news-inner
clock17:40 calendar-gray 21 Sentyabr 2019 view-gray1391 dəfə oxunub
view-gray1391 dəfə oxunub

Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi

Kulis.az Aqil Abbasın “Əzrayılın erkək-dişiliyi” adlı yeni hekayəsini təqdim edir.

Molla Rəşidin Qarabağda dolaşan ruhuna

...Oturmuşdu, daha doğrusu, yayxınmışdı stula. Yorğun görünürdü. Elə bil biçindən gəlmişdi. Kök adam, isti də nə təhər təntitmişdisə, mağarın ortasındakı sərinkeşin gətirdiyi mehi də səhra küləyi kimi hiss edirdi.

Camaat bu dəqiqə Şuşada, Dəlidağda sərin bulaqların başında əmlik qabırğasından kabab çəkəndə, kef partladanda, O da yayın bu istisinin adamı mindiyi bir vaxtda yeddi gün oturmalıydı bu qaramat mağarda. Ömrü bu qaramat mağarlarda ağrı-acıların içində keçirdi, xüsusilə də rəhmətə gedən cavan olanda bu ağrı-acını daha çox hiss edirdi. İncəvara, bir az əvvəl dəfn elədiyinə Əzrayıl çoxdan qayıb yazırdı.

Oturmuşdu bu qaramat mağarda, 1400 il əvvəl baş vermiş və nağıllaşmış hadisələrdən danışmalıydı. Hansı ki, camaat bu nağılları bəlkə yüz dəfə eşitmişdi. Onun başqa mollalardan fərqi o idi ki, həmin nağıllara özünün rəngini qatardı, gözünə də bir az duz vurardı. Bu da onun apardığı məclisləri maraqlı edərdi.

Süfrədə bircə quş südü yoxuydu. Yas Sahibi bazarı ələk-vələk eləsə də, tapa bilməyib əsəbləşmişdi. Quş südü satanlar da Seyid Lazım ağanın cəddinə and içmişdilər ki, yoxdu, nə bilək dədən öləcək, Ağcabədinin ispalkomunun atasının bu gün üçüdü, səhərin gözü açılmamış adamları tökülüb bazarda nə qədər quş südü vardı yığıb apardılar.

Beləcə, stolun üstə Ağcabədinin ispalkomunun atasının zibilinə bircə quş südü əskik idi. Heç toylarda belə süfrə açılmırdı. Hətta badımcana oxşayan bir sarı meyvə də vardı ki, çoxları da onu ilk dəfəydi görürdü. Amma heç kim o meyvəyə əlini vurmurdu. Eşitmişdilər ki, onu Afrikada meymunlar yeyir. Bu meyvənin yetişdiyi ölkələri də elə onun adıyla adlandırırdılar - Banan Respublikası. Düzdür, Darvin sübut eləmişdi ki, insanlar meymundan əmələ gəliblər, Sovet alimləri də bunu təsdiqləyirdilər. Onlar isə Sovet hökumətinin Allahsız alimlərinə inanmadıqları kimi, Darvinə də inanmırdılar. Ümumiyyətlə, çoxu heç Darvini tanımırdı da, ona görə də bu meyvəyə əl vurmurdular.

Toydan fərqli olaraq süfrədə bircə araq çatmırdı. Amma O bilirdi ki, yeyib-içən oğlanlar ehsan vaxtı ya vurub gəlirlər, ya da keçib qonşu həyətdə əvvəlcədən gətirib qoydurduqları urus "vodka"sıyla boğazlarını yaşlayırlar. Əslində, bu urus "vodka"ları girdirməydi, rayondakı şərab zavodlarında hazırlayırdılar, amma butulkanın üstünə yapışdırdıqları "Moskovskiy vodka" etiketi girdirmə deyildi, uşaqlar Moskvadan göndərirdilər.

Oturmuşdu, hərdən süfrədəki mer-meyvədən dadırdı. Meymunların sevdiyi meyvəyə O da əl uzatmırdı, badımcandan zəhləsi gedirdi, onda ki hələ onun sarısı ola. Və hərdən də çayçının işarəsi ilə bir "Fatihə" verirdi ki, getmək istəyənlər getsinlər. Amma yerindən tərpənən olmurdu. Bilirdilər ki, belə bahalı süfrənin bahalı da ehsanı olacaq.

Qarabağda varlı adamların toylarını adətən Qədir Rüstəmov aparardı, yasların da Qədir Rüstəmovu O idi. Səsi də, düzdür, Qədirin səsi kimi olmasa da, Şahmalı Kürdoğlunun səsi kimi qaymağıydı, xalis Qiyaslı qaymağı. Dilinin şirin olması da avazına bir rəng qatardı. Bəlkə yeganə mollaydı ki, o şirin avazı, şirin boğazlarıyla "Quran"ı elə oxuyardı ki, məclisə bir qəbiristanlıq sükutu çökərdi.

Bəzən eyni gündə iki saytal adamın yası düşürdü. Onda qanı bərk qaralardı, deməli, mütləq birinin xətrinə dəyəcək.

Bu gün də elə olmuşdu. Hətta onu atalarının yasına aparmaq üçün qapıya gələn saytal adamlar öz aralarında dava salıb bir-birlərinin üstünə silah da çəkmişdilər. O da Seyid Lazım ağanın cəddinə and verib onları sakitləşdirə bilmişdi.

- Arvad, qəstyumumu gətir, yenə zivilə düşmüşəm.

- Noluf?

- İki yas birdən düşüf. Dalımca gələnlər az qala bir-birlərini qırmışdılar. İndi bilmirəm hansına gedim.

- Ay kişi, sən bellə də, razılaşdır, birinin üçünü ver, birinin yeddisini. Denən qırxın da ayrı-ayrı günə salsınlar.

- Arvad deyil ey, Sokratdı.

Başqa mollalardan fərqli olaraq bahalı və səliqəli geyinməyi xoşlayardı.

Geyinib-kecinib düşmüşdü aşağı, hər iki tərəfin adamları gözləyirdi. Uzun çək-çevirdən sonra onları ortaq məxrəcə gətirə bilmişdi.

Ölənin nəvəsi maşını elə bərk qovurdu ki, onun da sürətlə gedən maşından zəhləsi gedərdi, qorxurdu. Yas yerlərində də tez-tez deyərdi:

- Ay camavat, day Əzrayıl öz yerini jiquliyə verif, siz də onunla çilingağaş oynuyursuz.

Gözü qalmışdı sürətölçəndə. Əqrəb 130-u göstərəndə day özünü saxlaya bilmədi:

- Qardaşoğlu, saxla maşını!

- Nə olub, Rəşid əmi?

- Saxla deyirəm, saxla dana.

Uşaq maşını saxladı.

- Dədən ölüf?

- Başa düşmədim.

- Niyə başa düşmədin, soruşuram dədən ölüf?

- Hə.

- Toşnu ölüf?

- Əşi, deyirəm ölüb də. Ölməsə sənin dalınca niyə gəlirdik ki?

- Qardaşoğlu, mən skorıy pomoş döyüləm ey, pokoynu pomoşam. Mən ölüləri diriltmirəm ey, o dünyaya yola salıram. Gedif basdırajıyıx dana, yarım saat tez, yarım saat gej.

Qarağacıya o qədər adam yığılmışdı ki, heç 1 Mayda hökumət Lenin meydanına bu qədər adam yığa bilmirdi. Göydən də od tökülürdü, tər dabanından axırdı. Yas Sahibinin xoşuna gəlmək, gözünə girmək üçün millət də bir basabas salmışdı, az qalırdı onu itələyib salsınlar məzara.

- Ə, bir geri durun dana, qoyun camavat işin görsün.

Kimsə dedi:

- Rəşid əmi, deyəsən, məzarı bir az dayaz qazıblar ey, bir təpkeş də vursalar pis olmaz.

Dönüb tərs-tərs onu deyən adama baxdı:

- Ə, boş-boş danışma, durub qaçajax?! O yaşda heç Qarqarda daş da qalmıyıf. Basdırın gedək!

Məclislərdə yeyib-içən cavanlar Rəşid əmiyə cavabı olmayan suallar verməyi, onunla məzə tutmağı xoşlayırdılar. Və onu da bilirdilər ki, mütləq vəziyyətdən çıxacaq, nə isə qeyri-adi və ləzzətli bir söz deyəcək ki, xoruz banı da eşitməyib.

Onu yas məclislərinin Qədir Rüstəmovu eləyənlərdən biri də zarafatları və hədərə suallara hüdərə cavab verməsiydi.

"Quran"ı çox gözəl bilirdi. Amma heç vaxt özünü savadlı, guya ərəbcəni gözəl bilən mollalar kimi aparıb ayələri ağzını əyə-əyə, bəlağətlə ərəbcə söyləyib, sonra tərcümə etməzdi. Elə azərbaycanca deyərdi və elə şirin Qarabağ ləhcəsində deyərdi ki, adama elə gələrdi "Quran" elə azərbaycanca, özü də Qarabağ ləhcəsində yazılıb.

Bu vaxt Çayçı Əziz əlində ikirəng çay girdi içəri. Şalvarının balağını da bir az qatlayıb çirməmişdi. Məcməyini də əlində nümayişkarcasına tutmuşdu. Bu yerlərdə adət idi, toylarda hörmətli qonaqlara ikirəng şirin çay gətirərdilər, qonaq da çayçının məcməyisinə ondan-on beşdən nəmər atardı.

Və Çayçı Əziz çayı gətirib qoydu Onun qabağına:

- Rəşid əmi, təzədəmdi, birincisini saa gətirmişəm.

Başa düşdü ki, lağbazlardan kimsə çayçının cibinə beşdən-ondan basıb məzə qılır.

O da özünü o yerə qoymadı, çıxarıb məcməyiyə bir onluq atdı. Sonra çayı qarışdırıb bir qurtum aldı və dedi:

- Ay Əziz, deyirəm kaş sənin kimi səliqəli bir arvadım olaydı.

Məclisi pıqqıltı tutdu.

Başladı Əzrayıldan bir hədis danışmağa.

... Qəbul imtahanları yaxınlaşırdı. Bakıya getməliydi. Kiçik oğlu oboxeyisliyə girmək istəyirdi. Taxçada-boğçada nə vardı hamısını yığıb-yığışdırıb bir on min manat düzəltmişdi. İnstitut müəllimlərini söyürdü ki, ay it uşağı, mən bu qədər pulu yığmaq üçün heç bilirsiz nə qədər ölü götürmüşəm, məclis yola salmışam ki, verəm siz yeyəsiniz?

Hərdən oğlunu da danlayırdı:

- Gözünə su ver dana, kaçaqar Məyişin oğlu gedif Maskvada yurfaka girir, sən burdan-bura Allahın xaltəsərrüfatına girəmmirsən.

Oğlu:

- Ata, öyrən gör bu şəhərdən bircəcə uşaq ora öz biliyi ilə giribsə, gəl məni sal təpiyinin altına.

Bu şəhərdə institutların qəribə adları vardı: Politexnikin adı "QAİ məktəbi"ydi.

- Oğlun harda oxuyur?

- Raykomluqda.

Deməli, Universitetin tarix fakültəsində. Xalq Təsərrüfatının da adı "oboxeyislik" idi. Ən dəbdə olanı da Tibb İnstitutuydu ki, oranın da qiyməti əlli minə qalxmışdı. Bütün imkanlı adamlar uşaqlarını bəhsə-bəhsə, daha dəqiq desək, bir-birinin acığına Tibb İnstitutunda oxudurdu.

Bir dəfə tanışlardan biri uşağı imtahandan kəsildiyinə görə onu aparmışdı Tibb İnstitutuna, kafedra müdiri işləyən qohumunun yanına minnətə.

Dəhlizdə o qədər tanış uşaq gəlib onunla görüşmüşdü ki, kafedra müdirinə demişdi:

- Prafessor, elə bu inistutun filialını bizim rayonda açın, dana. Baxıram, hamısı bizimkilərdi. Həm uşaxlar yazıxdı, evdən-eşikdən uzaxda əziyyət çəkillər, həm də bu şəhərin canı oxumaxdan daha çox avaragorluq edən bu davakar uşaxlardan qurtarsın.

Sonra da qayıtmışdı ki:

- Vallah, əgər bu uşaxlardan doxtor olarsa, məndən də şeyxülislam olar.

Arvad da yapışmışdı ki, kimin qızından əskiksən, niyə uşağı "medinstituta" qoymursan?

- Rəhməddiyin qızı, abaxeyisdiyin pulun zorla düzəltmişəm. Uşağı medinistuta qoymax üçün gərəh şəhərdəki pullu kişilərin yarısını basdırım. Yazıxdılar axı.

Bu gün bir az rahatlanmışdı ki, yayın bu cırhacırında Bakıya gedəsi olmayacaqdı. Xalq Təsərrüfatının prorektoru Yas Sahibinin qohumuydu və eşitmişdi ki, artıq yoldadı, gəlir.

Yas Sahibi də demişdi:

- Rəşid əmi, ürəyini buz kimi saxla. Elə bil uşaq oturub Xalq Təsərrüfatında.

Hətta Əzrayılın bir tikə çörək kəsdiyi çobana o bir tikə çörəyin xətrinə ona zaman tanıması hədisini bitirəndən sonra bir "Fatihə" verdi.

Lağbaz cavanlardan biri:

- Rəşid əmi, Allahın neçə Əzrayılı var?

- Ə, nə düşüh-düşüy danışırsan, əlbəttə, bir dənə.

- Bəs, onda necə olur ey, eyni vaxtda biri Ağdamda, biri Ağcabədidə, biri Moskvada, biri Nyu-Yorkda... bir günün içində yüz minlərlə adam ölür, Əzrayıl bunları necə çatdırır?

- Sənin dayın Mingəçevirdə qesdə işdəyir, eləmi?

- Hə.

- Gələndə dayından soruş, bax, orda urus İvan rubilniki vuranda bir göz qırpımında Gürcüstanda da, Ermənistanda da və bizdə də neçə milyon işıx yanır. Yəni sən deyirsən Allahın Əzrayılı o urus İvanca da yoxdu?

Lağbaz geri çəkilmək istəmədi:

- Yaxşı, Rəşid əmi, Əzrayıl erkəkdi, yoxsa dişi?

- Qardaşoğlu, belədi, dana, hələ mənim sinəmə qonmuyuf. Nə vaxtkı sənin sinənə qonajax, onda əlinlə altdan-yuxarı bir yoxluyarsan. Əlin bir şeyə dəydisə, deməli, erkəkdi. Dəymədisə...

- Rəşid əmi, bax, niyə Allahın mələkləri olan İsrafilin, Cəbrayılın, Mikayılın adını camaat uşaqlarına qoyur, amma Əzrayılın adını heç kim qoymur?

- İnsannar özdəri ad qoydular-qoymadılar elə Əzrayıla dönüf, ona görə.

Məclisdəkilərin qırışığı bir az da açıldı, lağbazın özü də güldü.

***

Ehsan vaxtı çəngəl-bıçağın səsi mağarı başına elə götürmüşdü ki, elə bil bazardakı dəmirçilər məhləsindəsən. Gözünün ucuyla baxırdı. Görürdü ki, cavanlar arabir çıxırlar, qayıdanda da sifətləri qızarmış qayıdırlar. Ona elə gəldi ki, elə Yas Sahibi də, deyəsən, qonşu həyətə dəyib.

Ehsan bitdi, "Fatihə"sini verdi. Süfrə yığılandan sonra söhbətə başladı.

- O gün bir ovçu dostum zəng eliyif deyir ki, Ağcabədidən yaxşı turaş vuruf gətirmişəm, axşam gələrsən turaşplov yeməyə. Getdim. Sağ olsun xanımı, şahlara layıx plov dəmləmişdi. Oturdux süfrəyə, oğlanları da oturdu, xanımı da qulluq edir. Bir də gördüm xanımı gəlif böyük oğluna deyir ki, səni telfona çaarırlar. Uşax çıxdı, heş iki dəyqə keşmədi qayıtdı. Özündən balaca qardaşına dedi ki, ə, məni yox ey, səni çaarırlar. O da çıxdı yan otağa, qayıtdı. Bir az keşmiş xanımı balaca oğluna dedi ki, a bala, səni telfonda iş yerindən axtarırlar. O da getdi telfonla danışmağa. Tez döndü, böyük qardaşına dedi ki, ə, mamam səhv salıf ey, səni çaarırlar. Gah onu çaarırlar telfona, gah bunu çaarırlar. Telfonla danışdıxca üzləri də başdıyır qızarmağa. Dedim, nədi a bala, telfonda sizi dannıyırlar, hamınız qıfqırmızı qızarmısız? Evin xanımı bir də uşaxlardan hansınsa telfona çaaranda, dedim, ay bajı, o telfonu gətir qoy ortalığa, bu uşaxlar adam balası kimi rahat çörəhlərini yesinnər. İndi baxıram, yaman tez-tez qonşuya telfon dalınca gedirsiz. Belə getsə yaxın zamanlarda, - əli ilə Stepanakertdən gəlib Dorik müəllimin yanında oturmuş erməniləri göstərdi, - elə onnar kimi telfonu gətirif qoyassız ortalığa .

Yas Sahibi güldü:

- Rəşid əmi, işin olmasın, dədəm özü də yeyib-içən kişi olmuşdu. Neyləsinlər, Ləvənin plovu elə-belə getmir də.

Rəşid əmi:

- Nə deyirəm, Allah o yeyif-içən dədənə o dünyada da yeyif-işmək qismət eləsin.

***

Bayırda bir hərəkətlilik hiss olundu. Kimsə içəri girib Yas Sahibinin qulağına nə isə pıçıldadı, o da durub çıxdı bayıra. Əgər Yas Sahibi qonağın ayağına çıxırsa, deməli, qonaq ya vəzifəli adamdı, ya da uzaqdan gələn.

Fikirləşdi ki, yəqin, Prorektordu. Amma içəri Prokurorla Rəis daxil oldu. Stepanakertdən gələnlərlə ayrıca görüşdülər, camaata da başları ilə salam verib keçib yuxarı başda əyləşdilər və Rəşid əmi ilə də ayrıca salamlaşdılar. O da söhbətini saxlamadan salamlarını aldı və danışdığı hədisi bir az da qısa eləyərək bir "Fatihə" verdi və üzünü tutdu Rəisə:

- Ay Rəyis, prakuror da burdadı, bu şəhərə niyə əl gəzdirmirsiz?

- Rəşid əmi, nə olub bu şəhərə?

- Hərdən başın açılanda bir bulvar tərəfə get, cavanlar məhf oluf gedir. O şeyi bura dadandıranların öyü yıxılsın. Hər gün dava-qırğın, hər gün bıçaxlaşma.

Rəis zarafata salmaq istədi:

- Rəşid əmi, belədi də, sənin çörəyin ölənlərdən çıxır, bizimki də dava-qırğından, bıçaqlaşanlardan.

- Allah ikimizin də çörəyini kəssin.

- Rəşid əmi, sən Allah, heylə demə, ağzı dualı adamsan.

- Rəyis, qorxma, Allahın işi-güjü yoxdu, elə oturuf gözdəyir görsün Molla Rəşid nə deyir?!

Kimsə gördü ki, Rəşid əmi Rəisi sıxışdırıb, söhbəti dəyişmək üçün soruşdu:

- Rəşid əmi, deyirlər ki, nə vaxt dəvə incəlib iynənin ulduzundan keçəcək, onda da cəhənnəm əhli əzabdan xilas olacaq. Adamın heç inanmağı gəlmir ey, o boyda dəvə iynənin ulduzundan necə keçə bilər?

- Çox asan. Sənin gözüyün didəsi elə iynənin ildızı boyda döyül? Nejə olur ki, Allah günəşi, Ayı, nə bilim, neçə milyon kilometr uzaxda olan ildızdarı, heç uzağa getmiyək, bu boyda mağarı sənin o iynənin ildızı boyda olan didəndə yerrəşdirə bilir, amma dəvəni iynənin ildızından keçirə bilmir?!

- Rəşid əmi, vallah, sən alimsən.

- Alim deyiləm ey, sadəcə olarax Allaha səndən daha çox inanıram. Allah qadir Allahdı. Bu dünyanı yoxdan var edən Allahdı.

... Gün gələcəkdi məclisdə şirin avazla, özü də "Segah" üstündə "Quran" oxuduğu vaxt qəfil yer-göy dağılacaqdı. Mağarın yaxınlığına düşən "Qrad"ın qəlpələri elə "Quran" sədaları altında mağarı dağıdacaq, neçə adamı qanına qəltan edəcəkdi. O isə surəni yarımçıq saxlayıb təlaş içində ora-bura qaçanlara, vay-şivən qoparanlara baxacaqdı, sonra özünü toxtayıb surəni axıradək oxuyacaqdı. Və bu Onun yas məclislərində oxuduğu son "Quran" olacaqdı.

Günü qəbiristanlıqlarda keçəcəkdi, şəhidlərin dəfnində. Şəhidlər o qədər çox olacaqdı ki, dəfn etməyə molla da çatmayacaqdı, heç yas mərasimləri də qurulmayacaqdı. Elə dəfn qurtaran kimi hamı silahını götürüb səngərə qaçacaqdı. Yalnız cəbhə xəttindən uzaq kəndlərdə camaat özü şəhidlərə yas saxlayacaq və ehsan verəcəkdi.

... Hələ o günə çox vardı. Hələ dünya gözəl dünyaydı. Hələ bu şəhərdə avtomobil qəzalarını saymasaq insanlar gül kimi qocalıb çox gözəl də ölürdülər.

Hələ O qocalıb gözəl ölmüş bir ağsaqqalın yasında başda əyləşib məclisi aparırdı.

İçəri girəndə görmüşdü ki, rəhmətliyin cavanlıq şəklini vurublar gəbənin üstünə, özü də qalstuklu-zaddı. Hansı ki, yazıq ömründə heç vaxt qalstuk taxmamışdı, bu şəhərdə qalstuk taxana belə birtəhər baxırdılar.

Başını bulayıb demişdi:

- Ay bala, bu şikli dəyişin. Kənardan gələnlər elə bilərlər növcavan ölüf, ehsan yeməzlər.

Bu şəhərdə cavanların yasında ehsana əl uzatmazdılar.

Yas Sahibi də onun sözündən sonra şəkli dəyişmişdi...

İsti onu lap təntitmişdi. Mağardakı sərinkeşlər yaxalarını cırsalar da, az tafovut eləyirdi. Sərinləmənin yeganə yolu çay idi. Əli ilə işarə elədi ki, çay gətirsinlər. Bunu görən lağbaz cavanlar bir-birlərinə göz-qaş elədilər, başlamaq vaxtıdı. Hamı yaxşı bilirdi ki, Rəşid əminin bir şakəri var, əgər söhbət edirdisə, çay içməzdi və çay içəndə də söhbət eləməzdi. Çayçı Əziz stəkanı gətirib qoydu Rəşid əminin qarşısına. Kişi əlini atıb stəkanı götürəndə cavanlardan biri:

- Rəşid əmi, bu təsbeh niyə otuz üç dənədi ey?

Stəkanı qaytarıb qoydu nəlbəkiyə. Tərs-tərs sual verən cavana baxıb sözə başladı. Azı iyirmi dəqiqə məlum hədisi danışdı. Fikrini bitirdikdən sonra əli ilə Çayçı Əzizə işarə elədi ki, bu çayı dəyiş.

Çayçı Əziz ikinci stəkanı gətirib qoydu onun qarşısına. Əlini atırdı ki, stəkanı götürsün, başqa bir cavan:

- Rəşid əmi, o namərd ki, məsciddə həzrət Əlinin kürəyinə xəncər vurdu ha, necə olub ki, həmin gün Müaviyəni də öldürməliydilər, amma öldürmədilər?

Yenə stəkanı qaytarıb qoydu nəlbəkiyə, yenə tərs-tərs həmin cavana baxdı. Sonra dəsmal ilə üz-gözünün, boyun-boğazının tərini sildi və başladı həmin hədisi danışmağa. Bir yarım saat da bu çəkdi.

Söhbəti bitirdi. Hirs vurub kişini, boğazı quruyub, yenə işarə elədi ki, tez bu çayı dəyişin. Baxdı ki, cavanlar bığaltı gülümsəyirlər.

Üçüncü stəkan gəldi. Əlini çaya atmaq istəyirdi ki, cavanlardan bir başqası:

- Rəşid əmi, o xəndək davasındaki həzrət Əli...

Rəşid əmi cavana sualını tamamlamağa imkan vermədi. Stəkanı götürdü və dedi:

- Ay oğul, ciyərim yanır, qoy bir bu çayı içim. Allah qoysa, onu da sənin dədəyin yasında danışaram.

Məclisi pıqqıltı tutdu. Söz özünə də ləzzət elədi, özü də güldü.

Yenə bayırda bir hərəkətlilik yarandı. Yenə kimsə girib Yas Sahibinin qulağına nəsə pıçıldadı, o da durub çıxdı bayıra.

Fikirləşdi ki, yox ey, bu dəfə gələn mütləq Prorektordu. Yanılmadı. Mağara əvvəl Prorektor, arxasınca da Katib girdi. Beş-altı nəfər ayağa qalxmaq istədi. Katib əli ilə işarə elədi ki, olmaz.

Hər ikisi gəlib onunla əlbəəl görüşdülər və sağ tərəfdə əyləşdilər.

***

Çox qəribə bir təsadüf baş vermişdi. Aşura günü 1 Maya düşmüşdü. Aşurada Qarabağın demək olar ki, bütün rayonlarının camaatı bu şəhərə axışırdı. Ölkədə rəsmi olaraq fəaliyyət göstərən 4-5 məscidin biri də bu şəhərdə idi. Qətl günü məscidin qarşısına bəlkə də 50-60 min adam yığılırdı, iynə atsan yerə düşməzdi. Məscidin ətrafındakı yolları da maşınlar üçün bağlayırdılar ki, camaat əziyyət çəkməsin.

Ehsan verilərdi, şərbət paylanardı, dürməkdə halva paylanardı. Və bu ehsanı da gələn camaat öz gücüylə təşkil edərdi. Kasıbın olanından - kimin evində nə bişirdisə bir qazanını vurub qoltuğuna, gətirirdi bu ehsan süfrələrinə.

Kəlbəcərlilər, laçınlılar özləriylə gətirdikləri say-seçmə qoyunları Məscidin böyründə xüsusi yerdə kəsib iri qazanlarda bozartma bişirərdilər ki, adam yedikcə yemək istəyərdi.

1 May günü, təbii ki, Lenin meydanında böyük bir nümayiş olurdu. Məktəblilər, idarə və müəssisələrin işçiləri sıra ilə əllərində də Siyasi Büronun üzvlərinin portretləri, qardaş respublikaların bayraqları gəlib Lenin heykəlinin qabağında quraşdırılmış tribunanın önündən keçirdilər - sevinclə, əl yelləyə-yelləyə, "Urra!" bağıra-bağıra.

Həmişə də nümayişin önündə əlində Stalinin portreti Dəli Kərəm keçərdi. Dəliliyi-filan yox idi, sadəcə elə belə hərəkətlərinə görə "dəli" deyib yola verirdilər. Şüarı da "Yaşasın Stalin" idi. O Stalin ki, Dəli Kərəmin nəslinin yarısını güllələtmişdi, yarısını da yük vaqonlarına doldurub göndərtmişdi Qazaxıstana. Və hələ də çoxu elə orda yaşayırdı. Özü də internat uşağıydı.

Lenin meydanına yol Məscidin önündən keçirdi. Nümayiş saat 10-da başlayırdı və bir saatdan da çox çəkirdi.

İndi çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki saat 10-dan da camaat yığılırdı Məscidin önünə.

Raykomun instruktoru gəldi Rəşid əmigilə.

- Rəşid əmi, Katib səni çağırır.

- Ölüsü düşüf?

- Yox.

- Bəs onda Katip məni neyniyir?

İnstruktor güldü:

- Yəqin, partiyaya keçirəcək.

- Ay bala, mən İmam Hüseyn partiyasının üzvüyəm, ondan da böyük partiya tanımıram.

Oturdu instruktorun maşınına, gəldilər raykoma.

Katib Allah adamıydı, "Quran"ı da çox gözəl bilirdi. Təkcə İslamı yox, elə bütün dinləri bilirdi. Hətta iclaslarda "Quran"dan misallar çəkməkdən çəkinməzdi.

Rayona gələn kimi də ilk işi iki əsr yaşı olan Məscidin böyür-başındakı, üzbəüzündəki dükanları, yeməkxanaları sökdürmək olmuşdu. Məscidin önünü, üzbəüzdəki ərazini bağ-bağat eləmişdi, gül-çiçək əkdirmişdi. Hələ bir Çay evi də tikdirmişdi. Məscidin önünə bulaq çəkdirmişdi. Yolu məscidin önündən keçənlər və ya namaz qılmağa, nəzir-niyaz verməyə gələnlər hər gün Katibin dədəsinə rəhmət oxuyurdu.

- Rəşid kişi, bilirəm ki, sənin təkcə bu şəhərdə yox, bütün Qarabağda xətir-hörmətin var, ağır kişilərdənsən, səni eşidirlər. Bəlkə bir camaatla danışasan Aşuranı bir saat arxaya çəksinlər ki, biz nümayişimizi keçirə bilək, yoxsa aləm dəyəcək bir-birinə.

Rəşid əminin üzünə bir istehzalı təbəssüm qondu:

- Katip, təh bizim camaat olsa, birtəər yola verməy olar. Mən Laçına, Şuşaya, Ağcabədiyə, Bərdəyə, Kəlbəcərə, Stepanakertə nejə çatdırım ki, Aşuraya saat on birdən sonra gəlsinlər. Bir də Qətli nejə arxaya çəhməy olar, saat on ikidə sınır. Bunu mənnən yaxşı bilirsən.

- Bəs indi neyləyək?

- Katip, sənin əlində qəzet var, radyo var, böyük bir təşkilat var. İmkanın var ki, məytəvlərə, təşkilatlara xəbər göndərəsən ki, nümayiş saat onda yox, doqquzda başlıyajax. Vəssalam, sənin də işin düz getsin, bizim də.

Katib bir xeyli fikrə getdi, sonra dedi:

- Rəşid kişi, sən doğrudan da deyilən kimi varsan, müdrik adamsan. Qoy elə sən deyən kimi olsun.

Sonra üçüncü katibi çağırıb göstərişlərini verdi.

Rəşid əmi qalxdı ayağa:

- Elə sən də Allah adamısan. Allah işini avand eləsin! İndi gedə bilərəm?

Katib:

- Bir dəqiqə gözlə, - dedi və keçdi arxa otaqdan məxmərə bükülmüş bir kitab gətirdi, - Rəşid kişi, bu da məndən sənə bir hədiyyə. Qurandı, Azərbaycan dilində. - kitabı öpüb verdi Rəşid əmiyə.

Rəşid əmi də kitabı öpüb gözünün üstünə qoydu və dedi:

- Sağ ol, Katip. Maa bunnan böyük hədiyyə ola bilməz.

Və səhərisi gün nümayiş də çox sakit keçmişdi, Aşura da.

***

Söhbətə Katib başladı:

- Rəşid kişi, işlər necədi?

- Elə də yaxşı deyil.

- Niyə?

- Əvvəla, ölənlər çoxalıf. Havadandı, yeməhdəndi, nə bilim nədəndi, həm də cavanlar yaxşı böyümür. Bulvar oluf o iki adam ölənəcən döyüşür ey, onun adı nədi?

Kimsə yerdən dedi:

- Qladiator.

- Hə, hə, qladyator meydanı. Qorxuram bunun axırı heş yaxşı olmaya.

Bu sözü eşidəndə Rəisin bir az rəngi qaçdı.

Katib:

- Rəşid kişi, sən bu rayonun sayılıb-seçilən ağsaqqallarından birisən. Özün də dinimizi, tariximizi bilən bir ziyalısan. Gözəl sözlərini, fikirlərini yas yerlərində deyirsən. Deyirəm bəlkə hərdənbir məktəblərdə sənlə görüşlər keçirsinlər, ya ayda bir dəfə müəllimləri, məktəbliləri yığaq mədəniyyət evinə, sən də bir az dinimizin əxlaqi dəyərlərindən onlarla söhbət edəsən?!

- Sağ ol, ay Katip. Onsuz da özüm hərdən bizim uşaxların oxuduğu məytəvə valideyn iclaslarına gedirəm, orda da sözümü deyirəm. Yaxşı olar ki, məytəvlərdə tədbirlərin sayı artırılsın, rayon tədbirləri tez-tez olsun, uşaxların başı qarışsın belə tədbirlərə, bulvardan, bazardan, çayxanalardan yığışsınlar. Bayaq Rəyisə də deyirəm, özü də hələ uşax milisi də var, bir çıxsınlar bazara, meydana, çayxanalara. Əvvəllər internat uşaxları olardı, indi az qala bütün məytəvlərin uşaxları elə internat uşaxları ola! Yaxşı ki, Yusif müəllim var, heç olmasa bu dəjəl-düjəl uşaxların çoxunu küçələrdən yığıf-yığışdırıf gətirif idman məytəvinə.

İdman məktəbinin direktoru Yusif müəllim də məclisdəydi. Təbii ki, rayona yeni gəlmiş Katibə onun haqqında deyilən xoş sözlərdən məmnun oldu, başı ilə də Rəşid əmiyə bir təşəkkür elədi.

Katib:

- Rəşid kişi, çox düz buyurursan. Elə bu yaxınlarda fikrim var rayon ziyalılarını yığım bir yerə, elə siz də orda olasız, bu dediklərinizi də, həm də demədiklərinizi orda bir müzakirə eləyək.

- Katib, bilirəm Xuduynan, Bəxtiyarnan, Nurəddin doktornan, elə bizim Şahmarnan bərk dossan. Onnar da tez-tez rayona qonax gəlirlər, sən də onnarı götürüf aparırsan Şuşuya, ya Dəlidağa. Yaxşı eliyirsən. Amma onnar gələndə təşkil elə qoy mədəniyyət evində, məytəvlərdə görüş keçirsinlər. Onnarın sözü mənim dedihlərimdən daha ötkəm olar. Onnar məndən müdrik adamlardılar. Öyün Zeynal məllimə deyirəm, deyirəm ki, bu qojaları başına yığıf Füzulidən danışdığını get məytəvlərdə uşaxlara danış. Sən gəl Zeynal məllimi maarif midiri qoy ey, həmkarları hamı işdədə bilər.

Katib güldü:

- Neçə dəfə demişəm, deyir yaşım keçib, təzədən məktəblərlə işləyə bilmərəm.

- Partiyanın əsgəri döyül? Hara deyirlər, ora da getməlidi dana.

Katib:

- Rəşid kişi, yaxşı bilirsən ki, o, partiyadan çox, Füzulinin əsgəridi.

Məclisin qırışığı təmiz açılmışdı. Katibin Rəşid əmiylə belə səmimi söhbəti hamıya ləzzət eləmişdi.

Prorektor da sakitcə oturmuşdu, söhbətə qarışmırdı.

Sonra Katib dedi:

- Rəşid kişi, bəlkə bir "Fatihə" verəsən, iş çoxdu. Professor da qonağımızdı. İstəyirəm rayonda gedən işlərlə yaxından bir tanış olsun. İcazə versən, sonra lap Şuşaya da apararam.

Rəşid əmi güldü:

- Katip, hamı icazəni sənnən alır.

Katib:

- Rəşid kişi, buranın da katibi sənsən də.

Bir "Fatihə" verdi. Katib Prorektorla qalxdı, yenə Rəşid əmiylə əlbəəl görüşdülər, sonra da onların ardınca Prokuror, Rəis Yas Sahibinə başsağlığı verib çıxdılar.

Rəis çıxmamışdan əvvəl gəldi Rəşid əminin yanına. Cibinə bir əllilik basdı:

- Rəşid əmi, dədəmə bir "Quran" oxuyarsan.

- Nayran olma, bir hazır surə var, tapşıraram dədənə.

Rəis başını bulaya-bulaya güldü və çıxdı.

Onları yola salandan sonra Yas Sahibi gəldi Rəşid əminin yanına, qulağına pıçıldadı ki, axşam saat 9-dan sonra gedərsən Qonaq Evinə, Prorektor səni gözləyəcək. Dedi ki, arxayın olsun.

- Amanatı da aparım?

- Yox. Amanatı səhərdə-birisigündə mənə çatdırarsan, qaçhaqaç deyil ha. Özü də dedi ki, kasıb adamdı, on min çoxdu, elə beş min versə bəsdi.

- Allah onun da, sənin də balalarını saxlasın. Dədənə də elə bir yasin oxuyajamkı cənnətdə nə qədər huri-qılman var yığışajax başına. Elə burdakı kimi orda da kef partdadajax.

Sonra da yerini rahatladı, yenə bir stəkan çay içdi və başladı şirin avazla "Yasin" surəsi oxumağa.

Yas Sahibi də gözlərini yumub ləzzətlə qulaq asırdı və dədəsini cənnətdə huri-qılmanların arasında təsəvvür edirdi.

Amma bilmirdi ki, bu dəqiqə dədəsini Qarağacıda inkir-minkir salıb çubuğun altına, bu dünyada etdiyi günahlara görə şülüyürlər.

***

... Dayanmışdı Küllük təpənin üstündə. Haçansa bu təpə də qəbiristanlıq olmuşdu. Özü də çox qəribəydi ki, burda müsəlman məzarlarının arasında neçə-neçə xristian qəbiri də vardı. Səbəbini heç bilən də yoxuydu. Bu təpədən şəhər əl içi kimi görünürdü. Baxırdı yanan şəhərinə. Göydən od yağırdı şəhərə. Təpənin yanından keçən yolda maşın-maşına dirənmişdi. Yüzlərlə də adam pay-piyada. Bəzilərinin də qucağında, boynunda uşaqlar üz tutmuşdular yaxın kəndlərə.

Müharibə başlayandan yüzlərlə şəhidi dəfn eləmişdi. Heç çoxuna ölü namazı da qılmamışdı, çünki vaxt yoxuydu. Yas yerlərini çatdırmaq olmurdu. Qarağacı da Əsgəran tərəfdən güllə altında qaldığından şəhidləri də tələm-tələsik basdırırdılar. Məsciddən sayı hesaba gəlməyəcək qədər şəhid kəfənlədib haqq dünyasına yola salmışdı. Çoxlarını heç kəfənləmək də olmurdu, ya parça-parçaydılar, ya da yanmışdılar deyin əyindəkiləri çıxarmaq olmurdu. Məcbur olub hələ qanlarının, yaralarının üstünə torpaq səpdirirdi, sonra da elə geyimli-gecimli kəfənlədirdi, belələrini tabutda basdırdırdı. Bəzilərinin üstündən heç sənəd də çıxmırdı, haralı olduqları, kim olduqları bilinmirdi. Məscidin axundu Barata deyirdi ki, bunların şəkillərini çəkdir, qəbirlərini də nömrələ vur dəftərə, bir gün sahibləri çıxar.

İndi isə gözünün qabağında şəhəri şəhid olurdu - "Quran"sız, "Fatihə"siz.

Baxırdı və fikirləşirdi ki, 70 il qulluğunda durduğu Allah bu zülmü nə təhər götürür. Təkcə şəhərdəki evlər yanmırdı, təkcə camaatı qırılmırdı, şəhid olmurdu, bu şəhərin duzu da, zarafatları da, suyu da, havası da şəhid olurdu.

Bu şəhər şəhid olmalı şəhər deyildi axı...

Və şəhər yanırdı. 70 ildən çoxuydu hər namazda, hər "Quran" oxuyanda Allahdan əmin-amanlıq istəmişdi, bu millətə xoş günlər arzulamışdı, bu şəhərə xoş günlər arzulamışdı. Və indi, nədənsə, Füzulinin bir beyti dolanırdı başında:

"Allah, bu nə zülm, bu nə sitəm,

Qiyami qiyamətlər içində bu qiyamət".

İndi qiyamət günü deyildi, bəs, onda bu nə qiyamət idi, bu nə zülm idi, bu nə sitəm idi? Allah bu 70 ildə onun dualarını eşitməmişdimi? Və Allah bu zülmü, bu qiyaməti görmürdümü? Elə isə Allah niyə susurdu? Niyə göz yumurdu bu zülmə, bu qiyamətə?

Və birdən-birə şəkk elədi. Və çöndü oğluna dedi:

- Allah yoxdu, oğul!

Və çox qəribədi ki, Allah onun 70 illik dualarını qəbul etmədiyi halda, şəkkinə qəzəbləndi və bir "Qrad"ı düz Küllük təpəyə tərəf uçurdu.

news-inner-user

12873 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti