qalıb, fürsətdən istifadə eləyib, bu pulu ödə: bu, zabitəli qocanı yumşaldar. Hər halda onun məsləhətini əldə rəhbər tutmağa dəyər. İndi isə, hələlik Yelena İvanovnanı burdan apar… Sakit ol, dostum, - o davam edirdi, - mən bu hay-küydən və arvad dedi-qodularından yoruldum, bir az yatmaq istəyirəm. Bura isti və rahatdır, düzdür, hələ bu gözləmədiyim yerə tam göz gəzdirməmişəm…

- Göz gəzdirmək! Məgər ora işıqlıdır? - Yelena İvanovna sevincək çığırdı.

- Ətrafımda göz-gözü görmür, - bədbəxt dustaq cavab verdi, - ancaq mən, necə deyərlər, əlləyə-əlləyə yoxlaya bilirəm… Salamat qal, sakit ol və əyləncələrindən qalma. Sabaha qədər! Sən isə, Semyon Semyonıç, axşam tərəfi mənə baş çəkərsən. Dağınıq adamsan, unuda bilərsən, düyün vur ki, yadından çıxmasın…

Boynuma alıram, elə özüm də çıxıb getmək istəyirdim, çünki çox yorulmuşdum, üstəlik, bir az da bezmişdim. Gecikdirmədən hüznlü, amma həyəcandan qəşəngləşmiş Yelena İvanovnanın əlindən tutub, timsahın olduğu yerdən çölə çıxardım.

- Axşam giriş yenə iyirmi beş qəpik olacaq! – sahib arxamızca qışqırdı.

- İlahi, nə xəsis adamlardır! – Deyəsən, qəşəngləşdiyini özü də hiss eləyən Yelena İvanovna Pasajdakı divar və pəncərə aralıqlarından asılmış bütün güzgülərə göz yetirə-yetirə söylənirdi.

- İqtisadi prinsip, - mən yüngül həyəcanla və yoldan keçənlərin qarşısında öz xanımımla qürrələnərək cavab verirdim.

- İqtisadi prinsip… - O, simpatik səslə, sözləri uzada-uzada dedi, - mən bayaq İvan Matveiçin bu iyrənc iqtisadi prinsip barədə dediklərindən heç nə başa düşmədim.

- Mən sizə izah edərəm, - cavab verdim və dərhal xarici kapitalın vətənimizə cəlb edilməsinin xeyirli nəticələri haqqında danışmağa başladım, bu barədə hələ səhər-səhər «Peterburqskie izvestiya» və «Volos» qəzetlərindən oxumuşdum.

- Bütün bunlar çox qəribədir! – O, bir müddət dinlədikdən sonra məni dayandırdı, - bəsdir, mənfur insan; cəfəng şeylər danışırsınız… Deyin görüm, çox qızarmışam?

- Siz qızarmamısınız, gözəlləşmisiniz! – Ona kompliment demək fürsətini qaçırmadım.

- Dəcəl! – O, özündən razı halda söyləndi. – Yazıq İvan Matveiç, - bir dəqiqə sonra başını işvəylə yana əyib, əlavə etdi, - ona doğrudan da yazığım gəlir, aman Tanrım! – qəfildən səsini ucaltdı, - bəs o, bu gün orada necə yemək yeyəcək və…və… nəsə eləmək istəsə, neyləyəcək?

- Gözlənilməz sualdır, - sual məni də çətinə saldı. Doğrusu, bu mənim ağlıma gəlməmişdi, gör həyati məsələlərin həllində qadınlar biz kişilərdən nə qədər fərasətlidirlər!

- Zavallı, nə pis ilişdi… əyləncə-filan yox, qaranlıq yer… heyif ki, məndə onun foto kartoçkası qalmayıb… Deməli, mən indi bir növ dulam, - o, yəqin ki, özünün yeni vəziyyətini düşünərək, şirin-şirin gülümsədi, - hm…hər halda, heyf ondan!..

Bir sözlə, bu sözlərdə cavan, yaraşıqlı arvadın öz ərinin xiffətini çəkməsi ifadə olunurdu. Nəhayət onu evə gətirdim, sakitləşdirdim, onunla birgə nahar etdim və bir fincan ətirli qəhvə içdikdən sonra saat altıda Timofey Semyonıçın yanına yollandım. Fikirləşirdim ki, bəzi ailəli iş adamları bu saatda evdə oturur, ya da uzanıb dincəlirlər.

Bu birinci fəsli haqqında danışdığımız hadislərə uyğun səpgidə qələmə aldım, ancaq bundan sonra yüksək üslub sayılmasa da, daha təbii yazı tərzindən istifadə edəcəyəm, oxucunu da bu başdan xəbərdar edirəm.

II

Möhtərəm Timofey Semyonıç nəsə məni tələsik və sanki bir qədər pərişan görkəmdə qarşıladı. O, məni öz darısqal kabinetinə aparıb, qapını kip bağladı: «Uşaqlar mane olmasınlar», - aşkar narahatlıqla dedi. Sonra məni yazı masasının yanındakı stula əyləşdirdi, özü isə kresloya oturdu və pambıq xalatının ətəklərini çəkərək, hər ehtimala qarşı xeyli rəsmi, hətta zabitəli görkəm aldı. Baxmayaraq ki, nə mənim, nə də İvan Matveiçin müdiri deyildi, indiyə kimi sadəcə iş yoldaşı, adi tanışımız sayılırdı.

- Hər şeydən öncə, - o, sözə başladı, - nəzərə alın ki, mən rəhbər deyiləm, siz və İvan Matveiç kimi rəhbərin əlinin altında işləyən adamam… Mən kənar adamam və heç nəyə bulaşmaq niyyətində deyiləm.

Onun, bəlkə də, hər şeyi bildiyini görüb, təəccübləndim. Buna baxmayaraq, olub-bitənləri bütün təfərrüatıyla ona yenidən danışdım. Bu zaman bir qədər həyəcanlandım da, çünki bu dəqiqələrdə əsl dostluq borcunu yerinə yetirirdim.

Onun üzündə açıq-aşkar şübhə əlamətləri sezilirdi, amma dediklərim onu o qədər də təəccübləndirmədi.

- Bilirsinizmi, - o, dinlədikdən sonra dedi, - həmişə güman etmişəm ki, onun başına belə bir iş gələcək.

- Necə yəni, Timofey Semyonıç, öz-özlüyündə bu çox qeyri-adi hadisədir axı…

- Razıyam. Ancaq İvan Matveiç işlədiyi vaxtdan elə hey bu nəticəyə doğru gedirdi. Zirək adamdır, bir az da təkəbbürlüdür. «Tərəqqi» deyib durur, müxtəlif ideyalar… Gör tərəqqi dediyin nəsnə haralara gətirib çıxarır!

- Axı bu görünməmiş hadisədir, tərəqqipərvər insanların hamısının başına belə iş gəlmir…

- Yox, orası elədir. Bu, bilirsinizmi, lazım olduğundan da artıq təhsilli olmaqdan irəli gəlir, inanın mənə. Çünki lazım olduğundan çox təhsil görmüş adamlar burunlarını hər yerə soxurlar, xüsusən də, lazım olmayan yerlərə. Amma, bəlkə də, siz məndən çox bilirsiniz, - O, incik səslə əlavə etdi. – Mən elə də təhsilli adam deyiləm, özü də yaşlıyam; əsgər uşağı olmuşam, artıq əlli ildir ki, bu qulluqdayam.

- Yox, yox, Timofey Semyonıç, nə danışırsınız. Əksinə, İvan Matveiç sizin məsləhətinizi gözləyir, ona yol göstərmənizi istəyir. Hətta, necə deyərlər, göz yaşları içində…

- «Necə deyərlər, göz yaşları içində». Hm. Amma bu, timsahın göz yaşlarıdır, onlara inanmaq olmaz. Bax, deyin görüm, onun xaricdə nə ölümü var? Hansı pulla gedirdi xaricə? Elə çox pulu-parası da yoxdur axı?

- Qənaət etdiyi pullarla gedirdi, Timofey Semyonıç, sonuncu pul mükafatlarıyla. – Cəmi üç aylığına gedirdi, - İsveçrəyə… Vilhelm Tellin vətəninə.

- Vilhelm Tellin? Hm!

- Baharı Neapolda qarşılamaq niyyətindəydi. Muzeylərə baxmaq, adət-ənənəyə, heyvanlara…

- Hm! Heyvanlara? Məncə, bunların hamısı təkəbbürdən, lovğalıqdandır. Hansı heyvanlara? Heyvanlara? Məgər bizdə heyvanlar azdır? Heyvanxanalar var, muzeylər, dəvələr var. Peterburqun həndəvəri ayılarla doludur. Elə onun özü də timsahın qarnına düşüb də…

- Timofey Semyonıç, bağışlayın, adamın başına iş gəlib, adam sizi dost bilib yanınıza gəlir, yaşlı qohum kimi sizə ağız açır, məsləhətinizi istəyir, sizsə onu məzəmmət edirsiniz… Heç olmasa, bədbəxt Yelena İvanovnaya yazığınız gəlsin!

- Onun arvadını deyirsiniz? Maraqlı xanımdır, - deyəsən bir qədər yumşalmış Timofey Semyonıç tənbəkini həzzlə qoxlayıb dedi. – Zərif məxluqdur. Tökmə bədənli, başını da elə hey yana əyir, hey əyir… Çox gözəldir. Andrey Osipıç hələ üç gün əvvəl ondan danışırdı.

- Danışırdı?

- Danışırdı, özü də kifayət qədər tərifli sözlərlə. Döşləri, deyirdi, baxışları, saç düzümü… Qadın deyil, dedi, baldır, sonra da güldü. Cavan adamdır… - Timofey Semyonıç bərkdən burnunu çəkdi. – Cavan olmağına cavandır, amma gör özünə necə ad-san qazanıb…

- Axı bu tamam başaq məsələdir, Timofey Semyonıç.

- Əlbəttə, əlbəttə.

- İndi nə deyirsiniz, Timofey Semyonıç?

- Əlimdən nə gəlir ki?

- Məsləhət verin, yol göstərin, təcrübəli adam, qohum kimi! Nə etməli? Rəhbərliyə müraciət edək, yoxsa…

- Rəhbərliyə? Qətiyyən yox, - Timofey Semyonuç tələsik cavab verdi. – Məsləhət istəyirsinizsə deyim, hər şeydən öncə bu işi ört-basdır etmək və necə deyərlər, fərdi qaydada hərəkət etmək lazımdır. Şübhəli məsələdir, görünməmiş işdir. Ən əsası, görünməmiş işdir, pis fikirlər doğurur… Ona görə, ehtiyatı əldən vermək olmaz… Qoy uzansın orda özüyçün… Gözləmək lazımdır, əlverişli vaxtı gözləmək…

- Necə gözləyək, Timofey Semyonıç? Bəs o, orada boğulub ölsə?

- Niyə ölür? Axı özünüz dediniz ki, orada rahat yerdədir.

Hər şeyi ona yenidən danışdım. Timofey Semyonıç fikrə getdi.

- Hm! – O, burunotu qabını əlində oynada-oynada söyləndi, - məncə, xaricə getmək əvəzinə bir müddət orada qalsa yaxşıdır. Qoy asudə vaxtından istifadə eləsin, düşünüb-daşınsın; əlbəttə, boğulub ölməyə dəyməz, ona görə də onun sağlamlığını qorumaq üçün lazımi tədbirlər görmək lazımdır: yəni öskürmək və bu kimi şeylərə yol vermək olmaz… Almana gəlincə, şəxsən mənim fikrimcə o haqlıdır, əməlli-başlı haqlıdır, çünki icazəsiz-filansız onun timsahına soxulublar, o, İvan Matveiçin timsahına dürtülməyib. Bildiyim qədər, onun heç timsahı da yox idi. Belə, timsah isə xüsusi mülkiyyətdir, haqqını ödəmədən onu kəsib-doğramaq olmaz.

- İnsanlığın xilası naminə, Timofey Semyonıç.

- Bu artıq polisin işidir. Onlara demək lazımdır.

Davamı

# 3984 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #