news-inner
clock16:40 calendar-gray 17 Sentyabr 2019 view-gray393 dəfə oxunub
view-gray393 dəfə oxunub

Gedənlər və yol gedənlər... - Esse

Kulis.az Emin Əliyevin “Xaotik esselər”ini təqdim edir

***

"Siz gedirsiz, mən yol gedirəm."

- Həmid Herisçi.

Yolun müqəddəsliyinə dair bir-neçə cümlə.

Baxdığım bir sənədli filmdə Nepalda məbədə gedən yolu qoca qarı tez-tez adi süpürgə ilə süpürürdü. Məbədin müqəddəsliyindən əlavə onun üçün, yolun ayrıca bir müqəddəsliyi də var, qarı yola qayğı göstərir, onu təmiz saxlamağa çalışır.

İslamda da belə bir inanc var: məscidə ayaqla gedənlər, qiyamət günü Allahın ərşinin kölgəsində kölgələnəcək. Hansı topuqlar ki, məscidə gedərkən tozlanıb, yol niyyəti ilə gedilib onlar cəhənnəm odunu görməyəcək.

Bəs yol niyə önəmlidir ? İnsan getdiyi yolu müəyyənləşdirməyə çətinlik çəkdiyindənmi ya gedilən yolun çətinliyindənmi onu önəmli sayır ?

***

Təxminən, bir neçə həftə əvvəl saytlarda bir xəbər oxudum: “İranda qadınların stadiona girişinə icazə veriləcək”.

Təəssüf ki, Cəfər Pənahi (“Offside” filmi) aktuallığı öləcək. Vaxtı gələndə, İranda rejim normal, insani vəziyyətinə dönəndə sənətin siyasi qolları da unudulacaq. Necə ki, mübarizə aparan bütün əsərlərdən bir işıq görünmür, unudulur. Deməli, mübarizə yalnız tarixi əhəmiyyətə malikdir, o heç vaxt sənətin əbədiliyinə şərik ola bilməyib.

***

Məşhur amerikalı filosof, linqvist Noam Chomsky 1960-cı illərdən başlayaraq siyasətə qoşulur. Amerika siyasətinin sərt tənqidçisi və etirazçısına çevrilən filosof bu mövzuda 30-dan yuxarı kitab və məqalə yazır.

1992-ci ildə bu məşhur amerikalı və onun siyasi araşdırmaları haqqında "Manufacturing consent" (İstehsal icazəsi) sənədli filmi çəkilir. Filmin əvvəlində olan bir səhnədə 20-ə yaxın şəxs "Ağ Ev"-in qarşısında oturur və çox güman ki, filmin rejissoru olan şəxs onlara yaxınlaşaraq "siz Noam Chomsky-ni tanıyırsınızmı" deyə sual verir. Sonrası da... film başlanır.

...Amma Amerika siyasətinin sərt tənqidçisi kimi tanınan Noamın 90 yaşı var və hələ də sağdır.

Mən demokratiya haqqında nağılları da, bu nağılların ifşasını da eşitmişəm. Gündəlik xəbərləri izləyən insanlar üçün bir tənqidçinin "ən güclü və demokratik" dünya ölkəsində sağ qalmağı normal haldır. Amma mənim üçün bu yalnız bir şeydən xəbər verə bilər: "Əgər Ağ Ev-in qarşısında Amerika sisteminə qarşı sənədli film hazırlanırsa və heyət sağdırsa deməli dövlət bunu ciddiyə almır."

***

Bir gün bütün asta-asta böyüyən insanlar kimi anlayırsan ki, sənin fikirlərinin nə cəmiyyət, nə də ətrafındakı insanlar üçün bir mənası yoxdur. Bizim bəxtimiz onda gətirdi ki, bu yuxudan gənc ikən ayıldıq. Daha dünyanı dəyişmək istəyən filosoflar kimi yox, istedadını dünyaya satmaq istəyən alverçilər kimi düşünməyə başladıq. Və bir qaydaya “xali” olduq:

1. İncəsənət burjuaziyanın və özünü kübar hiss edən bütün aşağı təbəqənin alveridir.

2. Sənətçi satmaq üçün düşünür.

***

“Muza, gəl mənə söhbət aç...”

Yunan əsatirlərində adı çəkilən muzalar Zevsin Mnemosinadan olan qızları idi. Bu 9 övlad faciə, komediya, tarix və s. olaraq bölünən tanrılar idi. Amma bu ensiklopedik boşboğazlığı bir kənara qoyub başqa məqama keçmək istəyirəm. Nəhəng yunan tanrısı Zevsin övladlarının “necə”liyini onun özü yox, evləndiyi (yatdığı) qadınlar müəyyənləşdirirdi. Zevs tanrı yaratmaq üçün sadəcə material rolunu oynayır. Qadın isə mifdə yön verən, yaradıcı qüvvə kimi təqdim olunur.

İndi görəsən Freydin “ata qatilləri” nə qədər haqlıdırlar ?

***

Qağayını “kitç” mədəniyyət şüurda həmişə dənizlə əlaqələndirilib, hüznlü, gözəl quş kimi yaddaşlarda saxlayıb. Bir musiqidə mən onun zibillikdə eşələndiyini eşitmişəm: "Martılar ağlardı çöplüklerde"... Bunu da özüm qağayı sürüsünün iri zibillikdə qışqırışdığını gördükdən sonra daha yaxşı anladım. Mənə elə gəlir ki, Qu Quşu nə qədər ac olsa da heç vaxt zibil içində eşələnməz. Qağayılarınsa toxları İstanbulda dəniz kənarında simit yeyir, acları isə buralarda zibilliklərdə eşələnirdilər.

news-inner-user

12857 məqalə

Paylaş

Oxşar xəbərlər