Pilləkəndən yıxılıb ölən Azərbaycan kitabı - Şərif Ağayar yazır...

Pilləkəndən yıxılıb ölən Azərbaycan kitabı - Şərif Ağayar yazır...
26 sentyabr 2019
# 12:20

Yazı sabah açılışı olacaq Beynəlxalq Bakı Kitab Sərgi Yarmarkasına ithaf olunur

Dünən uzun axtarışdan sonra axırı axtardığım kitabı tapa bildim və sevinə-sevinə aldım. Adını demirəm ki, məşhurlaşmasın. Sadə poliqrafiyada, min tirajla nəşr olunmuş bu kitabın qiyməti 7 manat idi. Özü də 2017-də çap olunmuş kitab... O zamandan indiyə qiymətlərdəki artımı nəzərə alsaq, 10 manata satılmalıdır.

Bahadır.

Çox bahadır.

Qonşu Gürcüstanda bu cür kitabları bizim pulla 3-5 manata almaq mümkündür. Niyə? Çünki kağıza və kitab satışına ciddi güzəştlər tətbiq edilir, oxucu çoxdur deyə tiraj yüksək olur və nəticədə nəşrin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşür.

Mütəxəssislər təsdiq edər ki, alıcı kitabın qiymətinə, hətta çörəyin qiymətindən də həssas yanaşır. Çörək onsuz da alınacaq. Lap 20 manat da olsa. Ac qalası deyil insanlar. Amma kitab elə şeydir ki, bəzən nəinki bir manat, hətta 50 qəpik, 20 qəpik oxucunu fikrindən daşındıra bilir.

Kitab sənayesinin formalaşması, oxucunun ciddi oxuya qayıtması üçün kitabın qiyməti çox vacib amildir.

Bizim problemlər bununla yekunlaşmır. Oxucu, xüsusən əyalətdə, istədiyi kitabı əldə etmək üçün zülm çəkir. Azərbaycan insanı həyatının heç bir döngəsində kitabla rastlaşmır. Hətta onu axtaranda da!

Biz indi nə edək? Neyləyək ki, bu sahədə bir irəliləyiş olsun? Əlaqədar qurumlar ya passivdirlər, ya da ağırdan-ağır problemləri həll etmək iqtidarında deyillər.

Misal üçün, mənim də vaxtı ilə əməkdaşı olduğum Mədəniyyət Nazirliyinin nəşriyyat şöbəsinin səlahiyyətləri və imkanları məhduddur. Bu şöbə kitabımızın taleyi ilə bağlı dövlət qarşısında fundamental məsələ qaldıra bilmir.

Yadda saxlayaq: məmurluq peşəsi yeni ideyanı o qədər də sevməz! Bu, danılmaz və hətta obyektiv gerçəklikdir. Məmur icraçıdır və onun işləməsi üçün “yüksək yerdən” göstəriş olmalıdır.

Məsələni “yüksək yerlər” qarşısında qaldırmaq üçün yaradıcı təşkilatlar, nəşriyyatlar, yayım şirkətləri, yazı-pozu aləminə yaxın olan millət vəkilləri, nüfuzlu yazıçılar, sənət adamları ciddi şəkildə məsələ qaldırmalı, inandırıcı arqumentlər irəli sürməlidir.

Biz əvvəl-axır bu yolu keçəcəyik. Çünki başqa cür mümkün deyil. Bir az tez tərpənək ki, ölüb getməmiş nəsə görək, gələcəyə bir balaca ümidlənək.

Əslində, məsələ elə də qəliz deyil.

Dövlətimiz bəli desə, bir neçə ilə bu problemi aradan götürə bilər.

Bunun üçün görüləcək ən vacib işlərin siyahısına müstəqil nəşriyyatların yaradılması, onlara bir müddət dəstək verilməsi, sağlam rəqabət mühitinin yaradılması, yerli icra strukturlarını da işə cəlb etməklə respublikanın bütün bölgələrində, eyni zamanda, mərkəzi şəhərlərdə kitab mağazalarının yaradılması, səyyar kitab satışına icazə verilməsi, kağıza, nəşriyyatlara və kitab mağazalarına ciddi güzəştlərin tətbiq edilməsi, KİV-lə kitabın reklamı və tanıdılması işinin təşkili, kitabla bağlı tədbirlərin, müzakirələrin keçirilməsi, yerli və beynəlxalq yarmarkalarda, festival və müsabiqələrdə iştirak və s. daxildir.

Və təbii ki, bütün bu işlərin davamlı həyata keçirilməsi üçün qanuni bazanın yaradılması...

Bütün deyilənlər və deyilməyənlər bir söz birləşməsi ilə belə ifadə olunur: Kitab industriyası.

Necə ki, bizdə toy industriyası var və gəlin maşınını bəzəyən ustadan tutmuş ayıq sürücü xidmətinə qədər böyük bir sistemi əhatə edir, adamlara pul-para qazandırır... Buna görə, Bakıdan heç vaxt kabab tüstüsü, tar-kaman səsi əskik olmur.

Kitabla bağlı vəziyyəti düşünəndə adam lap xəcalət çəkir.

Ayıbdır!

Doğrudan ayıbdır.

Bu biabırçı, xaricdən gələn ciddi adamlar qarşısında bizi utandıran durumu aradan qaldırmaq üçün ölkəmizin imkanı da var, səviyyəsi də.

Bəs niyə eləmirik?

Bəlkə, məşhur filmdə uşaqların pilləkəndən yıxılıb ölməsi söhbəti kimi məsələni daha kəskin qoymalıyıq? Bəlkə haray-həşir salmalıyıq? Bilmirəm. Bircə onu bilirəm ki, bunu etməliyik. Nə yolla olur-olsun.

Nə qədər ki, Azərbaycanda kitab sənayesi formalaşmayıb, heç bir mədəniyyət qurumu və bu qurumlardakı səlahiyyətli şəxslər ölkə üçün iş gördüm deyib öyünməsin. Azərbaycan Yazıçılar Birliyi kimi səmimi olun. Hökumətdən xahiş edin, Altıağacda sizə lüks istirahət evi tiksin, bütün günü qəlyandan çəkib xumarlanın.

# 2754 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #